2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Əliyevin sərəncamlarda yaşayan islahatları

Azadlıqların olmadığı ölkədə investorları qorumaq mümkündürmü?

Bəlkə də dünyada Azərbaycan prezidenti qədər sərəncam imzalayan, fərman verən ikinci ölkə başçısı yoxdur. İstənilən gün xəbər saytlarına nəzər salanda, yeni sərəncamlarla gözlərimiz qızarır. Amma bugünə qədər hər hansı sərəncama əməl olunduğunu, hər hansı fərmanın yerinə yetirildiyini müşahidə etməmişik. Daha doğrusu, yalnız hökumətin maraqlarına xidmət edən sərəncam və fərmanlar şaxələnə bilir. Bildiyiniz kimi son dövrlər xeyli səs-küylü addımlar atılıb. Məsələn, Apellyasiya Şuraları yaradılıb, Dayanıqlı İnkişaf Şurası yaradılıb, Maliyyə Nəzarəti Komitəsi yaradılıb, bəzi nazirliklər birləşdirilib, bəzi nazirlər “brak” çıxıb və yeniləri təyin olunub, cəzaların humanistləşdirilməsiylə bağlı qanunlar qəbul olunub, qənaət rejiminə keçildiyi bəyan edilib, yol xəritələri hazırlanıb və.s

Amma bütün bu “islahat proqramları”nın bəhrəsini görmək mümkün olmayıb. Daha dəqiq ifadə etsək vəziyyət daha da pisləşib. Təkcə Hesablama Palatasının hesabatlarına, Statistika Komitəsinin rəqəmlərinə nəzər salsaq görərik ki, bütün sahələrdə sürətli tənəzzül hökkm sürüb. Yəni, yeni yaradılan qurumlar, sərəncam və fərmanlar kağız parçasından ibarət olub, ölü doğulub.

Saytların yığılması Saytlarin yigilmasi

Bugünlərdə isə ölkə başçısı yeni bir sərəncam imzaladı. Azərbaycanda “İnvestisiya fəaliyyəti haqqında” yeni qanun hazırlanacaq. Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikasında əlverişli investisiya mühitinin formalaşdırılması məqsədilə Nazirlər Kabineti, “İnvestisiya fəaliyyəti haqqında” və “Xarici investisiyanın qorunması haqqında” Azərbaycan Respublikası qanunlarının əsasında, beynəlxalq təcrübəni nəzərə almaqla, yeni “İnvestisiya fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin. Guya, bu sərəncamın məqsədi iqtisadiyyata qoyulan investisiyanın həcminin artırılmasını, bu sahədə islahatların genişləndirilməsini təmin etmək, xüsusilə özəl təşəbbüskarlığın dəstəklənməsi istiqamətində biznes-investisiya mühitinin, həmçinin investisiyaların qorunması sahəsində qanunvericiliyi daha da təkmilləşdirməkdir.

İlk baxışdan sərəncamdan ətir iyi gəlir. Həqiqətən də bu addımların atılması müsbət hal olardı. Amma məsələ bundadır ki, bu sərəncam da digərləri kimi kağızların cehizi olacaq. Çünki investisiya mühitinin yaxşılaşdırılması, ölkənin investorlar üçün cazibədar olması üçün ilk növbədə ölkənin demokratik imici olmalıdır. Əgər ölkədə müstəqil məhkəmə sistemi mövcud deyilsə, xırda və orta sahibkarlar istənilən an böyük məmurların tamıhının qurbanı ola bilirsə, bu ölkədə heç bir islahatdan, heç bir uğurdan söhbət gedə bilməz. Statistik rəqəmlər də göstərir ki, hər ay ölkəni xarici investorlar tərk edir, yerl iiş adamalrı da sürətlə mal varlıqlarını ölkədən çıxarırlar. Son illər Azərbaycanın iş adamları Gürcüstan, Ukrayna, Türkiyə iqtisadiyyatına yüz milyonlarla sərmayə yatırıblar. Çünki iş adamları da başa düşür ki, indiki şərtlər daxilində heç bir perspektiv yoxdur. Yenə də monopoliyalar qüvvədədir, yenə də gömrük sistemi suyun qarşısını kəsən əjdaha rolunu oynayır, yenə də məhkəmələr sifariş yerinə yetirən orqan kimi fəaliyyət göstərir.

Digər tərəfdən Azərbaycan hələ də Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olmayıb. Hakimiyyət israrla bu qurumdan qaçır. Çünki azad iqtisadiyyat, şəffaf idarəçilik hakimiyyətin mahiyyətinə ziddir. Bu faktorun özü də xarici investorların ölkəyə axınının qarşısını alır. Azərbaycan bu quruma üzv olmadığı üçün xarici investorlar pozulmuş hüquqlarını beynəlxalq səviyyədə də müdafiə edə bilmirlər.

Ümumiyyətlə, korrupsiyanın dövlət siyasətinə çevrildiyi, əhalinin sürətlə yoxsullaşdığı, maliyyə siyasətinin iflasa uğradığı, bank sisteminin bir ailənin əlində cəmləşdiyi, milli valyutanı hər addmda yıxıldığı ölkəyə investisiya yatırmaq heç bir investorun maraqlarına xidmət etmir.

Əgər hakimiyyət doğurdan da bu sahədə uğur əldə etmək istəyirsə, ilk növbədə ölkədə azadlıqlar təmin edilməli, məhkəmə həqiqətən də ədalətin bərpa olunduğu məkana çevrilməli, məmur ölkəyə obyekt kimi baxmamalıdır. Nə qədər ki, bu “ənənə”lər yaşayır, heç bir sərəncam iqtisadiyyatı yaşada bilməyəcək. Sərəncam verməklə iqtisadiyyat inkişaf etsəydi, Azərbaycan dünyanın ən qüdrətli ölkəsi olardı.

Təəssüflər olsun ki, bizim hökumətin bütün islahatları sərəncamlarda, fərmanlarda, quru sözlərdə yaşayır.
azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button