12 yaşlı qızı nişanlayan ailə: “Məcburiyyət olmayıb, qız özü istəyib”
Sabirabadın Məmişli kəndində 12 yaşlı qızın 32 yaşlı kişiylə nişanlanması geniş müzakirələrə səbəb olub.
Toplum TV xəbər verir ki, məsələylə əlaqədar Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti də açıqlama yayıb.
Bildirilib ki, faktla bağlı Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən bütün tədbirlər icra olunub:
“Araşdırmalar zamanı qızın 12 yaşının olduğu məlum olub. Polis əməkdaşları yeniyetmənin valideynləri ilə izahedici söhbətlər aparıblar və qeyd olunan halın hüquqazidd olması onların diqqətinə çatdırılıb.
Bundan əlavə, yeniyetmənin qanunvericiliyə uyğun olaraq təhsilinə davam etməsinə və dərsə davamiyyətinə mütəmadi olaraq nəzarət olunacaq”.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Teymur Mərdanoğlu da ailə ilə söhbət aparıldığını bildirib.
Onun sözlərinə görə, ailə başçıları nikah mərasiminin qızın 18 yaşı tamam olandan sonra olacağını, hələlik yalnız nişan mərasiminin baş tutduğunu bildiriblər.
Ailə heç bir məcburiyyət olmadığını və qızın öz istəyi ilə ailə qurmaq qərarına gəldiyini iddia edir.