2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

“Ədliyyə Nazirliyi Şəfiqə Məmmədovanın sədrliyini təsdiqləməyib”

Əli Vəliyev Hesablama Palatasını ARKİ-də yoxlamalara çağırıb

“2022-ci ildə dövlət büdcəsindən Şəfiqə Məmmədovanın rəhbərlik etdiyi kinoittifaqa 387 min manat pul ayrılmışdı. Hesablasaq, pulun hətta 100-150 min manatı xərclənməyib. Maraqlıdır, yerdə qalan pullar necə olub?”

Bunu Meydan TV-yə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) üzvü və keçmiş mətbuat xidmətinin rəhbəri Əli Vəliyev deyib.

Saytların yığılması Saytlarin yigilmasi

Son günlər ARKİ-nin fəaliyyəti barədə və bir qrup şəxsin qurumun üzvlüyündən çıxması kino ictimaiyyəti arasında müzakirə olunur.

Müzakirələrə səbəb İdarə Heyətinin sədri, Xalq artisti Şəfiqə Məmmədovanın 2022-ci il dekabrın 17-də təkrar quruma rəhbər seçilməsidir.

Narazılıq Şəfiqə Məmmədovanın İttifaqın digər üzvlərinin seçkiyə dəvət etməməsi və bununla da seçkini saxtalaşdırması ilə əlaqədardır.

Bildirilir ki, səsvermədə 289 üzvdən yalnız on nəfərin iştirak edib.

Şəfiqə Məmmədova
Şəfiqə Məmmədova

Əli Vəliyev seçkilərdən sonra 2023-cü il yanvarın 24-də ARKİ-nin mətbuat xidməti vəzifəsindən ərizə yazaraq çıxsa da, hələ ki, qurumun üzvü olaraq qalır.

O, Meydan TV-yə deyir ki, hər il dövlət büdcəsindən kinoittifaqa 400 min manata yaxın vəsait ayrılır.

Bu məbləğ ümumilikdə tədbirlərin keçririlməsi, yardımların ayrılması və əməkdaşlara dəstək edilməsi üçün nəzərdə tutulur:

“Həmçinin işçilərin maaşı da bura aiddir. İttifaqın ümumilikdə 10-11 nəfər işçisi var. Onların 2-3 nəfəri də müqavilə əsasındadır, maaşları da 200-300 manatdır. Qalanları isə 500-600 manat maaş alırlar. Orada külli miqdarda yeyintilər var. Şəfiqə Məmmədovanın oğlu Ülvi Mehdi oradakı bütün işçilərdən – 9 nəfər katibdən, kinonun əfsanələrindən, dəyərli sənət adamlarından qat-qat yüksək maaş alır. Halbuki həmin sənət adamlarının adı Maliyyə Nazirliyinə təqdim olunub, hamısına görə də İttifaqın hesabına pul köçürülüb”.

“Hesablama Palatasını ARKİ-də yoxlamalar aparmağa çağırıram. Araşdırılsın, ARKİ göstərsin, görək, 2022-ci ildə ayrılmış 387 min manat pulla bir il ərzində hansı tədbirlər, simpoziumlar keçirilib, hansı aktyorun yubileyi mərasimi təşkil olunub? Qurum açıqlasın görək, rejissorlardan, yaradıcı insanlardan kimisə xaricdə festivallara, yaxud tədbirlərə göndərib? İttifaq müəyyən etsin görək, yerdə qalan 300 min manat hara gedib?”, – deyə o bildirib.

Hesablama PalatasıHesablama Palatası
Foto: Hesablama Palatası

Əli Vəliyev deyir ki, 2016-cı ildən ARKİ-də işləsə də, qanun pozuntuları ilə əlaqədar yeni xəbər tutub:

“Qanun pozuntularından təxminən iki ay öncə işə kadrlar üzrə mütəxəssis təyin olunandan sonra bilmişəm. Biz onunla bir yerdə oturduğumuza, sosial ünsiyyətdə olduğumuza görə bütün bu qanunsuzluqlar barədə bilmişəm. Şəfiqə Məmmədova yenidən sədr olmaq istəyirsə, üzvlərə rəsmi qaydada dəvətnamə göndərsin. Onların da ən azı 80 faizi gəlib, ona səs versin. Biz də Şəfiqə Məmmədovanı alqışlayaq ki, demokratik yolla sədr seçildi”.

“Bu adam protokolu başqalarının adından yazıb, sonra da möhürünü vuraraq, Ədliyyə Nazirliyinə göndərib. Ədliyyə Nazirliyi də hardan bilsin ki, bu, belə qanunsuz saxtakarlıqla məşğuldur? Məsələ ictimailəşəndən sonra Ədliyyə Nazirliyi aktı təsdiqləməyib, geri qaytarıb. İndi yenidən seçki keçirilməlidir. Bütün üzvlər orada iştirak etməlidir. Əminliklə deyirəm ki, yenidən seçki keçirildiyi halda, üzvlər Şəfiqə Məmmədovanın sədr olmağına imkan verməyəcəklər”, – ARKİ üzvü belə deyir.

Əli Vəliyev iddia edir ki, sənət adamlarına yardım məqsədilə ayrılan pullar da aidiyyəti üzrə xərclənməyib: “2019-cu ildə Prezidentin Ehtiyat Fondundan ARKİ-yə 300 min manat ayrılmışdı. Pulun aktyorların, ssenaristlərin, rejissorların yaradıcılıq işlərinə dəstək məqsədilə verildiyi bildirilirdi. Orada işlədiyim dövrdə həmin 300 mindən cəmi 50 min manat bir sıra aktyorlara kirayə puluna köməklik məqsədilə verildi. Qalan 250 min manat vəsait hara gedib, bilinmir. Sənət adamları dövlətin bel sütunudur. Bu adamlar niyə rəzil vəziyyətdə yaşamalıdır? İstəyirəm ki, dövlətimin ayırdığı pul onlara xərclənsin”.

Məsələ ilə əlaqədar Xalq artisti Şəfiqə Məmmədova zənglərə cavab verməyib.

Prezident Adminstrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva da Meydan TV-nin zənglərini cavabsız buraxıb.

Maliyyə NazirliyiMaliyyə Nazirliyi
Foto: Meydan TV

Maliyyə Nazirliyinə sorğu göndərilsə də, mətbuat xidmətinin rəhbəri Mais Piriyev müraciəti cavablandırmayıb.

İttifaqın rəsmi internet səhifəsində axtarış aparan zaman məlum oldu ki, 2019-cu ildən bəri hər hansı bir fəaliyyət barəsində məlumat yoxdur.

2019-cu illə bağlı qeyd edilir ki, həmin ilin fevralın 1-də Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin növbəti iclasında cari ilin tədbirlər planı təsdiq edilib.

Tədbirlər planına əsasən, xalq artistləri Tofiq Tağızadə, Əjdər İbrahimov, Məlik Dadaşov, Tofiq İsmayılov və Əməkdar incəsənət xadimi Fikrət Əliyevin yubileylərinin keçirilməsi barədə qərar qəbul olunub.

2019-cu il martın 1-də Prezident İlham Əliyevin mədəniyyət və incəsənət xadimləri ilə görüşündən dərhal sonra imzaladığı sərəncam əsasən ARKİ-yə Prezidentin Ehtiyat Fondundan 300 min manat vəsait ayrılıb.

ARKİ İdarə Heyətinin bu sərəncamla bağlı 28 mart 2019-cu il tarixli iclasında İttifaqın aztəminatlı veteran və gənc üzvlərinə yardım verilməsi üzrə xüsusi fond yaradılıb.

İttifaqın 15 veteran üzvünə və 5 gənc üzvünə 1 il müddətində təqaüd verilməsi ilə bağlı qərar qəbul olunub. Həmin iclasda İttifaqın gənc üzvləri üçün “Yeni nəfəs” mükafatı təsis olunub.

Mədəniyyət və kino sahəsi üzrə ekspert Fikrin Bektaşi Meydan TV-yə bildirib ki, bir qayda olaraq, ictimai birliklər strateji sənədləri ictimaiyyətə açıq etməlidir:

“Əgər 2019-cu il üçün illik tədbirlər planı varsa, demək, birliyə ayrılan vəsaitlər də tədbirlər planına uyğun xərclənməli və müvafiq hesabatlar təqdim edilməlidir. Belə bir hesabatlar ARKİ-nin rəsmi səhifəsində yoxdur. Bununla yanaşı, 2020-2023-cü illərə aid də tədbirlər planı olmalı və müvafiq hesabatlar verilməlidir”.

Prodüser Fikrin Bektaşi. Mənbə: 1news.az

Eksperti narahat edən digər vacib məsələ ARKİ-nin sədrinin səlahiyyət müddətinin bitməsidir və ümumi yığıncağının keçirilməməsidir:

“Mütləq şəkildə birliyin üzvlərinin ümumi yığıncağı keçirilməlidir və sədr və idarə heyəti seçilməli, maliyyə-təftiş komissiyası və s. formalaşdırılmalıdır”.

2022-ci il dekabrın 17-də ARKİ-nin saytında yerləşdirilən məlumatda deyilirdi ki, İttifaqın nizamnaməsinə uyğun olaraq növbəti ümumi yığıncaq keçirilib və Xalq artisti Şəfiqə Məmmədova təkrar quruma sədr seçilib.

Bunun ardınca ARKİ üzvü, Xalq artisti, rejissor Şeyx Əbdül Mahmudovbəyov məsələy etirazını bildirdi. İdarə Heyətinin sədrinin saxta seçilməsi fikir ilə çıxış etdi.

2023-cü il yanvarın 26-da isə mətbuatda bir qrup mədəniyyət və incəsənət xadiminin ARKİ-nin üzlüyündən imtina etməsi barədə məlumat yayıldı.

Aralarında xalq artistləri Əbdül Mahmudov, Ramiz Məlikov, Əməkdar İncəsənət Xadimi Yavər Rzayev, əməkdar artistlər Gülşad Baxşıyeva və Münəvvər Əliyeva olan iyirmiyə yaxın incəsənət nümayəndəsinin üzvlükdən imtina etdiyi qeyd edilirdi.

Gülşad Baxşıyeva və Münəvvər Əliyeva Meydan TV-yə ARKİ üzvlüyündən çıxmadıqlarını bildirdilər.

Sonra ARKİ rəsmi açıqlama yayaraq üzvlükdən imtina ilə əlaqədar İttifaq müraciət edilmədiyi bildirildi.

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı (ARKİ) 2012-ci ildə Azərbaycan Kinematoqrafçılar İttifaqına (AKİ) alternativ olaraq yaradılıb. Həmin ildən İttifaqa Xalq artisti, aktrisa Şəfiqə Məmmədova rəhbərlik edir.

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı.
Foto: “Azərtac”

Azərbaycan Kinematoqrafçılar İttifaqına (AKİ) 1981-ci ildən Rüstəm İbrahimbəyov rəhbərlik edirdi.

2012-ci ildə Rüstəm İbrahimbəyovun siyasi baxışlarına görə İttifaq Hökumət Evindəki ofisindən çıxarılıb.

Müxalif siyasi qüvvələrin birləşdiyi Milli Şura 2013-cü ilin prezident seçkisində Rüstəm İbrahimbəyovun namizədliyini irəli sürəndən sonra AKİ-də ciddi problemlər yaranıb.

Rüstəm İbrahimbəyov Moskvaya gedəndən sonra İttifaqın fəaliyyəti dayanıb.

Bir neçə ildən sonra İttifaq yenidən fəaliyyətini bərpa edib.

Ölkədə iki kino ittifaqının fəaliyyət göstərməsi kino adamları arasında ciddi problemlər, söz-söhbətə, ayrı-seçkiliyə səbəb olub.

Vaxtilə Azərbaycan Kinematoqrafçılar İttifaqında birləşmiş rejissorlar, kino adamları iki ayrı cəbhədədirlər.

2022-ci ilin martında Rüstəm İbrahimbəyov vəfat edib.

AKİ-də qurultay keçirilərək, sədr postuna Xalq artisti, aktyor Rasim Balayev gətirilib.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button