Cəmiyyət

Əfqan Sadıqovla görüşdən gələnlər var


Azel TV saytının rəhbəri, hazırda həbsdə olan Əfqan Sadıqovla bugün, yanvarın 25-də həyat yoldaşı Sevinc Sadıqova görüşüb.

Bu barədə AzadlıqRadiosuna danışan Sevinc Sadıqova vurğulayıb ki, Əfqan Sadıqovun vəziyyəti ağırdır. Onun 80 gündən çoxdur ki, aclıq etdiyini deyən xanımının söyləməsinə görə, yanvarın 21-də Əfqan Sadıqovun səhhəti çox pisləşib:

“Mənə dedi ki, huşunu itirməyi yadına gəlmir, gözünü açanda özünü reanimasiya otağında görüb. Müalicə Müəssisəsinin bütün personalı orada olub. Həmin gün ağrılarının da çox olduğunu bildirdi. Hazırda o günlə müqayisədə ağrlarının nisbətən azaldığnı söylədi”.

Ombudsman Aparatından isə “Turan” agentliyinə bildirdilər ki, yanvarın 25-də Əfqan Sadıqovla Penitensiar Xidmətin Müalicə Müəssisəsində konfidensial qaydada görüşüblər və söhbət ediblər:

“Penitensiar Xidmətin Müalicə Müəssisəsində müalicə alan Əfqan Sadıqovla görüşdük, huşu özündədir, hərəkət edir. Bizə dedi ki, əvvəki kimi qida qəbulundan imtina edir. Həkim nəzarətindədir, səhhətinin pisləşməməsi üçün bir neçə gündür ki, sistemlər köçürülür”. 

Sevinc Sadıqova bundan əvvəl, ötən ilin sonunda bildirmişdi ki, həyat yoldaşının səhhəti kəskin ağırlaşdığından həkimlər ona sistem köçürməli olublar.

Azel TV saytının rəhbəri Əfqan Sadıqov ötən ilin mayında hədə yolu ilə pul tələb etmək ittihamı ilə həbs olunub. Noyabrın 3-də o, 7 il müddətinə azadlıqdan məhrum edilib.

Noyabrın 4-dən hökmə etiraz əlaməti olaraq onun aclıq elan etdiyi xəbər verilmişdi.

 

Xatırlatma

Əfqan Sadıqov bundan əvvəl 2016-cı il noyabrın 22-də də həbs edilmişdi.

O, Cinayət Məcəlləsinin 127.2.3-cü (xuliqanlıq niyyəti ilə təhlükəli üsulla sağlamlığa qəsdən az ağır ziyan vurma) maddəsi ilə ittiham olunaraq 2 il 6 ay müddətinə azadlıqdan məhrum olunmuşdu.

Sonradan onun cəzası 1 il azaldıldı. O, daha sonra da buna qədər bir neçə dəfə müxtəlif müddələrlə inzibati qaydada həbs edilib.

Əfqan Sadıqov bütün hallarda ittihamları qəbul etməyib və bunun onun jurnalist fəaliyyətinin məhdudlaşdırılmasına yönəldiyini bildirib.

Onu yerli hüquq müdafiəçiləri əvvəlki həbsi zamanı siyasi məhbus kimi tanımışdılar. Amma rəsmilər ölkədə siyasi məhbusların olması ilə bağlı fikirləri qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus adlandırılan şəxslər sırf törətdikləri əmələ görə məsuliyyətə alınıblar. 

24saat.org

Mənbə – azadliq.org

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button