2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏSiyasət

Əvəz Temirxan: “Lalə Şövkətin siyasətdən , ümumiyyətlə Bakıdan getməsi…”

24saat.org Liberal Partiyanın sədri Əvəz Temirxanla müsahibəni təqdim edir:

 

Saytların yığılması Saytlarin yigilmasi

– Lalə Şövkət Hacıyevanın siyasətdən getdiyi haqda fikirlər gəzir. Bu haqda nə deyə bilərsiniz?

– Mən belə bir fikirlərə, sözlərə və yazılara rast gəlməmişəm. Azərbaycan ictimai-siyasi həyatı sanki buz bağlayıb. Bu durğunluq təkcə müxalifət düşərgəsində deyil. Eyni zamanda iqtidar düşərgəsində də mövcuddur. Məhz bu durğunluq prosesində ölkə sanki canvermə mərhələsini yaşayır, iqtisadiyyat zəifləyib, bəzən insanlar əməkhaqqını ala bilmir. Belə bir halda Liberal Partiyanı gündəmə gətirmək o qədər də doğru olmazdı. Biz sadəcə mətbuatda görünmürük. Ancaq partiya fəaliyyətimiz gedir, xüsusilə təşkilatlanma prosesi davam edir.

 
– Liberal partiyanın məqsədi və məramı varmı, varsa nədir?
– Mən sizə bir söz deyim, YAP-da tanışlarım var. Bu saat YAP-ın özündə durğunluqdur. Görürsünüz ki, YAP-ın rayon təşkilatları hər hansı bir fəal tədbir keçirsin? Mən görmürəm. Müxalifət partiyaları da, öz fəaliyyətinin bir hissəsi kimi mətbuatda tez-tez görünməyə çalışırlar. Ancaq onların real fəaliyyətində də durğunluq yaranıb. Ümumiyyətlə ölkədə ictimai-siyasi fəaliyyət sıfırdadır. Liberal Partiya isə seçkilər partiyasıdır. Bizim partiya daha çox seçkilərdə fəallaşır. Bu mənada hesab edirəm ki, partiyanı qınamaq da doğru deyil.

 
– Siz Liberal Partiya olaraq müxalifətdə ki, həmkarlarınızla ünsiyyət qurursunuz, yoxsa ümumiyyətlə tam kənara çəkilmisiniz?
– Siyasi partiyalar arasında çox təsadüfi hallarda görüşlər olur. Mən dedim ki, Azərbaycanda siyasət yoxdur. Bunu təkcə Liberal Partiyaya aid etmək doğru deyil. Siz diqqət etsəniz görərsiniz ki, ümumiyyətlə beynəlxalq təşkilatların nümayəndələrinin Azərbaycana gəlişi, burada vəziyyətlə tanış olması halları azalıb.

 
– Ancaq heç beynəlxalq qurumlardan gələnlər də sizinlə görüşmürlər…
– Sizin bu fikrinizlə razı deyiləm. Bu yaxınlarda AŞ PA-nın Azərbaycan üzrə həmməruzəçiləri ilə görüşdük. Liberal Partiyadan mən, AXCP-dən Əli Kərimli, Real Hərəkatının nümayəndəsi Natiq Cəfərli, Müsavat başqanı Arif Hacılı görüşə qatıldıq. Biz görüşdə təklif verdik ki, AŞ PA Azərbaycanın indiki mərhələsində avtoritarizmdən demokratiyaya keçidlə bağlı yol xəritəsini gündəmə gətirsin. Daha doğrusu AŞPA-nın iştirakı ilə müxalifət və iqtidar arasında dəyirmi masa təşkil etsin. Biz bu təklifi irəli sürdük. Bilirsiniz, iqtidar partiyasında sanki fəaliyyəti yoxdur, elə bil ki, cəmiyyətə siyasətlə məşğul olmaq qadağan edilib.

 
– Bu vəziyyətin sonunu necə görürsünüz?
– Çox pis görürəm. Təkcə iqtidar üçün deyil, bütövlükdə Azərbaycan üçün pis görürəm. Azərbaycan özünəməxsus Suriyaya çevrilə bilər. Allah bunu etməsin. İqtidarın apardığı siyasətlə Azərbaycanı yaxşı gələcək gözləmir.

 
– Azərbaycanı yaxşı gələcək gözləmirsə önə siyasətçilər çıxmamalıdırmı?
– Azərbaycan geopolitik məngənədədir. Əgər hava iqlimi planetdə baş verənlərlə əlaqəlidirsə, Azərbaycanda siyasi durum geopolitik vəziyyətlə birbaşa bağlıdır. Bu baxımdan siyasi partiyaların nəsə etməsi, vəziyyəti dəyişməsi real görünmür. Bilirsiniz ki, super güclərin Azərbaycanda maraqları toqquşur. Bu mənada siyasi partiyanın nəsə etməsi mənim üçün inandırıcı deyil.

 
– Sizə elə gəlmirmi ki, Liberal Partiyanın rəhbrəliyində pessimizm və uzun illərin uğursuzluğundan irəli gələn depressiya yaşanır?
– Biz depressiya yaşamırıq. Liberal Partiya bütün hallarda gələcəyə ümidlə baxır. Sadəcə olaraq bir var səngərdə özünümüdafiə tədbirləri görüb hücuma hazırlaşasan. Bir də var səngərdən uğursuz hücuma keçib pulemyot, top atəşlərinin altına düşüb məğlub olasan. Bu baxımdan hesab edirəm ki, indi səngərdə müdafiə ilə məşğuldur. Bizdə depressiya olmayıb və çox soyuqqanlıyıq. Ola bilsin ki, bu həm də siyasi təcrübə ilə bağlıdır.

 
– O halda Lalə Şövkət niyə mətbuatdan uzaq durur, siyasi proseslərlə bağlı susmağa üstünlük verir?
– Mən Lalə Şövkətlə bir gün əvvəl ünsiyyətdə olmuşam. Demək olar ki, hər gün onunla görüşüb fikir mübadiləsi aparıram.

 
– Çoxları deyir ki, Lalə Şövkət Qubaya ata mülkünə gedib, ümumiyyətlə siyasətlə məşğul olmur, kitab yazmaqla məşğuldur…
– Lalə Şövkət haqqında çox şayiələr gəzir. Bəzən suallar şayiələrə çevrilir. Lalə Şövkətin siyasətdən getməsi, bəzən ümumiyyətlə Bakıdan getməsi, fəal siyasətə qayıtmayacağı haqda sözlər və fikirlər əsla doğru deyil. Liberal Partiya və Lalə Şövkət strateji atom sualtı qayıq taktikasını seçib.

 
– Obrazlı desək bəs nə zaman suyun üzərinə çıxacaqsınız?
– Lalə Xanım iyirmidən çox islahat proqramları hazırlayıb. Şəxsən özü hazırlayıb, ancaq təbii ki, partiya üzvlərinin iştirakı da olub. Lalə Şövkət imkan əldə edərsə bu ölkəni qısa müddətə həmin islahatları həyata keçirməklə vəziyyətdən çıxara bilər.

 
– Bu imkanı kim verməlidir Lalə Şövkətə?
– İmkan olsa fikrini dedim. Bu daha çox siyasi situasiyadan asılıdır. Mən öncədən dedim ki, Azərbaycanda baş verən proseslər təkcə daxili siyasətdən asılı deyil, həm də geopolitik iqlimdən asılıdır. Hətta təkcə Azərbaycan xalqından asılı deyil. Avrasiya tərəfindən baxanda Azərbaycan dörd yol ayrıcındadır, yəni dünyanın coğrafi mərkəzidir. Coğrafi mərkəzdə coğrafi siyasəti müəyyən edir. O cümlədən də ölkə daxilində gedən proseslərə təsir göstərir.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button