2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Əli İnsanov: Mənə ismarıc gəldi ki, sui-qəsd hazırlayırlar

“Zərərçəkmiş kimi təqdim olunan Anar Məmmədov dostumun oğludur”

Saytların yığılması Saytlarin yigilmasi

Aprelin 12-də Qaradağ rayon Məhkəməsində həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanovun barəsində olan cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Meydan TV-nin məlumatına görə, hakim Rəşad Mustafayevin sədrlik etdiyi proses başlamazdan əvvəl Əli İnsanov jurnalistlərin iclasda iştirakının təmin edilməsini tələb edib:

“Qohumlarım yox, jurnalistlər iştirak etsinlər. Əgər belə olmasa, məhkəməyə etiraz edəcəyəm”.

Daha sonra iclas başlayıb. Hakim deyib ki, mümkün olduğu qədər zala jurnalistlər buraxılıb. Dövlət ittihamçısı ittiham aktını elan edib. İttihama görə, Əli İnsanov cəzaçəkmə müəssisəsinə psixotrop maddələr keçirib və qanunsuz olaraq saxlayıb. Həmin vasitə Penitensiar Xidmət əməkdaşları tərəfindən aşkar edilib. Xidmət əməkdaşı Anar Məmmədov protokol tərtib edib, lakin Əli İnsanov protokolu cırıb. Anar Məmmədovun boğazından yapışaraq paqonunu qoparıb və itələyib. Anar Məmmədov yıxılaraq başından xəsarət alıb.

İttihama münasbət bildirən Ə. İnsanov deyib ki, özünü təqsirli bilmir:

“Böhtanları eşitdim, razı deyiləm”.

Daha sonra Ə. İnsanov ifadə verib. Bildirib ki, saxta ittiham və məhkəmə gedişindən narazıdır:”Hamısı yalan və böhtandır. Təəssüf edirəm ki, qanunlar hər yerdə pozulur. Keçən dəfə üç vəsatət verdik. Vəkilin ağzından söz qurtarmamış dediniz “təmin edilməsin”. Mən vəsatət verdim ki, həbs-qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilsin. Bununla bağlı prezidentin sərəncamı da var. Mən on beş gün gedib evdə qalmaqla nəsə dəyişməyəcəkdi. Lakin bunlar test idi. Bu, göstərdi ki, qanunlar kimi prezidentin sərəncamına da məhəl qoymursunuz. Siz bilməlisiniz ki, Əli İnsanov dövlətçiliyin yox, bu hakimiyyətin müxalifidir. O dövlət məhv olmur ki, onun hökmdarı yoxdur, o dövlət məhv olur ki, qanunları yoxdur. Mənə münasibət bəllidir. Ailə üzvlərimi ölkədə girov saxlayırlar, bir nəfəri işləməyə qoymurlar, dərmanlarımın ölkədə satışına qadağa qoyublar, kitablarımı gömrükdən buraxmırlar, 1 milyon yarım qonorarımı dondurublar. Mən bu dövləti quranlardanam. Nə qədər absurd ittihamlardır. Mən dövlət üçün bu qədər iş görmüşəm. İndi 70 yaşında narkoman oldum? Avropaya nəyi sübut etmək istəyirsiniz? Dövləti narkomanlar idarə edir? Dövləti idarə edənləri yoxlayın, bəlkə yenə narkoman qalıb. Həmin otaq mənim deyil. Orada bütün məhkumlar əşyaların saxlayıblar. Mən həmin gün vəkilimlə bir yerdə olmuşam. Gözləyiblər, vəkillər gedəndən sonra qolumdan tutub rəisin yanına aparıblar. Necə olur baş idarədən gəlib narkotik tapırlar, ancaq müəssisədə heç kim cəzalandırılmır? Zərərçəkmiş kimi təqdim olunan Anar Məmmədov mənim dostum Gülməmmədin oğludur. Gülməmməd Penitensiar Xidmətin rəis müavini olub. Gülməməd mənim qardaşım kimi olub. Biləndə Anar onun oğludur, gözlərimə inanmadım. Hər kəs yolunu özü seçir. Hər kəs əməlinə görə cəzasını alacaq. Mən dövlətə yarım milyon vergi ödəmişəm. İndi cibimdə bir manat yoxdur. Mən Heydər Əliyevə kömək etdiyimə görə peşman deyiləm. O zaman o, xalqa lazım idi və onun haqqında məndən nəsə eşidə bilmərsiniz. Məni çağırıb deyəndə maddə tapdıq, dedim aydındır. Çünki bunu gözləyirdim. Başqa heç nə demədim. Necə ola bilər özümdən güclü olan bir adamı on beş nəfər əməkdaşın yanında vurdum? Mən Brus Li, Məhəmməd Əliyəm? Orada bir kəlmə acı söz deməmişəm. Bilirəm ki, öyrədiblər, edirlər. Bu, bir tapşırıqdır. Ancaq bilin ki, Əli İnsanov nə sınandır, nə baş əyən. Mübarizə davam edir. Mənə ismarıc gəldi ki, sui-qəsd hazırlayırlar. Bilin ki, Əli İnsanov həyatını qorumaq üçün yox, mübarizə üçün yaşayır”.

Daha sonra iclasda zərərçəkmiş şəxs qismində Penitensiar Xidmətin əməkdaşı Anar Məmmədov ifadə verib. O bildirib ki, Ə.İnsanov ona xəsarət yetirib və 30 gün xəstəxanada yatıb:

“Əli İnsanovun əşyalarının içindən dərmanlar çıxdı”.

Daha sonra iclasda şahidlər ifadə veriblər. Onlar da ittiham aktında yazılanları təsdiq ediblər.

Proses aprelin 19-da davam edəcək.

Ə.İnsanov barəsində Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama), 315.2 (Hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmə, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı belə zor tətbiq etmə və ya zor tətbiq etmə hədəsi ilə hədələmə, bu maddədə göstərilən şəxslərə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) və 317-2.1-ci (Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi, eyni əməllər təkrar törədildikdə) maddələri üzrə cinayət işi başlanıb.

Ə İnsanov 2005-ci ilin oktyabr ayında həbs olunub. O, dövlət vəsaitlərinin mənimsənilməsində və dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham edilib. 2007-ci ilin aprel ayında əmlakı müsadirə olunmaqla 11 il müddətinə azadlıqdan məhrum olunub. Ə. İnsanovun cəza müddəti ötən ilin oktyabr ayında başa çatırdı.

24saat.org

Mənbə – www.meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button