2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Əli Kərimli: “Əliyevin istəyi Azərbaycanda Türkmənistansayağı sistem formalaşdırmaqdır”

Partiya sədri deyir ki, məqsəd müxalifəti sıradan çıxarmaqdır

Yanvarın 11-də Prezident İlham Əliyev “Siyasi partiyalar haqqında” Qanunu təsdiqləyib.

Bununla bərabər dövlət başçısı “Siyasi partiyalar haqqında” Qanunun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanun layihəsinin hazırlanması barədə də fərman imzalayıb.

Saytların yığılması Saytlarin yigilmasi

6 fəsil, 30 maddədən ibarət olan yeni qanun isə qüvvəyə mindiyi üçün  3 iyun 1992-ci ildə qəbul edilmiş “Siyasi partiyalar haqqında” Qanun qüvvədən düşür.

Yeni qanuna əsasən, üzvlərin sayı 4 500-dən aşağı olan siyasi partiyalar ləğv olunacaq.

Siyasi partiyaların ləğvi qaydasına gəlincə, partiya qurultayın və ya məhkəmənin qərarı əsasında ləğv edilə bilər. Eyni zamanda, qanunun təsdiqindən sonra qeydiyyatdan keçən və keçməyən bütün partiyalar yenidən qeydiyyatdan keçəcək.

Yeni qanun barəsində ilk dəfə 2022-ci ilin sentyabrın 7-də məlumat yayılıb və ictimai müzakirələrə təqdim olunacağı bildirilib.

Hazırlanan layihədə Milli Məclis, Prezident və ya Bələdiyyə seçkilərində ardıcıl olaraq 2 dəfə iştirak etməyən siyasi partiyaların ləğvi də əksini tapıb.

Eyni zamanda, siyasi partiyanın təsis edilməsi üçün lazım olan üzv sayı da 1000-dən 10 000-ə qədər artırılıb.

Milli Məclis
Foto: Prezident.az

Amma Milli Məclisdə I oxunuşa çıxarılmazdan əvvəl qanun layihəsinin yeni redaksiyasında bir sıra dəyişikliklər edilib. Belə ki, siyasi partiyanın tam fəaliyyət qabiliyyətli olan azı 50 vətəndaş (təsisçilər) tərəfindən təsis ediləcəyi göstərilib.

Sənədin ilkin versiyasında isə təsis üçün ən azı 200 vətəndaşın olması tələbi yer almış və onların da son 20 il daimi yaşamaları tələb olunurdu. O cümlədən, partiyaların dövlət qeydiyyatına alınması ilə bağlı tələb də dəyişdirilib.

Yeni redaksiyaya əsasən, dövlət qeydiyyatına alınması üçün partiyanın azı 5000 üzvü olması tələb kimi qoyulub. Bununla da, qeydiyyata alınmaqla bağlı üzv sayı 2 dəfə azaldılıb.

ReAL Partiyası qanunun əleyhinə səs verib və Venesiya Komissiyasına sorğu göndərib

Noyabrın 24-də Respublikaçı Alternativ Partiyası (ReAl) hökumətin qanunla bağlı Venesiya Komissiyası ilə məsləhətləşmədiyini bildirib.

Bu barədə hələ 2022-ci ilin noyabrında ReAl-ın Avropa Şurası Venesiya Komissiyasına “Siyasi partiyalar haqqında” Qanun layihəsi ilə bağlı göndərdiyi sorğuya cavabında qeyd olunmuşdu.

Partiyanın sədri İlqar Məmmədov demişdi ki, Venesiya Komissiyası və Avropa Şurasının digər məsul qurumları “Siyasi partiyalar haqqında” Qanun layihəsinin hazırlanması ilə bağlı Azərbaycan hökuməti ilə heç bir məsləhətləşmədə iştirak etməyib.

REAL sədrinin sözlərinə görə, 2 ay hakimiyyət guya qanun layihəsinin Venesiya Komissiyasının müsbət rəyini aldığı, yaxud onunla məsləhətləşmədə hazırlandığı təəssüratını yaratmaq istəyib:

“Ancaq bizim sorğumuza verilən cavab bunların doğru olmadığını göstərir”.

İlqar Məmmədovİlqar Məmmədov
Foto: Meydan TV

Buna rəğmən qanun ilin noyabrın 29-da Milli Məclisdə I oxunuşda səsə qoyulub. Yalnız ReAl üzvü, deputat Erkin Qədirli layihənin əleyhinə səs verib.

Elə həmin gün Azərbaycanda fəaliyyət göstərən bir qrup ictimai-siyasi fəal və insan hüquqları müdafiəçisi Milli Məclisin müzakirəsinə çıxarılan “Siyasi partiyalar haqqında” Qanun layihəsi ilə bağlı bəyanat yayıb.

Sənədi imzalayanlar sözügedən qanun layihəsini ölkənin ictimai həyatının idarə olunmasında iştirak etmək hüququnu və birləşmək azadlığını məhdudlaşdıran müddəalardan ibarət mürtəce sənəd hesab edirdilər.

Onlar belə bir mürtəce layihənin qəbul edilməsini Azərbaycan vətəndaşlarının azad siyasi iradəsinin boğulmasına yönəlik növbəti siyasi akt sayırdılar.

Dekabrın 12-də isə Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) xalqı və beynəlxalq birliyi “Siyasi partiyalar haqqında” yeni qanununa etiraz etməyə çağırıb.

Partiya hesab edirdi ki, Azərbaycan hakimiyyəti “Siyasi partiyalar haqqında” yeni qanunla ölkədə çoxpartiyalı siyasi sistemi, real alternativ qüvvələri hüquq müstəvisindən çıxarıb, faktiki məhv etmək istəyir.

4 gün sonra Milli Məclis qanun layihəsini III oxunuşda qəbul edilib.

Fazil Mustafa: “Yeni qanunun köhnə qanunla xüsusi fərqi yoxdur, bir az genişləndirilmiş formasıdır”

Böyük Qurtuluş Partiyasının başqanı, deputat Fazil Mustafa Meydan TV-yə bildirib ki, “Siyasi partiyalar haqqında” Qanunda qeydiyyatdan keçməyən partiyalar barəsində hər hansı cəza mexanizmi yoxdur:

“Əksinə, partiyalara bir müddət veriləcək ki, zəruri tələbləri yerinə yetirsinlər. Qeydiyyatdan keçən partiyalar isə yenidən qeydiyyatdan keçəcəklər. Bunun üçün 5 min üzv və üzvlərlə bağlı tələblər yer alıb. Əslində, tələblər çox deyil. Bəli, telefon nömrələri, identifikasiya və digər sənədlər lazım olacaq ki, bəlkə, bunları daha da sadələşdimək lazım olardı”.

Siyasi partiyaların məsuliyyət növlərini müəyyən edən qanun layihəsinə gəlincə, Fazil Mustafa bu barədə əhatəli bilgiyə malik olmadığını deyib:

“Ümumiyyətlə, məsuliyyət məsələsi QHT-lərə də qoyulduğundan təəccüblü heç nə yoxdur. Sadəcə, partiyaların idarə olunması ilə bağlı detallar yanlış qoyulub. Yəni partiya idarəetməni necə quracağını özü bilər. Dövlət yalnız qeydiyyatla bağlı elektron variantların təkmilləşməsini edə bilər. Amma digər məsələlərdə partiyalara sərbəstlik verilməlidir. Onsuz da bütün partiyalar qanun qarşısında məsuliyyətlidir. Hüquqi şəxsin hansı məsuliyyəti varsa, partiyanın da həmin məsuliyyəti var. Ona görə bu nüansın hansısa şəkildə qondarma olmadığı düşüncəsindəyəm. Bəli, bir üzvün hərəkəti partiyanın bağlanması ilə nəticələnərsə, əlbəttə, bu, təhlükəlidir. Amma qanunda bu barədə heç nə yoxdur”.

“Elə maddələr var ki, mən də əleyhinə idim, məsələn, xalqın adından danışmaq. Ritorik olaraq xalqın adından danışa bilərsən, amma beynəlxalq müstəvidə Konstitusiya normaları var. Yəni partiyalar xalqın adından hansısa sənəd imzalamaq hüququna malik deyil. Bunu ancaq səlahiyyətli seçkili qurumun təmsilçiləri edə bilər”, – deyə Fazil Mustafa bildirib.

Onun sözlərinə görə, siyasi partiyalar spesifik hüquqi şəxslər olduğuna görə yeni qanunda nəzərdə tutulan normalar digər qanunvericilik aktlarında da əksini tapmalıdır:

“Orada hansısa məhdudlaşma istiqamətində qanundan söhbət getmir. Məsuliyyət dedikdə, bir qanunda dəyişiklik olanda, avtomatik, analoji maddələr digər qanunlarda da öz əksini tapmalıdır. Görünür, Fərmanda bu, nəzərdə tutulur. Məsələn, bələdiyyə üzvlərinin siyasi partiya üzvü olması qoyulub, deməli, bələdiyyəyə aid bütün qanunlarda öz əksini tapacaq”.

Deputatın sözlərinə görə, yeni qanunda parlament seçkilərində iştirak edib yer tutmayan partiyaların maliyyələşməsi də nəzərdə tutulub:

“Təəssüf ki, bu qanun ətrafında bir az ajiotaj yaradıldı. Amma köhnə qanunla xüsusi fərqi yoxdur, bir az genişləndirilmiş formasıdır və müasir dövrün müəyyən tələbləri qoyulub. Bəli, qeydiyyatdan keçən partiyaların geriyə dönüb yenidən qeydiyyatdan keçməsi hamı üçün problemdir. Amma bərabər start vəziyyəti verilir ki, bütün partiyalar qoyulan tələblər üzrə qeydiyyatdan keçirlər və normal fəaliyyət göstərirlər”.

Foto: Meydan TV

“Partiyaların fəaliyyətinin məhdudlaşmasına qarşı hansısa normalar da ancaq məhkəmə tərəfindən müəyyən oluna bilər. Partiya üzvlərinin hüquqlarının qorunması müddəasında isə kifayət qədər geniş hüquqlar verilib. Həm də partiyalar öz üzvlərinin hüququnu qorumaq imkanına sahibdir”, – deyə partiya sədri qeyd edib.

Onun fikrincə, qanunda qeydiyyat, say və idarəetmə məsələlərində konkret formalarının göstərilməsi olmamalı idi:

“Ancaq çoxluğun qərarı ilə belə qanun qəbul olunubsa, gələcəkdə təkmilləşmə aparıla bilər. Məsələn, partiyaların ideoloji qurum kimi tanınmasına etirazım oldu, çünki müasir dövrdə partiyalar hansısa ideoloji xətti izləməyə bilərlər. Partiyalar hakimiyyətə iddialı olan insan qruplarıdır və bu, əvvəlki ideoloji partiyalardan daha geniş imkanlar yaradır. Bütövlükdə qanun partiyaların fəaliyyətinə mane olacaq müddəanı özündə əks etdirmir. Sadəcə, kiçik və çevrəsi böyük olan partiyalar üçün problem yaranacaq. Çünki say toplamaq və o cür fəaliyyət göstərmək imkanı bir çox partiyalarda yoxdur. Bu da müəyyən narazılıq yaradacaq”.

Fazil Mustafa düşünmür ki, qanun Müsavat və AXCP-yə problem yaradacaq:

“Hər iki partiya “döşünə döyür” ki, 70-100 min üzvü var. Lap 70 minin 50 minini səhv çıxartdılar, 20 min nəfərin sənədini ortaya qoya bilmirsinizmi? 5 min nəfərin telefonu və şəxsiyyət vəsiqəsi yerində olsun, başqa nə tələb var ki?! Bəzən deyirlər ki, buna görə üzvlər çəkinir. Bu, manipulyasiyadır, qorxan, çəkinən adamın partiyada nə işi var? Qorxursansa, siyasətlə məşğul olma, 100 peşə var, üz tut ora”.

Əli Kərimli: “Əliyev siyasi partiyaları ləğv etsəydi, bu, daha birmənalı və təmiz siyasət olardı”

AXCP sədri Əli Kərimli Meydan TV-yə deyib ki, “Siyasi partiyalar haqqında” mürtəce qanun birbaşa İlham Əliyevin göstərişi ilə hazırlanıb:

“Ona görə də beynəlxalq çağırışlara, daxildəki etirazlara baxmayaraq, Venesiya Komissiyasının rəyini gözləmədən Əliyev qanunu imzaladı. Bu da mürtəce qanunun birbaşa onun istəyi ilə hazırlandığını sübut etdi”.

Əli Kərimlinin sözlərinə görə, qanunun imzalanması real müxalifətə, ilk növbədə AXCP-yə qarşı ciddi təzyiqlərin işə düşəcəyini göstərir:

“İlham Əliyev sona qədər çalışacaq ki, Azərbaycanda təkpartiyalı sistem formalaşdırsın və bununla siyasi rəqiblərini hüquq platformasından çıxarsın. Həmçinin Əliyev cəmiyyətlə konfrantasiya siyasətini davam etdirməyi sona qədər aparacaq. Bəlkə, hansı təbəqələrdə ümid vardı ki, Əliyev dəyişən dünyanı nəzərə alıb hansısa demokratik islahatlara gedə bilər. Amma Əliyev qanunu imzalamaqla cəmiyyətə mesaj verir ki, ictimaiyyəti və müxalifəti əzmək siyasətini davam etdirəcək. Onun istəyi Azərbaycanda Türkmənistansayağı sistem formalaşdırmaqdır”.

AXCP sədri hesab edir ki, bu qədər məhdudlaşdırmalardan sonra vəziyyət hələ də İlham Əliyevi qane etmir:

“2013-cü ildən bəri ölkədə siyasi məhbusları sayı azalmır. 2019-cu ildən sərbəst toplaşmaq azadlığı tam aradan qaldırılıb. Ötən il “Media haqqqında” mürtəce qanun qəbul edilib. Ölkədə faktiki azad mətbuatın fəaliyyəti qadağan olunub. Seçkilər bir institut olaraq ləğv edilib. Amma bütün bunlar bəs etmir. İlham Əliyev hələ də onun rejiminə müqavimət göstərənlərin olduğunu düşünür və onlarla mübarizəni özünün əsas siyasəti sayır. Qanunun imzalanması da o deməkdir ki, Əliyev yalnız Azərbaycan xalqı ilə yox, beynəlxalq birliklə də konfrantasiya siyasətini davam etdirəcək”.

Venesiya Komissiyasının rəyi nəzərə alınmadan sənədin imzalanmasına gəlincə, Əli Kərimli düşünür ki, üzvü olduğu beynəlxalq qurumlar Azərbaycanı tənqid edəcəklər:

“Hökumət yeni qanuna düzəlişləri 2011-ci ildə etmək istəyirdi. O zaman Venesiya Komissiyasına müraciət etdilər, qurum təklifləri qeyri-demokratik olduğunu bildirdiyindən israr etmədilər. Şübhəm yoxdur ki, Venesiya Komissiyasının yeni qanuna rəyi mənfi olacaq. Bu o deməkdir ki, Avropa Şurasının da, Avropa Birliyinin də, ATƏT-nin də rəyləri mənfi olacaq. Ona görə də dedim ki, Əliyev qanunu imzalamaqla təkcə xalqla yox, sivil dünyayla konfrantasiya siyasətinə keçmiş olur”.

AXCP-nin aksiyasıAXCP-nin aksiyası
Foto: Meydan TV

Əli Kərimli “Siyasi partiyalar haqqında” Qanunun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanun layihəsinin hazırlanması haqqında xəbərini gülüşlə qarşılayıb:

“Bu, normal ölkələrin hüquq sisteminə xas olmayan hadisədir. Ona görə də bunu şərh etməyə çətinlik çəkirəm. Amma bunların əvəzinə, Əliyev fərmanla siyasi partiyaları ləğv etsəydi, bu, daha birmənalı və təmiz siyasət olardı”.

AXCP sədri qeydiyyat üçün partiyalara 5000 üzv tələbinin qoyulmasını güzəşt kimi qiymətləndirənlərə belə cavab verib:

“Təbii ki, AXCP-nin üzvləri var, məsələ onda deyil. Dünyanın heç yerində üzvlərin reyestri aparılmır. Çünki bu hal şəxsi həyata müdaxilədir. İkincisi, Azərbaycan şəraitində hakimiyyətin müxalifətə münasibəti rəqib yox, düşmən yanaşmasıdır. Siyahıların təqdimatı o deməkdir ki, müxalifətə qarşı daha ciddi təzyiqlər ola bilər. Problem həm də ondadır ki, vaxtilə Müsavat Partiyasının topladığı imzalar içində Seçki Qərargahının o zamankı sədri, indiki başqan Arif Hacılının öz imzası da saxta elan olunmuşdu. Yəni belə bir hökumətlə üz-üzəyik. Bu baxımdan reyetrdə olanlara təzyiq etməsi şübhəsizdir. Bir daha deyirəm, məqsəd müxalifəti sıradan çıxartmaqdır, yoxsa min, yaxud 5000 söhbəti deyil”.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button