2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Əliyev Fransadan üzr tələb etdi

Yayımlandı: 2 Mart 2023 18:30

O, varlı ölkələri “peyvənd millətçiliyi”ndə ittiham edib

Martın 2-də Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü keçirilib.

Saytların yığılması Saytlarin yigilmasi

Sammitdə 160-a yaxın ölkənin və beynəlxalq təşkilatların nümayəndələri qatılıb.

Həmçinin görüşdə 60-a yaxın ölkənin hökumət başçıları və beynəlxalq təşkilatların rəhbərləri iştirak ediblər.

Azərbaycan Prezidenti İlham Əliyev Zirvə görüşündə iştirak edib.

Məlumatı Azərbaycan Prezidentinin rəsmi saytı yayıb.

İlham Əliyev görüşdə iştirak edən Əlcəzair Xalq Demokratik Respublikasının Baş naziri Ayman Benabderrahmanı, Keniyanın Baş naziri Uakylif Musalia Mudavadini, Tanzaniyanın Vitse-prezidenti Filip İsdor Mpanqonu, Kuba Respublikasının Vitse-prezidenti Salvador Antonio Valdes Mesanı, Birləşmiş Ərəb Əmirliklərinin Ali Şurasının üzvü, Ras əl-Xeymə Əmirliyinin hakimi Əlahəzrət Şeyx Saud Bin Saqr Al Qasimini, Qabonun Vitse-prezidenti xanım Rouz Kristian Ossuka Rapondanı, Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 77-ci sessiyasının prezidenti Tsaba Körösini, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri xanım Jelka Tsviyanoviçi, İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidi, Liviyanın Prezident Şurasının sədri Məhəmməd Yunis Əl-Mənfini, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovu, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevi qarşılayıb.

Sammitə sədrlik edən Azərbaycan Prezidenti bir sıra regional və geosiyasi mövzulara toxunub.

Əliyevin sözlərinə görə, dövlətlərarası münasibətlərdə beynəlxalq hüquq normalarının pozulması halları müşahidə olunur.

O, həmçinin bildirib ki, pandemiyanın başlamasından dərhal sonra COVID-19-a qarşı qlobal səyləri səfərbər etmək təşəbbüsü ilə çıxış edən məhz Qoşulmama Hərəkatı olub:

“Biz bəzi varlı ölkələrin həyata keçirdiyi “peyvənd millətçiliyi”ni xüsusilə pandemiya ilə mübarizədə ciddi maneə kimi qiymətləndirdik. Nəticədə Qoşulmama Hərəkatı bütün ölkələrin peyvəndlərdən ədalətli və vahid şəkildə istifadəsini təmin etmək üçün 2021-ci ildə BMT-nin İnsan Hüquqları Şurasında və BMT Baş Assambleyasında qəbul edilmiş iki qətnamənin təşəbbüskarı oldu”.

Ölkə başçısı qeyd edib ki, Qoşulmama Hərəkatının pandemiya ilə mübarizə üçün qlobal səylərin səfərbər edilməsində liderliyi təşkilatın nüfuzunu və məsuliyyətini bir daha nümayiş etdirib:

“Biz Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin yaradılması təşəbbüsü ilə çıxış etdik. Şəbəkənin ilk iclası 2022-ci ilin iyun ayında Bakıda keçirilib. Bundan başqa, 2022-ci ilin iyulunda Şuşa Razılaşması əsasında Qoşulmama Hərəkatının Gənclər Təşkilatı yaradılıb. Təşkilatın daimi katibliyi Bakıda yerləşəcək. 
Məqsədimiz institusional davamlılıq yaratmaq və Azərbaycandan sonra sədrliyi təhvil alacaq üzvlərə uğurlu miras qoymaqdır”. 

Əliyev təşkilatın beynəlxalq təhlükəsizliklə bağlı məsələlərdə rolundan da danışıb:

“Son bir neçə onillikdə mövcud olan beynəlxalq təhlükəsizlik arxitekturası hazırda köklü dəyişikliklərlə üzləşir və multilateralizm təhlükə altındadır. Beynəlxalq hüququn norma və prinsiplərinin aşınması beynəlxalq düzəni daha da təhdid edir. Suverenliyin və ərazi bütövlüyünün pozulması, dövlətlərin daxili işlərinə müdaxilə halları daha çox müşahidə olunmaqdadır”.

“Aparıcı beynəlxalq təşkilatların qərarları ya icra olunmur, ya da selektiv yanaşma və ikili standartlar tətbiq edilir Yeni dünya düzəni yenidən formalaşmaqdadır. İndi dünya “Soyuq müharibə”nin sona çatmasından bəri baş verən ən ciddi Şərq-Qərb qarşıdurmasının şahididir ki, onun fəsadları dünyanın qalan hissəsində də hiss olunur”, – deyə o bildirib.

Onun fikrincə, Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat kimi beynəlxalq arenada daha nəzərəçarpan və səmərəli rol oynamalı, yeni dünya düzəninin yenidən formalaşmasında fəal iştirak etməlidir:

“Təəssüf ki, bu gün biz neokolonializm meylinin artdığını müşahidə edirik. Tarixi müstəmləkəsizləşdirmə prosesi nəticəsində yaranmış Qoşulmama Hərəkatı bəşəriyyətin bu rüsvayçı səhifəsinin tamamilə aradan qaldırılması istiqamətində səylərini birləşdirməlidir”.

Əliyev çıxışında Fransanı da ittiham edib və rəsmi Parisdən üzr tələb edib:

“Qoşulmama Hərəkatı Qəmər Adaları İttifaqının Fransanın müstəmləkə hakimiyyəti altında qalmaqda davam edən Mayot adası üzərində şəksiz suverenliyini həmişə güclü dəstəkləmişdir. Qoşulmama Hərəkatının təməl sənədlərində əks olunduğu kimi, biz Fransa hökumətini Yeni Kaledoniya xalqının və Fransanın dənizaşırı icma və ərazilərindəki digər xalqların hüquqlarına hörmət etməyə çağırırıq. Fransanın Avropadan kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır. Biz, həmçinin Fransanı Afrika, Cənub-Şərqi Asiya və digər ərazilərdə Qoşulmama Hərəkatının üzvü olan ölkələrə qarşı müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə, eləcə də soyqırımı aktlarına görə üzr istəməyə və məsuliyyətini etiraf etməyə çağırırıq”.

Fransanın Bakıdakı səfirliyi və Yelesey sarayı Əliyevin çıxışına hələ ki münasibət bildirməyib.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button