2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Ənvər Sadat: sülhün qurbanı

Sadat hərbçilərin onu salamlamaq istədiklərini və bunun parad şousunun bir hissəsi olduğunu düşünərək ayağa qalxdı və asan hədəfə çevrildi

1977-ci il noyabrın 9-da Misir parlamentində çıxış edən Ənvər Sadat hamını heyrətləndirəcək fikir səsləndirdi:

Saytların yığılması Saytlarin yigilmasi

“İsraillilər təəccüblənə bilərlər, amma mən onların evinə, Knessetə belə getməyə və onlarla danışmağa hazıram”.

Ərəb dövlətlərinin İsraili tanımaqdan qəti imtina etmələri fonunda Sadatın sözləri bütün dünyada bomba effekti yaratdı.

Amma İsraildə bəzi adamlar üçün bu, gözlənilməz olmadı. Baş nazir Menaxim Begin, xarici işlər naziri Moşe Dayan Misir prezidenti ilə gizli əlaqə saxlayırdılar. Bu işdə onlara Altıgünlük müharibədən sonra İsraillə diplomatik əlaqələri kəsməyən yeganə kommunist dövləti olan Rumıniyanın prezidenti Nikolae Çauşesku vasitəçilik edirdi. Əlaqələr olduqca məxfi saxlanılırdı, İsrailin hökumət kabinetinin digər üzvlərinin belə bundan xəbərləri yox idi.

Çıxışın ertəsi günü Begin bildirdi ki, əgər Ənvər Sadat İsrailə gələrsə, dövlət başçısına layiq şəkildə qarşılancaq. Noyabrın 15-də isə Tel-Əvivdəki ABŞ səfiri vasitəsilə Sadata dəvət göndərdi və həmin dəvəti Qahirədəki ABŞ səfiri prezidentə çatdırdı.

Onu da deyim ki, tərəflər arasında məxfi danışıqlardan xəbərsiz olan israillilər Misir prezidentinin niyyətinə şübhə ilə yanaşırdılar. Ordunun Baş qərargah rəisi Mordexay Qur Sadatının çıxışının hətta yeni hücumu pərdələmək üçün atılmış addım ola biləcəyini belə istisna etmirdi.

Misirdə də hamı baş verənlərdən məmnun deyildi. Məsələn, xarici işlər naziri İsmayıl Fəhmi istefa verdi. Onu səlahiyyətlərinin icrası müvəqqəti olaraq BMT-nin gələcək Baş katibi Butros Butros Qaliyə tapşırıldı.

Noyabrın 19-da Sadat İsrailə uçdu. Yəqin ki, həmin vaxt ərəb dünyasında xeyli adam onun təyyarəsinin qəzaya uğraması üçün dua edirdi. Amma Misir prezidenti axşam saatlarında sağ-salamat yerə endi və üzündə təbəssüm təyyarədən çxıdı. Onu qarşılayanlar arasında prezident Efraim Katsir, Menaxem Begin və digərləri vardı. Səfəri işıqlandırmaq üçün Tel-Əvivə 3 min jurnalist ezam olunmuşdu.

Ertəsi gün o, Qüdsdə əl-Əqsa məscidini ziyarət etdi və namaz qıldı. Daha sonra Müqəddəs Məqbərə kilsəsində, Yad Vaşem Holokost memorialında oldu. Günortadan sonra isə Knessetin xüsusi iclasında çıxış etdi. Sadat düşmənçilik və şübhə divarını yıxmaq məqsədilə gəldiyini, İsrailin ərəblər arasında dinc və təlükəsiz yaşaya biləcəyini dedi. Misir prezidenti eyni zamanda bildirdi ki, separat sülh bağlamaq niyyətində deyil, İsrail Şərqi Qüds də daxil işğal etdiyi torpaqları boşaltmalı, Fələstin dövlətinin yaradılmasına mane olmamalıdır.

Menaxem Begin Sadata cəsarətinə görə təşəkkür edərək Suriya prezidenti Hafiz Əsədi, İordaniya kralı Hüseyni Misir prezidentindən nümunə götürməyə və sülh danışıqlarına başlamağa çağırdı. O, Misirin şərtlərinə cavab verməyə hazır olmadığını bildirdi, müzakirələri BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında aparmağı təklif etdi.

Noyabrın 21-də Sadat parlamentin iqtidar və müxalifət fraksiyaları ilə görüşdü, Begin ilə birlikdə mətbuat konfransı keçirdi və saat 16.00 radələrində geri döndü. Bu səfəri sayəsində o, Tayms jurnalı tərəfindən “ilin adamı” seçildi.

Qeyd etmək lazımdır ki, Misir və İsrail arasında daha əvvəl də müəyyən razılaşmalar olmuşdu. Məşhər günü savaşının bitməsindən dərhal sonra tərəflər arasında danışıqlar başlamış, noyabrın 12-də əsirlər mübadiləsi də daxil olmaqla bir sıra şərtləri nəzərdə tutan razılaşma əldə olunmuşdu. Bu, İsrail dövləti yaranandan Misirlə ilk bilavasitə təmaslar idi.

1974-cü il yanvarın 18-də imzalanan sənədə görə, müharibə zamanı Misir qüvvələri Süveyş kanalının şərqində, İsrail qüvvələri isə kanalın qərbində tutduqları ərazilərdən geri çəkilməli idilər. İsrail kanaldan şərqdə, Sinay yarımadasında da 20 km geri çəkilirdi. Burada ilk 10 km-də Misirin məhdud sayda (7000 hərbçi və 33 tank) hərbi qüvvə yerləşdirilməsinə icazə verilirdi. İkinci 10 km-lik zolaqda BMT qüvvələri yerləşdiriləcəkdi. Sinay yarımadasının İsrailin nəzarətində qalan hissəsinin ilk 10 km-lik zolağında da Tsahal 7000 hərbçi və 33 tank yerləşdirə bilərdi.

Bundan sonra tərəflər arasında danışıqlar davam etdi, yəhudilərin Sinay yarımadasında bir qədər də şərqə çəkilmələri müzakirə olundu.Bu zaman İsrailin tutduğu sərt mövqe ABŞ-da narazılıq doğurdu və Vaşinqton Tel-Əvivə təzyiq göstərməyə başladı. Silah satışı barədə daha əvvəl əldə olunan şifahi razılıq rəsmiləşdirilmədi, amerikalı diplomatların Fələstin Azadlıq Təşkilatının nümayəndələri ilə görüşləri çoxaldı, Yaxın Şərq məsələləri ilə bağlı məsləhətləşmələr dayandırıldı. Bu və başqa addımlar İsraili daha üzüyola olmağa vadar etdi.

1975-ci il sentyabrın 4-də isə tərəflər ABŞ-ın Dövlət katibi Henri Kissincerin vasitəçiliyi ilə Cenevrədə Müvəqqəti Sinay Anlaşmasını imzaladılar. Sazişə görə, tərəflər konflikti dinc yolla həll etməyi, hərbi gücdən istifadə etməməyi və ya istifadə ilə hədələməməyi öhdələrinə götürürdülər.

İsrail Sinay yarımadasında daha 30-40 km şərqə çəkildi. Əvvəl BMT nəzarətində olan zolaq isə Misirin nəzarətinə verildi. İndi bufer zonası İsrailin çəkildiyi ərazi idi. Altıgünlük müharibədən ötən müddət ərzində burada salınan yəhudi məskənləri ləğv edildi. Əbu-Rüdeys neft mədəni misirlilərə qayıtdı. Müqaviləyə daxil edilməyən, amma Misirin ABŞ qarşısında götürdüyü daha bir öhdəlik də ondan ibarət idi ki, əgər Dəməşqin təşəbbüsü ilə yeni İsrail-Suriya müharibəsi başlayarsa, Misir müdaxilə etməyəcək.

Bu hadisələrdən sonra Yaxın Şərq sülh prosesində müəyyən pauza yarandı. Bunun bir səbəbi də 1976-cı ildə ABŞ-da gedən prezident seçkiləri kampaniyası idi. Sadatın İsrail səfərindən sonra prosesin sürətlənəcəyini gözləmək olardı. Amma bu elə də asan olmadı. Misir prezidentinin bəxtindən 1977-ci ildə İsrail yaranandan bəri ilk dəfə sağ hökumət quruldu və bir zamanlar “İrqun” kimi terror təşkilatına başçılıq edən Menaxem Begin baş nazir oldu. O isə Sadatı yüksək səviyyədə qarşılamasına baxmayaraq, güzəştlərə meylli deyildi.

***

***

ABŞ prezidenti Cimmi Karter 1978 ci ilin sentyabrında Begin və Sadatı Kemp-Devid iqamətgahına dəvət etdi. Burada sentyabrın 5-dən 17-ə kimi tərəflər arasında çətin danışıqlar getdi. Bir ara hətta Sadat danışıqları yarımçıq tərk etmək üzrə idi, Karterin xahişindən sonra qaldı.

Sadat separat sülh ittihamından yayınmaq üçün müqaviləyə BMT-nin 181 saylı qətnaməsinə uyğun olaraq İsrailin Qəzzə sektorundan və İordan çayının qərb sahilindən çəkilməsinin salınmasını istəyirdi. Qüdsün isə iki yerə bölünməsinin tərəfdarı idi. Amma Begin Qərb sahilindən və Şərqi Qüdsdən çəkilməkdən imtina edirdi.

Tərəflər arasında ziddiyyət o həddə çatdı ki, Sadat və Begin bir-birlərilə hətta danışmırdılar. Karter onlar üçün ayrılan otaqlar arasında gəzərək dalana dirənən danışıqları xilas etməyə çalışırdı və bu, ona müyəssər oldu. Sentyabrın 17-də iki ölkə arasında çərçivə razılaşması imzalandı.

Kemp-Devid razılaşması “Yaxın Şərqdə sülhün çərçivələri” və “Misir və İsrail arasında sülh müqaviləsi bağlanmasının çərçivələri” adlı iki hissədən ibarət idi. Birinciyə görə, “Fələstin xalqının qanuni hüquqları”nı tanınır və “tam muxtariyyət” təmin edəcək prosesin həyata keçirilməsi nəzərdə tutulurdu. Yerli özünüidarə orqanları seçiləndən sonra İsrail Qərb sahilindən və Qəzzədən çəkiləcəkdi. Sənəddə Qüdsdən bəhs edilmirdi.

İkinci razılaşmaya görə, altı aydan sonra sülh sazişi imzalanacaq və həmin sazişdən sonrakı üç il müddətində Sinay yarımadasını həm İsrail ordusu, həm də burada məskunlaşan 4500 yəhudi tərk edəcəkdi. Ölkələr arasında diplomatik əlaqələr yaradılacaqdı. Misir İsrailin Süveyş kanalından istifadəsinə təminat verirdi. Tiran boğazı və Əkəbə körfəzi beynəlxalq sular elan edilir və İsrail üçün qapadıla bilməzdi.

Kemp-Devid razılaşmasına görə Ənvər Sadat və Menaxem Begin 1978-ci il üzrə Nobel sülh mükafatına layiq görüldülər. Əslində bu mükafat ABŞ prezidentinə verilsəydi, daha ədalətli olardı. Amma Cimmi Karter yalnız 2002-ci ildə beynəlxalq konfliktlərin həllində, demokratiya və insan hüquqlarının möhkəmləndirilməsində roluna görə Nobel sülh mükafatını aldı.

İsrail və Misir arasında sülh müqaviləsi 1979-cu il martın 26-da Vaşinqtonda imzalandı. Müqaviləyə əsasən İsrail ordusu ilkin olaraq əl-Əriş – Ras-Məhəmməd xəttinə çəkildikdən sonra tərəflər bir-birlərinin siyasi müstəqilliyini, ərazi bütövlüyünü tanıyaraq diplomatik əlaqələr quracaqdılar.

İsrail, ümumiyyətlə, Sinay yarımadasını 3 ildən gec olmayaraq Misirə qaytarırdı. Yarımada üç zonaya bölünəcəkdi. Ən qərbdə yerləşən A zonasında Misir 20 minlik hərbi qüvvə saxlaya bilərdi. Mərkəzdəki B zonasında yalnız 4 tabor məskunlaşacaqdı. İsraillə sərhədini və Əkəbə körfəzinin sahillərini əhatə edən C zonasında yalnız beynəlxalq sülhməramlı qüvvələr yerləşirdi. Misirin buraya hərbi qüvvə yeritməsi İsrailin müharibəyə başlama səbəbi ola bilərdi. Nəhayət, sərhədin İsrail tərəfindəki dördüncü D zonasında Tsahal yalnız 4 piyada taboru saxlayacaqdı.

Sülh müqaviləsinin imzalanması ABŞ-da yüksək qiymətləndirildi. Cimmi Karter bu zaman öz populyarlığının zirvəsində idi. O zaman doqquz ölkənin üzv olduğu Avropa İqtisadi Birliyi sülh müqaviləsinin imzalanmasını bəyənsə də Fələstin dövləti yaranmadan Yaxın Şərq tənzimlənməsinin mümkünsüz olacağını vurğuladı.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button