Xəbərlər

Ərdoğanın səfəri: Türkiyənin mövcudluğu faktoru

Loading...

Bakı/26.10.21 Oktyabrın 26-da Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Azərbaycana birgünlük işgüzar səfərə gəlib.

Ərdoğan və Azərbaycan prezidenti İlham Əliyev Füzuli şəhərində Beynəlxalq Hava Limanının açılışı və Zəngilanda Türkiyənin dəstəyilə salınacaq «Ağıllı aqropark»ın təməlqoyma mərasimlərində iştirak edəcəklər.

Rəsmi məlumata görə, səfər çərçivəsində TürkiyəAzərbaycan arasında ikitərəfli münasibətlərin bütün aspektləri müzakirə olunacaq, cari regional və beynəlxalq hadisələr haqda fikir mübadiləsi aparılacaq.

Bəzi ekspertlər hesab edirlər ki, Türkiyə prezidentinin Azərbaycana səfərinin

pərdəarxası tərəfləri də mövcüddur. Onlardan biri isə noyabrın əvvəlində baş tutacağı iddia olunan Əliyev-Paşinyan-Putin görüşü ilə bağlıdır.

AzərbaycanTürkiyə dövlət başçıları nəyi müzakirə edəcəklər? Ekspertlər bu səfərdən nə gözləyirlər?

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov Turan-a bildirib ki, Türkiyə prezidentinin Azərbaycana səfərinin ən vacib hissəsi Füzuli Beynəlxalq Hava Limanının açılışıdır: «Qarabağda tikilən bu ilk beynəlxalq hava limanının açılışında Rəcəb Tayyip Ərdoğanın iştirakı məntiqlidir, belə də olmalıdır. Çünki bu gün AzərbaycanTürkiyə münasibətləri sözün həqiqi mənasında bütün dünya ölkələri üçün nümunədir».

Onun sözlərinə görə, görüş çərçivəsində ikitərəfli münasibətlərlə yanaşı, həm də regionda baş verən proseslər, postmüharibə dövrünün yeni reallıqları fonunda həllini gözləyən məsələlər və onların həll olunmasında Türkiyənin yeri və rolu kimi məsələlər müzakirənin predmeti ola bilər: «Birmənalı söyləmək olar ki, Türkiyə bu günlər regionda çox ciddi faktordur. Müharibənin bitməsinin, eyni zamanda postmüharibə dövrünün reallıqları fonunda bu fikri söyləmək mümkündür. Bu gün Türkiyə Cənubi Qafqazda faktordur və regionda proseslərin müsbət məcrada inkişafında, sabitlik mühitinin formalaşmasında xüsusi rola malikdir. Bunu Rusiya da bu cür qəbul edir».

Deputat qeyd edib ki, müzakirə olunan məsələlərin sırasında Ermənistan və Azərbaycan sərhədlərinin delimitasiya və demarkasiyası ilə bağlı məsələlərdir: «Rusiya prezidenti Vladimir Putin d Valday Forumundakı çıxışında öz fikrini bildirib. O söyləyib ki, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahında olan 1920-ci illərin xəritələri əsasında proses getməlidir. Sovet İttifaqına üzv olan 15 respublikanın sərhədləri orada dəqiq şəkildə göstərilib. Bu xəritələr Azərbaycan maraqlarına uyğun xəritələrdir».

Onun fikrincə, iki dövlət başçısının görüşündə Zəngəzur dəhlizinin açılması ciddi müzakirə predmeti ola bilər: «Hər iki dövlətin bu məsələdə qətiyyətli mövqeyi var ki, Zəngəzur dəhlizi açılmalıdır. Bu, təkcə AzərbaycanTürkiyə üçün faydalı deyil. Burada ən böyük fayda blokada vəziyyətinə düşən Ermənistan üçündür».

Nəsirov qeyd edib ki, görüş zamanı Ermənistanın Zəngəzur dəhlizinin açılmasına problem yaratmadığı və bütün mina xəritələrinin Azərbaycana verildiyi halda Türkiyə və Azərbaycanın Ermənistanla münasibətlərin bərpası ilə bağlı məsələlər də müzakirə oluna bilər.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə “Azadlıq” radiosuna bildirib ki, Türkiyə prezidentinin Azərbaycana səfəri tək Füzuli hava limanının açılışı ilə məhdudlaşmayacaq: «İlham Əliyev Ərdoğanla fikir mübadiləsini da aparacaq. Kremlə yaxın Rusiya xəbər agentlikləri artıq noyabrın ilk həftələrində Rusiya prezidentinin vasitəçiliyilə Azərbaycan prezidentinin və Ermənistan baş nazirinin görüşü ilə bağlı məlumatlar yayıb. Türkiyə Azərbaycanın strateji müttəfiqidir, ona görə də bu məsələlərdə İlham Əliyev hər dəfə Ərdoğanla məsləhətləşir».

Siyasi şərhçinin sözlərinə görə, elə məsələlər var ki, orada Azərbaycanla Türkiyə birgə hərəkət etməlidirlər: «Türkiyə rəsmiləri deyiblər ki, Ermənistanla sərhəddini açmağa hazırdırlar, amma onu da əlavə ediblər ki, bu məsələdə Azərbaycanla birgə hərəkət edəcəklər. Eləcə də müharibədən sonra Qarabağ məsələsində Rusiya nə təklif edərsə, Azərbaycan Türkiyə rəhbərliyi ilə razılaşdırır. Ona görə də bugünkü səfər çərçivəsində hava limanının açılışı mərasimi ilə yanaşı qapalı şəraitdə yəqin ki, Rusiyanın yeni təklifləri də müzakirə olunacaq». –0—

 

Turan

“24 saat”

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button