Loading...
Loading...
ÖLKƏSosial

‘Əllərində iki diplomla bir neçə dil bildikləri halda…’

Fevralın 2-si Azərbaycanda Gənclər Günü kimi qeyd olunur. 1997-ci ildə bununla bağlı keçmiş prezident Heydər Əliyev sərəncam imzalayıb.

Azərbaycan Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, 2020-ci ildə 15-29 yaşlı gənclərin 11.2 faizi və ya 154 min 100 nəfərə yaxını işsiz olub. Rəsmi hesablamaya görə, ölkədəki işsiz gənclərin 10.6 faizi ali təhsillidir. İşsiz gənclərin daha 12 faizi orta ixtisas, 4.4 faizi peşə, 60 faizə yaxını tam orta, 13.4 faizi ümumi orta, 0.2 faizi isə yalnız ibtidai təhsil alanlardır.

Gənclər və İdman Nazirliyindən “Turan”a xatırladılıb ki, 7 il öncə Prezident İlham Əliyev “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” barədə sərəncam imzalayıb. Qurumdan qeyd olunub ki, neft gəlirlərini insan kapitalına çevirməyi qarşıya vəzifə qoyan dövlət başçısı “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı”nı təsdiqləyib: 2007-ci il ölkədə “Gənclər ili” elan edilib, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı qəbul edilib”.

Nazirlikdən həmçinin, prezidentin 1 il əvvəl imzaladığı “Azərbaycan gənclərinin nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil imkanlarının genişləndirilməsi haqqında” sərəncamı da xatırlanılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən isə agentliyə bildirilib ki, Dövlət Məşğulluq Agentliyi ötən il 20 min 363 gənci münasib işlə təmin edib: “4 min 288 gənc isə özünüməşğulluq proqramına cəlb olunaraq proqramın dəstəyi ilə öz kiçik biznes sahələrini yaradıb”.

Gənc, ictimai fəal Bəxtiyar Hacıyev isə AzadlıqRadiosuna bildirib ki, gənclərlə bağlı indiyə qədər imzalanan proqramların yalnız müəyyən bir hissəsi icra olunub: “Amma çox kiçik bir çevrəni hədəfə alıb. Bu da, adətən, iqtidara yaxın olan gənclər təşkilatların rəhbərlik səviyyəsində gəncləri əhatə edir”.

Onun sözlərinə görə, ölkədə gənclər siyasəti düzgün qurulmayıb: “Əhalinin böyük bir hissəsi gənclər olduğunu nəzərə alsaq, gənclərin arasında işsizliyin yüksək səviyyədə olması, təhsil imkanlarının arzuolunan səviyyədə olmaması, gənclər arasında son illər beyin köçünün ən yüksək həddə çatması bunu sübut edir”.

B.Hacıyev rəsmi rəqəmlərə şübhə ilə yanaşaraq qeyd edib ki, gənclərin arasında işsizlik ən yüksək səviyyədədir: “Bir çox gənclər var ki, uzun illərdir təhsil alıb, əllərində bir, iki diplomla bir neçə dil bildikləri və peşəkar olduqları halda iş tapa bilmirlər. Tapsalar da, fiziki və ya texniki bacarıqlar tələb edən iş tapırlar. Xüsusilə regionlarda işsizlik səviyyəsi yuxarıdır və gənclər Bakıya üz tutur. Burada isə aldıqları maaşların böyük hissəsini kirayə verirlər. Hətta ipoteka ilə mənzil almaq onlar üçün əlçatmazdır”.

Gözdən qaçırmayın:  Kiyev ətrafına Rusiya hərbi konvoyunun cəmləndiyi bildirilir

Mənbə: AzadlıqRadiosu
“24 saat”

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button