2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

1 milyon dollarlıq casus, İranın Mossada jesti, “Brilyant əməliyyatı”nın sonu…

Yadigar Sadıqlı

1963-cü ilin martında İsrailin Mossad xarici kəşfiyyat idarəsinə yeni direktor təyin olundu. Meir Amit adlı bu şəxs öz fəaliyyətinə ölkənin müxtəlif qurumlarının, o cümlədən ordu qüvvələrinin nümayəndələri ilə görüşməklə başladı. Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı, gələcəkdə ölkənin prezidenti olacaq Ezer Veysman Mossad şefi ilə görüşdə özünü narahat edən bir məsələni dilə gətirdi: bəzi ərəb ölkələrinin sovet istehsalı olan ən yeni Miq-21 qırıcı təyyarələri ilə təchiz olunması. 

Bu səsdənsürətli təyyarələr 1959-cu ildən istehsal olunurdu. Moskva artıq 1960-cı illərin əvvəllərindən Misir, Suriya, İraqı Miq-21 ilə təchiz etməyə başladı. Adı çəkilən ölkələr isə İsraillə düşmən idilər və bir gün savaşacaqları ehtimalı böyük idi. Buna görə də yeni təyyarələr, daha doğrusu, onlar barədə heç nə bilməməyi Veysmanı narahat edirdi.

Miq-21-lərlə uğurla döyüşmək üçün onların nəyə qadir oluduqlarını, uçuş-texniki xüsusiyyətlərini bilmək lazım idi. Bunlar isə məxfi məlumatlar idi. Veysman da Meir Amitlə görüşündə problemin həllinin təyyarələrdən birinin ələ keçirilməsi olduğunu söylədi. Bunu yalnız Mossad edə bilərdi. 

Saytların yığılması Saytlarin yigilmasi

Meir Amit anlayırdı ki, müasir müharibənin gedişində hava üstünlüyünü ələ keçirmək qələbənin ən azı yarısıdır. Bundan ötrü isə ərəblərin getdikcə daha çox əldə etdikləri Miq-21 ilə yaxından tanış olmaq, güclü və zəif cəhətlərini öyrənmək lazım idi. 

Öz direktorlarından tapşırıq alan Mossad analitikləri təyyarəni necə ələ keçirmək barədə plan hazırladılar. Aydın idi ki, israillilərin özlərinin Miq-21-i oğurlaması fantastik versiya idi. Ən ağlabatan variant sözügedən ərəb ölkələrində yerli pilotlardan birini ələ almaq və onun vasitəsilə təyyarəni qaçırmaq idi.

“Brilyant əməliyyatı” adı verilən xüsusi əməliyyatı həyata keçirmək üçün əvvəlcə Misir seçildi. Amma hətta səxavətli mükafatlandırma müqabilində İsrail üçün təyyarə qaçırmağa razı olacaq ərəb pilot tapmaq asan deyildi. Bu zaman gözlənilmədən Parisdən maraqlı məlumat daxil oldu.

1964-cü ilin sonlarında Fransa paytaxtındakı İsrail səfirliyinə daxil olan bir nəfər söylədi ki, əgər yəhudilər Miq-21 təyyarəsi ilə maraqlanırlarsa, Bağdadda İosif adlı birisi ilə əlaqə saxlamalıdırlar və bunun üçün telefon nömrəsi də verdi. Hadisə barədə məlumat qısa müddət sonra Meir Amitə ötürüldü.

Təklif cazibədar olduğu qədər də təhlükəli idi. Bu, bir tələ ola bilərdi. Belə olardısa, zəng edən adam İraq xüsusi xidmət orqanlarının əlinə keçəcək və sağ qalmaq şansı olmayacaqdı. Çox götür-qoydan sonra risk etmək qərara alındı. İraqa göndəriləcək kəşfiyyatçıya da məsələnin nə qədər təhlükəli olduğu söylənildi və seçim etmək imkanı verildi. Agent Bağdada getməyə razı oldu.

Amma bu, tələ deyildi. Görüşmək istəyən şəxs təxminən 60 yaşlı yəhudi idi və uşaqlıqdan zəngin xristian-aysor ailəsində qulluqçuluq edirdi. Həmin ailənin 30 yaşlı üzvü Münir Redfa İraq HHQ-də xidmət edirdi. Bir müddət SSRİ-də təcrübə keçən Redfa ən yaxşılara həvalə edilən Miq-21-in pilotu idi. 

İosifin sözlərinə görə, İraq hökumətinin xristianlara münasibətdə getdikcə güclənən ayrı-seçkilik siyasəti ailədə, xüsusən də Münirdə narazılıq doğururdu. Ölkəsinin ən yaxşı pilotlarından biri olmasına baxmayaraq, onun karyera perspektivi məhdud idi. Üstəlik, 1961-ci ildə başlayan və davam edən kürd üsyanı səbəbindən İraq pilotları tez-tez kürd kəndlərini bombalamağa göndərilirdilər. Münir Redfa bundan da məmnun deyildi.

İnformasiya yetərincə ümidverici idi və Mossad bu istiqamət üzrə işləməyi qərara aldı. 1965-ci ildə Redfa ilə Parisdə görüşüldü və o, hətta bir günlük İsrailə aparıldı. Burada onunla əməliyyatın bütün planları müzakirə olundu. Redfa təyyarəni qaçırmaq müqabilində 500 min funt-sterlinq tələb edirdi ki, bu da o zaman 1 milyon dollara ekvivalent idi. Pilotun digər şərti isə bütün ailəsinin İraqdan çıxarılması idi. İsrail bu şərtləri qəbul etdi.

Əməliyyatın detallarını hazırlamaq və həyata keçirmək daha bir il vaxt apardı. Münirin əvvəlcə dayısı “müalicə olunmaq” üçün İsveçrəyə getdi. Burada Redfaya vəd olunan pulun bir hissəsi onun hesabına köçürüldü. 

Daha sonra arvadı və iki azyaşlı oğlu Parisə turist səfərinə yollandılar. Bəzi iddialara görə, qadının məsələdən xəbəri yox idi və Mossad agenti onunla görüşüb yeni İsrail pasportunu təqdim edəndə təlaş keçirmişdi. Onu İraq səfirliyinə müraciət etməməyə inandırmaq üçün çalışmaq lazım gəldi. 

Ailənin digər üzvlərinin təxliyəsi üçün isə üsyançı kürdlərin lideri Mustafa Bərzaninin və o zaman İsraillə yaxşı münasibətlərə malik İranın köməyi lazım gəldi. Yay istisində guya dağətəyi yerlərə piknikə gedən ailə və iki qulluqçu buradan helikopterlə İrana aparıldı. 

Avqustun 16-da Redfa təlim uçuşuna qalxdı. Qısa müddət sonra isə cənuba tərəf dönərək, İordaniya ərazisi üzərindən İsrailə uçdu. İsrail hava məkanında onu iki “Mirage III” təyyarəsi qarşıladı. Onları HHQ-nin yeni komandanı Mordexay Xod göndərmişdi. Əməliyyatdan xəbərsiz olan pilotlara İraq təyyarəsini qarşılamaq, amma vurmayıb Hatsor hava bazasına qədər müşayiət etmək tapşırılmışdı. Hər iki təyyarənin şassiləri açıq idi və bu, Redfa üçün işarə idi.

Qaçışdan bir müddət sonra Münir Redfa mətbuat konfransı keçirdi. Bu zaman İsrailin Miq-21 oğurlamaq üçün xüsusi əməliyyat keçirməsi, əlbəttə, açıqlanmadı. Pilot hadisəni öz qərarı, İraq hökumətinin xristianlara və kürdlərə yönəlik siyasətindən doğan narazılığının təzahürü kimi təqdim etdi.

*** 

İsrail HHQ nəhayət əldə etdikləri təyyarənin xüsusiyyətlərini öyrənməyə başladılar. Bundan əlavə, Miq-21 və İsrailin malik olduğu “Mirage III” təyyarələri arasında təlim döyüşləri keçirildi. Yəhudi pilotlar həm Miq-i vurmağı, həm də onun hücumundan qorunmağı avtomatlaşma dərəcəsinə qədər məşq etdilər.

1967-ci ilin iyununda başlayan Altıgünlük müharibə zamanı hava döyüşlərinin istisnasız hamısında İsrail qalib gəldi. Bu amildə yəhudi pilotların yüksək döyüş hazırlığı ilə yanaşı, Mossadın ən uğurlu əməliyyatlarından biri olan “Brilyant əməliyyatı” nəticələri də mühüm rol oynadı.

Bu arada amerikalılar da Miq-21 ilə tanış olmaq arzusunda idilər. Onlar müharibə apardıqları Vyetnamda bu təyyarə ilə tez-tez rastlaşırdılar və nəticə heç də həmişə ürəkaçan olmurdu. Amma israillilər təyyarəni amerikalılara vermək üçün şərt qoydular: Vaşinqton onlara “F-4 Phantom” təyyarələrini satmağa razılıq verəcəkdi.

Məsələ ondadır ki, o vaxta qədər ABŞ İsrailə, demək olar ki, silah satmırdı. Hərbi aviasiyanın hamısı isə Fransa istehsalı olan təyyarələrdən ibarət idi. Amma Altıgünlük müharibənin başlanmasından iki gün əvvəl Fransa həm İsrailə, həm də ərəb ölkələrinə silah satmağa moratorium tətbiq etdi. Ərəblər bundan çox da narahat olmadılar. Onların arsenalında Fransa istehsalı olan texnika və silahlar az idi, əsas təchizatçı Moskva idi. İsrailə isə moratorium ağır təsir göstərdi. İndi o, özünə yeni silah təchizatçısı tapmalı idi. 

Digər tərəfdən, amerikalılar da siyasətlərini dəyişməli oldular. Ərəb ölkələrinin liderləri Altıgünlük müharibədə yalnız İsrail tərəfindən biabırçı məğlubiyyətə uğradıqlarını etiraf edə bilmirdilər. Onlar ABŞ-ın da İsrailə kömək etdiyini vurğulayırdılar. Nəticədə həmin ölkələrdə kəskin antiamerika əhvalı yayıldı. Bu da Vaşinqtonu özünün Yaxın Şərq  siyasətində dəyişikliklər etməyə, Tel-Əvivlə yaxınlaşmağa sövq etdi. Yəhudilərə “F-4 Phantom” satmağa həm də buna görə razı oldular.

Miq-21 amerikalılar tərəfindən öyrəniləndən sonra İsrailə qaytarıldı. Burada ona 007 nömrəsi verildi və hazırda da İsrail HHQ-nin muzeyində saxlanılır.

*** 

Münir Redfanın ailəsi isə İsrailə öyrəşə bilmədi və Mossad onlara yeni adlarla Qərbi Avropa ölkələrindən birinə (çox güman ki, İtaliyaya) köçməyə kömək etdi. Keçmiş pilot 1998-ci ildə infarkt keçirərək 64 yaşında vəfat etdi.  

24 saat” “1 milyon dollarlıq casus, İranın Mossada jesti, “Brilyant əməliyyatı”nın sonu…” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button