2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Ədliyyə Nazirliyi Müsavat Partiyasını da reyestrdən keçirmədi

Arif Hacılı təkrar müraciət edəcəklərini deyir

Ədliyyə Nazirliyi iyulun 19-da Müsavat Partiyasının reyestrə daxil edilməsi ilə bağlı müraciətinə mənfi cavab verib.

Bu barədə partiyanın başqanı Arif Hacılı “Facebook” səhifəsində paylaşım edib.

Saytların yığılması Saytlarin yigilmasi

Arif Hacılı yazır ki, onlara göndərilən məktubda təqdim olunan 5212 nəfərlik siyahıda 2766 nəfər haqqında məlumatlar düzgün qeyd edilməyib:

“250 nəfər telefon zənginə cavab olaraq partiya üzvü olmadığını bildirib, 11 nəfər barədə məlumatlar təkrarlanıb”.

Arif  Hacılı bütün bu problemləri həll etmək üçün partiyaya 30 gün vaxt verildiyini qeyd edib.

“Partiya üzvləri haqqında məlumatda hansı qüsurların olması, telefon nömrəsi olmayan və ya şəxsi məlumat kimi şəxsi telefon nömrəsini verməmək hüququndan istifadə edənlərlə bağlı məsələləri hüquq müstəvisində müzakirə edib həll edəcəyik. Bu da yetərli olmasa, daha bir neçə min Müsavat üzvünün siyahısı Ədliyyə Nazirliyinə təqdim olunacaq”,-deyə partiyanın başqanı əlavə edib.

Foto: Meydan TV

İyulun 17-də Ədliyyə Nazirliyi REAL Partiyasına da mənfi cavab vermişdi.

Nazirliyin cavabında partiyanın 463 nəfərinin keçərli olduğu qeyd olunmuşdu.

Ədliyyə Nazirliyi bir həftədən çoxdur müxalif partiya üzvləri ilə əlaqə saxlayıb onlara siyasi mənsubiyyəti ilə bağlı suallar verir. Bu yanaşma sosial şəbəkələrdə və bir sıra ekspertlər tərəfindən suallar doğurur. Onlar yoxlama prosesinin qanunun tətbiqində problemlərin olmasından irəli gəldiyini deyirlər.

Son bir neçə ayda Azərbaycanda 30-dan çox partiya özünü buraxıb. Bu sıraya Müstəqil Xalq Partiyası (MXP), Azərbaycan Milli Demokrat Partiyası (AMDP), Yeni Yol Partiyası, Azərbaycan Respublikaçılar Partiyası, Müstəqil Azərbaycan Partiyası, Azərbaycan Vahid Kommunist Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası (ASDP), Azərbaycan Liberal Demokrat Partiyası (ALDP), Milli Vəhdət Partiyası (MVP), Azərbaycan Sosial Rifah Partiyası (ASRP), Azərbaycan Naminə Alyans Partiyası (ANAP), Azərbaycan Təkamül Partiyası, Birlik Partiyası, Aydınlar Partiyası, Kommunist Partiyası, Vahid Azərbaycan Milli Birlik və Azərbaycan Azad Respublikaçılar Partiyası və digərləri daxildir.

Meydan TV-yə daxil olan məlumata görə, partiyaların çoxu özündən xəbərsiz, Prezident Administrasiyası tərəfindən buraxılır və həmin partiyaların rəhbərləri bu haqda hökumətə yaxın media orqanlarında çıxan xəbərlərdən öyrənirlər.

2022-ci ilin dekabrında Milli Məclisin “Siyasi partiyalar haqqında” Qanunu III oxunuşda qəbul edib.

Daxili və xarici etirazlara rəğmən, Prezident İlham Əliyev 2023-cü ilin yanvarında qanunu təsdiqləyib.

Yeni qanunun narazılıq doğuran maddələri sırasında partiyaların 5 min üzv toplaması və onların hər birinin reyestrdən keçirilməsi xüsusi yer tutur.

2022-ci ildə Azərbaycanda 59 siyasi partiya qeydiyyatda olub.

Müsavat Partiyasının əsası 1911-ci ildə Məhəmməd Əmin Rəsulzadə tərəfindən qoyulub. 1917-ci ildə Fevral inqilabına qədər Müsavat Partiyası gizli fəaliyyət göstərib.

1917-ci il iyunun 17-də Difai Partiyası Gəncə Milli Komitəsinin aparıcı şəxsləri Nəsib bəy Yusifbəylinin, Həsən bəy Ağayevin, Şəfi bəy Rüstəmbəylinin, Xasməmmədli və Şeyxzamanlı qardaşlarının yaratdıqları Türk Ədəmi-Mərkəziyyət Firqəsi ilə birləşərək “Türk Ədəmi-Mərkəziyyət Firqəsi Müsavat”ın yaradıblar.

XI Qızıl Ordu Azərbaycanı işğal edəndən sonra partiya gizli fəaliyyətə keçib. 1922-1989-cu illər partiyanın mühacirət dövrü sayılır.

1992-ci ilin noyabrında Müsavat Partiyasının III Bərpa Qurultayı keçirilib və İsa Qəmbər Partiyanın 5-ci başqanı seçilib.

2014-cü ildən partiyanın başqanı Arif Hacılıdır.

Meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button