2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Əliyevin Brüssel səfərinə şərhlər

Bakı/17.12.21 Dekabrın 15-də prezident İlham Əliyev Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində sammitində iştirak edib. 

Sammitinin yekunlarına görə qəbul olunmuş birgə bəyannamədə Belarusda siyasi vəziyyət haqqında ayrıca paraqraf yer alıb. Azərbaycan həmin 11-ci paraqrafa qoşulmaqdan imtina edib. Bunu ölkənin daxili işinə qarışmaq kimi izah edirlər. Bəzi ekspertlərə görə, insan haqları heç bir ölkənin daxili işi ola bilmədiyinə görə bu izah, sadəcə, bəhanədir və Azərbaycan Qərbə inteqrasiyasından uzaqlaşaraq Rusiya və Belarus tərəf doğru gedir. 

Azərbaycanla Avropa İttifaqı arasında tərəfdaşlıq sazişi ilə bağlı danışıqlar 2017-ci ildən başlansa da, hələlik saziş imzalanmayıb. 

Saytların yığılması Saytlarin yigilmasi

Azərbaycan Qərbə inteqrasiyasından uzaqlaşırmı? Azərbaycan öz seçimini edibmi?

Prezident İlham Əliyev Avropa İttifaqının “Şərq Tərəfdaşlığı”nın VI sammitində çıxış edərkən bildirib ki, Azərbaycanla Avropa İttifaqı arasında yeni tərəfdaşlıq sazişi üzərində işin 90 faizdən çoxu artıq başa çatdırılıb: “Sənədin qalan hissəsinin qarşıdan gələn dövr ərzində aparılacaq danışıqlar nəticəsində yekunlaşdırılacağına ümidvarıq”. Eyni zamanda prezident Azərbaycanın Avropa İttifaqının 9 üzv dövləti ilə strateji tərəfdaşlığa dair sənədlər imzaladığını vurğulayıb, Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsindəki əməkdaşlığı qeyd edib, bu münasibətlərin də strateji tərəfdaşlıq xarakteri daşıdığını bildirib.

Azərbaycan Xarici İşlər Nazirliyindən isə bildirilib ki, “Şərq Tərəfdaşlığı” zirvə toplantısının birgə bəyannaməsində Azərbaycan üçün əhəmiyyət kəsb edən bir sıra məsələlər əks olunub, o cümlədən Avropa İttifaqı  bütün tərəfdaş ölkələrin, həmçinin Azərbaycanın ərazi bütövlüyünü onun beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində dəstəkləyib, Azərbaycan – Avropa İttifaqı  yeni ikitərəfli saziş layihəsi üzrə davam edən danışıqlar alqışlanıb,  Avropa İttifaqına  qaz təchizatı mənbələri və marşrutlarının şaxələndirilməsinə verdiyi töhfə baxımından “Cənub” qaz dəhlizi layihəsinin yekunlaşdırılması alqışlanıb. 

Lakin Xarici İşlər Nazirliyindən qeyd olunub ki, birgə bəyannamədə Belarusla bağlı əks olunmuş fikirlərin Azərbaycanın xarici siyasət prinsiplərinə uyğun olmaması səbəbindən Azərbaycan birgə bəyannaməni öz qeyd-şərtilə qəbul edib. Yəni, Azərbaycan Belarusla bağlı 11-ci bənddəki mövqeyi bölüşmədiyini bildirib.

Milli Məclisin deputatı Azər Badamov Turan-a bildirib ki, Azərbaycanın Avropa İtifaqı ilə münasibətləri çox yüksək səviyyədədir: “2018-ci ildə Avropa İttifaqı ilə “Tərəfdaşlıq prioritetləri” sənədi paraflanıb. Sazişin isə 90 faizi razılaşdırılıb, 10 faizi qalıb ki, onların da razılaşması öz həllini tapır. Düşünürəm ki, qısa bir dövr ərzində bu məsələlər öz həllini tapandan sonra Avropa İttifaqı ilə münasibətlərimiz daha yüksək səviyyəyə gələcək, qeyd olunan saziş imzalanacaq. Bu da bizim Avropa İttifaqı ilə münasibətlərimizin yeni mərhələsi deməkdir”.

O qeyd edib ki, Azərbaycan Avropa İttifaqının üzv olan dövlətlərlə ikitərəfli münasibətlərin genişləndirilməsində maraqlıdır:  “Ölkəmiz Şərq Tərəfdaşlığından kənar həmin dövlətlərlə ikitərəfli münasibətlər qurur və inkişaf etdirir. Azərbaycan Avropa İttifaqı ilə həmçinin “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində əməkdaşlıq edir”.

Deputat vurğulayıb ki, bu gün Azərbaycan Avropa məkanının enerji təhlükəsizliyində yaxından iştirak edir: “2020-ci il dekabrın 31-də Transatlantik TAP layihəsi istismara verildi və bu müddətdə Azərbaycandan Avropa İttifaqına 7 milyard kubmetrdən çox qaz ixrac olunub. Gələn ilə bunun 9 milyarda, 2023-cü ildə isə 11 milyarda çatdırılması nəzərdə tutulur. Digər bir istiqamət – Avropa İttifaqına daxil ölkələr Azərbaycan üçün yeni bazardır. Azərbaycan üçün ənənəvi bazar var – Rusiya və MDB ölkələridir, amma gələcəkdə biz Avropa İttifaqı bazarı iləl öz ticari əlaqələrimizi genişləndirməliyik. Saziş imzalanandan sonra bu istiqamətdə yeni bir reallıq yarancaq”.

Onun sözlərinə görə, digər məsələ Avropa İttifaqının ölkələri ilə viza rejimi və bunun yumşalmasıdır: “Bu məsələ müzakirə olunur. Son sammitdə qəbul olunmuş bəyannamənin bir paraqrafı da viza rejimi ilə bağlı yeni yanaşmanın qoyulmasıdır. Saziş qüvvəyə minəndən sonra viza rejimi məsələsi müzakirə oluna bilər”.

Siyasi şərhçisi Azər Qasımlı deyib ki, Azərbaycanın Qərb və ya Rusiya ilə münasibətində prioritet məsələsi Azərbaycanda hakimiyyətdə kimin olmasından asılıdır.

Onun fikrincə, İlham Əliyevin Belarusla bağlı paraqrafa imza atmayacağı bəlli idi: “Əgər hakimiyyətdə avtoritar rejimdirsə, seçim aydındır. Şərq Tərəfdaşlığı proqramı özü- özlüyündə avtoritarizmə zidd olan bir proqramdır. Amma məsələ o yerə gəlib çatıb ki, Azərbaycan bir dövlət olaraq orada iştirak edir və problem də odur ki, avtoritar ölkə demokratik platformada iştirak edir. Başqa nə gözləyə bilərdilər ki, İlham Əliyevi ora çağıranda? Təbii ki, İlham Əliyev öz dostuna qarşı belə şeyə imza atmaz. Postsovet məkanında avtoritar rejimlər bir birinə dəstək verir”.

Politoloq qeyd edib ki, “Şərq Tərəfdaşlığı” proqramı elan ediləndə Azərbaycan, Moldova, Gürcüstan, Ermənistan və Ukraynanın yanında Belarusu da görürdülər: “Belarus başqa bir yol seçdi və bu əlaqələri tamamilə qırdı. Əgər dəyərlər prinsipindən və hətta geopolitik prinsipindən yanaşsaq Lukaşenko ilə İlham Əliyev arasında ciddi fərq yoxdur. Lukaşenko da məlum hadisələrdən qabaq ara-sıra Qərblə Rusiya arasında balans siyasətini yürütməyə çalışırdı. İlham Əliyev də bunu edir”.

Onun sözlərinə görə, Qərbin siyasəti əsasən bu tipli ölkələri prosesə qatmaq, yavaş-yavaş olsa da, nələrisə dəyişmək və yaxud da tam qapanmasına imkan verməmək və İlham Əliyev kimi liderlərin Rusiyaya doğru tam getməsinə imkan verməməkdən ibarətdir: “Onların hazırda qəbul etdikləri yol bundan ibarətdir. Təbii ki, onlar strateji olaraq Azərbaycanı demokratik görmək istəyirlər, amma nə qədər ki Ukrayna problemi var, Cənubi Qafqazda olan ölkələrin problemlərini hələlik ikinci plana çəkiblər”.-0—

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button