Now Reading:
İlham Əliyevə yanlış məlumat verən şəxs ƏLİ HƏSƏNOVDUR? – ANALİZ

Əli Həsənovun “operativ narahatlığının” sirri nədir?

“Turan” informasiya agentliyinin rəhbəri Mehman Əliyevin Əvəz Zeynallının “Qaynar Qazan”ına müsahibəsində söylədikləri ölkədə hər şeyin göründüyü kimi olmadığını, proseslərin mürəkkbəliyini ortaya qoydu. Müsahibənin birinci hissəsində M.Əliyevin “ölkədə media siyasətinin iflasa uğraması” barədə fikrinə hakimiyyətin bu sahəyə cavabdeh şəxsi tərəfindən dərhal reaksiya verildi. Elə həmin gün hakimiyyətə yaxın mətbu orqan olan “Yeni Müsavat”a müsahibə verən Əli Həsənovun fikirləri bütün mediada yay(dır)ıldı. Dünən isə tələm-tələsik jurnalistlərin mənzillərinni açarlarının təqdim olunması mərasimi təşkil edildi. Bu tədbirdə də Əli Həsənov mənzillərlə bağlı jurnalistlərə bir-iki məsləhətini verdikdən sonra bütün çıxışını “ölkədə media siyasətinni iflasa uğramaması”na həsr etdi.

Sitat: “Mən minnətdarlıq dolu baxışlarınıza baxandan sonra çox təəssüf edirəm ki, bəziləri “Azərbaycanın media siyasəti iflasa uğrayıb” deyir. Məgər öz dövlətinin vətəndaşlarını dövlət daxili və xarici aləmdə baş verənlərlə tanış etmək istiqamətində fəaliyyət göstərən jurnalistə dövlət qayğısı göstərmək, onların maddi-mənəvi problemlərinin həllinə yardım etmək bu qədər qəbahətli haldır ki, bunu dövlətin informasiya siyasətinin iflası kimi qiymətləndirirlər?”

ABŞ dövlət departamentinin ölkə ilə bağlı sərt bəyanatlarına belə ən yaxşı halda bir gündən sonra ağızucu cavab verən, müxalifətin bəyanatlarına isə ümumiyyətlə cavab verməyi özünə rəva görməyən Əli Həsənovun Mehman Əliyevin normal tənqid hedab ediləcək sıradan bir fikrinə olmazın operativlik və sərtlə reaksiya verməsinin səbəbi nədir? Prezidentin sözçüsü nədən belə narahatdır ki, ölkənin imicindən daha çox “medianın imici”ni müdafiə etməyə çalışır?

İlk baxışdan belə qənaət yaranır ki, Əli Həsənov sadəcə cavabdeh olduğu sahə ilə bağlı tənqidə cavab verib. Amma müsahibənin ardı gəldikcə, detallar daha çox məsələni orataya çıxarır və məlum olur ki, Əli Həsənov “medianın imici”ni deyil, sadəcə özünü qorumağa çalışır. Gəlin detalara nəzər salaq…

Mehman Əliyev müsahibəsində deyir ki, “Səhər məni məhkəməyə aparırdılar və döndərdilər gətirdilər şəhərə – danışıqlara…”.

Mehman Əliyev

24saat.org saytına açıqlamasında Mehman Əliyev görüşün kiminlə keçirildiyini açıqlamasa da, söhbətin əsas tezislərini açıqlayıb. O bildirib ki, görüşdüyü şəxs PREZİDENTİN ADINDAN danışıb. Və görüş zamanı əsas tezislər “prezident narahatdır”, “o burda deyildi”, “ona yanlış məlumat verilib” və “qətimkan tədbirini dəyişmək istəyirlər” olub .

Elə hər şey də bu sözlərdə gizlidi – Prezidentin adından danışan şəxs “prezident narahatdır”, “o burda deyildi”, “ona yanlış məlumat verilib” və “qəti imkan tədbirini dəyişmək istəyirlər” deyirsə, deməli,məsələ bizim düşündüyümüzdən çox fərqlidir.

Prezident ölkədə olmayanda Mehman Əliyevin həbsini kim təşkil edə bilər, həbsdən sonra prezidentə kim yanlış məlumat verə bilərdi? Axı M.Əliyev həm ölkədə, həm də beynəlxalq aləmdə kifayət qədər tanınmış şəxsdir və bunu onun həbsindən sonrakı reaksiyalarda da gördük. Bu cür adamın həbsinin hansı reaksiyalara səbəb olacağını, ölkəyə hansı təzyiqlərin olacağını və nəticəsinin ölkə üçün yaxşı olmayacağını bildiyi halda onun həbsinə nail olmaq üçün prezidenti aldatmağa risk edən kimdir?

Suala tələskən cavab verən zaman ilk ağla gələn şəxs artıq vəzifəsini itirmiş Fazil Məmmədov olur. Çünki Mehman Əliyevin həbsinə leqallıq donu geyindirmək üçün məhz vergi yoxlaması əsas gətirilib və elə bu bəhanəni də səbəbə çevirib Mehman Əliyevi həbs ediblər. Lakin dərhal yardıma gələn bəsit təhlil məsələdə Fazil Məmmədovun vasitə olduğunu, Mehman Əliyevlə onu heç nəyin bağlamadığını, dolayısıyla, bu məsələyə görə prezidentə yanlış məlumat verməyinin heç bir məntiqə sığmadığını düşünməyə əsas verir.

Mehman Əliyevin Əvəz Zeynallı ilə müsahibəsinin girişində də yazıldığı kimi, Turan İA-nın rəhbəri həbsinin səbəbləri kimi vitse-prezident Mehriban Əliyevanın adamları ilə mediada gözlənilən islahatlar barədə apardığı danışıqlardan və həbsində prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun oynadığı roldan danışıb. Başqa sözlə, “prezidentə yanlış məlumat verən” şəxsin kimiyini uzaqlarda axtarmağa ehtiyac qalmır. Belə olan halda Əli Həsənovun bu aşırı narahatlığının və Mehman Əliyevin müsahibəsinin dərcindən dərhal sonra operativ reaksiya verməsinin səbəbi də aydın olur. Mehman Əliyevin dediyi kimi həbsi “Əli Həsənovla şəxsi münasibətin nəticəsi”dirsə, deməli, Əli Həsənov ölkənin imicini və alacağı zərbələri nəzərə almadan, prezidentə yanlış məlumat verməkdən də çəkinməyib.

Görünən odur ki, Əli Həsənov narahatdır, hətta bu məsələ ilə bağlı açıqlamalarından hiss edilir ki, heç vaxt olmadığı qədər narahatdır.

AZ24saat.org

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.