AZ24SAAT.ORG

Now Reading:
“Ələt azad iqtisadi zonası haqqında” qanun layihəsi II oxunuşda qəbul olunub

Bu gün Milli Məclisin plenar iclasında “Ələt azad iqtisadi zonası haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

“APA-Economics” xəbər verir ki, qanun layihəsində Ələt iqtisadi zonasının səlahiyyətli qurumunun səlahiyyətləri, bu qurumun maliyyə mənbələri, developerin (Azad Zona səlahiyyətli qurumu tərəfindən Azad Zonanın fəaliyyət və inkişaf məqsədləri üçün təsis olunan Azad Zona inzibati müəssisəsi) hüquq və vəzifələri, developerin maliyyələşdirilməsi yolları, Azad Zona hüquqi şəxslərinin fəaliyyəti, lisenziyalaşdırma və icazə qaydaları, Azad Zonada vergi tənzimlənməsi, gömrük işinin təşkili, sərhəd rejimi və sair məsələlərlə bağlı hüquq və vəzifələr öz əksini tapıb.

Qanun layihəsində müvafiq icra hakimiyyəti orqanı tərəfindən Azad Zona səlahiyyətli qurumunun yaradılması təklif olunur. Səlahiyyətli qurum Azad Zona rezidentlərinin, hüquqi şəxslərinin və inzibati müəssisələrinin fəaliyyətini tənzimləyəcək və nəzarəti həyata keçirəcək. Bundan başqa, səlahiyyətli qurum Azad Zona ərazisi, burada yerləşən əmlak və aktivlər, eləcə də strateji məqsədlər ilə bağlı hər hansı digər məsələləri tənzimləyəcək və bu işlərə nəzarət edəcək.

Səlahiyyətli qurum Azad Zona üçün qabaqcıl beynəlxalq təcrübəyə və standartlara əsasən daxili qaydalar hazırlayacaq. Həmçinin, səlahiyyətli qurum beynəlxalq standartlara uyğun idarəetmə sistemini formalaşdırmaq məqsədi ilə Azad Zona inzibati müəssisələrini yaratmaq, maliyyələşdirmək, səlahiyyətləndirmək və yoxlamaq hüququna malik olacaq.

Azad Zona səlahiyyətli qurumu sahib olduğu səhmləri sata və ya onlar barəsində hər hansı digər şəkildə sərəncam verə bilər. Səlahiyyətli qurum dövlət maliyyələşməsi üçün müraciət edə və ya banklarda, maliyyə institutları və digər qurumlardan maliyyə vəsaiti almaq hüququna malikdir.

Layihəyə görə, Azad Zona səlahiyyətli qurumunun idarə olunması üçün İdarə heyəti formalaşdırılacaq.

Səlahiyyətli qurum tətbiq olunan rüsumlar və digər ödənişlərdən, developerlərdən və Azad Zona səlahiyyətli qurumuna məxsus digər hüquqi şəxslərdən alınan dividendlərdən, dövlət tərəfindən təmin olunan hər hansı digər mənbələrdən gəlir əldə edəcək.

Bundan başqa, qanun layihəsinə görə, Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumu, burada fəaliyyət göstərən inzibati müəssisələr, hüquqi şəxslər və onların işçiləri, rezidentləri Azad Zonada fəaliyyətlərinə aid olan bütün vergilərdən azad olunacaq.

Azad Zona hüquqi şəxsləri və ya Azad Zona rezidentləri əsas iqtisadiyyatdakı hər hansı vergi ödəyicisinə malları, işləri, xidmətləri təqdim edərsə, belə mallar, işlər, xidmətlər üzrə əsas iqtisadiyyatın vergi ödəyicisinə əsas iqtisadiyyat qanunvericiliyinin müddəaları tətbiq edilir.

“Əsas iqtisadiyyatda aid olan şəxslər Azad Zona hüquqi şəxslərinə və ya Azad Zona rezidentlərinə mallar, işlər, xidmətlər təqdim edərsə, əsas iqtisadiyyata aid olan şəxslərə belə mallar, işlər, xidmətlər üzrə əsas iqtisadiyyat qanunvericiliyinin müddəaları tətbiq edilir”, – deyə layihədə qeyd olunub.

Bundan başqa, Azad Zonaya idxal edilən mallara, işlərə, xidmətlərə görə gömrük rüsumları və vergilər ödənilməyəcək. Layihəyə əsasən əsas iqtisadiyyat gömrük idarəsi Azad Zonada gömrük qaydalarının tətbiq edilməsi üçün gömrük idarəsi, əsas iqtisadiyyat sərhəd xidməti isə sərhəd idarəsi yaradacaq.

Eyni zamanda, layihəyə əsasən Ələt azad iqtisadi zonasında Biznes Xidmətləri Mərkəzi yaradılacaq. Mərkəz Azad zonada bütün lisenziyaların, icazələrin, vizaların, təsdiqlərin və digər rəsmi sənədlərin verilməsinə məsul olacaq və “bir pəncərə” qaydasında işləyəcək.

Bundan başqa, layihədə qeyd olunub ki, Azad Zona səlahiyyətli qurumu Azad Zona daxilində sahibkarlıq və investisiya fəaliyyətinin həyata keçirilməsi üçün lisenziyaları və icazələri müəyyən etmək, onlara dair tələbləri və onların verilməsi qaydalarını tənzimləmək məqsədilə daxili qaydalar formasında lisenziyalaşdırma və icazə qayaları qəbul edəcək. Lisenziyalaşdırma və icazə qaydalarında Azad Zonada lisenziyalaşdırma, icazə, viza və təsdiq tələblərinin, o cümlədən müvafiq lisenziyaların, icazələrin, vizaların və təsdiqlərin sayının, onların alınması xərclərinin və müddətinin, habelə hər bir müraciət üçün lazım olan sənədlərin sayının müəyyən edilməsi və Azad Zonanın strateji məqsədlərinə nail olmaq üçün digər məsələlər nəzərdə tutulub.

Qanun layihəsi II oxunuşda səsə qoyularaq qəbul olunub.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.