Loading...
Loading...
SEÇMƏ

Ənvər Sadat: həyatı və hakimiyyətə gəlişi

“İsraillilər təəccüblənə bilərlər, amma mən  onların evinə, Knessetə belə getməyə və onlarla danışağa hazıram”

Misirin üçüncü prezidenti 1918-ci il dekabrın 25-də, ölkənin şimalında yerləşən Mit Əbülkövm kəndində çoxuşaqlı və kasıb ailədə dünyaya gəlib. Onun ana babası sudanlı idi və bu da onun xarici görünüşündə özünü büruzə verirdi. Altı yaşı olarkən ailəsi Qahirə ətrafına köçür.

Ənvər orta məktəbdən sonra Kral hərbi akademiyasına daxil olur və 1938-ci ildə buranı bitirir.  Bu illərdə formalaşan siyasi görüşlərinin əsasında Britaniya əleyhdarlığı durur. Təsadüfi deyil ki, Atatürk, Qandi və Hitler kimi fərqli personajlar onun kumirləri idi. O, hərbi xidmətinin elə ilk illərində Misirin gələcək lideri Camal Əbdül Nasirlə tanış olur.

İkinci Dünya müharibəsi zamanı gənc zabit almanların qələbə qazanmasını, Rommelin başçılıq etdiyi alman-italyan qoşunlarının ingilisləri Misirdən qovmasını arzulayır. Üstəlik, təkcə passiv arzulamaqla qalmır, hələ Almaniyanın hərbi kəşfiyyatının – abverin xeyrinə casusluq da edir. Britaniya əks-kəşfiyyatı 1942-ci ilin iyulunda Yohannes Eppler və Hans-Qerd Sandsted adlı iki alman kəşfiyyatçısını ifşa edəndən sonra Sadat da həbs olunur. Amma iki ildən sonra həbsxana hospitalından qaça bilir.

Bir müddət gizli həyat sürən Ənvər savaşın bitməsindən sonra normal həyata qayıdır və tezliklə yenə həbs olunur. Bu dəfə onu haqlı olaraq Misirin ingilispərəst siyasətçisi və keçmiş maliyyə naziri Əmin Osmanın qətlinin (5 yanvar 1946-cı il) təşkilində  şübhəli bilirlər. Amma qətldə əsas şübhəli sayılan Hüseyn Tevfik həbsdən qaça bilir. Onun ifadəsi olmadığı halda isə məhkəmə bütün şübhəlilərə bəraət verir. İlk həbsindən bəri işsiz olan  Sadat 1950-ci ildə ordu sıralarına bərpa edilir.

1952-ci il iyulun 23-də Misirdə hərbi çevriliş baş verdi. Sadatın da üzv olduğu gizli “Azad zabitlər” təşkilatı kral Faruqu devirdi və azyaşlı oğlu Fuadı kral elan etdi. Çevriliş barədə xəbəri radioda məhz Ənvər səsləndirir. Bir il sonra isə hərbçilər monarxiyanı ümumiyyətlə ləğv etdilər və Misir Ərəb Respublikasını yaratdılar.

Bu çevrilişdən sonra Ənvər Sadatın siyasi yüksəlişi başladı. Məhəmməd Naqibin 17 aylıq prezidentliyindən sonra Camal Əbdül Nasir dövlət başçısı oldu. Sadat müxtəlif vəzifələr tutur. 1960-1961-ci və 1964-1968-ci illərdə Birləşmiş Ərəb Respublikasının (1961-ci ilin sentyabrından BƏR təkcə Misirdən ibarət idi) parlamentinin sədri, 1969-cu ilin dekabrından isə vitse-prezident olur.

Bu dövrdə heç kəs, o cümlədən Nasir Sadat haqqında yüksək fikirdə deyildilər. Zatən Nasirin yanında yüksək vəzifə tutmağın yeganə yolu özünü solğun göstərmək idi. Sonralar Sadat bu barədə “Əgər Nasir sənin ambisiyalı olduğunu bilərdisə, məhv olacaqdın” deyirdi. Onun əsl keyfiyyətləri prezident olandan sonra üzə çıxdı.

1970-ci il sentyabrın 28-də Camal Əbdül Nasir irsən mübtəla olduğu ürək xəstəliyindən qəfildən vəfat etdi. Ənvər Sadat oktyabrın 15-nə kimi prezident səlahiyyətlərini icra etdi və həmin gün keçirilən referendumda rəqabətsiz 90% səs topladı və Misirin üçüncü prezidenti oldu. Tezliklə aydın oldu ki, Sadat heç də bacarıqsız deyil, üstəlik, indiyə qədər göstərdiyi kimi sadiq nasirçi heç deyil. O, sələfinin nə panərəbizmini, nə sosializmini, nə də sovetpərəst siyasətini bölüşürdü.

***

1967-ci ilin iyununda baş verən Altıgünlük müharibə zamanı İsrail Misir ərazisinin xeyli hissəsini – Sinay yarımadasını işğal etdi. Nasir isə Süveyş kanalını bağladı, həm də biabırçı məğlubiyyətini ABŞ-ın İsrailə köməyi ilə izah edərək Vaşinqtonla diplomatik əlaqələri kəsdi.

Hakimiyyətə gəlişindən dörd ay sonra Sadat hamını təəccübləndirəcək ilk addımını atdı: 1971-ci il fevralın 4-də o, Sinay yarımadasının qaytarılması müqabilində Süveyş kanalını açmağı, ABŞ ilə diplomatik əlaqələri bərpa etməyi vəd edirdi. Misir prezidenti, üstəlik, BMT Baş katibinin xüsusi nümayəndəsi Qunnar Yarrinqin vasitəçiliyi ilə İsraillə sülh bağlamağa hazır olduğunu bildirdi. Bu, sensassion çıxış idi. O vaxta qədər ərəb dövlətləri İsrailin mövcudluq hüququnu tanımırdılar. İndi isə bu dövlətin ən böyük düşməni olan ölkənin başçısı buna hazır olduğunu söyləyirdi.

Amma təşəbbüs nəticəsiz qaldı. İsrail Altıgünlük müharibədə o qədər asan qələbə qazanmışdı ki, Misirə daha ciddi yanaşmırdı və ölkə parlamentində hətta Sinayın ilhaqı barədə fikirlər səsləndirilirdi. Bundan əlavə, Sadat özü də ciddi qəbul olunmurdu. Ölkə daxilində olduğu kimi, xaricdə də bir çoxu onu müvəqqəti fiqur hesab edirdi. Tezliklə Sadat bu fikirləri darmadağın etdi.

May ayında o, hakimiyyətin daha güclü adamı sayılan, güc strukturlarına nəzarəti əlində saxlayan vitse-prezident Əli Səbrini və tərəfdarlarını vəzifədən kənarlaşdırdı. Aralarında parlament sədri, müdafiə və daxili işlər nazirləri də olan qatı nasirçi və sovetpərəst bu qrupun üzvləri həbs olundular və çevriliş cəhdi ittihamı ilə məhkəmə qarşısına çıxarıldılar. Əli Səbri və digər əsas fiqurlar edam cəzasına, digərləri uzunmüddətli həbsə  məhkum olundular. Amma Sadat ifrat amansız deyildi və bütün cəzaları yüngüləşdirdi. Məhkəmə fiqurantları onu prezidentliyi dövründə, cəzalarını tam çəkmədən azadlığa çıxdılar. Ömürlük cəza çəkən Əli Səbri isə Sadatın qətlindən bir qədər əvvəl azad edildi.

Gözdən qaçırmayın:  Azərbaycanda koronavirus: 3 yoluxma, 2 ölüm

May korreksiya inqilabı adını alan bu hadisədən sonra Sadat hakimiyyəti birmənalı şəkildə əlində cəmlədi. Aydın oldu ki, o, heç də güman olunduğu kimi naşı və müvəqqəti fiqur deyil. Sələfi kimi xarizmatik deyildi, natiqlik qabiliyyəti yox idi, amma sonrakı hadisələr göstərdi ki, o, bir çox şeyləri, o cümlədən döyüşməyi daha yaxşı bacarır.

Sovetpərəst siyasətçiləri devirəndən sonra Sadat Moskvanın hər hansı mənfi reaksiyasından özünü  qorumaq üçün addımlar atdı. Mayın 20-da Məclis qarşısında çıxış edən prezident SSRİ-nin ünvanına mədhiyyələr yağdırdı, onu “dürüst və səmimi dost” adlandırdı. Mayın 25-də SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri Nikolay Podqornının Misirə səfəri baş tutdu. İki sonra isə iki ölkə arasında “Dostluq və əməkdaşlıq haqqında” müqavilə imzalandı.

Amma bu, müvəqqəti manevr idi və Sadatın sovetlərlə uzun müddət dostluq etmək niyyəti yox idi. 1972-ci ilin iyulunda o, 15 min sovet hərbi müşavirlərini ölkədən çıxardı. 15 illik müddətə imzalanmış dostluq və əməkdaşlıq müqaviləsinə isə artıq 1976-cı ildə son verdi. Bundan sonra o, sovet mətbuatından ən çox tənqid olunan fiqurlardan birinə çevrildi. 

***

Hakimiyyətini möhkəmləndirən Sadat ölkənin daxili siyasətində bir sıra addımlar atdı. İlk növbədə islamçılara qarşı repressiyalar dayandırıldı. Mühafizəkar ailədən çıxan prezidentin özü də inanclı idi və bu, onu Nasirdən fərqləndirən daha bir cəhət idi. Keçmiş prezidentin dövründə islamçılar ən çox repressiyaya məruz qalan təbəqə idi, onların əsas ideoloqu Seyid Qütb 1966-cı ildə edam edilmişdi.

Hakimiyyətini möhkəmləndirən Sadat ölkənin daxili siyasətində bir sıra addımlar atdı. İlk növbədə islamçılara qarşı repressiyalar dayandırıldı. Mühafizəkar ailədən çıxan prezidentin özü də inanclı idi və bu, onu Nasirdən fərqləndirən daha bir cəhət idi. Keçmiş prezidentin dövründə islamçılar ən çox repressiyaya məruz qalan təbəqə idi, onların əsas ideoloqu Seyid Qütb 1966-cı ildə edam edilmişdi.

Sadat isə özünü islamçılara daha yaxın bilirdi və ənənəvi nasirçilərə qarşı mübarizədə onların dəstəyinə arxalanırdı, onları dəstəkləyirdi. Verilən amnistiya nəticəsində əksəriyyəti islamçılar olan 3 mindən çox siyasi məhbus azadlığa buraxıldı. Yeni siyasət hətta 1971-ci ilin sentyabrında qəbul edilən konstitusiyada da əksini tapdı. Əsas qanunun 2-ci maddəsində İslamın dövlət dini olması, qanunvericiliyin əsasında isə müsəlman hüququnun – şəriətin dayandığı qeyd olunurdu.

Bu addım yaxın perspektivdə özünü doğrultdu, amma daha uzaq perspektivdə problemlər yaratdı. Misirdə mühafizəkarlıq, siyasi islam, şəriət dövləti meyli xeyli çoxaldı. Nasirçilər zərərsizləşdirilndən sonra islamçılar Sadatın əsas rəqibinə çevrildilər və sonda qətlə yetirdilər.

Üçüncü prezidentin daxili siyasətində yaddaqalan addımlardan biri də Nasir sosializmindən imtina və İnfitah (açıqlıq) adını alan iqtisadi siyasət idi. Bu siyasət iqtisadiyyatda özəl sektorun payının çoxalmasını, xarici investorların cəlbini nəzərdə tuturdu. Amma özlüyündə doğru istiqamət olan İnfitah bir çox səbəblərdən (ardıcıllığın olmaması, korrupsiya, sosial tədbirlərin görülməməsi, qısa müddətdə böyük nəticələrə nail olmaq istəyi və s.) istənilən hədəflərə çatmadı.

***

Ənvər Sadatın gətirdiyi dəyişikliklərdən biri də İranla münasibətlər idi. İran İsraillə normal münasibətlərə malik idi və bu səbəbdən Camal Əbdül Nasirin öz çıxışlarında tez-tez  hücum etdiyi ölkə idi. Hakimiyyət dəyişikliyi iki dövlət arasındakı olduqca soyuq münasibətlərə də təsir göstərdi.

1970-ci illərdə İran və Misir dost ölkələrə çevrildilər. İran şahı və Misir prezidenti bir-birlərinə “əziz qardaşım” deyə müraciət edirdilər.Sadat 1971 və 1976-cı illərdə Tehrana, Pəhləvi isə 1975-ci ildə  Qahirəyə səfər etdi. İslam inqilabından sonra Məhəmməd Rza şah bir neçə ölkədən imtina alandan sonra məhz Misirdə sığınacaq tapdı və burada öldü. Sadat öz dostu üçün böyük ehtiramla dəfn mərasimi keçirdi və əl-Rifai məscidində dəfn etdi.

***

Misirin üçüncü prezidentinin xarisi siyasətinin əsas hədəfi İsrail işğalı altında olan Sinay yarımadasını qaytarmaq idi. Amma müəyyən cəhdlərdən sonra anladı ki, bunu etmək üçün müharibə qaçılmazdır. Həmin dövrdə İsraildə Altıgünlük qələbədən sonrakı eyforiya davam edirdi. Qolda Meir hökuməti biabırçı məğlubiyyətə uğramış Misirin yeni müharibəyə başlayacağına inanmırdı. Digər tərəfdən, yəhudilər Süveyş kanalının şərq sahilində yaratdıqları Bar-Lev xəttinin keçilməzliyinə inanırdılar.

Ənvər Sadat da Sinay yarımadasını silah gücünə azad edə biləcəyinə inanmırdı. Amma o, kiçik də olsa qələbə qazanmağa, bunun nəticəsində Altıgünlük müharibənin rüsvayçılığını təmizləməyə və İsraili Misirlə hesablaşmağa məcbur etməyə ümid bəsləyirdi. O, keçən müharibədən lazımi nəticələr çıxardı, Misir ordusunun döyüş qabiliyyətini gücləndirmək üçün islahatlar keçirdi.

Meydan TV

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button