2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Əsas problem vergi ödəyicilərinə qeyri-bərabər yanaşma və şəffaflığın olmamasıdır

* * *

Sual:  Əkrəm bəy,  illik vergi hesabat dövrüdür. Adətən hər il bu dövrdə sahibkarlar hansısa yeniliklərlə və ya problemlərlə üzləşirlər. Hər il vergi qanunvericiliyinə edilən dəyişikliklər hansısa formada çətinliklər yaradır. Və ya qurum elektron versiyada yeniliklər adı ilə bürokratik əngəllər ortaya çıxarır ki, bu da sahibkarlar üçün problemlər yaradır. Sizcə, niyə belə edirlər? Məqsəd nədir?

Cavab: Ümumiyyətlə, bizdə hər il (2008, 2010, 2011, 2013 è 2020-ci illər istisna olmaqla) Vergi Məcəlləsinə çoxsaylı dəyişikliklər edilir. Bunun özü anormaldır. Vergi dövlətdəki oyun qaydalarının əsas hissələrindən biridir. Demokratik cəmiyyətdə isə vətəndaş cəmiyyəti ilə dövlət arasında olan ictimai müqavilənin başlıca institutudur. Oyun qaydaları tez-tez dəyişən ölkədə normal iqtisadi inkişaf mümkün deyil. Çünki sahibkarlar, investorlar ciddi layihələrini azı 5 illik müddətə planlaşdırırlar. Təbii, belə vəziyyətdə ölkəyə sərmayə qoymaq istəyənlərin sayı xeyli azalır. Təəssüf ki, hökumətdə bunu başa düşən azdır. Onlar hələ də təfəkkür baxımdan SSRİ-də ilişib qalıblar. İqtisadiyyatı proqram və yol xəritələri ilə inkişaf etdirmək istəyənlər oyun qaydalarının, institutların əhəmiyyətini başa düşə bilməz.

Saytların yığılması Saytlarin yigilmasi

Hər il edilən dəyişikliklərin mütləq əksəriyyəti vergi inzibatçılığı ilə bağlıdır. Ümumən dünyanın hər yerində vergi ödəyiciləri vergidən yayınmağa meyllidir (o cümlədən qanundakı boşluqlardan yararlanaraq). Buna görə də dövlət inzibatçılığı sərtləşdirir ki, yayınma halları azalsın. Amma bunu hər il etmək olmaz. Bu, onun göstəricisidir ki, hökumətdə və vergi orqanlarında elmi düşüncəli savadlı kadrlar azdır. Olsaydı, məsələyə sistemli yanaşıb vergi ödəyicilərinin hər il icad etdiyi yayınma sxemlərinə qarşı növbəti tədbirlər kimi Vergi Məcəlləsinə dəyişikliklər layihəsini hazırlamazdılar. Əksinə, strateji düşünərək və xarici təcrübəni nəzərə alaraq, qabaqlayıcı addımlar atardılar. Yəni təkmil Vergi Məcəlləsi hazırlayardılar. Bizim Vergi Məcəlləsi dilindən və qanunvericilik texnikasından tutmuş çox uğursuz bir qanundur. Yaxşı Məcəllə hazırlamaq üçün elmi baza və xarici təcrübəni bilmək lazımdır. Yəni məmurlarımız çoxsaylı xarici ezamiyyələrə gedəndə nəsə öyrənmək əvəzinə sadəcə turist kimi gəzib-dolaşırlar, nəticəsi də budur.

Sual: Sizcə, bunu bilərəkdən etmirlərmi ki, sahibkarlar qeyri-qanuni yollarla hesabatdan yayınsınlar, qeyri-rəsmi ödənişlərlə həll etməyə çalışsınlar? Və ya daha çox cərimə sanksiya tətbiq etməklə insanlardan daha çox pul qazanmaq məqsədi güdülmür ki?

Cavab: Qeyd etdiyim kimi, problem vergi inzibatçılığının sərt olmasında deyil, hər il yeni qaydanın çıxmasındadır. Həmin qaydanı başa düşüb həzm edənədək vergi ödəyiciləri artıq növbəti yeniliklərlə üz-üzə qalır. İnkişaf etmiş ölkələrdə Vergi Məcəlləsinin şərhləri dərc olunur ki, vergi ödəyiciləri maariflənsin. Bizdə isə bu mümkün deyil. Şərhi necə hazırlayasan ki, hər il Məcəllənin azı dörddə bir hissəsi daim yenilənir. Nəticədə də bir sıra hallarda vergi ödəyiciləri sadəcə yenilikləri başa düşmədiyi üçün pozuntular edir, vergi orqanları da onları cərimələyir. Burada təbii şübhə yaranır ki, məqsəd həm də vergi ödəyicilərini cərimələyib büdcəni doldurmaqdır. Amma nəticədə ildən ilə ölkədəki işgüzar mühit zəifləyir, sahibkarlar fəaliyyətini dayandırır və s.

Sual: Vergi qanunvericiliyində və  vergi hesabat vermə qaydalarında bu ilki yeniliklər hansılardır? Və bunların hansı sahibkarları daha çox çətinə salır?

Cavab: Dəyişkiliklərin özünün çoxu obyektiv olaraq normaldır. Məsələn, ödəniş əməliyyatlarına dair tələblər (ödəniş tapşırıqlarında göstərilməli olan əlavə məlumatlar və s.) sərtləşdirilib ki, vergi orqanı hesablaşmalar üzrə daha dolğun məlumat ala bilsin. Bütün bunlar sahibkarların işini əlbəttə çətinləşdirir. O baxımdan ki, onların mühasibləri və digər əməkdaşları yenilikləri öyrənməli və düzgün tətbiq etməlidirlər. Təkrar edirəm: bu yeniliklər heç olmasa 5 il dəyişməz olsaydı, problem olmazdı. Amma hər il hər şeyi yenidən öyrənib tətbiq etmək xeyli vaxt və vəsait tələb edir.

Sual: Ümumiyyətlə, hər rüb və ya illik hesabat vermək zərurəti nə dərəcədə vacibdir? Belə deyək, Vergi xidməti hesabları, VÖİN-i, gələn gəliri görür, eyni zamanda ödənilən verginin həcmini və digər DSMF xərcini və icbari tibbi sığorta və digər xərcləri də izləyə bilir. Belə olduğu halda sahibkarın hər rüb, hər il hesabat verməsinə ehtiyac varmı?

Cavab: Mən burada problem görmürəm. Lap aylıq hesabat olsun. Oturuşmuş təcrübə varsa, bütün bunlar avtomatik ediləcək. Lap tələbə də bunu edə bilər. Bu məsələdə xarici təcrübə fərqlidir. Ümumən vergi orqanı məlumatı bir neçə formada əldə edəndə vergidən yayınma hallarını daha yaxşı müəyyən edə bilir. Yəni bunun özü problem deyil.

Sual: Elektron hökumət, ağıllı hökumət, asan hökumət layihələrindən danışırlar. Amma gördüyümüz odur ki, asanlaşdırmaq əvəzinə daha da sistemi çətinləşdirirlər. Bunu etmək, yəni asanlaşdırmaq o qədər çətindirmi?

Cavab: Dediyim kimi, çətinlik sırf hər il qaydaların yenilənməsindədir. Bəli, ildən ilə vergi ödəyicisinin hesabat verməsinə sərf edilən vaxt artır. Amma bu, yalnız bizdə belə deyil. İnkişaf etmiş ölkələrdə də vergi inzibatçılığı mürəkkəb və vaxt aparan işdir. Sadəcə orada qaydalar tez-tez dəyişmir.

Sual: Sizin təklifləriniz nədən ibarətdir? Vergi sistemindəki bürokratik əngəlləri aradan qaldırmaq, sahibkarların işini daha da asanlaşdırmaq və vergi ödəyiciliyinə stimullaşdırmaq üçün nə etmək lazımdır?

Cavab: Azərbaycanın vergi sisteminin əsas problemi vergi inzibatçılığının sərt və bürokratik olması deyil. Hər yerdə belədir. Heç qanunvericiliyin hər ilk köklü dəyişməsi də əsas problem deyil. Əsas problem vergi ödəyicilərinə qeyri-bərabər yanaşma və şəffaflığın olmamasıdır.

Vergi dövlətə əvəzsiz ödənişdir. İnsanların mütləq əksəriyyəti vergi ödəmək istəmir. Bu istək yalnız iki halda müsbət mənada neytrallaşır: vergi ödəyicisi hamıya eyni yanaşmanın olmasını və büdcənin şəffaf istifadəsini görəndə. Bizdə isə bunların heç biri lazım olan səviyyədə deyil.

Tutaq ki, mən sahibkaram. Təbii, rəqiblərim var. Mən bilsəm ki, onlar da mənim kimi eynilə vergi ödəyir, problem yoxdur, deməli, xərclərimiz eynidir və verginin ödənilməsi haqsız rəqabətə səbəb olmur. Amma bizdə belə deyil axı. Hamıya eyni cür yanaşılmır, nəticədə az vergi ödəyən dürüst vergi ödəyicisini sıradan çıxara bilir (məsələn, məhsulunu və ya xidmətinin qiymətini müvəqqəti azaltmaqla). Düzdür, son illər ərzində bu sahədə korrupsiya azalıb, kölgə iqtisadiyyatının həcmi əvvəlki kimi deyil. Amma köklü olaraq problem qalır.

Adi misal deyim. Ölkədə daşınmaz əmlak üzrə icarə haqları əksər hallarda reallığı əks etdirmir. Yəni formal olaraq icarə haqqı az ödənilir ki, vergi çox olmasın. Amma hamını məsuliyyətə cəlb edirlərmi? Xeyr! Vergi orqanı yapışır hansısa icarəçidən ki, sənin icarə haqqın bazar qiymətindən aşağıdır, vergidən yayınmısan, indi buyur, ötən dövr üçün vergi, cərimə və faiz ödə. Sübut kimi nə göstərilir? Hansısa ekspertin rəyi. Ekspert də təbii elə vergi orqanının dediyini yazır. Nə yazır? Yazır ki, filan ərazidə icarə haqları əslində bahadır. Nəyə istinad edir? Mülk sahiblərinin elanlarına! Deyirsən ki, a balam, elan təklifdir, bazar qiyməti deyil, qanuna görə bazar qiyməti tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiymətdir. Yəni bağlanmış digər müqavilələr. Axı niyə vergi orqanı həmin ərazi üzrə digər icarə müqavilələrini ortaya qoyub demir ki, bax, digər sahələr bu qiymətə icarəyə verilib, sən isə aşağı qiymətə vermisən? Ona görə ki, böyük ehtimalla digər icarəyə verənlərlə vergi orqanı “dil tapıb” və qarşılıqlı “hörmət” əsnasında ona toxunmaq istəmir. Buna görə də sübut kimi hansısa cəfəng ekspert rəyinə istinad edir. Bax budur qeyri-bərabər yanaşma!

Toplanan vergilər düzgün xərclənirmi? Biz buna nəzarət edə bilirikmi? Xeyr! “Dövlət satınalmaları haqqında” Qanuna əksər hallarda heç formal da riayət olunmur. Məsələn, həmin qanuna görə hər bir dövlət qurumu ilin sonunda növbəti il üçün satınalmalar üzrə planlarını satınalma portalında dərc etməlidirlər. Edirlərmi? Xeyr! Mən hələ satınalmaların özünün əksər hallarda “otkat” mexanizmi ilə həyata keçirildiyini demirəm. Niyə belə olur? Çünki şəffaflıq yoxdur. Cəmiyyətin bu proseslərə nəzarət etməsi üçün mexanizmlər yoxdur. Büdcə vəsaitlərinin xərclənməsinin elektron izlənməsi sistemi yoxdur. Nəzarət edən təkcə Hesablama Palatasıdır. O da Milli Məclisə tabedir. Bizim Milli Məclisin isə yalnız sözdə parlament olması hamıya məlumdur. Real nəzarət yoxdur.

Həm də nəzarət necə olsun ki, bizdə cəmiyyətin hökumətə nəzarət etməsi üçün adi şəffaflıq alətləri belə yoxdur. Məsələn, məmurların gəlir və xərcləri haqda bəyannamə sistemi yoxdur. Daşınmaz əmlakın dövlət reyestri, hüquqi şəxslərin dövlət reyestri və s. qapalıdır. Halbuki, inkişaf etmiş ölkələrdə bu məlumatlar açıqdır. Daxil ol və bax gör ki, hansı torpaq və ya bina kimə məxsusdur, hansı şirkətin sahibi kimdir və s. v. i.a. Təbii, bizdəki bu şərait həmçinin daha əvvəl vurğuladığım qeyri-bərabərlik məsələsi baxımdan da aktualdır. Hər şey gizlidirsə, biz nə bilək ki, hamıdan vergi düzgün tutulur, ya yox?!

Nəticədə, bizdə vergiyə yanaşma dogma dövlətin saxlanmasına töhfə kimi dərk edilmir. Vergi yadelliyə xərac kimi qəbul edilir. Yəni vergi ödəyicisi düşünmür ki, bu, mənim dövlətimdir, mən ona vergi ödəyirəm ki, məmurlar maaş alsın, təhlükəsizlik təmin olunsun, yollar çəkilsin, ictimai xeyri olan digər işlər görülsün və s., mən də məmurlardan haqlarımı tələb edim.

Qərbdə demokratiya və hüquqi dövlət məhz insanların vergini düzgün dərk etməsi nəticəsində qurulub. Əslində məhz belə yanaşması olan insan vətəndaşdır, yəni dövlətinin sahibidir. Təsadüfi deyil ki, həmin ölkələrdə vətəndaşın hətta bəzi vergilərin xərclənməsini də müəyyən etmək səlahiyyəti var.

Bizdə isə nəinki belə imkan yoxdur, ümumi həcmdə dolayı vergilərin payı birbaşa vergilərdən azdır. Birbaşa vergi nə deməkdir? Məsələn, gəlir vergisi. Mən əmək haqqı alıram və onun bir hissəsindən gəlir vergisi ödəyirəm. Deməli, bilirəm ki, şəxsən mən dövlətə ayda bu qədər vergi verirəm. Dolayı vergi nədir? Məsələn, əlavə dəyər vergisi (ƏDV). Mən mağazadan ərzaq alıram. Ərzaqın qiymətinə ƏDV də daxildir. Həmin verginin ödəyicisi mağazadır, mən deyiləm. Amma son nəticədə vergini mən ödəyirəm axı. Lakin gözümə görünmür. Buna görə də dövlətə cəm olaraq nə qədər vergi ödədiyimi heç bilmirəm. Buna görə də dövlətdən, məmurdan haqqımı tələb etmək motivasiyam da azalır.

Bizdə cəmi 9 vergi növü var. Onlardan yeddisi birbaşa (fiziki şəxslərin gəlir vergisi, hüquqi şəxslərin mənfəət vergisi, sadələşdirilmiş vergi, əmlak vergisi, torpaq vergisi, yol vergisi və mədən vergisi), ikisi isə dolayıdır (ƏDV və aksizlər). Amma çəki baxımdan ümumi daxil olmalarda ƏDV-nin payı 56 faizdən çox, aksizlərin payı isə təxmini 10 faizdir. Yəni dolayı vergilərin cəmi payı 66 faizdir. Beləliklə, ölkədə vergilərin 2/3 hissəsi dolayıdır, vergi ödəyicisi onları ödəyərkən özünü vergi ödəyicisi, dövlətə töhfə verən kimi hiss etmir. Yeri gəlmişkən, təsadüfi deyil ki, bizdə əmək haqları üzrə fiziki şəxsəri 7 il müddətinə gəlir vergisindən azad ediblər. Hamı da sevinir ki, vergi ödəmirəm. Bəli, birbaşa ödəmirsən, çünki səndən dolayı tuturlar. Nəticədə sən özünü tələbkar kimi deyil, minnətdar kimi hiss edirsən. Yeri gəlmişkən, SSRİ-də də fiziki şəxslərin gəlir vergisi yox idi. Yəni yanaşma təxmini eynidir. Ümumiyyətlə, vergi məsələsi son nəticədə dövlətin mahiyyətini ortaya qoyur. Yəni dövlət xalq üçündür, yoxsa xalq dövlət üçün.

Çox uzun danışdım deyəsən. Nə isə, məsələnin fəlsəfəsi dəyişməlidir. Bizə yeni, elmi baza və xarici təcrübəyə söykənən Vergi Məcəlləsi lazımdır. Onun hazırlanması belə şəffaf olmalıdır. Ən əsası isə onun prinsipləri əvvəldən ictimai müzakirə predmeti olmalıdır. Qəbul edildikdən sonra isə Məcəllə sabit olmalıdır. Yalnız bunun əsasında ölkədə normal sahibkarlıq mühiti olacaq. Təbii, paralel məhkəmələrdə də real islahata başlanılsa.

Kamran Mahmudov

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button