2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Əli Nasirin daxilən hansı əzablar çəkdiyi gözlərimin qarşısına gəlir

Aslan İsmayılov

Azadlıq aşiqi, Azərbaycanın müstəqilliyi uğrunda fədakar mübariz, “Ey Ana Vətən” marşının müəllifi və ifaçısı, şair Əli Nasir doğulduğu doğma yurdu Lənkəranda torpağa tapşırıldı. Allah rəhmət eləsin!

Əli Nasirlə ilk tanışlığım 8 ya 9 iyun 1993-cü ildə, Azərbaycanda faktiki hakimiyyətsizlik dövrü, Lənkəran şəhərində oldu. Bu barədə əvvəllər ətraflı yazdığımdan bircə epizodu diqqətinizə çatdırıram. Lənkəran şəhəri və ətraf rayon rəhbərlərinin iştirak etdiyi yığıncaqda bölgədə vəziyyətin arzuolunmaz istiqamətə yönləndiyi barədəki çıxışıma rayon rəhbərləri heç bir narahatçılığın olmadığını bildirdilər. Bu vaxt əvvəllər tanımadığım Əli Nasir tribunaya çıxıb zala üzünü tutaraq sərt şəkildə dedi: “yalan danışmayın, oyun oynamayın, bu yolla müstəqilliyimizi itirəcəyik”. Zalda oturanlardan bir nəfər də etiraz etmədi. Bu cansız-cüssəsiz insanda bu qədər böyük iradə, mətinlik, vətənpərvərlik ruhu məni valeh etdi. Sonralar dəfələrlə görüşdük, dərdləşdik, onu çox yaxşı tanıdım. Əminəm ki, ona separatçı damğası vuranlar, Talış milliyətçisi etmək istəyənlər onun kim olduğunu elə də başa düşmədilər. O, böyük İnsan idi. Mənsub olduğu Talış xalqının xoşbəxtliyini nə qədər istəyirdisə, başqa xalqları da o qədər xoşbəxt görmək istəyirdi. Onunla tez-tez görüşməsək də, münasibətlərimiz çox səmimi idi. Bir dəfə ona “Böyük Talış xalqının Böyük oğlu” deyə müraciət edəndə cavabında “Böyük Türk oğlu, mən Talış olduğum qədər Türkəm. 5 kitab müəllifiyəm və kitablarımın hamısı Türk dilində yazılıb. “Qana qan” poemasını erməni terroruna qarşı yazmışam. Qarabağ alınmayınca nə mən böyük Talış, nə də sən böyük Türk deyilsən” dedi. O, Azərbaycanın Oğlu idi, Vətənə sevgisi sonsuz idi. Elə buna görə də onun həyatı bir çoxları kimi məhrumiyyətlər içində keçdi…

Saytların yığılması Saytlarin yigilmasi

Bu gün yas yerində oğlu Ceyhunla üz-üzə oturanda özümü sanki günahkar saydım. 60 illik yubileyi ərəfəsində Əli Nasir ofisimə gəldi. Nizami rayonunda şadlıq evlərinin birində Yubiley gecəsi keçirmək istəyirdi. İzahı da qısa idi: “Yubileyi Lənkəranda keçirmək istəyirlər, mən isə Bakıda istəyirəm, çünki mən həyatımı bir bölgəyə yox, bütün Azərbaycana həsr etmişəm”. Bu gün saysız hesabsız cinayətləri ilə hamını qorxuya salan keçmiş MTN rəhbərləri isə tədbiri ləğv etdirmişdi. MTN, Prezident Administrasiyasının məsul vəzifəli şəxsləri ilə elə yanındaca danışırdım. Danışdığım şəxslərlə mübahisəmi görüb, məni sakitləşdirməyə başladı. Bir neçə gün bu barədə danışıqlar apardım. Bir dəfə də mənə zəng edib “necə oldu?” sualını vermədi. Hər dəfə özüm zəng edib, məsələnin yaxın günlərdə çözüləcəyini bildirəndə “qardaş, xahiş edirəm, narahat olma, onlarla mübahisə etmə, başına oyun açarsan” deyirdi. Sonda özü zəng edib, artıq tədbirin Lənkəranda təşkil edildiyini bildirdi. Əli Nasirə qarşı həmin haqsızlıqları edənləri heç vaxt Vətən, Millət düşündürməyib. Məhz belələri Vətən xainləri, separatçılıq toxumunu səpənlərdir. Məhz belələri əlikramları yetişdirən, Azərbaycanda yaşayan insanlar arasında düşmənçilik toxumu səpənlərdir. Bu gün həmin anları yada saldıqca, ona qarşı olan haqsızlıqlara görə Əli Nasirin daxilən hansı əzablar çəkdiyi gözlərimin qarşısına gəlir. İlahi Ədalət Əli Nasirə qarşı haqsız olanların cəzasını verdi. Əminəm ki, gələcək nəsillər də onların cəzasını verəcək, ən azından Əli Nasirə layiqli qiymətini verməklə.
Ruhun şad olsun!

Yazı müəllifin facebook səhifəsindən götürülüb

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button