2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Əliyevin Qarabağda hərbi əməliyyatla bağlı bəyanatına reaksiya: “Rusiya bunu qəbul etməyəcək”

“Məntiqli bəyanatdır, Azərbaycan reinteqrasiya prosesini aparır”

Azərbaycan Prezidenti İlham Əliyev mayın 28-də Laçına səfəri zamanı Qarabağda özlərini müstəqil respublika elan edən erməni sakinlərə hansı hallarda güzəştlərin ola biləcəyindən danışıb.

Dövlət başçısı özünü respublika adlandıran Qarabağ rejimini təslim olmağa çağırıb.

Saytların yığılması Saytlarin yigilmasi

O bildirib ki, əks halda Azərbaycanın bölgədə istənilən əməliyyatı keçirməyə imkanı var:

Hər kəs yaxşı bilir ki, bu gün o bölgədə istənilən əməliyyatı keçirmək üçün hər bir imkanımız var. Ona görə “parlament” buraxılmalıdır, özünü “prezident” adlandıran ünsür təslim olmalıdır, bütün “nazirlər”, “deputatlar” və digərləri öz vəzifələrini artıq kənara qoymalıdırlar. Ancaq o təqdirdə onlara güzəşt oluna bilər. Ancaq o təqdirdə hər hansı bir amnistiyadan söhbət gedə bilər”.

Bu bəyanatdan bir gün sonra Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyri-qanuni erməni silahlı dəstələrin uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstərdiyi bildirilir.

Foto: Müdafiə Nazirliyi

Qeyd olunurdu ki, mayın 29-da qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri kənd təsərrüfatı işləri adı altında Ağdam, Xocavənd, Şuşa, Laçın və Kəlbəcər rayonları istiqamətlərində uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər:

Azərbaycan Ordusu təxirəsalınmaz tədbirlər nəticəsində aparılan mühəndis işlərini dərhal dayandırıb”.

Elə dünən Ermənistan Xarici İşlər Nazirliyi (XİN) İlham Əliyevin bəyanatına reaksiya verib.

Ermənistan Xarici İşlər Nazirliyi. Mənbə: “mfa.am”

Nazirlik təəssüflənir ki, Azərbaycan Prezidenti beynəlxalq mexanizm çərçivəsində Dağlıq Qarabağın nümayəndələri ilə dialoqa başlamaq əvəzinə, onları repressiya və cinayət təqibi ilə hədələyir:

“Eyni zamanda aydın olur ki, Azərbaycan mövcud problemləri həll etmək istəmir, əksinə “Dağlıq Qarabağda erməni olmasın, Dağlıq Qarabağ problemi olmasın” prinsipi ilə irəliləməyə üstünlük verir. Danılmazdır ki, Azərbaycanın ərazi bütövlüyünün tanınması Dağlıq Qarabağ əhalisinə qarşı etnik təmizləmə aparmaq səlahiyyəti kimi şərh edilə bilməz. Ermənistan beynəlxalq ictimaiyyətin, o cümlədən vasitəçilik missiyasını yerinə yetirən aktorların diqqətini ona cəlb edir ki, Azərbaycan Prezidenti öz bəyanatı ilə Dağlıq Qarabağ əhalisinə qarşı növbəti təcavüzkar hərəkətə zəmin hazırlayır”.

Azərbaycan Xarici İşlər Nazirliyi isə Ermənistan XİN-in bəyanatını əsassız sayır və rədd edir:

Foto: Azərbaycan Dövlət Televiziyası

“Bu bəyanat Azərbaycan ərazilərini 30 il işğal altında saxlayan, azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirən, şəhər və kəndləri viran qoyan Ermənistanın, əraziləri işğaldan azad etdikdən sonra yenidənqurma işləri aparan, kütləvi şəkildə vəhşicəsinə qovulmuş əhalinin geri qayıtması üçün bütün şəraiti yaradan Azərbaycanın qısa müddətdə gördüyü işləri həzm edə bilməməsinin təzahürüdür. Bölgədə sülh və sabitliyə hazırlıq niyyəti saxta çağırış və vədlərlə deyil, real addımlarla ölçülür. Yaxşı olardı, Ermənistan sülh yaradılması səylərinə maneçilik törətmək, saxta və yalançı bəyanatlar vermək əvəzinə, Azərbaycanın Qarabağ bölgəsi daxil ərazi bütövlüyünə və suverenliyinə sözdə deyil, əməldə riayət etsin”.

İlham Əliyevin açıqlamasını Meydan TV-yə şərh edən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov isə belə deyir:

Məntiqli bəyanatdır. Azərbaycan reinteqrasiya prosesini aparır və beynəlxalq praktikada da bunun nümunələri var. Məsələn, Çeçenistanda buna bənzər hansısa hadisələr baş verdi. Rusiya bir neçə dəfə amnistiya elan etdi, həmin sənədə düşən insanlar bu və ya digər vəzifələrdə çalışmaq hüququ qazandı”.

Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov
Tofiq Zülfüqarov, Foto: Axar.az

Hərbi əməliyyatlara gəlincə, T.Zülfüqarov hesab edir ki, əvvəl bu cür bəyanatlar səsləndirilir və ardınca reaksiyaya uyğun olaraq seçim edilir:

“Yəni əks yol seçənlər və Azərbaycanla yaşamaq istəyənlər arasında seçim ediləcək. Əgər güc tətbiq edərkən müqavimət göstəriləcəksə, bu, terrorçuluq sayılır. Bilirsiniz ki, beynəlxalq təcrübədə terrorçuluğa aid nəzərdə tutulan tədbirlər görülməlidir. Məsələn, İspaniyada və Türkiyədə belə addımlar atılıb”.

Siyasətçi Azər Qasımlı İlham Əliyevin açıqlamasını ciddi sayır:

Dövlət başçısı açıq tərzdə deyib ki, bunları etməsəniz, əməliyyat keçirəcəyik. Sadəcə, açıqlamada əməliyyatın nə vaxt keçiriləcəyi haqda konkretlik yoxdur, amma hədə-qorxu var”.

Əslində, normal deyilmiş fikirdir. Ancaq nə Rusiya, nə də Qərb buna müsbət yanaşacaq. Onlar hərbi əməliyyatı etnik təmizləmə kimi qəbul edəcək, hakimiyyət də bunu yaxşı bilir. 2025-ci ilə qədər rəsmi Bakı belə bir addım atmayacaq”, – deyə Qasımlı əlavə edib.

Azər Qasımlı deyir ki, Rusiya sülhməramlıları Dağlıq Qarabağda olduğu müddətdə Azərbaycanın orada hərbi əməliyyat keçirməsi inandırıcı görünmür:

Azər Qasımlı
Azər Qasımlı, Foto: Meydan Tv

Əvvəla, Rusiya bunu qəbul etməyəcək, çünki əraziyə nəzarət sülhməramlılardadır və bununla bağlı 2010-cu ildə bəyanat imzalanıb. Onsuz da son 2 il də Moskva Azərbaycan hakimiyyətinə güzəştlərə gedib. Amma bu cür güzəştə gedəcəyinə inanmıram”.

Mayın 25-də Moskvada Rusiya, Azərbaycan və Ermənistan rəhbərlərinin üçtərəfli görüşü keçirilib.

Görüşdə hər üç ölkənin Baş nazirlərinin müavinlərinin gələn həftə bir araya gələcəkləri razılaşdırılıb.

Brüssel və Vaşinqton görüşü

Mayın 14-də Brüsseldə Azərbaycan və Ermənistan liderləri Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə görüşüblər.

Görüşdən sonra bəyanat yayan Şarl Mişel Brüssel danışıqlardan məmnun qaldığını ifadə edib.

Bəyanatda qeyd olunur ki, liderlər Cənubi Qafqazda sülhün bərqərar olmasına hazırlığı müzakirə ediblər.

“ABŞ-da sülh müqaviləsi ilə bağlı son müsbət danışıqlardan sonra Ermənistan və Azərbaycan arasında hərtərəfli sülh sazişinin imzalanması istiqamətində qəti addımların atılması üçün səylər saxlanılmalıdır”, – Şarl Mişel deyib.

Mayın 1-4 tarixlərində Azərbaycan və Ermənistan xarici işlər nazirləri Vaşinqtonda görüşmüşdü.

ABŞ-ın Dövlət katibi Entoni Blinken mayın 4-də keçirdiyi mətbuat konfransında Azərbaycan və Ermənistanın davamlı sülh sazişi istiqamətində nəzərə çarpacaq irəliləyiş əldə etdiyini bildirmişdi.

Münaqişənin qısa xronikası

Azərbaycan və Ermənistan arasında olan Qarabağ münaqişəsinin ilkin mərhələsi 1988-ci ildə başlayıb.

Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayan və 1994-cü ildə imzalanan atəşkəs razılaşması ilə bitən Birinci Qarabağ müharibəsi zamanı Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində isə Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı üçtərəfli birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Hazırkı mərhələdə ərazidə tez-tez atəşkəs pozulur, hətta günlərlə sürən döyüşlər baş verir.

Nəticədə hər iki tərəf itki verir və buna görə bir-birlərini günahlandırırlar.

Meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button