2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşetİqtisadiyyat

Əli Məsimli: “Niyə xalqın cibinə girərək 1,5 milyard manat zərbə vuranlara kimsə bir söz demir?”

“Azərbaycanda iqtisadiyyatın iflic vəziyyətə qoyulması istiqamətində simptomlar görünür”

24saat.org sabiq baş nazir, millət vəkili, iqtisadçı ekspert Əli Məsimli ilə müsahibəni təqdim edir.

– Əli müəllim, son günlər ölkədə dollar və avronun məzənnəsi sürətlə enir. Buna səbəb nədir?
– Manat dollar nisbətində hər hansı bir dəyişiklik xarici və daxili faktorlarla bağlı məsələdir. İndiki durumda manatın dollara nisbətdə bahalaşmasının nə xarici, nə də daxili amillər baxımından fundamental əsası yoxdur. Bu süni sürətdə, sərt pul kredit siyasətinin ifrat variantını Azərbaycanda tətbiq etməklə, manat qıtlığı yaratmaqla süni şəkildə manatın qiymətini bahalaşdırırlar. Bunun da, heç bir perspektivi yoxdur. Bunu sadəcə manat-dollar ətrafında üskük oyunu kimi qiymətləndirmək lazımdır. Əgər hökumət manatın kursunu etibarlı şəkildə möhkəmləndirmək istəyirsə bu halda məsələyə kompleks yanaşmalıdır. Başqa sözlə, həm pul kredit siyasətinin optimal variantına keçilməli, həm də qeyri neft sektorunun inkişafına yönəlik fikirdə, işdə və reallıqda özünü doğruldan addımlar atmalıdır. Bunun nəticəsində idxalın 3-4 milyard azaldılması, təxminən bu qədər də qeyri neft sektorunun artırılmasına istiqamətli iş aparılmalıdır. Əgər biz 21 fevral 2015-ci il devalvasiyasına qədər ki, on ili götürsək deyə bilərik ki, bu 10 il ərzində Azərbaycan banklarının verdiyi kreditlər hər il üzrə 30 faiz artmaqla üst-üstə 90 milyard manatdır. Üstəlik 2015-2016-cı illəri bunun üzərinə gələndə 128 milyard manata qədər kredit olub. Gəlin görək bu 128 milyard manatın nə qədərini real olaraq istehsalın inkişafına yönəldiblər? Əgər bu maliyyənin 10 faizi istehsalın inkişafına yönəldilsəydi indi bizim ayda neftdən kənar sahənin idxalı ildə 1,2 milyard deyil, 3,5-4 milyard dollardan çox olardı. Əgər bunu edərlərsə manatın etibarlı şəkildə sabitliyini təmin edə bilərlər. Yox, əgər bunu etməyəcəklərsə, bir müddətdən sonra camaatın maaşlarını, təqaüdləri vermək, istehsalı inkişaf etdirmək üçün büdcədə tutulan pulları buraxmaq lazımdır və s. Bax, bu maliyyə buraxılandan sonra manat yenidən qiymətdən düşməyə başlayacaq. Məsələn, süni sürətdə Neft Fondundan makro iqtisadi sabitliyi qorumaq üçün yönəldilən 2,5 milyard manatın ekvivalenti olan haradasa 4,2 milyard dolların hesabına indi müşahidə edilən prosesi uzatmaq olar. Amma bu divar qurtarana qədər. Divar qurtarandan sonra neyləyəcəklər? Odur ki, paralel sürətdə neftdən kənar sahəni inkişaf etdirmək lazımdır ki, bu proses etibarlı olsun. Sərt pul-kredit siyasəti uzağı 1,6 il özünü doğruldur, bu müddətdən sonra əks effekt verir, iqtisadiyyatı iflic vəziyyətə qoyur. Azərbaycanda iqtisadiyyatın iflic vəziyyətə qoyulması istiqamətində simptomlar görünür. Azərbaycan hökuməti bu məsələləri nəzərə almalıdır.

Saytların yığılması Saytlarin yigilmasi

– İddia edirsiniz ki, inzibati resurslardan istifadə etməklə və sərt pul kredit siyasətinin ifrat variantını tətbiq etməklə manatı süni sürətdə bahalaşdırırlar. Bunu etməkdə məqsəd və niyyət nədir?
– Əvvəla deyim ki, burada hər hansı bir uduşdan söhbət gedə bilməz. Sadəcə olaraq süni sürətdə manatın məzənnəsi saxlanılır və illüziya yaranar ki, manat sabitləşir. İndiki vaxtda manatın sabitliyinin daxili və xarici fundamental əsası yoxdursa və bunlar manatın xeyrinə işləmirsə, deməli manatın sabitləşməsi barədə düşünmək illüziyadır.

– Sizə elə gəlmirmi ki, burada həm də bir “oyun” var. Dollar və avronun məzənnəsini bahalaşdırıb camaata satır, daha sonra manatı gücləndirərək insanlarda çaşqınlıq yaradaraq xarici valyutanı aşağı qiymətə insanlardan geri alırlar?
– Əlbəttə, bunu bir variant kimi götürmək olar. Mən qeyd etdim ki, 2015-ci ilin birinci devalvasiyasına qədər ki, son 10 ilin hər ilində orta hesabla kreditin artım tempi 30 %-dən yuxarı idi. İndi kreditin verilmə tempi 20 % çox aşağı düşüb. Bir çox banklar isə kredit vermir. Əgər bank kredit vermirsə, onda onun hansı funksiyası qalır-sözsüz ki, valyuta dəyişmə funksiyası. Bank bunu yerinə yetirəndə sözsüz ki, aradakı fərqdən udmağa çalışacaq. 2017-ci ilin maliyyə sektorunda olan hadisələrin içərisində 4 % marjı qaldırılıb. Beləcə manatın alış və satışı arasındakı fərqdən daha çox qazanma aktual olaraq qalır.

– Deyirsiniz ki, Azərbaycan iqtisadiyyatının iflic olması simptomlarını görürsünüz. Bu simptomlar nədən ibarətdir?
– Bu simptomlar bilavasitə ölkə iqtisadiyyatını təmin etmək üçün zəruri olan manatın qıtlığında görünür. Eləcədə Azərbaycan iqtisadiyyatının real sektorunun inkişafında, məsələn, müəyyən sahələrdə proqressiv dəyişikliklər varsa, müəyyən sahələrdə isə yenə də geriləmə davam edir. Həmçinin bu simptomlar bizim neftdən kənar bir sıra məhsullarımızın xaricə ixracında artım olduğu kimi bir sıra məhsullar üzrə idxalda artım özünü göstərir. Əgər idxalda artım varsa, deməli yerli sahələrdə problem var.

– Azərbaycanda bir neçə ay əvvəl xarici valyuta sürətlə bahalaşdı. 1 ABŞ dolları 1 manat 90 qəpiyə qədər qalxdı və bu zaman ərzaq, qida məhsullarının qiyməti az qala hər gün qalxırdı. Arqumentdə bu idi ki, məhsullar xaricdən gəlir və dollarla alınır. İndi faktiki olaraq dolların məzənnəsi 1.72-dən baha deyil. Bəs nəyə görə, ərzaq məhsulları, inşaat materialları və digərlərinin qiyməti aşağı salınmır?
– Dünyanın heç bir ölkəsində milli valyutası dollara nisbətən neçə faiz dəyişirsə, ərzaq və digər məhsulların qiymətini o faiz qədər qaldırmırlar. Belə əcaiblik ancaq Azərbaycanda özünü göstərir. Mən bu haqda Milli Məclisdə məsələ qaldırmışam. Demişəm ki, indiyə qədər arqument bu idi ki, dollar qalxır. Artıq fevralın əvvəllərində dolların bahalaşması dayanıb, manat süni də olsa dəyər qazanıb, sizdə anbardakı mallarınızı belə satmışınız. Bəs niyə qiymətlər qalxır? Təsəvvür edin ki, haradansa bir geri zəkalı tapmışdılar və onu sarı mətbuata çıxararaq mənə qarşı bir həcv yazdırmışdılar. Həmin “ekspert” SSRİ vaxtı xalq nəzarətində işləyib və mağazalardan 1-2 rubl yığıb. Gücləri belə şeylərə çatırdı. Mən gözəl bilirəm ki, milli valyutanın dollara nisbətən məzənnəyə uyğun olaraq qiymətlərin bu şəkildə artırılması yoxdur. Əgər qiyməti artırsalar bir müddətdən sonra bu məhsulu sata bilməyəcək, bankrot olacaqlar. Normal biznesmen ona getmir. Əksinə görəndə ki, bu qiymətə sata bilmir, dərhal qiyməti aşağı salır. Amma Azərbaycanda monopoliya olduğundan, monopoliya ətrafında möhtəkir qrup yarandığından və onlara bir kimsə söz demədiyi üçün qiyməti 1 % qaldırmaqla hər il Azərbaycan ailələrinin büdcəsinə 300 milyon manat zərbə vururlar. Amma qiymət artımı 1 faizlə bitmədiyi üçün hər il Azərbaycanda ailələrin büdcəsinə 1,5 milyarddan çox zərbə vurulduğunu deyə bilərik. Kimsə kiminsə cibinə girib 1-2 manat götürəndə həmin şəxsə iş verirlər. Bəs niyə Azərbaycan xalqının cibinə girərək 1,5 milyard manat zərbə vuranlara kimsə bir söz demir? Odur ki, aidiyyəti qurumlar bundan nəticə çıxarmalıdır. Əgər onlar bu məsələyə göz yumurlarsa deməli onlar bu prosesin iştirakçılarıdır.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button