Loading...
Loading...
Xəbərlər

Əliyev-Paşinyan görüşü irəliyə doğru addım olacaqmı?

Bakı/27.12.21 Dekabrın 28-də Müstəqil Dövlətlər Birliyinin qeyri-rəsmi sammitin keçiriləcək. 

Həmin sammitində Azərbaycan prezidenti İlham Əliyevin və Ermənistan baş naziri Nikol Paşinyanın iştirakı gözlənilir. 

Paşinyan bu günlərdə bildirdi ki, hazırda sammit çərçivəsində Azərbaycan Prezidenti ilə ikitərəfli rəsmi görüş barədə təklif yoxdur. “Amma Azərbaycan Prezidenti ilə orada təmaslar mütləq olacaq”.

O, həmçinin bildirib ki, Ermənistan sülh sazişinin imzalanması üçün danışıqlara hazırdır. Bunu əvvəl Azərbaycan Prezidenti də demişdi. 

Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə mübarizə Komitəsinin üzvü Aydın Mirzəzadə Turana bildirib ki, Rusiya tərəfinin dəvəti ilə hər ilin axırı Moskvada MDB dövlət başçılarının qeyri-rəsmi sammiti keçirilir və üzv ölkələrin qarşısında duran ümumi məsələləri müzakirə etmək üçün həm də ikitərəfli görüşlərin keçirilməsi üçün maksimum istifadə edilir. “Azərbaycan-Ermənistan münasibətləri hər dəfədən dəfəyə artıq yeni qrup məsələlərin həllinə yönəlir. Əgər bir il bundan əvvəl söhbət müharibənin dayandırılmasından gedirdisə indi hər görüşdən görüşə artıq yeni problemin həllinə yanaşılır”.

Deputat hesab edir ki, belə görüşlərin yalnız faydası var. “Həm iki iki dövlət rəhbərləri, həm də ölkələrin digər rəsmiləri arasında belə görüşlər nə qədər çox keçirilərsə iki qonşu dövlətlərin arasında münasibətlər daha tez normallaşa bilər. Biz əbədi düşmən olası deyilik. Müharibə artıq bitib, Azərbaycan ərzi bütövlüyünü bərpa edib və münasibətlər yalnız mehriban qonşuluq münasibətləri istiqəmətə yönəlməlidir”.

O, qeyd edib ki, Ermənistan tərəfdən hərdən konstruktiv fikirlər səslənir. “Azərbaycan tərəfi bunu görür və bunun ilk növbədə Ermənistanın xeyrinə olduğunun fərqindədir. Əgər Ermənistan Azərbaycanla münasibətləri kompleks şəkildə həll etmək istəyirsə biz buna yalnız razılıq verə bilərik. Sərhədlərin demarkasiyası, Zəngəzur dəhlizinin açılması, ikitərəfli münasibətlərin daha geniş spektr alması – bütün bunlar müzakirə edilən məsələlərdir. Hər görüşdə daha bir addım irəli getmək olar. Artıq üçüncü dövlətlərin və yaxud da beynəlxalq təşkilatların vasitəçiliyindən əlavə iki dövlətin rəhbərləri və rəsmiləri artıq ikitərəfli kontaktda ola bilərlər”.

Komitə üzvünün fikrincə hər görüş özü bir nəticədir. “Həmin nəticəyə söykənərək daha irəli getmək isə əlbətə ki, tərəflərin bu məsələyə hazırlıqdan asılıdır. Azərbaycan Ermənistanla münasibətləri tam normallaşdırmağa həmişə hazırdır”.

Siyasi şərhçisi Azər Qasımlı isə bildirib ki, sammitdəki görüşdən heç nə gözləmir. “Çünki oradakı görüşlər məhz MDB-yə aid olan məsələlər üzərində olacaq. Amma qeyd etmək lazımdır ki, MDB-yə aid olan elə də ciddi məsələlər yoxdur, sadəcə formal xarakter daşıyır. Ara-sıra görüşürlər, söhbət edirlər və bütün bunlar Rusiya moderatorluğu ilə həyata keçirilir. Rusiya istəmir ki, bu kommunikasiyalar itsin”.

Gözdən qaçırmayın:  Bayden və Putin Kennedi və Xruşev ola biləcəklərmi?

Onun fikrincə, İlham Əliyevin və Nikol Paşinyanın ikitərəfli formatda görüşlər daha məqsədəuyğundur. “Azərbaycan marağındadır ki, görüşlər məhz həmin formatda olsun. Çünki bu formatdan bir şeylər çıxmalıdır və əsasən də sülh müqaviləsi çıxmalıdır. Azərbaycanın marağında olan odur ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanısın və bu ərazi bütövlüyü çərçivəsində də Qarabağ da olsun. Paşinyan əvvəl demişdi ki, Ermənistan Azərbaycan ərazi bütövlüyünü 1991-ci ildə tanıyıb, amma bunun Dağlıq Qarabağa aidiyyəti yoxdur. Bu mövqeyini Paşinyan hələ ki, saxlayacaq”. 

Ekspert hesab edir ki, yaxın zamanlarda sülh müqaviləsinin imzalanmasını gözləməyə dəyməz. “Olmamasının əsas səbəbi odur ki, Ermənistan Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi görməyə hələlik hazır deyil”.

Onun sözlərinə görə, Rusiya da iki ölkə arasında sülh sazişinin imzalanmasında maraqlı deyil. “Çünki bu o deməkdir ki, Ermənistan Azərbaycanla öz problemini həll edib. Problem həll olunubsa bu o deməkdir ki, sülhməramlı kontingentinə orada ehtiyac yoxdur, artıq Azərbaycan bu məsələni qaldıra bilər. ən azından İlham Əliyev bu məsələni qaldırmasa da, Azərbaycan ictimaiyətində onlar qaldırılacaq, o da hakimiyyət üçün müəyyən diskomfort yaradacaq, irəlidə Rusiya üçün də diskomfort yaradacaq. Həm də sülh sazişi imzalanacaqsa, Rusiya Qarabağdakı separatçı rejimini hər hansı formada dəstəkləməyə məcbur qalacaq. İndiki mərhələdə Rusiya bunu etmək istəmir”.—0–

 

Turan

“24 saat”

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button