2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Əli Kərimlidən hökumətə mühüm təkliflər

AXCP sədri koronavirus böhranının neqativ təsirini azaltmaq üçün nələri zəruri sayır?

AXCP sədri Əli Kərimli koronavirus böhranının əhaliyə və kiçik, orta biznesə neqativ təsirini azaltmaq üçün təkliflər paketi irəli sürüb. AXCP sədri feysbuk səhifəsində yazır:

Saytların yığılması Saytlarin yigilmasi

“Necə olur ki, müxalifət olaraq biz dövlətin vətəndaşlara kömək etməsini, adambaşına heç olmasa 300 manat ilkin yardım etməsini, özəl sektorda da işçilərin (dövlət hesabına) əmək haqqının təmin edilməsini, biznesə vergi güzəştləri edilməsini, kreditlər və kommunal ödəmələr üçün güzəştlər edilməsini tələb edəndə bunu hökumət və onun yandaşları populizm, təxribat cəhdi sayır, ancaq eyni tədbirləri artıqlaması ilə ABŞ, Almaniya kimi ölkələrin hökumətləri həyata keçirəndə olur insana dəyər verən, rasional siyasət?

ABŞ hökuməti böhran vəziyyətində olan iqtisadiyyatı və vətəndaşları dəstəkləmək üçün 6 trilyon dollar xərcləməyi planlaşdırır. Bu 6 trilyonun 2 trilyonu bilavasitə ehtiyacı olan vətəndaşlara birbaşa ödəniləcək. Yaxşı ABŞ-ın əhalisi də, iqtisadiyyatı da bizdən çox-çox böyükdür. Ona görə də yardımın miqyasını dərk etmək üçün onu keçirək adambaşına. Beləliklə, ABŞ-da nəzərdə tutulan ümümi yardımın miqdarı adambaşına təqribən 18 min dollar, birbaşa vətəndaşlara ediləcək yardım isə adambaşına 6 min dollar nəzərdə tutulur. Almaniya koronavirus böhranı ilə əlaqədar iqtisadiyyatın dəstəklənməsi üçün 750 milyard avro (820 milyard dollar) ayırıb. Yəni Almaniyanın yardım paketi adambaşına təqribən 10 min dollardır. Almaniyada 5 işçisi olan müəssisəyə dövlət 9 min avro, 10 işçisi olana 15 min avro, 50 işçisi olana 25 min avro pul verəcək və s. Əhalisi təqribən bizim qədər olan Avstriyanın 35 milyard avroluq yardım paketi və buna bənzər digər beynəlxalq nümunələrlə ürəyinizi xarab etməyib, keçim Azərbaycandakı vəziyyətə.

Bəli, bütün dünyada olduğu kimi, Azərbaycanda da koronavirus böyük bəladır. Mütləq ciddiyə almaq lazımdır. Ən sərt karantin tədbirlərinə əməl etmək lazımdır. Hökumət də, vətəndaşlar da üzərinə düşəni etməlidir. Ancaq Azərbaycanda sosial-iqtisadi böhran daha da kəskindir və dövlətin təcili və sanballı yardımı zəruridir.

Hazırda milyonlarla soydaşımız üçün ailəni normal yedizdirmək, kommunal xidmətləri, kirayə xərclərini və bank kreditlərini ödəmək dərdi heç də koronavirusdan kiçik dərd deyil. Zarafat deyil, ölkədə 3 milyon nəfərdən artıq işçi qüvvəsinin (onlardan asılı olan ailə üzvlərini də hesablayın) daimi işi yoxdur. Bu adamlar ya tamamilə işsizdirlər, ya özləri özlərini məşğul edirlər, ya da çörəkpullarını gündəlik, özlərini ora-bura vuraraq qazanırlar. İndi hamı kimi evdə oturmağa məcburdurlar. Bəs onlar gündəlik dolanışıq xərclərini necə ödəsinlər? Ərzağı, dərmanı, dezinfeksiya vasitələrini hansı pullarla alsınlar? Özəl sektorda daimi çalışan 700 min nəfərin də problemi ciddidir. Bəli, onlara da ödənişli məzuniyyət verilməlidir. Ancaq aydındır ki, bu qədər insana sahibkarlar (işləmədikləri halda) öz cibindən maaş verə bilməz. Özəl sektorda da işçilərin məcburi məzuniyyət dövründə əmək haqqı almaları dövlət yardımları hesabına təmin edilməlidir.

Beləliklə, dövlətin yardım paketi böhrandan zərər görmüş ayrı-ayrı sektorları dəstəkləməklə yanaşı, konkret olaraq bu tədbirləri də nəzərdə tutmalıdır:

– Sabit, aylıq qazancı olmayanlara adambaşına azı 300 manatdan birbaşa pul yardımı verilməsini;
– Bank kreditlərinin ödənilməsinin ertələnməsini, kredit faizlərinin aşağı salınmasını, böhran dövründə faizlərin hesablanmamasını;
– Kommunal borcların ödənilməsinin ən azı ertələnməsini;
– Pensiya, minimum əmək haqqı və müvinətlərin artırılmasını;
– Kiçik və orta biznesə işçilərinin sayına görə yardım edilməsini;
– Özəl sektorda (ən zəruri sahələr istisna olmaqla) işçilərin məzuniyyətə buraxılmasını və dövlət yardımı ilə əmək haqqlarının təmin edilməsini;
– Uşaqpulu verilməsini”.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button