2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ManşetSiyasət

Əbülfəz Qurbanlı:”11 Sentyabr mitinqi bir zərurətdir” – MÜSAHİBƏ

“Bir çox azərbaycanlı kimi məndə tikinti sahəsində işləyirəm”

24saat.org saytı, AXCP sədrinin sabiq müavini Əbülfəz Qurbanlı ilə müsahibəni oxucularına təqdim edir.

-Əbülfəz bəy, hazırda haradasınız və hansı işlərlə məşğul olursunuz?

Saytların yığılması Saytlarin yigilmasi

– Hazırda Dağıstan Muxtar Respublikasındayam. Buradakı bir çox azərbaycanlılar kimi mən də tikinti sahəsindəyəm. Konkret bina inşası ilə məşğuluq.

– Bakıda xəbərlər yayılıb ki, siz Dağıstanda fəhlə işləyirsiniz. Əlbəttə, istənilən yerdə işləmək, əmək vermək təqdirəlayiq haldır. Hər halda dolanmaq üçün hansı çətinliklərə qatlaşırsınız və dolanmaq imkanlarınız nə dərəcədə normaldır?

– Hakimiyyətə yaxın media mənim burda işləməyimi şok xəbər kimi təqdim edib. O zaman buna cavab olaraq bildirdim ki, şoka düşməyin. Azərbaycanlılar, xüsusilə bizim gənclərin xeylisi burada fəhlə işləyir. Şok o olardı ki, ədalətli iqtisadi siyasət həyata keçirilərdi, azərbaycanlılar öz ölkələrində işlə təmin olunardı. Bir də ki, sizin dediyiniz kimi, halal zəhmətlə yaşamaq əyilməkdən, vətəndaşın haqqını yeməkdən şərəflidir.
Deməzdim ki, normal yaşamaq imkanlarımız tam təmin olunub. Çətinliklər var. Hər halda vətənimizdə işsiz qalmaqdansa, burada çalışmaq sərfəlidir.

– Dağıstanda vəziyyət necədir, çoxlarının dediyi kimi Rusiyanın ucqarı olan Dağıstanda böhran hiss edilirmi, ərzaq və yaşamaq üçün zəruri olan məhsulların qiyməti Bakıdakı kimi hər gün qalxırmı?

– Dağıstanda, ümumiyyətlə Şimali Qafqazda sosial durum həm Rusiyanın digər vilayətlərinə, həm Azərbaycana nisbətdə xeyli fərqlidir. Əsas məşğulluq sahəsi hazırda tikintidir. Dağıstan prezidenti Abdulatipov ayrı-ayrı imkanlı şəxsləri, qrupları birləşdirib. Və bu adamlar da əllərindəki pulları tikinti işinə yönəldib. Hələlik həm miqrantlar üçün, həm də yerli əhali üçün dolanışıq imkanları var. Amma böhran buradan da yan keçməyib. Biz müşahidə edirik ki, əksər məhsulların qiymətində artım var, tikinti tədricən tənəzzülə gedir. Bununla belə, rubl dollara nisbətdə dəyərini itirsə də manatın daha çox ucuzlaşması qarşılığında müəyyən qədər möhkəmlənə bilib. Bu səbəbdən də azərbaycanlılar hələki burada iş tapa biləcəklər.

– Siyasi fəaliyyətiniz haqqında məlumat yoxdur. AXCP-dən istefa verdikdən sonra, sosial şəbəkədə tənqidi fikir və statuslarınıza rast gəlirik. Referendumla bağlı da yazılarınız oldu. Bəs siyasi təmsilçilik baxımından durumunuz necədir, sizi bitərəf və ya müstəqil şəxs adlandırmaq olarmı?

– Praktiki siyasi fəaliyyətdən kənarda olsam da, ölkəmdə baş verənləri izləyirəm. Sosial şəbəkələrdə münasibətimi bildirirəm, uyğun olanda təkliflərimi verirəm. İstefa versəm də, öncədən bildirdiyim kimi, prinsiplər dəyişməyib. Azərbaycanımızın gələcəyi ilə bağlı öncədən hansı mövqedə idimsə, indi həmin mövqedə dayanmışam. Ölkəni pis qaydalarla idarə edənlərə, vətəndaşına sahib çıxmaq əvəzinə ona qənim kəsilənlərə müxalifətdəyəm və dəyişiklik üçün indiki halda əlimdən gələni etməyə hazıram. Əliyev hakimiyyətinə qarşı səmimi, prinsipial və doğru taktika ilə savaşanların yanındayam. Bitərəf deyiləm. Ümumiyyətlə, Azərbaycan kimi avtoritar cəmiyyətlərdə “bitərəf” sözü mövqesizlik, biganəliklə sinonimdir. Özünü bitərəf hesab edənlər ya səmimi olaraq şəraiti düzgün qiymətləndirə bilmirlər, ya da hakimiyyətin təzyiqinə tuş gəlməmək üçün bu adla yaxalarını kənara çəkirlər. Mənsə konkret tərəfdə dayanan, amma hər hansı struktur təmsilçiliyi olmayan, belə demək mümkündürsə, müstəqil şəxsəm.

– Dağıstan Azərbaycana yaxın olsa da, həm də 250-300 kilometr uzaqdadır. Kənardan Azərbaycan, ölkənin durumu, hakimiyyəti və müxalifəti necə görünür?

– Siz necə görürsünüzsə, biz də buradan elə görürük. Bakıda kafelərdə insanları yeyib içən, şəhərin mərkəzində yaxşı geyinib qayğısız gəzənləri, bahalı maşınları da görmək hər şey demək deyil. Əslində isə övladının müalicəsi üçün böyrəyini satan gənc atanın Dağıstanda o müalicəni davam etdirmək üçün gecə-gündüz isti və soyuqda dayanmadan çalışdığını görürük. Məcazi mənada AzTv burada göstərmir. Təkcə Samur Gömrük Keçid məntəqəsində buradan ölkənin 700 km içərilərinə ərzaq məhsulları daşıyan azərbaycanlıların tablosu mərmər səkiləri də, bəzəkli Nizami küçəsin də, kəsilən qırmızı lentlərin təntənəsini də alt- üst edir. Ölkənin bu cür durumunun fonunda hakimiyyət acgöz, yerini möhkəmləndirməyə çalışan bir ovucluq monolit olmayan narahat qrup kimi görünür. Biz bunu bir tikinti obyekti kimi təsəvvür etsək, işçilərə çörək və pul verməyib, onların pulunu havaya sovurub borclu qalan, hədələyən, eyni zamanda günün birində hamının kəsərini, önlüyünü yerə qoyub işləməkdən imtinasını gözləyərək narahatlıq içində olan bir iş sahibi görə bilərik. Tikintidə isə bu cür hallar çox olur və sonda həmin sahibkar sadəcə, batır.

– Müxalifət necə görünür…

– Bizim müxalifət böyük fədakarlıqlar edir. Sərt repressiyaya qarşı çox əmin və davamlı görünür. Dəmir iradə nümayiş etdirir. Geri çəkilməmək, ölümə belə hazır olduğunu uca səslə deməyin qarşısında hakimiyyətin həbs edib qorxutmaq siyasəti istədiyi nəticəni vermir. Bir çox hallarda şəraitdən asılı olaraq doğru taktikalar müəyyən olunur. Müxalifətin əsas problemi genişlənmə, ölkə boyunca daha çevik dayaq nöqtələrini qurmaq, olanları inkişaf etdirməkdir. Bu istiqamətdə hətta ən yaxşı vəziyyətdə olan partiya və strukturlarda da çatışmazlıq qalır. Təbii, bunun obyektiv səbəbləri də var. Maddi imkanlar məhduddur, ofis yoxdur, böyük təzyiqlər var. Amma hər bir halda ölkədə bu işi görmək üçün zəmin var. Həm də müxalifətin əsas liderinin bu sahədə bacarıqlı və tələbkar biri olduğu üçün ümid edirəm ki, biz zamanla bu problemin həllinin şahidi olacağıq.

– Son zamanlar ölkədə AXCP üzvlərinin və digər müxalif fikirli insanların həbsi baş verir. Sizcə, ağır sosial-iqtisadi vəziyyətdə həbslərin aparılması hakimiyyət üçün nəyə lazımdır?

– Bu barədə dəqiq təhlillər verilib artıq. Hakimiyyət fərqindədir ki, o, xalqa qarşı hansı səhvləri edib və cinayətlərə yol verib. Həm də onlara aydındır ki, insanlarda total narazılıq var, böhran dərinləşdikcə bu narazılıq genişlənə və etiraza çevrilə bilər. Müxalifətsə bu etirazı meydana daşıya bilər. Və bu etiraz dalğasının qarşısında pul və nüfuz ətrafında sıx birləşmiş kimi görünən iqtidar dayana bilməz. Ona görə də həm narazıları qorxutmaq, həm də təşkilatlandırmaq gücündə olanların əl-ayağın bağlamaq üçün həbslər davam etdirilir. Vəziyyətdən hakimiyyət üçün iki çıxış yolu var: ya islahatlara getmək, ya da indiki kimi şər-böhtanla həbs etmək, dairəni məhdudlaşdırmağa çalışmaq. Azərbaycan hakimiyyətinin təbiətində islahatçılıq yoxdur. Hazırkı siyasət isə xalqın bir qədər fəal hissəsini meydana gətirməyə və bu da son nəticədə etirazların boy artımına xidmət edəcəkdir.

– Belə iddialar var ki, referendum və ondan sonrakı vəziyyət müxalifətin birləşməsini məcbur edir. Söhbət AXCP, Müsavat və eləcədə kiçik siyasi partiyalardan gedir. Siz bu haqda nə düşünürsünüz, belə birliyə ehtiyac varmı?

– İndiki vəziyyətin referendumdan sonrakı vəziyyətdən bir o qədər fərqlənməyəcəyini düşünürəm. Sadəcə, vitse-prezidentliklərə kimlər gətiriləcək, hansı qrup bu postu tutacaq suallarının cavabları aydınlaşacaq. Xüsusi bir hərəkətlilik gözlənilmir. Hakimiyyət daxlindəki qruplardan hansısa referenduma qarşı qəti narazılıq göstərmədi. AXCP Milli Şuranın üzvüdür, faktiki bir koalisiyada təmsil olunan əsas gücdür, görünən odur ki, həm cəbhəçilər, həm də Milli Şuranın digər üzvləri bu birlikdən məmnundur. Müsavat Partiyasına gəldikdə isə, bu koalisiyanı səbəbsiz olaraq tərk edən tərəf kimi Milli Şuraya qayıtmaq meyli ola bilər; bu barədə məlumatsızam. Ümumiyyətlə, müxalifətdə olan partiya və təşkilatların koalisiyası üçün hər bir təşkilat səmimi və obyektiv qaydada öz imkanlarını qiymətləndirməlidir. Özləri üçün Avropa təcrübəsində olan SWOT (Strengths, Weaknesses, Opportunities, Threats – Güçlü cəhətlət, Zəif cəhətlət, Fürsətlər, Təhdidlər – red.) analizi aparmalıdır. Çünki koalisiyalarda kiçik təşkilatlar, partiyalar planlaşdırılan əksər tədbirlərdə böyük və güclü partiyaların imkanları hesabına əldə olunan uğura şərik olurlar. Bu uğurlu nəticədən xalq içində tanınmaq, rəğbət qazanmaq, təşkilatlanmaq kimi mühüm məsələlərdə qazanc əldə edirlər. Bunun iri partiya üçün qarşılığı nədir bəs? Axı siyasət həm də rəqabətdir. Siyasi fəaliyyətdə güzəşt, qarşılıqsız yardımlaşma həmişə ola bilməz. Buna görə də sizin dediyiniz kiçik təşkilatlar, partiyalar koalisiya razılaşmalarında müəyyən iddialarından geri çəkilməlidir. İddialar imkanlara görə irəli sürülməlidir. Bu tamamilə demokratik yanaşmadır. İndiki halda bu meyarı qəbul etməmək sadəcə, cığallıqdır. Bu gün bu meyarla razı olmayanlar, Azərbaycanda ilk demokratik seçkidə topladıqları səs faizləri qarşılığında “imkanlara görə iddialar” meyarını qəbul edəcəklər.

– Bu həftə həm də uzun fasilədən sonra anti-referendum mitinqləri keçirilməlidir. Necə düşünürsünüz, seçici meydanlara gəlməyə hazırdırmı?

– Hakimiyyətin öz qəlibi var. Xalqı da, müxalifəti də, azad media və vətəndaş cəmiyyətini də o qəlibə salıb onu qane edən ölçüyə gətirmək istəyir. Bu isə xalqın köləyə çevrilməsi, müxalifətin və başqalarının tamamilə ləğvi deməkdir. 2009-cu il referendumundan bəri onlarla razılaşdırılmış və razılaşdırılmamış mitinq təşkil edilib. Bir neçəsi istisna olmaqla bu mitinqlər nəticə etibarilə uğurlu olub. O mənada uğurlu olub ki, hakimiyyətin qorxutmaq, meydana gəlməmək, etirazçı, müxalifətçi olmamaq siyasəti nəticə verməyib. Müxalifətin mitinqlərdə dirənişi, mümkün olan hər yerdə hakimiyyəti ifşa edib doğru olanı deməsi hakimiyyəti son addımlardan birinə- Ana Yasanı tamamilə istədiyi hala atmağa vadar edib. Nəticə olmayanda iqtidar daha çox məhdudiyyətlər tətbiq etməyə doğru gedəcək. Bu mənada Milli Şuranın 11 sentyabr mitinqi nə son, nə də başlanğıcdır. Sonun başlanğıcı da deyil. 11 sentyabr bir zərurətdir. Sayın nə qədər olmasını təşkilatçılar deyəcək. Bu onların işidir. Hər halda biz seçicini meydanda görəcəyik.

– Azərbaycana dönmək, burada işləmək və fəaliyyət göstərmək haqqında nə düşünürsünüz?

– Əlbəttə, Azərbaycana dönəcəm. Gələcək planlar haqda danışmaq hələlik tezdir.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button