"Əli Kərimlinin evini su basmışdı, özü getmədi, Prezident getdi" - 24 saat xəbərlər
Now Reading:
“Əli Kərimlinin evini su basmışdı, özü getmədi, Prezident getdi”
Full Article 2 minutes read

“Əli Kərimlinin evini su basmışdı, özü getmədi, Prezident getdi”

Əli Kərimli: ”Görün, bu adamlar nə qədər həyanacanlıdırlar ki, bu cür absurd və acı gülüş doğuran cəfəngiyyatlar danışırlar”

“Yanğında, zəlzələdə zərərçəkənlərin yanında olmaq əvəzinə müxtəlif mitinq çağırışları edilir. Belə addımlarla insanlara yanlış informasiyalar verilir. Bu gün qibləsini tanımayan Əli Kərimli və Sevinc Osmanqızı Azərbaycandakı islahatları tamamailə fərqli şəkildə dünyaya çatdırmaq istəyirlər. Onların qibləsi ABŞ-dır”.

Milli Məclisin iclasında çıxış edən parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov belə deyib.

O vurğulayıb ki, Azərbaycanda baş verən hər hansı hadisələrdən süi-istifadə edənlər var:

“Prezident seçkilərindən sonra bütün məsələlər dövlət başçısının diqqətindədir və həlli istiqamətində addımlar atılacaq. Artıq görürük ki, mərhələli şəkildə bütün problemlər öz həllini tapır, buna milyardlarla vəsait ayrılır. Amma təəssüf ki, mitinq keçirərək, üç- beş adam yığıb nəsə deməklə islahatları öz adlarına çıxmaq istəyirlər. Məqsədləri ölkədə gedən islahatlardan çəkindirmək, baş verənləri cəmiyyətə öz adlarından təqdim etmək olan bu qüvvələr hələ 90-cı illərdə belə hadisələrdən hakimiyyətə gəlmək üçün süi-istifadə ediblər. Son yanğın hadisəsində dövlət bütün yükü üzərinə götürdü, yenə də söz tapırlar danışmağa ki, prezident yanğın olan əraziyə niyə getmədi?

Ölkə başçısı ötən gün keçirilən müşavirədə də söylədi ki, baxmayaraq, yanğınla bağlı ziyanın ödənilməsi dövlətin işi deyil, amma dövlət hər zaman sahibkarların yanındadır. Zaqatalada, Şamaxıda baş verən zəlzələlər zamanı ölkə başçısı onların yanında olub. O vaxt daşqınlarda Əli Kərimlinin evini su basmışdı, özü getmədi, Prezident getdi, 5 min ev tikdirdi. Bu cür məsələləri baykot edənlərin erməni xislətində olduğunu göstərirlər. Bu cür addımları puç etməliyik”.

S.Novruzov əlavə edib ki, son əfv sərəncamının təzyiqlər nəticəsində imzalanması barədə fikirlər də absurddur:

“Əfv ölkə başçısının humanist addımı və vətəndaşların müraciəti əsasında həyata keçirilir. Sərəncamın qəti şəkildə kimlərinsə bəyanatı ilə əlaqəsi yoxdur. Azərbaycan demokratik dövlətdir, heç kimin daxili işlərinə qarışmır və kimsə də bizim işimizə qarışa bilməz. Azərbaycan dövləti xalqın yanındadır”.

AXCP sədri ƏIi Kərimli hakim partiyanı təmsil edən deputat Siyavuş Novruzovun dediklərini gülüşlə qarşılayıb və absurd sayıb:

“Ağlı başında olan adam belə şeylər danışmaz. Birincisi, mənim Saatlıda evim yoxdur. İkincisi, atamın Azadkənddə evi var və bu kənd Kürdən, ümumiyyətlə, daşqın olan zonadan 70-80 kilometr aralıdır. Heç vaxt, əvvəllər də Kür daşanda oranı su basmırdı, çünki çox uzaqdır. Görün, bu adamlar nə qədər həyanacanlıdırlar ki, bu cür absurd və acı gülüş doğuran cəfəngiyyatlar danışırlar”.

Maraqlı xəbərlər üçün  Az24saat.org saytının  FACEBOOK səhifəsini izləyin

Input your search keywords and press Enter.