2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

“Əgər biz Laçını alsaq, Elçibəy hakimiyyətdə möhkəmlənəcək…” – Təkrarlanmayacaq tarix

“Guya 1992-ci ilin oktyabrında prezident Əbülfəz Elçibəy deyib ki, Laçın dəhlizini bağlamaq olmaz…”

26 il öncə bu günlər Kəlbəcər və Qubadlı istiqamətlərindən bütün kəndləri düşmən qüvvələrindən tamamilə azad edilmək üzrə olan Laçın şəhərinə girməmək əmri kimdən gəldi?..
1992-ci ilin payızında əsl vətən övladlarının qələbənin bir addımlığınadək apardığı qanlı savaşların  xronikasını keçmiş Laçın alayının qərargah rəisi mayor Rafiq Nağıyevin  gündəliyi və yaddaşında qalanlar əsasında nəzərinizə çatdırır:
(Xronikanın əvvəli bu linkdə:http://www.moderator.az/news/242319.html)
“26 il  öncə bu günlər…
Laçın rayon mərkəzi yaxınlığındakı Tıqik kəndi…
Oktyabrın 2-dən başlanan hücum nəticəsini verdi. Korpus komandiri Surət Hüseynovun döyüş tapşırığını yerinə yetirmək barədə verdiyi əmr az itki ilə yerinə yetirildi.
2 oktyabrda hücumumuzun baş tutmamasına baxmayaraq, nəyin bahasına olursa-olsun, mütləq yerinə yetirilməli idi. Tığik kəndinin qərbindən, sağdan hücum etmək qeyri-mümkün idi. Belə ki, ərazi sərt yoxuş və uçurum idi. Qarşı-qarşıya hücum isə bizim çox sayda canlı qüvvə itkisi ilə nəticələnə bilərdi. Ona görə də rəhmətlik alay komandiri Tahir Süleymanovla qərara gəldik ki, yenə də sol cinahdan hücuma keçək…
Ermənilər postlarını möhkəmləndirsələr də, hücumu öndən gözləyirdilər. Sol cinahdan hücum başlayan kimi ermənilərdə çaşqınlıq yarandı və pərakəndə şəkildə geriyə çəkilməyə başladılar. Hücuma komandanlıq Sabir Xıdırova həvalə edilmişdi. Hücumun intensivliyi ermənilərin müdafiə qurmalarına mane olurdu. İtki verərək geri çəkilən ermənilər minlərlə sursat, mina qoyub gedirdilər.
Hücum zamanı ermənilərin 1 ədəd “BRDM”-i, bir ədəd “T-72” tankı, ekskovator və “UAZ” maşını ələ keçirildi. Üç gün müddətinə 22 km irəliləyərək Zerti və Qarıkaha kəndlərinə çatdıq. Tahirlə mən hücumda iştirak edə bilməsək də, son hücumda,  oktyabrın 7-də ön mövqeyə gəldik. Sabir Xıdırov və Çingiz müəllim bir neçə əsgərlə Yuxarı Laçın qəbiristanlığından qayıdırdilar.Bu əməliyyat dövründə cəmi 4 şəhid və 14 yaralımız oldu. Komandanlığın qərargahı ilə əlaqə saxladım və  briqada komandiri Zaur Rzayevə məruzə etdim. Çox sevindi. Bizi təbrik etdi. Ona dedim ki, bizim sol cinahımızdan hücum etməli olan  mayor Mudrakın xüsusu təyinatlıları Qozludan -çıxış nöqtəsindən bir addım irəli belə atmadılar. Sol cinahımızda olan Xırmanlar və Salatınkəndə ermənilər toplaşır. Nədənsə yarım saat sonra  briqada komandiri əlaqə yaradıb dedi ki, tutduğunuz yerdə mövqe qurub irəli getməyin. Eyni zamanda  Z.Rzayev alay komandiri T. Süleymanovu   və məni saat 18:00 üçün qərargaha çağırdı. Qərargahda hamının yanında bizi qucaqlayıb təbrik etdi və dedi ki, sizi mukafatlandıracam.
Müşavirənin sonunda Tahirlə məni o biri otağa çağırıb gecə saat 24:00 dək Qarıkahadan 2- ci Tıqik kəndinə çəkilməyi əmr etdi. Verdiyi əmri kimsəyə bildirməməyi dedi.  Çəkilmənin məqsədi, təfərruatları Şuşa Laçın məhkəməsində Z.Rzayevin iştirakı ilə  təsdiqini tapdı və açıqlandı…”
Keçmiş Laçın alayının  qərargah rəisi Rafiq Nağıyev təqdim etdiyi xronikanın bu hissəsində Laçın alayı və polisi öndə olmaqla Milli Ordu hissələrinin Laçın rayon mərkəzini azad etmək və “Laçın dəhlizi” adlanan ərazini nəzarətə götürməklə Şuşa və Xankəndindəki ermənilərin Ermənistanla əlaqəsini kəsmək, beləliklə də, Qarabağın və bütövlükdə Azərbaycanın taleyini müsbət məcraya dəyişməyin bir addımlığında ikən geri çəkilmə əmrinin kim tərəfindən və nədən verilməsinin təfərrüatlarını hələlik açıqlamayıb.  Mövzunun tarixi və hərbi-siyasi əhəmiyyətini nəzərə alıb  əməkdaşımızın 2015-ci ilin oktyabrında keçmiş alay  qərargah rəisi ilə “Həftə içi” qəzeti(15.10. 2015) üçün üzbəüz söhbətinin bir hissəsini də nəzərinizə çatdırırıq:
“…Əsgərlərimizdə böyük ruh yüksəkliyi yaranmışdı deyə, biz Laçın istiqamətində daha irəli gedərək oktyabrın 6-da Zerti kəndini də azad etdik. Cəmi iki əsgərimiz yaralandı. Təsəvvür edin, erməni zabitləri ratsiya ilə azərbaycanca bizə yalvarırdılar ki, ara, kişiliyiniz olsun, bir az da qabağa gəlin, biz çıxaq gedək evimizə-eşiyimizə. Bölük komandiri Sabir Xıdırov bir neçə nəfərlə Yuxarı Laçın kəndinin qəbirstanlığınadək getmişdi. Eyni vaxtda artıq Laçın polisi də sağ cinahda Hoçaz, və Laçın yaxınlığındakı telestansiya yerləşən Mərkiz yüksəkliyini tutmaqla şəhərə yaxınlaşmışdılar. Onu da deyim ki, biz həm sağ cinahdakı erməni qüvvələrini, həm də cənubdan Qubadlıdan gələn hissələrimizlə üz-üzə olan erməni qüvvələrinin yerdəyişmələrini aydın görürdük. Sadəcə, dəfələrlə müraciət etməyimizə baxmayaraq komandanlıq nədənsə bizim qüvvələrin qarşılıqlı əlaqəsi üçün şərait yaratmamışdı. Zertini alandan sonra qərargahdan Zaur Rzayev bizi çağırdı ki, mövqelərinizi möhkəmlədin və təcili müşavirəyə gəlin.
Laçının Ərdəşəvi kəndində əvvəlcə briqada komandiri və digərləri bizi çox sevinclə qarşılayıb uğurlu hücuma görə təbrik və təşəkkür etdilər. Ancaq müşavirədən sonra Rzayev alay komandiri ilə məni saxlatdı və bizə iradını bildirdi ki, nədən komanda olmadan Zerti kəndini almısız- qoçaq çıxmısız. Biz ona dedik ki, məgər torpağı azad etmək günahdır. Bu halda o, bir az yumşaq formada dedi ki, bəs guya prezident Əbülfəz  Elçibəy deyib ki, Laçın dəhlizini bağlamaq olmaz- ermənilər dünyanı üstümüzə qaldırarlar…
Ancaq 1994-cü ilin sentyabrında mənim də haqsız yerə mühakimə olunduğum məhkəmədə keçmiş briqada komandirimiz Zaur Rzayev tamam başqa cür izahat verdi. O dedi ki, ordu hissələri artıq Laçına yaxınlaşan vaxt korpus komandiri Surət Hüseynov məni təcili Gəncəyə çağırıb dedi ki, əgər biz Laçını alsaq, Elçibəy hakimiyyətdə möhkəmlənəcək və biz bir daha hakimiyyətə gələ bilməyəcəyik. Hakim ona etiraz etdi ki, sən Milli Qəhrəman, baş nazir haqqında nə danışırsan? Maraqlıdır ki, məlum 1994-ci il 4-5 oktyabr olaylarından, yəni S. Hüseynov baş nazirlikdən uzaqlaşdırılıb ölkəni tərk etdikdən 15-20 gün sonra general-mayor Zaur Rzayev guya təzə məlumat vermək adıyla məhkəmənin növbəti iclasına gəldi və hakimə dedi: “Hanı sizin baş naziriniz, hanı sizin milli qəhrəmanınız?!..”
Təqdim etdi: Sultan Laçın
Moderator.az

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button