Now Reading:
Ə.İnsanov prezidentin köməkçisindən Avropa Məhkəməsinə şikayət edib

Bu günlərdə həbsdə olan keçmiş səhiyyə nazirli Əli İnsanovun adından Avropa Məhkəməsinə üçüncü şikayət göndərilib. Mülkiyyət hüququnun pozulmasından olan bu şikayətdə Tariyel Ağayevin adı keçir.

T.Ağayev hələ mərhum Heydər Əliyevin dövründən prezidentin köməkçisi olub və 2017-ci ilin iyununa qədər bu vəzifəni tutub. Hazırda isə Prezident Administrasiyasının regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində məsləhətçi vəzifəsində çalışır.

Qətnamə ləğv olunub, qərardad icra edilməyib
Ə.İnsanov Avropa Məhkəməsinə şikayətində yazır ki, həbsindən sonra ona məxsus qarajı T.Ağayevin qızı Vəfa Əlizadə saxta sənədlərlə öz mülkiyyəti kimi tikinti şirkətinə satıb və 50 min manat pul alıb. Bunu təsdiqləyən məhkəmə qərarı da var.

Həmin tikili sökülüb, yerində bina inşa olunduğundan Nəsimi Rayon Məhkəməsi 2015-ci ilin mayında qərar vermişdi ki, V.Əlizadə keçmiş nazirin qarajına görə şirkətdən aldığı pulu Ə.İnsanova qaytarsın. Bu qərar uzun müddət icra olunmadı.

2016-cı ilin iyulunda lisenziyası ləğv olunmuş «Dekabank»ın səhmdarları arasında V.Əlizadə də vardı. Ona görə də Ə.İnsanov V.Əlizadənin səhmlərinin üzərinə həbs qoyulması məsələsini qaldırmışdı. Bu haqda Nəsimi Rayon Məhkəməsi qərardad da çıxarmışdı. Amma qətnamə kimi qərardad da icra olunmayıb. Üstəlik, qaraja görə alınmış pulun Ə.İnsanova qaytarılması haqda qərar da 1 il 7 ay sonra ləğv olunub.

Ə.İnsanov Avropa Məhkəməsinə şikayətində yazıb ki, V.Əlizadə Prezidentin köməkçisinin qızı olduğuna görə başqasının əmlakını öz adına rəsmiləşdirib, satıb və cəzasız qalıb. Sabiq nazirin fikrincə, yerli məhkəmələrdə bu məsələ ilə bağlı ədalətli qərar verilməməsində də T.Ağayev faktoru rol oynayıb.

Ə.İnsanovun qarajının satılması ilə əlaqədar dəfələrlə məhkəmə iclasları keçirilsə də, nə V.Əlizadə, yaxud nümayəndəsi qatılıb, nə də bu məsələ ilə bağlı hər hansı açıqlama yayılıb.

Keçmiş səhiyyə nazirinin Avropa Məhkəməsində şikayətlərindən biri onun haqqındakı 11 illik hökmlə bağlı 2013-cü ildə Avropa Məhkəməsinin verdiyi qərarın icra olunmamasındandır. Daha bir şikayət 11-illik cəza müddətinin bitməsinə 56 gün qalmış onun haqqında başlanmış yeni cinayət işi əsasında 2016-cı il oktyabrın 11-də barəsində çıxarılmış həbs qərarındandır.

Xatırlatma
Ə.İnsanov 2005-ci il oktyabrın 19-da dövlət çevrilişinə cəhd ittihamı ilə həbs olunub. Amma sonradan cinayət işi vəzifə cinayətlərinə dair ittihamlarla məhkəməyə gedib və ona 11 il həbs cəzası kəsilib.

Həbs müddətinin bitməsinə iki ay qalmış – 2016-cı ilin avqustunda ona yeni cinayət işi açılıb. Keçmiş nazirə CM-in 234.1-ci (narkotik və ya psixotrop maddələr əldəetmə, saxlama), 315-ci (hakimiyyət nümayəndəsinə zor tətbiqetmə) və 317-2.1-ci (cəzaçəkmə müəssisələrində qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması) maddələri ilə ittiham irəli sürülüb. Kamerada psixotrop tərkibli dərman saxlamaqda, Penitensiar Xidmətin əməkdaşını vurub ona kəllə-beyin travması yetirməkdə suçlanan 70 yaşlı sabiq nazir 2017-ci il aprelin 26-da 7 il azadlıqdan məhrum edilib. Yanvarın 16-da Ali Məhkəmə həmin hökmü qüvvədə saxlayıb.

Ə.İnsanov ittihamları qəbul etmir. Keçmiş nazir hakimiyyəti, şəxsən prezident İ.Əliyevi tənqid etdiyinə görə onun sifarişi ilə saxta ittihamla cəzalandırıldığını deyir.
azadliq.org

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.