2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
GündəmSiyasət

’10 ilini vermisən, cəzasını çəkir, artıq işgəncələr nəyə lazımdır?’

«Tutulub, dustaqdır, bunun «srok»unu, cəzasını vermisən, ən azından hüquqlarını da təmin et, xəstədir, müalicə etdir. Dünəndən bəri düşünürəm ki, 10 ilini vermisən, cəzasını çəkir, artıq işgəncələr nəyə lazımdır? Belə çıxır ki, fiziki baxımdan məhv etmək istəyirlər. Allah böyükdür, Bayrama güc, qüvvət verər ki, o mərhələni də adlasın».

«Heykəl məhbusu» kimi tanınan, 10 il azadlıqdan məhrum edilən, bugünlərdə saxlanma şəraitinə görə yenidən gündəmə gələn Bayram Məmmədovun anası Sevinc Məmmədova AzadlıqRadiosuna belə deyir.

Saytların yığılması Saytlarin yigilmasi

B.Məmmədov cəzaçəkmə müəssisəsi rəhbərliyinin ona münasibətinin çox pis olduğunu bildirib. Bu haqda onun vəkili açıqlama verib. B.Məmmədovun sözlərinə görə, ona Heydər Əliyevin heykəlinə şüar yazdığı üçün daim təzyiq altında olacağını çatdırıblar. Bundan başqa, vəkil Məmmədovun 13 saylı Cəzaçəkmə Müəssisəsinə yerləşdirildiyi gündən bəri xəstələndiyini, onun yerinin soyuq və yelçəkən olduğunu, müəssisənin rəhbərliyinin onun müalicə olunmaq müraciətinə əhəmiyyət vermədiyini söyləyib.

Bəs anası dörd divar arasında 10 il həbs yatacaq gənc oğlunun üzləşdiyi durum haqda nə düşünür? Onunla söhbəti təqdim edirik.

– Bayram necədir? Sonuncu dəfə nə zaman görüşmüsünüz onunla?

– 15 gün olar. Bugünlərdə yenidən görüşməliyik. Yazıyla bağlı deyirsinizsə, biz artıq hər şeyi vəkili vasitəsilə öyrənmişik. Biz onunla görüşəndə, demək olar, heç nə bildirməyib, özünü elə göstərib ki, əhval-ruhiyyəsi yaxşıdır, gümrahdır, amma yaxşı deyilmiş. Görünür, vəkiliylə bu haqda danışmaq daha rahat olub, nəinki bunu bizə bildirmək. Ona görə hər şeydən xəbərsiz olmuşuq. Dünən (mayın 2-də, müsahibə mayın 3-də alınıb – A.R.) onunla danışdım və soruşdum ki, niyə bizə heç nə deməmisən? Yenə də bizə heç nə danışmadı. Qızdırması olub-olmadığını öyrənməyə çalışdım, heç olmasa, özümlə dava-dərman aparardım gedəndə… Sonra qolunun qırılması və ağrımasını da bizə bir ildə bildirməyib. Bir ildə qolunda ağrı olduğunu deyə bilərdi də bizə. Onda qabağını tez alardıq, nəinki indi bu əziyyəti çəkərdi. Özünə də bu sualı verdim. Amma heç nə demədi.

– Deyəsən, yenə incimisiniz?

– İnciyirəm. Məndə küskünlük yaranır. Bu qədər susqunluq da bir şey deyil. Başqa yöndən baxanda deyirik ki, hə, belə olmalıdır, əsl kişi kimi hərəkət edir, amma elə şey var, bizə desə, yaxşı olardı. Bizə deməyib, mən onun ağrısını indi daha çox çəkirəm. Mənə daha çətindir. Xəbərdə yazılıb ki, aprelin 24-də temperaturu olub. Mən özümü qınayıram ki, həmin gün bəlkə də mən çox rahat olmuşam, ağlıma da gətirməmişəm xəstələndiyini, gecəni mən yatmışam, amma o temperaturun içində yanıb. Başlayıram özümü qınamağa… Qolunu da bilməmişəm. Düzdür, hər dəfə biləyinə baxmışam. Vəkili həmişə qolunu, biləyini göstərirdi ki, baxın, Bayramın biləyində işgəncə izi var. O da mənə biləyini göstərib, ondan o tərəfi göstərməyib.

– Onun xəstəliyini artıq bilirsiniz. Neyləyəcəksiniz?

– Əlimdən, vallah, nə gəlir ki. Cavabını gözləyirəm… Xəstəlik prosesini mənə anlatsa, burda həkimlər vasitəsilə, heç olmasa, dava-dərman yazdırıb aparardıq. Orda həkim onu müalicə edən, resept yazan deyil. Müalicə etsə, lap yaxşı… Heç olmasa, insanlıq naminə həkim ona baxardı. Tutulub, dustaqdır, bunun «srok»unu, cəzasını vermisən, ən azından, hüquqlarını da təmin et, xəstədir, müalicə etdir. Dünəndən bəri elə bunu deyirəm, 10 ilini vermisən, nə istəmisən, vermisən, cəzasını çəkir, artıq işgəncələr nəyə lazımdır? Belə çıxır ki, fiziki baxımdan məhv etmək istəyirlər. Allah böyükdür, Bayrama güc, qüvvət verər ki, o mərhələni də adlasın.

– Bu məsələyə ictimai diqqət varmı, sizcə?

– Vəkili müraciət edib, hüquq müdafiəçiləri, hüquqşünaslar, başqaları həqiqətən də yığışsalar, fiziki baxımdan məhvini dayandıra bilərlər, ən azından, bəzi şeylər cəzaçəkmə müəssisəsində olmaz. Amma… Düzdür, tam rahat deyilik. Evdə bu xəbər mənfi enerji yaratdı. O qədər bizə heç nə deməyib, heç nə bildirməyib ki… Bir tərəfdən başa düşürəm, amma ana kimi sual edirəm ki, niyə bilməmişəm.

– Bugünlərdə dəmir barmaqlıqlar arxasında olan, siyasi hakimiyyətin tənqidçilərindən biri bloqqer Mehman Qələndərov müəmmalı şəkildə öldü. Ehtimallar var ki, onu öldürə bilərdilər və s. Eyni vaxtda Bayramın fiziki məhvi haqda xəbərlər gəlməkdədir. O xəbərdən sonra siz…

– (Sualın davamını gözləmədən – A.R.) Birincisi, Mehmanın yeri cənnətlik olsun. O, üç aydır tutulubmuş, səmimi deyim, Mehman haqda bu üç ayda heç nə eşitməmişdim. Bayramın həbsindən sonra hər gün, hər saat xəbərləri izləyirik, necə olub onun haqda heç nə bilməmişik? Özümüzü də günahlandırdıq ki, necə oldu xəbər tutmamışıq, bəlkə də nəsə yazılıb oxumamışıq, necə olub gözümüzdən yayınıb? Üstəlik də, uşaqlarla bağlı aksiya keçiribmiş. Bu haqda dəfələrlə danışdıq, hələ də danışırıq. Çox pis olduq. O ki qaldı Bayrama… Düzünü deyim ki, düşünmədim. O qorxunu ağlımın ucundan da keçirməmişəm. Düşünmək də istəmərəm…. Mehman üçünsə çox pis olduq. Çox üzüldük. Xüsusən də ona görə ki, yaxınları, bacıları ondan üz döndəribmiş. Bəlkə də üz döndərməsələr, hər şey başqa cür olardı..? Ailə köməyi mütləq lazımdır.

– Bəs Bayrama görə, qohumlarınızdan sizdən üz döndərən oldu?

– Yox! Əksinə, nəinki bir, hətta iki addım yaxınlaşdılar. Bayramla bağlı son xəbərləri oxuyanlar səhər saat 8-dən zəng etməyə başladılar, əmisi xaricdə yaşayır, səhərə kimi yatmamışdı ki, Bayrama nə olub. Bizdən üz döndərən olmayıb. Daha da yaxınlaşıblar, Bayramın olmadığı vaxtda bizi ovutmağa çalışırlar.

– Bir il ötür hadisələrdən. Nə dəyişdi bu vaxtda?

– Bu bir il on il kimi keçdi. Kənar adam deyər ki, artıq bir ildir? Bizim üçünsə on illər keçib, elə bil. Bayram bizi başqa yola gətirdi. Mən siyasətdən kənar adam idim, nəyisə müzakirə edim, haqsızlıqlardan danışım, yox, belə şeylərdən uzaq idim. Ancaq Bayram həyata, hadisələrə baxışımızı dəyişdi, o, necə baxırsa, necə düşünürsə, biz də ona hörmətlə yanaşırıq. Bu gün biz, istəsək-istəməsək də, onun yolundayıq. O bizim gözümüzü açdı.

AzadlıqRadiosu vəkilin və ananın söylədiklərinə Penitensiar Xidmətdən mövqe öyrənməyə çalışıb. Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən əvvəlcə şöbə müdiri Mehman Sadıqovla danışmaq üçün 40 dəqiqə sonra danışmağı məsləhət görsələr də, daha sonra onun ezamiyyətdə olduğunu bildiriblər. Amma bununla bağlı yazılı müraciət göndərilərsə, araşdırılaraq cavab veriləcəyini də deyiblər. «Vəkil çox şey deyə bilər, məsələ araşdırılmalıdır, aidiyyəti xidmət sahəsi də bizə məlumat verməlidir ki, biz də sizə cavab verə bilək», – deyə şöbədən bildirilib.

XATIRLATMA

B.Məmmədov digər gənc fəal Qiyas İbrahimli ilə birgə ötən il mayın 10-da saxlanıblar. Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, B.Məmmədovdan 2.904 qram, evinə baxış zamanı əlavə olaraq 1 kiloqram 150 qram heroin aşkar edilib. Onunla birlikdə saxlanan Q.İbrahimlidən də 2.607 qram, yaşadığı mənzilə baxış zamanı isə əlavə olaraq 1 kiloqram 10 qram heroin tapıldığı iddia edilir.

Ancaq gənclər məhkəmədə ittihamları qəbul etməyiblər. Keçmiş prezident Heydər Əliyevin abidəsinə «Qul bayramınız mübarək!» şüarı yazılmasına görə həbs edildiklərini bəyan ediblər. Məhkəmənin qərarı ilə onlara 10 il həbs cəzası verilib.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button