AZ24SAAT.ORG

Now Reading:
Əli Kərimliyə göndərilən pul rubl çıxdı

Tofiq Zeynalov: “Vidadi Rüstəmlinin kim olmasını prokurorluqdan soruşun…” 

“Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimliyə xaricdən pul gəlməsi ilə bağlı cinayət işi üzrə irəli sürülmüş rəsmi ittihamdakı məbləğ fantastik həddə şişirdilib”. Bu barədə 24saat.org saytına daxil olan məlumatda deyilir ki, bunu istintaqa pul göndrərilməsində iştirak edən Saleh Rüstəmlinin yaxın qohumu Vidadi Rüstəmli deyib. O bildirib ki, Saleh Rüstəmlinin Əli Kərimliyə göndərdiyi məbləğ isttihamda deyildiyi kimi 412 min ABŞ dolları deyil, cəmi 450 min rus rublu olub. Bu məbləği isə ABŞ dollara çevirdikdə təxminən 7 min ABŞ dolları edir. 

Yada salaq ki, 5 min dollar civarında məbləğin Saleh Rüstəmov tərəfindən ona göndərildiyini AXCP sədri Əli Kərimli məsələyə münasibət bildirərkən özü açıqlamışdı: “Saleh Rüstəmli ilə dostam, eyni əqidəni paylaşırıq. Düzdür, uzun illərdir ki, görüşmürük, ancaq biz dostuq. Saleh bəy uzun illərdir ki, Rusiyada kiçik bizneslə məşğuldur. Onun haqqında bundan sonra deyiləcəklərə inanmayın. Saleh bəyin biznesi kiçik biznesdir. Ötən bir neçə ilin ərzində mənə yardım məqsədilə bir neçə dəfə (dəqiq xatırlamıram, 5-7 dəfə ola bilər) pul göndərib. Bəzən 500 dollar, bəzən 1000 dollar olmaqla. Pul təmənnasız verildiyindən dəqiq hesabatını aparmamışam. Ancaq  söhbət bu məbləğin haradasa, 100-də birindən gedir. Əlbəttə, mən Saleh bəyin biznes məqsədilə kimlərə nə alıb-verdiyini bilmirəm, ancaq mənə edilən yardım, bir daha vurğulayıram ki, təqribən 5 min dollar ətrafında olub. İndi bu Sarkisyanın otağını güdənlər )) böyük əməliyyat keçirdib, bu adamın şəxsən mənə yardım etdiyini müəyyən ediblər…

…Bu nə zehniyyətdir? Bir dostum mənə pul göndərib, partiya üzvü olan başqa bir dostum həmin pulu götürüb mənə çatdırıb. Hanı burda cinayət hadisəsi? O adamların hər biri kasıblıq həddində yaşayan insanlardır. Onlar hansı qanunsuz sahibkarlığı, hansı qazancı ediblər? Allahı tamammı unutmusunuz? Onların evlərinə baxış keçirəndə görmədinizmi hansı şəraitdə yaşayırlar? Həmin yarıac yaşayan insanlar mənə 412 min dollar pul gətirsəydilər, öz vəziyyətlərinə baxıb, mənə nifrət etməzdilərmi?..” – deyə Əli Kərimli bildirmişdi.

Qeyd edək ki, sözügedən cinayət işi üzrə əsas təqsirləndirilən şəxs Saleh Rüstəmov Gədəbəy rayonunun sabiq icra başçısı olub. Saytımıza daxil olan məlumatda o da bildrilir ki, Vidadi Rüstəmli Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalovun da yaxın qohumudur. İddiaya görə, R.Zeynalovun qardaşı Tofiq Zeynalovun Tovuz Rayon icra hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi də bu məsələ ilə bağlıdır. 

Tofiq Zeynalov isə 24saat.org saytının sorğusuna cavab olaraq deyib ki, onun Vidadi Rüstəmli adında qohumu yoxdur və ümumiyyətlə bu məsələdən xəbərsizdir: “Vidadi Rüstəmlinin kim olmasını prokurorluqdan soruşun, mən belə adam tanımıram… Bu dövlət müstəqil dövlətdir, Allah Prezidentə can sağlığı versin, biz istədiyimizə nail olacağıq…

Xatırladaq ki, Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi Mətbuat xidmətləri məsələ ilə bağlı birgə məlumat yayıb. Məlumatda qeyd edilir ki, Prokurorluq və daxili işlər orqanları tərəfindən ölkənin iqtisadi maraqlarına qarşı yönəlməklə sahibkarlıq fəaliyyətinin qanunla müəyyən edilmiş qaydalarına qəsd edən cinayətlərin aşkarlanaraq qarşısının alınması istiqamətində həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində Ədliyyə Nazirliyində qeydiyyatdan keçməyən Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) adlı qurumun funksionerlərindən Əli Kərimli, Qənimət Zayidov, Saleh Rüstəmov, Vidadi Rüstəmli, Aqil Məhərrəmov, Ruslan Nəsirov, Babək Həsənov və digərlərinin Bakı şəhər sakinləri Ceyhun Hüseynov, Rauf İsgəndərov, Heydər Əhmədov, Tural Mehdixanov və qeyrilərinin üzv olduqları qurumun respublikamızda və xaricdə dövlətimizə, dövlətçiliyimizə və milli maraqlarımıza zidd olaraq keçirilən tədbirlərinin maliyyələşdirilməsi üçün qanunsuz sahibkarlıq fəaliyyəti nəticəsində əldə edilmiş külli miqdarda çirkli pul vəsaitlərinin leqallaşdırılması əməllərini törətmələrinə dair kifayət qədər sübutlar toplanmışdır:
“Rusiya Federasiyasında yaşayan Saleh Rüstəmov çirkli pul vəsaitlərinin əldə edilməsinin mənbəyini gizlətmək məqsədilə “Sahibkarlıq fəaliyyəti haqqında” qanunun, Vergi Məcəlləsi və digər normativ-hüquqi aktların tələblərini pozaraq qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmadan, vergi ödəyicisi kimi uçotda durmadan, həmçinin xüsusi razılıq (lisenziya) olmadan banklar və digər kredit təşkilatlarının müstəsna funksiyalarına aid faktiki bank fəaliyyətini həyata keçirmək məqsədi ilə AXCP-nin fəaliyyətinin maliyyələşdirilməsi üçün Rusiya Federasiyasının ərazisində təbliğat aparmışdır.

Saleh Rüstəmov daha sonra biznes strukturlarında çalışan və əvvəllər tanıdığı Azərbaycan Respublikasının ayrı-ayrı vətəndaşlarından hər ay toplayaraq Moskva şəhərində kommersiya bankında açdığı hesabına keçirdiyi 30 min ABŞ dollarını 2016-cı ilin mart ayından etibarən, Bakı şəhərində valyuta əməliyyatlarının qanunsuz köçürülməsi ilə məşğul olan Ceyhun Hüseynov, Rauf İsgəndərov, Heydər Əhmədov və Tural Mehdixanov vasitəsilə Vidadi Rüstəmliyə çatdırılmasını təmin etmişdir. V.Rüstəmlinin həmin vəsaitləri qəbul edib Aqil Məhərrəmov, Ruslan Nəsirov və Babək Həsənova, onların isə AXCP-nin funksionerlərinə vermələri ilə, ümumilikdə 412 min ABŞ dollarını AXCP-nin tədbirlərinin maliyyələşdirilməsinə, dəstə üzvlərinin iqtisadi maraqlarının təmin olunmasına və digər maliyyə əməliyyatlarının həyata keçirilməsinə, beləliklə də cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərinin leqallışdırılması əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən olunmuşdur.

Həmin xüsusatlar Saleh Rüstəmov, Vidadi Rüstəmli, Ceyhun Hüseynov və başqalarının ifadələri, digər istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri ilə təsdiq olunmuş, müvafiq ekspertizanın rəyi ilə qeyd olunan şəxslərin mobil cihazlarında pul vəsaitlərinin qeyri-qanuni dövriyyəsinə dair texniki sübutlar əldə edilmişdir.

İş üzrə dindirilmiş Babək Həsənov, Ruslan Nəsirov, Aqil Məhərrəmov qeyd olunan qanunsuz əməlləri etiraf edərək, təmsil etdikləri qurumun fəaliyyət və tədbirlərinin maliyyələşdirilməsi üçün Saleh Rüstəmovun Moskva şəhərindən göndərdiyi pul vəsaitlərini Vidadi Rüstəmlidən qəbul edib Əli Kərimli və digər şəxslərə verdiklərini bildirmişlər. Onların yaşadıqları ünvanlarda aparılmış axtarışlar zamanı qanunsuz pul dövriyyəsini, çirkli pulların leqallaşdırılmasını təsdiqləyən bank kartları və başqa sənədlər aşkar edilərək maddi sübut kimi götürülmüşdür.

Saleh Rüstəmov, Vidadi Rüstəmli, Aqil Məhərrəmov, Ruslan Nəsirov, Babək Həsənov, Eltac Əlisoy Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1 və 193-1.3.2-ci (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) və sair maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilmişdir. İstintaqdan gizləndiyi üçün Eltac Əlisoy barəsində axtarış elan olunmuşdur.

Təqsirləndirilən şəxslərin cinayət-prosessual qanunvericilikdə nəzərdə tutulan müdafiə, hüquqi yardım almaq və sair hüquqları tam təmin olunmuşdur.

Bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə yayımlanan məlumatlar isə istintaqa təsir göstərmək, cinayət işini süni surətdə siyasiləşdirərək cəmiyyətdə qəsdən yanlış fikir formalaşdırmaq və ictimai rəyi çaşdırmaq məqsədi güdür.

Hazırda Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin aidiyyatı qurumları tərəfindən cinayət işi üzrə hərtərəfli və obyektiv istintaq aparılmaqla təqsirkar şəxslərin dairəsinin tam müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində qanunvericilikdə nəzərdə tutulan zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir”.

 24saat.org

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.