2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Sosial

1000 manat ver, Azərbaycan vətəndaşı ol, amma…

Ölkə qanunvericiliyinə əsasən Azərbaycan Respublikasının vətəndaşı olmayan və başqa dövlətin vətəndaşlığına mənsub olan şəxslər əcnəbilər hesab edilirlər. Əgər Azərbaycan Konstitusiyası, digər qanunlar və ölkənin iştirakçısı olduğu beynəlxalq müqavilələri ilə digər qaydalar müəyyən edilməyibsə, əcnəbilər və vətəndaşlığı olmayan  şəxslər ölkə  vətəndaşları ilə bərabər bütün hüquqlardan və azadlıqlardan istifadə edə və bütün vəzifələri yerinə yetirə bilərlər. 
Bəs Azərbaycan ərazisində müvəqqəti və daimi yaşama üçü əcnəbi nə etməlidir? 
Belə ki, ölkəyə gələn əcnəbi və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti Azərbaycan Respublikasının 14 iyun 1994-cü il tarixli “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında”, 13 mart 1996-cı il tarixli “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında” və 22 dekabr 1998-ci il tarixli “İmmiqrasiya haqqında” Qanunları ilə tənzimlənir.
Qanunvericiliyə əsasən, viza əsasında Azərbaycana gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddəti vizada göstərilən qalma müddəti ilə müəyyən olunur. Viza tələb olunmayan qaydada Azərbaycana gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddəti 90 gündən artıq ola bilməz.
Azərbaycanda 30  gündən artıq yaşamaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər yaşayış yeri üzrə qeydiyyata alınma üçün yaşayış yerinə gəldiyi vaxtdan 3 gün ərzində (bazar və bayram günləri istisna olmaqla) Daxili İşlər Nazirliyinin müvafiq orqanında qeydiyyatdan keçməlidirlər.
Qeyd edək ki, yalnız  xarici ölkələrin Azərbaycanda fəaliyyət göstərən diplomatik nümayəndəlik və konsulluqlarının, habelə beynəlxalq təşkilatların nümayəndəliklərinin əməkdaşları, inzibati-texniki xidmət heyətinə daxil olan şəxslər və onların ailə üzvləri, həmçinin Azərbaycana diplomatik missiya ilə və ya tərəfdar çıxdığımız beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda xüsusi missiya ilə səfər edən əcnəbilərin qeydiyyatı Xarici İşlər Nazirliyi tərəfindən aparılır, digərlər əcnəbilər isə  Dövlət Miqrasiya Xidmətinə müraciət etməlidirlər.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ölkədə müvəqqəti olma və ya müvəqqəti yaşama müddətinin bitməsinə azı 22 iş günü qalmış müvəqqəti yaşamaq üçün icazə alınması ilə bağlı Dövlət Miqrasiya Xidmətinə müraciət edə bilərlər.
Bu hallarda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müvəqqəti yaşamaq üçün icazə verilə bilər: birincisi,  Azərbaycan vətəndaşı ilə yaxın qohumluq münasibətlərində olduqda və ya nikaha daxil olduqda, ikincisi, ölkə iqtisadiyyatına 500.000 manat məbləğində investisiya qoyduqda və ya  yerli banklara 50.000 manat məbləğində pul vəsaiti  qoyduqda, üçüncüsü,  ölkə ərazisində əmək fəaliyyəti ilə məşğul olmaq üçün fərdi icazə aldıqda,   təhsil müəssisələrində əyani təhsil aldıqda, eləcə də iqtisadiyyat, sənaye, müdafiə, mədəniyyət, idman, elm və digər sahələr üzrə yüksək səviyyəli mütəxəssis olduqda.
Azərbaycanda əmək fəaliyyəti ilə məşğul olmaq  istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər fərdi icazənin verilməsi  ilə bağlı qeyd  olunan müddətdə işə götürən vasitəsilə Dövlət  Miqrasiya Xidmətinə müraciət edə bilərlər.  Əməkçi miqrantın ölkəmizdə müvəqqəti yaşamasına hüquq verən müvafiq vəsiqə fərdi icazənin qüvvədə olduğu müddətə verilir.
İcazə almış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş müvafiq vəsiqələr əsasında yaşamalarını, yaşayış yeri üzrə qeydiyyatlarını rəsmiləşdirmiş olurlar.
Əcnəbilər yaşayış yerini dəyişərək yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün yenidən Dövlət  Miqrasiya Xidmətinə müraciət etməlidirlər. Müvəqqəti yaşamaq üçün icazə onun verilməsinə əsas olan qanunvericiliklə müəyyən edilmiş hallar mövcud olduğu müddətdə qüvvədədir.
Ən azı 2 il Azərbaycan Respublikasında qanuni əsaslarla müvəqqəti yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə qanunvericiliklə müəyyən edilmiş  qaydada Azərbaycan Respublikasında daimi yaşama hüququ (immiqrant statusu) verilə bilər.
Müvəqqəti yaşam hüququ olan əcnəbi ölkə ərazisində sərbəst hərəkət etmək və yaşayış yeri seçmək, əmək fəaliyyəti ilə məşğul olmaq, şəxsi toxunulmazlıq, mənzil toxunulmazlığı, investisiya və sahibkarlıq fəaliyyəti, istirahət  etmək, sağlamlığın qorunması, təhsil  almaq, vicdan azadlığı kimi hüquq və azadlıqlara malikdirlər.
Lakin əcnəbilər və vətəndaşlığı olmayan şəxslər dini təbliğat apara bilməz,  siyasi partiyalara üzv ola bilməzlər.
Əcnəbilərə müvəqqəti yaşamaq hüququ verilməsi ilə bağlı dövlət rüsumları da var, belə ki, ölkədə müvəqqəti olma müddətinin uzadılması barədə qərarın verilməsinə görə, 30 manatdan 90 manatadək, müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətinin uzadılmasına görə 30 manatdan 120 manatadək, ölkə ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün fərdi icazənin alınmasına və müddətinin uzadılmasına görə 1000 manat dövlət rüsumu ödənilməlidir.
Hüquqşünası Əkrəm Həsənov bildirdi ki, əcnəbilərə qarşı münasibətdə nəinki Türkiyə vətəndaşlarına, Gürcüstan vətəndaşı olan azərbaycanlılara belə fərq qoyulmur. Onlar da əcnəbilər kimi eyni prosedurları keçmək məcburiyyətindədirlər: “Vizada qeyd olunan müddətdən artıq qalmaq istəyən əcnəbilər Dövlət Miqrasiya Xidmətindən müvəqqəti yaşamaq üçün icazə almalıdırlar. Ancaq burada işləmək də istəyirsə, əcnəbinin  özü tərəfindən deyil, onu işə götürən şəxs tərəfindən Dövlət Miqrasiya Xidmətindən işləmək üçün ayrıca icazə alınmalıdır. Bunun dövlət rüsumu 1000 manatdır. İcazə bir illik verilir və hər il təzələnməlidir. Əgər həmin əcnəbi özü sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyirsə, ölkə iqtisadiyyatına 500 min manat yatırım etməlidir və onun açdığı şirkətin işçilərinin müəyyən faizi gərək Azərbaycan vətəndaşları olsun”.
Ekspert  hesab edir ki, Türkiyə vətəndaşlarına və əslən azərbaycanlı olan əcnəbilərə münasibətdə qanunvericlikdə daha sadə şərtlər müəyyənləşdirilsə, yaxşı olar.
Əmək Hüquqları Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov açıqlamasında əcnəbilərin Azərbaycanda əmək fəaliyyəti ilə məşğul olmasının hüquqi şərtlərindən danışdı: “Miqrasiya Məcəlləsində əmək miqrasiyası ayrıca tənzimlənir. Əcnəbi vətəndaş və ya Gürcüstandakı həmvətənlilərimiz, vətəndaşlığı olmayan şəxslər burada əmək fəaliyyətini davam etdirmək üçün işəgötürən şəxs tərəfindən  Dövlət Miqrasiya Xidmətinə müraciət edilməlidir, iş icazəsi almalıdır. İş icazəsinin müddəti 1 ildir və dövlət rüsumu 1000 manatdır. Məhz bundan sonra işəgötürənlə əcnəbi arasında əmək müqaviləsi imzalana bilər. İş icazəsinin verilməsi üçün bir çox şərtlər var. Əsas şərt isə odur ki, həmin işə Azərbaycan vətəndaşı iddia etməmiş olsun. Praktikada bəzən bu məsələdə problemlər yaranır. Ancaq qanunda istisnalar da var. Xüsusi ekspertlər, alimlər, idman məşqçiləri və sair bu kimi şəxslər iş icazəsi olmadan da müvafiq icra hakimiyyəti orqanının dəvəti əsasında  gələ bilər. Azərbaycanda illik 9000 nəfər kvota müəyyən olunub. Ancaq statistika göstərir ki, Azərbaycanda yaşayan hər 7 nəfər əcnəbidən yalnız biri iş icazəsi alıb. Qalanlar qeyri-formal əmək bazarının iştirakçılarıdır. Belə hallar müəyyən olunduqda işəgötürəni böyük miqdarda- 30 min manatdan yuxarı cərimə gözləyir, əcnəbi şəxs isə ölkədən deportasiya edilir”. (Yeni Müsavat)

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button