2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
GündəmSiyasət

Əli Kərimli: ‘Sözümüz sözdür. Həbsimə hazıram!’

“Bu, çox namərd üsuldur. Divardan tuta-tuta getməklə, adamları aldatmaqla nə qədər uzağa getmək olar? Gözəl Bayramlıdan necə korrupsioner düzəltmək olar? Bu hakimiyyət istəyir ki, rejimlə mübarizə aparanlar acından ölsünlər? Qardaş bacısına 5 aydan bir 1000 dollar göndərirsə, müalicəsini aparırsa, utanmırlar bunu söz-söhbətə çevirirlər? Siz gedin o milyardların hesabatını verin”.

“Çox yaxşı olardı ki, Zakir Qaralov vəzifəsinə uyğun olaraq Azərbaycandan on milyardlarla vəsaitin necə çıxarılması və ofşor hesablara oturdulması ilə bağlı müraciətləri araşdırsın, Panama sənədlərində adı keçən hakim ailəyə aid şirkətləri araşdırsın”.

Saytların yığılması Saytlarin yigilmasi

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli baş prokuror Zakir Qaralovun iyunun 6-dakı açıqlamasını şərh edərkən belə deyib.

Qaralov “həm QHT-lər, həm də siyasi partiyalar aldığı qrantlar barədə məlumat vermirlər. Biz də məcbur olduq ki, bir sıra tədbirlər görək. Bu sahədə Azərbaycan qanunvericiliyi təkmilləşib. Onlar hər hansı qeyri-qanuni yolla Azərbaycanda həmin pulları ala bilmirlər. Ona görə də, digər ölkələrdə hesablar açmaqla bunu həyata keçirirlər” söyləyib.

O bildirib ki, bu halların qarşısı alınacaq. “Həmin yoldaşlara sual olunur – onlar 10 illərlə hər hansı bir qurumda işləməyərək cangüdənləri necə saxlayır? Müxtəlif avtomobilləri hansı pulla alırlar? Xarici səfərləri nəyin hesabına edirlər? Həmin qüvvələr maliyyə hesabatları vermirlər”, – baş prokuror bildirib.

AXCP sədri Əli Kərimli AzadlıqRadiosu-nun bu və başqa məsələlərlə bağlı suallarını cavablandırıb:

– Çox yaxşı olardı ki, Zakir Qaralov vəzifəsinə uyğun olaraq Azərbaycandan on milyardlarla vəsaitin necə çıxarılması və ofşor hesablara oturdulması ilə bağlı müraciətləri araşdırsın, Panama sənədlərində adı keçən hakim ailəyə aid şirkətləri araşdırsın. Çox təəssüf ki, Zakir Qaralovun bu açıqlaması da baş prokurorun yox, Yeni Azərbaycan Partiyasının təbliğatla məşğul olan funksionerinin açıqlamasına bənzəyir. Dəfələrlə qeyd olunub ki, Azərbaycanın real müxalifət qüvvələri, konkret olaraq, Xalq Cəbhəsi Partiyası heç zaman, heç yerdə bir manat, bir dollar da qrant almayıb. Bunu ən yaxşı bilməli olan adam ölkənin baş prokurorudur. Əgər ortalıqda fakt varsa, zəhmət çəksin, onu ortalığa qoysun, nə vaxt, kimdən, hansı təşkilatdan, hansı iş üçün AXCP qrant alıb. Fakt yoxdursa, baş prokuror YAP funksioneri kimi danışmamalıdır.

“Görünür, baş prokuror təkcə hakim partiyanın siyasi fəaliyyətiylə tanış olduğuna görə elə bilir bütün işlər pulla görülür”

– Əli bəy, AXCP maliyyə hesabatı verirmi?

– Fəaliyyətimiz haqqında hər il Mərkəzi Seçki Komissiyasına məlumat verilir. Biz pulla siyasi fəaliyyət, siyasi kampaniya aparmırıq. Görünür, baş prokuror təkcə hakim partiyanın siyasi fəaliyyətiylə tanış olduğuna görə elə bilir bütün işlər pulla görülür. Üzvlərimiz bütün işləri könüllülük, ictimai əsaslarla görürlər, biz heç kimə pul vermirik. O cümlədən, AXCP sədrini kütləvi tədbirlərdə müxtəlif təxribatlardan mühafizə edənlər stajlı cəbhəçilərdir. Onların heç birinə buna görə pul verilmir. AXCP sədrinin 12 ildir xarici pasportu yoxdur, xaricə səfərə çıxmır. Bunu ən yaxşı bilməli olan adam baş prokuror olmalıdır. Hətta regionlara səfərlərə imkan vermirlər. Çox təəssüf edirəm ki, baş prokuror hakim rejimin müxalifətə qarşı başlatdığı ümumi qaralama kampaniyasında iştirak edir.

– Yeri gəlmişkən, bu günlərdə yayılan rəsmi məlumata görə, sizin müavininiz Gözəl Bayramlının evindəki axtarış zamanı bank əməliyyatları ilə bağlı qəbzlər, müəyyən məbləğdə dollar, avro götürülüb. Bu vəsaitlərlə bağlı bir açıqlamanız olacaqmı?

“Gözəl Bayramlıdan necə korrupsioner düzəltmək olar?”

– Çox absurddur. Ölkənin milyardlarını talayanlar, təkcə Beynəlxalq Bank vasitəsilə ölkənin 15 milyardını mənimsəyənlər Gözəl Bayramlıya aid olan 1000 avronun üzərində kampaniya qurublar. Nə qədər yazıq günə düşüblər bunlar? Deməli, heç bir arqumentləri yoxdur ki, 1000 avronun üzərində kampaniya qururlar. Biz bilirik ki, həmin vəsait Gözəl xanımın ailəsinə aiddir. Gözəl Bayramlının son 3 ildəki bank vasitəsilə aldığı pullar haqqında daha dəqiq açıqlaması olacaq. Mən bəri başdan deyim ki, adamları çaşdırmaqdan ötrü pulları rus rublu ilə təqdim edirlər. Rus rublunun məzənnəsini bilməyənin gözündə 100 min, 200 min rubl böyük pul kimi görünə bilər. Bu isə heç 2-3 min manat da deyil. Üst-üstə götürəndə son 3 ildə müxtəlif adamlardan onun hesabına gələn pulların hamısı 12-13 min etmir. Gözəl xanımın təkcə 3 tibbi əməliyyata görə Gürcüstan klinikalarına ödədiyi vəsait 10 min dollardan çoxdur, bunların hamısının qəbzləri var. Bütün ölkə ictimaiyyəti bilir ki, o, ağır xəstəlikdən müalicə alır, mütəmadi Gürcüstana gedirdi. O pulun böyük hissəsini burda iş tapmadığından Rusiyada işləməyə məcbur qalmış qardaşı göndərib. Bir hissəsini dostları yollayıb. İmkan versələr, detallı şəkildə Gözəl xanım özü açıqlama verəcək. Amma görürsünüz, ona vəkilləriylə görüşə də icazə vermirlər. Bu, çox namərd üsuldur. Divardan tuta-tuta getməklə, adamları aldatmaqla nə qədər uzağa getmək olar? Gözəl Bayramlıdan necə korrupsioner düzəltmək olar? Bu hakimiyyət istəyir ki, rejimlə mübarizə aparanlar acından ölsünlər? Qardaş bacısına 5 aydan bir 1000 dollar göndərirsə, müalicəsini aparırsa, utanmırlar bunu söz-söhbətə çevirirlər?

“Əli Kərimlinin həbsinə nə vaxt hazırlıq getməyib ki?”

– Əli bəy, son zamanlar hakimiyyətə yaxın mətbuatda sizin başçılıq etdiyiniz partiyanın inqilaba hazırlaşdığını iddia edən məqalələr çap olunur, hətta “Əli Kərimliylə qurtarmaq lazımdır” deyə çağırışlar edilir. “Əli Kərimlinin həbsinə hazırlıq gedir” deyə düşünənlər də var, bunu ölkədaxili şou sayanlar da. Sizcə, hansıdır?

– Əli Kərimlinin həbsinə nə vaxt hazırlıq getməyib ki? 2013-cü ildə Əbülfəz Elçibəyin zəhərlənməsiylə bağlı uydurma iş başladılar, bir neçə ay ictimaiyyəti mənəvi terror etdikdən sonra saxta ittihamlar irəli sürdülər. Sonra AXCP üzvü Pərviz Həşimlini həbs etdilər, işgəncə verdilər ki, “hökumətin nazirləri, generalları çevriliş etmək üçün Əli Kərimliyə pul verir” desin. Bu alınmadı. Daha sonra Nardaran hadisələri baş verdi, dindarlara işgəncə verdilər ki, “Qərbyönümlü siyasətin lideri Əli Kərimli radikal dinçilərlə inqilaba hazırlaşır” söyləsinlər. Yenə alınmadı. 8 ay sonra Fethullah Gülenin dövlət çevrilişi ortaya çıxdı və əllərinə fürsət düşdü, köməkçimi, gənclər komitəsindən Fuad Əhmədlini həbs etdilər. Yapon ideoloji strukturu kimi fəaliyyət göstərən həmin baş prokurorluq açıqlamayla çıxış etdi. Bir il günahsız yerə həbsdə qalan köməkçimə sonradan uydurma vergidən yayınma ittihamı verdilər… Nə ağıllarına gəlir, edirlər. Məni şərləmək istəyirlər, bizim həqiqətləri deməyimizdən çəkinirlər, bizimlə debata hazır deyillər, ölkəni düzgün idarə edə bilmirlər, xirtdəyə qədər korrupsiya içindədirlər. Ona görə dözümsüzdürlər. Çarəni məni təcrid etməkdə görürlər. Amma səhv edirlər. Azərbaycan xalqı haqda aşağı fikirdə olmasınlar. Bu xalq yüzlərlə Əli Kərimli yetişdirə bilər. Azərbaycan xalqı nə bu rejimlə, nə bu korrupsiya ilə barışacaq, nə də bu komandanın xalqı əbədi əsarətdə saxlamasına imkan verəcək. Azərbaycandakı siyasi rejim də bir gün siyasi səhnədən çəkiləcək.

– Son hadisələrin, həbslərin arxasındakı səbəb nədir?

“Qardaş bacısına 5 aydan bir 1000 dollar göndərirsə, müalicəsini aparırsa, utanmırlar bunu söz-söhbətə çevirirlər?”

– Birincisi, 2018-ci ilin seçkilərindən qorxurlar. Bütün mətbuat susdurulub, sərbəst toplaşmaq azadlığı yoxdur, müxalifət təzyiq altında, həbsxanalar siyasi məhbusla dolub. Rəsmən elan olundu ki, siyasi məhbus sayına görə Azərbaycan dünyada liderdir. Buna görə ölkəni idarə edənlər utanmalıdırlar. Amma bütün bu məhrumiyyətlərdən sonra belə onlar bilirlər ki, seçkiyə oxşar bir şey keçirilsə, hakim komandanın namizədi məğlub olacaq. Ona görə də məşhur yazıda deyildiyi kimi, müxalifətlə haqq-hesab çəkib onu bitirmək istəyirlər. Məqsəd növbəti prezident seçkilərinə rəqabətsiz, rəqibsiz getməkdir. İkincisi, ölkədə sosial-iqtisadi vəziyyət çox gərgindir, qarşıda böyük ixtisarlar gözlənilir, xarici borclar artır, dövlət şirkətləri müflis olur. Hakimiyyət narahatdır ki, bir gün aclığa sövq edilən insanlar sabah müxalifətin mitinqlərinə qoşula bilər. Bu gün həmin mitinqləri Milli Şura təşkil edir və deməli, o özəyi öz aləmlərində sarsıtmağa çalışırlar. Üçüncü məqsəd də Gürcüstanı təsir altına salmaqdır. Gürcüstan demokratikləşir, Avropaya inteqrasiya edir. Bir sıra azərbaycanlı dissidentlər repressiyadan yayınmaq üçün Gürcüstana gedirlər. Bu da hakimiyyəti narahat edir. O istəmir ki, Gürcüstan öz pozitiv nümunəsiylə Azərbaycanın cazibə mərkəzi olsun. Bu əməliyyat ona görə qurulmuşdu ki, Gürcüstanı şantaj yoluyla repressiv siyasətlərinə ortaq etsinlər, Cənubi Qafqazdakı parlaq nümunəni məhv etsinlər. Növbəti məqsəd dissidentlərin fəaliyyətinə imkan verməmək, bundan istifadə edib daxildəki qüvvələrə qarşı şər, böhtan kampaniyası aparmaq idi. Qurama işlərdir. Baş prokuror səviyyəsində bu işi bizə bağlamaq istəyirlərsə, çıxıb desinlər ki, filan təşkilat AXCP sədrinə filan qədər pul göndərib, Gözəl xanım da filan yerdə filan təşkilatdan o pulu alıb, filan qüvvə də bunu filankəsə çatdırıb. Yoxdur, axı, belə fakt. İftiradan başqa əllərindən heç nə gəlmir.

– Həbsiniz nə qədər realdır?

– Sözümüz sözdür. Həbsimə hazıram. Gözəl xanımın həbsindən sonra nəinki mənim, minlərlə cəbhəçinin həbsdən yayınması yaraşmayan hərəkət olardı. Əksinə, Gözəl xanım həbsdəykən tutulmaq azadlıqda gəzməyin mənəvi yükündən xilas olmaq yoludur.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button