Loading...
Loading...
Sosial

“Əməkhaqqı ilə bərabər, işçinin pensiya kapitalı da artacaq”

“Minimum əməkhaqqı 180 manata qaldırılanda bütün digər əməkhaqları da pillələr üzrə artırılır və son nəticədə demək olar ki, bütün dövlət sektorlarında işləyənlərə bu və ya digər hallarda təsir göstərəcək”.

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

O bildirib ki, sərəncamın digər bir əhəmiyyəti isə əməkhaqlarının leqallaşması ilə əlaqədar mühüm bir addım olmasıdır:

“Belə ki, bir çox hallarda 180 manatdan aşağı əməkhaqqı göstərilərək bəzi hallarda əməkhaqqı rəsmi olaraq tam şəkildə ödənilmirdi. Yeni sərəncamın nəticəsi olaraq artıq qanunvericiliyin tələbi olacaq ki, 180 manatdan aşağı əməkhaqqı göstərilməsin və bu, əməkhaqlarının leqallaşması baxımından mühüm əhəmiyyət kəsb edir”.

Nazir bildirib ki, sərəncamın digər bir müsbət cəhəti qadınlarla kişilərin əməkhaqları arasında olan fərqin azaldılmasına xidmət etməsidi:

Sərəncamın əsas əhatə dairəsi məhz vahid tarif cədvəli üzrə işləyənlərdir ki, onların da böyük əksəriyyətini qadınlar təşkil edir. Ona görə də vahid cədvəl üzrə tarif vəzifə maaşları artdığına görə qadınların əməkhaqqında artım olacaq”.

Nazir minimum əməkhaqqı artımının işçilərin təkcə bu gün üçün maaş formasında gəlirlərinin çoxalmasına deyil, həmçinin, gələcək sosial təminatlarına müsbət təsir edəcəyini vurğulayıb.

“Artan əməkhaqlarından sosial sığorta və işsizlikdən sığorta haqları üzrə ödəmələr də çoxalır. Belə olan halda işçinin fərdi hesabındakı pensiya kapitalı daha çox artır ki, bu da onun gələcək sosial təminatı, habelə gələcəkdə bu və ya digər səbəbdən işini itirərsə, ona təyin olunan işsizlikdən sığorta ödənişinin çox olması baxımından faydalıdır”.

Xatırladaq ki, Prezident İlham Əliyev fevralın 8-də minimum aylıq əməkhaqqının artırılması haqqında sərəncam imzalayıb. Sərəncamla minimum aylıq əməkhaqqının məbləği 2019-cu il martın 1-dən 180 manat müəyyən edilib.

Qeyd edək ki, Azərbaycanda indiyədək minimum aylıq əməkhaqqının məbləği 130 manat idi.

Maraqlı xəbərlər üçün  Az24saat.org saytının  FACEBOOK səhifəsini izləyin

Gözdən qaçırmayın:  Ötən il Azərbaycanda qeydə alınan cinayətlərin sayı kəskin artıb
Back to top button