2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Ərdoğançılıq, Əliyevçilik daha pisdir

Gülənçilik hakimiyyəti zorla devirmək anlamına gəlirsə və cinayət sayılırsa, hakimiyyəti zor gücünə saxlamaq ondan betər cinayətdir

Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin Gülən işi ilə bağlı birgə məlumatı yayıldı. Öncə onu deyim ki, biabırçı bir sənəddir. Barələrində məhkəmə hökmü olmayan şəxslər topluma faktiki olaraq cinayətkar kimi təqdim olunurlar ki, bu da həm ölkə qanunverciliyinin, həm də Azərbaycanın qoşulduğu beynəlxalq müqavilələrin pozuntusudur. Avropa Məhkəməsi Azərbaycana qarşı bir neçə iş üzrə qərarında bunu təqsirləndirilən şəxslərin təqsirsizlik prezumpsiyası hüququnun pozuntusu kimi tanıyıb. Ölkənin hüquq-mühafizə orqanlarının başında duran qurumların belə məlumatı yayması o işi aparan müstəntiqlərə, istintaq qrupuna, işə baxacaq hakimlərə birbaşa psixoloji basqıdır.

İkincisi, tutulan şəxslərin partiya mənsubiyyətinin – AXCP üzvü olmalarının vurğulanması üstüörtülü həmin partiyanı hədəfə almaq məqsədi güddüyünü göstərir. Mən indiyə qədər görməmişəm ki, hətta ən ağır cinayətlərdə ittiham olunan şəxslərlə bağlı hüquq-mühafizə orqanlarının yaydığı məlumatlarda, istintaq və ya məhkəmə sənədlərində onların, məsələn, YAP üzvü olduğu göstərilsin. Halbuki o cinayətlərin yanında tutulan fəalların əməlləri (hətta hesab etsək ki, həqiqətən bu adamların etdikləri cinayətdir) toya-bayrama getməlidir. Milyardlarla dövlət vəsaitlərinin mənimsənilməsindən tutmuş adam öldürməyə qədər. Öncələr də bu cür birgə məlumatlar (bəyanatlar) bir qayda olaraq müxalifyönlü siyasi partiya üzvlərinin həbsi ilə bağlı verilir, həmin qurumlar neqativ tonda təqdim edilirdi. Bu ənənəni hüquq-mühafizə orqanları davam etdirir.

Saytların yığılması Saytlarin yigilmasi

Üçüncüsü, bu bəyanat əslində, son həbslərin sifarişli olduğunu bir daha təsdiqləyir. Orada hüquqa, cinayətə aid heç nə yoxdur. Daha çox YAP-ın lağ obyektinə çevrilən funksionerlərinin leksikonu səviyyəsində yazılmış bir sənəddir.

Sənədin məzmunundan F.Əmirova və F.Əhmədova elan olunan ittihamların tamamilə əsassız olduğu, bu qondarma cinayət işləri ilə hakimiyyətin əslində, AXCP-ni və opponentlərini hədəfə aldığı çox aydın görünür. Fəalların olduğu iddia edilən kitabların və digər informasiya daşıyıcılarının heç biri qadağan olunmuş ədəbiyyat deyil. Əgər hər hansı kitab, çıxış, videomaterial, informasiya mağazada satılırsa, kitabxanada varsa, saytlarda yerləşdirilibsə, onu hər kəs maşınında, ofisində, yastığının altında saxlaya, onu oxuya, müzakirə edə, başqalarına oxumağa verə, bir sözlə, onunla kefi nə istəsə edə bilər. Və ümumiyyətlə, cinayət qanunvericiliyində qadağan olunmuş ədəbiyyat ifadəsi yoxdur: qadağan olunmuş toplantı var, qadağan olunmuş əşya var, təhlükəli tullantıların qadağan olunmuş növləri var və s. Qanunvericilik onların siyahısını verir. Amma ölkədə hansısa ədəbiyyatı qadağan edən nə qanun var, nə də onların siyahısı. Hətta üç qurumun yaydığı məlumatda yazılanlar həqiqət olsaydı belə, “fətullahçılığın”, “gülənçiliyin” təbliği cinayət deyil, çünki qanunvericiliklə nə qadağan ediliblər, nə də buna görə məsuliyyət müəyyən edilib. Cinayətin predmeti kimi təqdim edilən ədəbiyyatı son vaxtlara qədər az qala, bütün kitabxanalarında əldə etmək, onları maşında, qatarda, atın belində aparmaq, oxumaq, evdə, litseydə, universitetdə müzakirə etmək mümkün idisə, onda gərək ölkədə minlərlə adam tutula. Başda da həmin kitabxanaların, onların tabe olduqları qurumların rəhbərləri. Bu kitabları çap etdirənlər, onlara ön söz yazanlar arasında bu məlumatı yayan qurumlardan birinin yaxın qohumu, ona ön söz yazanlar arasında ölkənin tanınmış adamlarının adları var. Onda gərək onlar da indi ya MTN-də, ya bandotdeldə, ya da Kürdəxanı təcridxanasında olaydılar. Əgər «Gülən camaatı», “Hizmət hərəkatı” adlandırılan qrupa üzvlük cinayətdirsə, onda son dövrlərə qədər ölkənin ən yaxşı təhsil müəssisələrindən biri kimi təqdim edilən bəlli universitetin, onlarla litseylərin rəhbərliyi, müəllimlərinin əksəriyyəti, bu qurumlara lisenziya verən dövlət qurumlarının rəhbərləri həbsxanada olaydılar.

Türkiyədə baş verən çevriliş cəhdi ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə hökmləri yoxdur. Azərbaycandan konkret şəxslərin həmin çevrilişdə iştirakını təsdiqləyən faktlar barədə hər hansı məlumatlar yoxdur. Türkiyədə çevriliş cəhdindən sonra baş verənlər dəhşətli bir şeydir. Ərdoğanın bu hadisələrdən istifadə edib demokratik institutları zəiflətmək, öz opponentlərini sıradan çıxarmaq, bir nəfərin hakimiyyətini gücləndirmək niyyəti göz qabağındadır. Oxşar hadisələr Azərbaycanda da baş verir. Gülən işi iki avtoritar hakimiyyət arasında alver predmetidir, əslində.

Və nəhayət, Gülənçilik pis şeydirsə, Əliyevçilik, Ərdoğançılıq, Putinçilik ondan qat-qat pisdir. Gülənçilik hakimiyyəti zorla devirmək anlamına gəlirsə və cinayət sayılırsa, hakimiyyəti zor gücünə saxlamaq ondan betər cinayətdir.

Bu əsassız ittihamları rədd etmək, onlara etiraz etmək gərək. Amma “Gülənçiləri hakimiyyətdə axtarın” çox ziyanlı və yanlış müdafiə yoludur. Bu cür leksikonla hakimiyyətdən fərqimiz az olur onda. “Hakimiyyətdə Əliyevlərdir” söyləmək yetərlidir…

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button