2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

“Əgər bombalamırlarsa, deməli, şərait əladır”

Ukraynada müharibə 1 ildən çoxdur davam edir. 2022-ci ilin 24 fevralından başlayaraq hər gün Rusiyanın təcavüzündən insanlar ölür, şəhərlər məhv olur, ailələr dağılır. Milyonlarla ukraynalı evlərini tərk etməyə, bombalardan və güllələrdən qaçmağa, işğaldan xilas olmağa məcburdur. Kimsə artıq geri dönüb, kimsə müharibənin bitməsini gözləyir, kiminsə isə artıq evi də qalmayıb. BMT-nin məlumatına görə, 2023-cü ilin martının əvvəlinə qədər Avropaya 8 milyondan çox ukraynalı qaçqın sığınıb. Onlar gəldikləri ölkəni necə seçirlər və onları necə qarşılayırlar?

Moldova: könüllülər mühüm rol oynayıb

Müharibə başlayandan bəri Moldovaya 600 mindən çox Ukrayna vətəndaşı gəlib. Bu, ölkə əhalisinin sayına görə adambaşına düşən ən yüksək qaçqın faizidir. Onlardan 100 mini Moldovada qalıb. Ukraynalılar üçün Moldovanı seçməyin üstünlükləri ilk növbədə coğrafi yaxınlığı (xüsusən də, Odessa vilayətindən olanlar üçün), dil və başlıcası – moldavanların qonşu ölkədən gələn qaçqınlara yardım etmək istəyindədir.

Saytların yığılması Saytlarin yigilmasi

“Biz moldavanlara bu cür isti qəbul üçün minnətdarlığımızı bildirmək istəyirik. Onlar bizi evlərində qəbul etdi, yedizdirdi, bizə rahat şərait və yaşamağa yer verdi. Sərhəddə insanlar bizə yaxınlaşır, maşının pəncərəsini döyür, çay və yemək təklif edir, getməyə yerimizin olub-olmadığı ilə maraqlanırdılar. Bu, çox xoş və təsirli idi. Gözlərimiz yaşarırdı. Rastlaşdığımız hər kəs necə kömək edə biləcəklərini soruşurdu», – Odessadan gəlmiş Aleksey danışır.

Ukraynadan qaçanların 80 faizə qədərini moldovanlar öz evlərində yerləşdirib. Bir çoxu qaçqınları birbaşa sərhəddə qarşılayıb. Minlərlə adam qaçqınların yerləşdirilməsi mərkəzlərində yer tapıb. Moldova bu sayda qaçqını qarşılamağa hazır deyildi, məhz könüllülərin sayəsində böhranın öhdəsindən gələ bildi, – Moldovadakı ukraynalıların Milli konqresinin sədri Dmitri Lekartsev bildirir.

“Nəhayət, könüllülər öz gücünü göstərdi, olduqca çox adam könüllülük əsasında birləşmişdi, böhranın həllinə yardım etmək, qaçqınları öz evlərində yerləşdirmək, əşyalarla təmin etmək istəyirdi”, – Dmitri deyir.

Müharibənin 1 ili ərzində yardımın uzunmüddətli mexanizmləri formalaşıb – maddi kömək, reproduktiv sağlamlıq sahəsində pulsuz tibbi yardım hüququ tətbiq edilib, işə düzəlməyin sadələşdirilmiş proseduru yaradılıb. Hazırda ölkə müvəqqəti himayə statusunu tətbiq etmək prosesindədir.

Polşa: qəbul olunan ukraynalıların miqdarına görə lider

Polşa – qəbul olunan ukraynalıların sayına görə mütləq liderdir. Buraya 2022-ci ilin 24 fevralından bəri 9,9 mln. adam gəlib. Bəziləri buradan Avropanın digər ölkələrinə keçib, 7,9 mln.-dan çoxu isə evə, Ukraynaya qayıdıb. Polşa təkcə coğrafi yaxınlığına görə yox, həm də qaçqınlara yardım sistemi ilə cəlbedicidir. Müvəqqəti himayə sistemi, gündəlik 40 zlotı (8 avroya yaxın) müavinət, işləmək üçün şərait var.

“Polşada iş var. İşləmək istəyənlər üçün Polşada iş çoxdur”, – Dneprdən gəlmiş Yevgeniya deyir. O, hazırda yaşamaq üçün yerlə təmin edən iş axtarır – kirayə mənzil tutmaq üçün pulu yoxdur. Yevgeniya Avropadakı ən böyük qaçqın mərkəzində PTAK EXPO sərgi kompleksinə məskunlaşıb. Mərkəzin 6 nəhəng pavilyonu konfranslar, yarmarkalar keçirmək, moda nümayiş etdirmək üçün yaradılmışdı. Müharibə başlayanda PTAK EXPO pavilyonlarını təcili şəkildə ukraynalı qaçqınları məskunlaşdırmaq üçün yenidən təchiz etdi. Bəzən burada 8 min adam yaşayır. Hazırda say 10 dəfə azdır.

Düşərgənin yaşayış otaqlarında bir-birindən 1,5 metr aralıda açılıb-bükülən çarpayılar yerləşdirilib. Bəziləri şəxsi fəzalarını paltarasanla qoruyur. Düşərgədə hər gün pulsuz səhər, günorta və şam yeməyi verilir.

“Buradakı həyat şəraitindən yalnız Qərbi Ukraynadan olanlar dəhşətə gəlir. Kimlər ki, bombardman yaşayıb, zirzəmilərdə oturub, belələri buraya düşəndə sevinirlər. Burada bombalar yoxdur. Əgər bomba atmırlarsa, deməli, şərait əladır”, –Anna deyir. O, İzyumdan gəlib. – “Əla şərait odur ki, istidir, su var, pulsuz yuyucu vasitələr var. Və başının üstündə heç nə uçmur. Heç kim bu qədər uzun müddətə yardım etməyə hazır deyildi. Ancaq edirlər.”

Düzdür, Polşada qaçqınlara pulsuz yardımın bir hissəsi ixtisar olunur. Mart ayından qüvvəyə minən qanuna əlavəyə görə, ukraynalı qaçqınlar bu cür mərkəzlərdə yaşayış və qidalanmalarını qismən ödəməli olacaq.

Litva: ölkədə tanışı olanların seçimi

Litva müharibənin 1 ili ərzində 74 mindən çox ukraynalı qaçqın qəbul edib. Ən çox qaçqın ötən ilin martında gəlib – gün ərzində 2 min nəfərə yaxın. Qəbul edilən qaçqınların miqdarına görə Litva aparıcı ölkələr siyahısında deyil. Uraynaya qonşu ölkələrdən Moldova və Polşadan fərqli olaraq, Litva bu ölkədə iş və şəxsi əlaqələri olanların seçimidir.

Odessalı Alyona Podolinnaya Litvaya martın 5-də üç yaşlı qızı və 75 yaşlı anası ilə gəlib. Alyona 9 il ərzində Litvada şirkətlərdən birinin ofisində çalışıb – şirkət Ukraynanın cənubundakı limanlardan yüklərin daşınması ilə məşğuldur. Litvalı rəisi onu sərhəddə qarşılayıb, mənzil tapmaqda və qızını uşaq bağçasına yerləşdirməkdə yardımçı olub.

Müharibəyə və bütün limanların qapadılmasına görə Alyona müharibəyəqədərki işini tərk etmək və yeni işə başlamaq məcburiyyətində qalıb. Alyona Vilnüsdə «7 Seas Sushi» suşi restoranı açmaq qərarına gəlib. O, zarafatla deyir ki, Vilnüsdə əlverişsiz iqlimdən başqa yalnız bir çatışmazlıq var – Ukraynada öyrəşdiyi dadlı suşinin yoxluğu. Alyonanın sözlərinə görə, Litvadakı bir çox ukraynalı və belorus onun rəyini bölüşür.

Vilnüsdə yeni biznesi açmaq iki ay yarım vaxt aparıb və elə bir xüsusi problem yaratmayıb: ukraynalılar üçün müvəqqəti himayə statusu çoxlu sayda hüquq və imkanlar verir – iş, tibbi xidmət, fərdi fəaliyyətdən başlamış müəssisə təsis etməyə qədər.

Gürcüstan: qasamüddətli dayanacaq

Müharibənin 1 ili ərzində Gürcüstana 160 min nəfər ukraynalı gəlib. Onların əksəriyyəti Rusiyanın işğal etdiyi Şərqi Ukraynadandır. Bu şəxslər müharibədən Rusiya ərzindən, filtrasiya düşərgələrindən keçərək qaçıb. 

Mariupoldan olan Yekaterina Talalay ailəsi ilə birlikdə şəhəri martın 19-da tərk edə bilib. Novoazovsk şəhərindəki filtrasiya düşərgəsindən keçiblər. Deyir ki, orada xüsusi çətinlik olmayıb – sadəcə sənədləri yoxlayıblar. Ancaq Rusiya sərhəddində daha ciddi yoxlamaya məruz qalıblar. “Kişiləri tək-tək çağırır, silah izini, bədənlərindəki döymələri, telefon və kompüterləri yoxlayır, təxribat xarakterli çoxlu suallar verirdilər: müharibədə vuruşubmu, müharibə barədə nə düşünür və s. Sonra başqa birisi gəldi, adamları tək-tək çağırıb eyni sualları yenidən verdi – bəlkə kimsə çaşar, fərqli cavab verər və ilişər ”, – Yekaterina danışır.

Gürcüstana gələn ukraynalıları ilk aylarda dövlətin ayırdığı mehmanxanalarda yerləşdiriblər, kiməsə ayrı-ayrı şəxslər və özəl mehmanxanalar yardım edib, qaçqınların müəyyən hissəsi isə tanış və qohumlarının himayəsinə sığınıb. Avqustda qaçqınların Tbilisidə mənzillə və ərzaqla təminatı proqramı qapadılıb.

Hakimiyyətin bilgilərinə görə, iyulun 15-dən Gürcüstandakı ukraynalı qaçqınların sosial-iqtisadi müdafiəsi proqramı start götürüb. Bu proqram çərçivəsində ayda hər ailəyə 300 lari (təxminən 105 dollar) və hər adama 45 lari (təxminən 16 dollar) vəsait ayrılır. 300 lariyə Gürcüstanda mənzil kirayələmək praktik qeyri-mümkündür.

Gürcüstanda ukraynalı qaçqınlar üçün heç bir xüsusi status yoxdur. Ukraynalılar qaçqın statusu üçün müraciət edə bilərlər, ancaq burada illərlə yaşamağa hazırlaşmayanlar üçün bu, xüsusi anlam daşımır. Gələnlərin az bir qismi Gürcüstanda uzun müddət qalır, əksəriyyət başqa ölkələrə yollanır.

Yekaterina və əri Kanadaya hazırlaşırlar. Əri artıq orada işə düzəlib. «O, pəncərələrin montajı ilə məşğul olacaq. Mən də iş tapacam. Oğlumuz sonra, qonşularla birlikdə gələcək. Burada birlikdə idik, orada da birlikdə olacağıq. Nəsə bir şey alınar», – Yekaterina deyir.

Məqalənin üzərində işləyənlər: Svetlana Kozlova, Olqa Bulat, Nino Narimanaşvili, Maradia Tsvala, Nino Memanişvili, Euroradio və Meydan TV

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button