SEÇMƏ

Əlilliyi ləğv edilmiş şəxs: “TSEK təzə hiylələrə əl atıb”

Yayımlandı: 4 Noyabr 2022 17:03

“Forma 88-lə müraciət edənlərə imtina verəndən sonra əyani müayinəni gecikdirir, qəsdən qeydə almır”
Elşad Rəhmanovun 48 yaşı var. 2005-ci ildə avtomobil qəzasından sonra sol qolu bir neçə yerdən sınıb. Əməliyyat zamanı aşkar olunub ki, 1992-1997-ci illərdə orduda xidmət edərkən bir neçə dəfə malyariya və sarılıq xəstəliyi keçirib, tam sağalmadığına görə onda osteoparoz xəstəliyi əmələ gəlib. Nəticədə sümüklərin birləşməsi çətinləşib. Bir neçə dəfə keçirilən əməliyyat fayda verməyib və qoluna daxili metal şin yerləşdirilib. 2008-ci ildən ona əlillik təyin olunub. 2012-ci ildə qolundakı metal şin çıxarılarkən vintlərdən biri qırılaraq sümüyün içərisində qalıb. Elşad Rəhmanovun sağlamlığı bərpa olunmadığına görə əlilliyi da davam edib. Ötən il ölkədə əlilliklər kütləvi şəkildə ləğv olunanda Elşad Rəhmanovun da əlilliyinə xitam verilib. Müvafiq komissiya ona müalicələri davam etdirməsini tövsiyə edib. Elə problemlər də bundan sonra başlayıb:

“Uzun illərdir ki, qolumu işlədə, əmək fəaliyyətiylə məşğul ola bilmirəm. Bu ilin birinci yarısında bir daha müayinə olundum, Respublika Travmatologiya İnstitunda bildirdilər ki, metal qırıntı sinirə yaxındır deyə, toxunmaq təhlükəlidir. Yenə Tibbi-Sosial Ekspert Komissiyasına (TSEK) müraciət etdim, əyani müayinə üçün növbə götürüb iyunun 6-da Respublika Əlillərin Bərpa Mərkəzində komissiyadan keçdim. Mənə bildirdilər ki, sənə əlillik düsmur, bu barədə mesaj göndərəcəyik”.

Məhkəmə baş tutmayıb

Elşad Rəhmanovun mobil telefonuna əlilliyin təyin edilməsindən imtina barədə mesaj gəlib. O, iyulun sonunda Sumqayıt Şəhər İnzibati Məhkəməsində TSEK-ə qarşı iddia qaldırıb. Məhkəmədən müstəqil komissiya yaradılmasını istəyib. Oktyabrın sonunda baş tutan məhkəmənin ilk iclasında TSEK məhkəməyə etiraz ərizəsi yazaraq iddia müddətinin ötməsinə görə iddiaya baxılmamasını xahiş edib.

“Cavabdeh tərəf ərizədə göstərmişdi ki, guya mən komissiyadan 2021-ci ilni dekabrında keçmişəm. Halbuki, yuxarıda da qeyd etdiyim kimi, mənim komissiyadan keçməyim bu ilin iyununda olub. Ancaq komissiya üzvləri saxtalaşdırmağın yeni yollarını “kəşf ediblər”. Məsələn, mənim 2022-ci ilin iyununda əyani komissiyadan keçməyimi sənədləşdirsələr də, gizlədirlər. Mənimsə telefonuma göndərdikləri mesaj təsadüfən silinib”, Elşad Rəhmanov deyir.

Buna baxmayaraq hakim iddia ərizəsini icraata götürüb, ancaq iddiaçıya tapşırıb ki, növbəti məhkəmə iclasına gələndə 6 iyun 2022-ci ildə Komissiyadan keçməsi və imtina cavabı alması barədə sübut təqdim etsin. Növbəti məhkəmə iclasını isə noyabrın 22-nə təyin edib.

“Qəbul otağında əlilləri hədələyirlər”

Elşad Rəhmanov məhkəməyə sübut kimi təqdim etməli olan sənədi almaqdan ötrü həm TSEK-də, həm də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində olub. Ona bildirilib ki, iyun ayında əyani komissiyadan keçməsi qeydə alınmayıb:

Gözdən qaçırmayın:  İranla sərhəddə nə baş verir? 

“Dedilər ki, indi həkimdir də, bir səhv edib, qeydiyyat aparmayıb, sənə görə həkimi işdən çıxarası deyilik ki… Bu minvalla mənə komissiyadan keçməyimlə bağlı sənəd vermirlər. Nazirlikdə heç bir məmurun qəbuluna düşmək olmur, qəbul otağında bir az səs-küy salan kimi mühafizəçilər adamı üzük qaşı kimi dövrəyə alır, “xuliqanlıq eləmə, polis çağırarıq” deyib, əlilliyi ləğv olunan adamları hədələyirlər. Sosial şəbəkələrdə başıma gələn hadisəyə oxşar xeyli hekayətlər görürəm və belə düşünürəm ki, TSEK əlilləri aldatmaq üçün təzə hiylələrə əl atıb. Forma 88-lə müraciət edənlərə imtina verəndən sonra əyani müayinəni gecikdirir, qəsdən qeydə almır ki, vətəndaşlar məhkəməyə müraciət edəndə oxşar problemlərlə üzləşsinlər, iddia ərizələri əllərində qalsın”.

TSEK-dən Meydan TV-yə bildirilib ki, Rəhmanov Elşad Fazil oğlu noyabrın 2-də (iki gün əvvəl) Respublika Əlillərin Bərpa Mərkəzində əyani komissiyadan keçib.

Elşad Rəhmanovsa deyir, iki gün əvvəl onu zorla komissiyadan keçiriblər:

“Respublika Əlillərin Bərpa Mərkəzinə getmişdim ki, iyunun 6-da orada olduğumu təsdiqləyən sənədi bəlkə ala bilərəm. Dedilər, gəl, səni salaq təzədən komissiyaya… Tibbi sənədlərimin üstümdə olmadığını bildirdim. Dedilər, eybi yox, gəl, komissiyadan keç, sənədləri sonra gətirərsən”, – şikayətçi Meydan TV-yə bildirib.

Meydan TV

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button