AZ24SAAT.ORG

Now Reading:
Əli Kərimlidən hakimiyyətə xəbərdarlıq: “Dayanın, yoxsa peşman olacaqsınız”

AXCP sədri Əli Kərimli Gədəbəyin keçmiş icra başçısı, hazırda Rusiya vətəndaşı olan və uzun illərdi orda yaşayıb çalışan Saleh Rüstəmlinin 20 gündən çoxdu Bakıda Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində (“bandotdel”) naməlum şəraitdə həbsdə saxlanmasından narahatlığını bildirən növbəti yazı ilə çıxış edib. Yazını təqdim edirik:

 

Hər şey bir tərəfə, Saleh Rüstəmli bir Qarabağ müharibəsi veteranıdır. Gədəbəydən yüzlərlə könüllünü erməni işğalçıları ilə savaşa o səfərbər etmişdi. Gədəbəydəki məşhur Başkənd qələbəsinin əsas müəlliflərindən biridir Saleh bəy. Təkcə buna görə onunla düşmən əsirliyindəki kimi davranmaq olmazdı. Düşmən əsirliyində deyərkən, mən qətiyyən Azərbaycana əsir düşümüş erməniləri nəzərdə tutmuram. Onlarla Azərbaycan iqtidarı xeyli humanist davranır. Saleh bəylə isə Ermənistandakı azərbaycanlı əsirlər kimi davranırlar.

Əbülfəz Elçibəyin prezidentliyi zamanında Gədəbəy rayonun icra başçısı olmuş Saleh Rüstəmli 23 gündür ki, həbsdədir. Hələ də qeyri-qanuni olaraq “bandotdel”də saxlanılır. Hələ də yanına müstəqil vəkil gedə bilmir. Onu ikinci vəkildən də imtina etməyə məcbur edirlər. Bu şəraitdə mümkündür ki, ondan işgəncə ilə yalan ifadələr alınır. Rejim ümid edir ki, Saleh bəydən işgəncə altında bizə qarşı yalan ifadə almaqla həm də bizi ona qarşı acıqlandırmağa və onu müdafiəsiz qoymağımıza nail olacaq. Heç ümid etməsinlər. Biz Saleh bəylə əsir kimi davranıldığını bilirik və istənilən halda onu müdafiə etməkdə davam edəcəyik. Onun heç bir cinayət törətmədiyi halda şərləndiyini hər fürsətdə izah edəcəyik.

Bu arada rejim əsir kimi davrandığı Saleh bəyi həmyerlilərinin də dəstəyindən məhrum etmək istəyir. Saleh bəyin həbsindən sonra 120 nəfər Gədəbəy sakini öz imzaları ilə Prezident Adminstrasiyasına məktub göndəriblər. Məktubda sakinlər Saleh Rüstəmlinin icra başçısı olarkən rayonun erməni işğalçılarından müdafiə olunmasındakı və 40-dan artıq kəndi daim terror qorxusu altında saxlayan Başkəndin azad edilməsindəki xidmətlərindən bəhs ediblər. Sizcə, Prezident Adminstrasiyasına məktub çatandan sonra nə olub? Vaxtilə qardaşları və ən yaxın qohumları ilə birlikdə düşmənin qarşısında dim-dik dayanmış, Gədəbəyi alınmaz qalaya çevirmiş bu igid Vətən fədaisinə münasibət dəyişibmi? Təəssüf ki, yox, tam əksinə, kollektiv məktubu imzalayanların siyahısı göndərilib rayon rəhbərliyinə, rayon rəhbərliyi də həmin qədirbilən, ədalətli insanlara qarşı təqiblərə başlayıb.

Rejim bu cür idarəetmə ilə hara getmək istəyir? Bu böyüklükdə ədalətsizliklə, insafsızlıqla, qəddarlıqla Azərbaycan xalqının barışmayacağını başa düşmək bu qədərmi çətindir? Belə qəddar idarəetmənin bir gün mütləq bumeranq effekti verəcəyini anlamaq bu qədərmi çətindir?

Dayanın, cənablar, hələ də dayanmaq şansınız var və bu böyük fürsətdir. Əlbəttə, dayanamaya, hələ daha neçə-neçə günahsız insanın həyatını məhv edə bilərsiniz, ancaq bilin ki, bu halda özünüz də uçuruma gedəcəksiniz. Belə davam edəcəyiniz təqdirdə qəzəblənmiş xalqın içindən elə acıqlı insanlar çıxacaq ki, sivil, dinc mübarizə tərəfdarı müxalifətçilərin ölkə üçün də, sizlər üçün də bir şans olduğunu vaxtında başa düşmədiyinizə görə peşiman olacaqsınız.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.