2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

1918-ci il: Lənkəran və Muğan od içində (beşinci hissə)

Cəmil Həsənli

Yadellilərə qarşı mübarizədə yerli türk və talış əhalisinin müdafiəsində Astarada Hüseyn Ramazanovun, Hüsyin Əlixanovun və Fəttah Rəsulovun dəstələri, Səbidəştdə (Astarxanbazar) Böyükxanın və keçmiş pristav Qulam Tağıyevin dəstələri, Zuvand istiqamətindən Şahverən Əsgər oğlunun və Yunis Abbasovun dəstələri, Əsədxan və Hacı Mirxanın başcılıq etdiyi Toğra xanım Talışxanovanın dəstəsi, Pirzəkücədən Hacıbaba Şahhüseyn oğlunun dəstəsi, Vaqo kəndində məşhur müsavatçı jurnalist Xəlil İbrahimin dəstəsi, Gərmətürkdə Sənan Rəhimovun dəstəsi və başqaları mühüm rol oynamışdılar. 1917-1918-ci ilərdə, habelə, 1921-ci ilin birinci yarısına qədər bolşeviklərə qarşı mübarizə aparan Hüseyn Ramazanovun dəstəsində 800 adamın olduğu bildirilirdi və onların əksəriyyəti talış döyüşçüləri idi. Bu zaman İran tərəfindən Şirnalı xan, Hüseynəli xan, Rəhim xan, Rəşid xanın dəstələri də yadellilərin hücumuna məruz qalmış Lənkəranın müsəlman əhalisinin köməyinə gəlmişdi.[1] Yadellilərə qarşı müqavimətə başçılıq edən Toğra xanım Lənkəran qəzasında ən böyük torpaq mülkiyyətçisi olan Mir Əhməd xan Talışxanovun həyat yoldaşı idi. Ərçivan ərazisi də daxil olmaqla Mir Əhməd Talışxanovun Lənkəran ətrafında geniş torpaq mülkləri var idi.[2]

Saytların yığılması Saytlarin yigilmasi

Lənkəran ətrafı kəndlərdə döyüşlərə başçılıq edən Makarov Şirəli və Musa Axundov qardaşlarının həmin vaxt Girdənidə olduqlarını, lakin 1918-ci ildə sovetləşmədi iştirak etmədiklərini bildirirdi.[3] Bəzi məlumatlara görə Şirəli Axundovun özü qırmızı qvardiyaçılara rəğbət bəsləsə də, onun qardaşı Musa Axundov Girdənidə əks tərəfdə mövqe tutub və bolşevik qüvvələrə qarşı silahlı dəstəyə rəhbərlik edib. Musa Axundov haqqında toplanmış materiallarda göstərilir ki, guya Şirəli Axundov sovetləşmədən sonra Lənkəran qəzası İcraiyyə Komitəsinin sədr işləyərkən qardaşı Musa Axundov və onun dəstə üzvlərinə qırmızı partizan vəsiqəsi paylayıb.[4]Ümumiyyətlə, sənədlərin arşadırılmasından aydın olur ki, Şirəli Axundov Lənkəran hadisələrinin ikinci mərhələsinin cərəyan etdiyi 1919-cu illə müqayisədə, proseslərin 1918-ci ili əhatə edən birinci mərhələsində elə də aktiv olmayıb. O, 1886-cı ildə Lənkəran qəzasının İstisu yaxınlığında olan Razigirdani kəndində anadan olmuşdu. Bu və digər ətraf kəndlərin əhalisi həmin vaxt Əsgər xan və Abdulla xan Talışxanovların təbəələri idi və yaşayış məntəqələri onlara məxsus idi. O, Lənkəran hadisələrində iştirak etmiş az-çox təhsilli adamlardan biri idi və Axundov özü də etiraf edir ki, 1917-ci il inqilabı başlayanda “talışlar içərisində savadlı adamlar yox idi”.[5]Şirəli Axundov öz xatirələrində yazır ki, o, ilk təhsilini öz kəndlərindəki müsəlman məktəbində alıb və əlavə edir ki, “bizim kənd İstisudan uzaq deyildi, orada 3 kükürdlü su mənbəyi vardı. Yayda ora adamlar müalicə üçün gəlirdilər. Mən orada milliyətcə erməni olan Vaxramov soyadlı bir tacirlə tanış olmuşdum. Onun övladı yox idi və mənim atamı dilə tutdu ki, məni versin ona və o da məni şəhərə (Lənkərana – C.H.) aparıb məktəbə qoysun. 1903-cü ilin sentyabrında o, məni Lənkəran şəhərində iki illik rus-tatar məktəbinə qoydu. Mən orada 1905-ci ilə kimi oxudum. Mənim üçün orada oxumaq çətin idi. Belə ki, mən özüm talış idim və məktəbi qurtaranda mən hətta Azərbaycan dilini belə bilmirdim. Qoca Vaxramov öldü və onun ailəsi nələri vardısa satdı və Bakıya gəldi. Onlar məni Bakıya aparmaq istəyirdilər, lakin atam məni vermədi. Mən 3 sinifli məktəbə daxil olmaq istəyirdim. Bu işdə mənə həmin məktəbin müəllimləri Əbdül Müslüm Maqomayev və Pənah Qasımov kömək etdilər, onlar bizim müəllimlərimiz idilər. Mən 1908-ci ildə məktəbi qurtardım və ayı 6 manata meşəbəyinin tərcüməçisi işinə girdim.”[6] Həmin vaxt Maqomayev və Qasımovla yanışı Lənkəranın tanınmış maarifçisi Teymur bəy Bayraməlibəyov də həmin məktəbdə işləyir və fəal şagirdləri müdafiə edirdi.[7]

Bu qədər silah sursat və köməklə Lənkəran və Muğanda 1918-ci ildə Sovet hakimiyyətini niyə qurmaq mümkün olmadı? Bunun birinci səbəbi həmin vaxt Bakıda Xalq Komissarları Sovetinin timsalında Sovet hakimiyyətinin dayanaqlı olmaması idi. Qriqori Arustamovun fikrincə bunun ikinci səbəbi qırmızı qvardiya və digər Sovet qüvvələrinin eserlər və menşeviklərə həddindən artıq etibar etmələri, bu səbəbdən Bakını çörəklə təmin edə bilməmələri ilə bağlı idi. O, əlavə edirdi ki, hətta Çaparidze gələndə dedi ki, eser Suxarikov yaxşı çalışır və ona kömək etmək lazımdır. Arustamova görə bu, Muğandakı bolşeviklərin mərkəzə verdiyi səhv məlumatların nəticəsi idi. Onun xatirələrində üçüncü səhv nəinki türk kəndliləri ilə əlaqə yaratmamaq, əksinə Şevkunovun dəstəsinin türk kəndlərinə qarşı əməllərinin qarşısını ala bilməmək idi. Arustamov yazırdı: “yaxşı xatırlayıram, biz bura gəldiyimiz birinci ay Lənkəran altındakı Gərmətürk kəndi topa tutuldu. Bu vəziyyət bizimlə türk kəndləri arasında məlum uçurumu yaratdı.” Onun fikrincə, dördüncü səhv Muğan və Lənkəranla Bakının əlaqəsinin müstəsna dərəcədə zəif olması, Qədirli və Çaparidzedən başqa Kommuna rəhbərlərindən heç kimin Muğana gəlməməsi idi. Arustamova görə beçinci səhv Lənkran və Muğanda bolşeviklərin güclü təşkilatı sturuktura, partiya özəklərinə malik olmaması ilə bağlı idi.[8]

Muğan və Lənkəranda rus – türk və talış, xristian-müsəlman ədavətindən əlavə Privolnının subbotnikləri ilə Prişibin molokanları arasında da daimi mübarizə gedir, rusların məzhəb davasının səngərləri bu iki kəndin arasından keçirdi.[9] Lakin bu səhv siyasət bolşeviklər tərəfindən yalnız 30-cu illərin əvvəllərində etiraf edilirdi. Muğanda eserlərin ifasında bolşevik ekspermentləri uğursuzluğa düçar olduqdan sonra 1918-ci ilin sentyabrında “inqilabçıların” çoxu Bakıya gəlib oradan da Rusiyaya getmək istəyirdilər. Məsələn, Muğanda müsəlman əhaliyə qarşı döyüşmüş Lozov öz dəstəsi ilə şimala gedib Biçeraxov ordusu ilə birləşmək istəyirdi. Bir çoxları ona qoşulub Rusiyaya getdilər.[10]

Türklər Bakını tərk etdikdən dərhal sonra hələ ki, Ənzəlidə Bakıya daxil olmağa məqam gözləyən ingilislər də Lənkəran və Muğandakı proseslərlə maraq göstərməyə başladı. Hələ, 1918-ci ilin iyulunda Bakı XKS devriləndən sonra ingilislərin Lənkərana və Muğana dəvət edilməsinə ilk cəhdlər edildi. Saratikovun sanksyası ilə Muğandakı eser və menşeviklər monarxistlərlə birlikdə avqust ayında “Vinter” gəmisində öz nümayəndələri Krestovski və Livşini ingilisləri dəvət etmək üçün 1918-ci ilin iyul ayında Ənzəliyə göndərdilər. İlyaşeviçin oğlu da nümayəndəliyin tərkibinə daxil edilmişdi. Onlar İlyaşeviçin məktubunu Denstervile təqdim edib təklif edirdilər ki, əvvəl gəlib Muğanı tutsunlar, ondan sonra Bakını tutmaq daha asan olacaqdır. Polkovnik İlyaşeviçin təmsilçiləri öz fikirlərini Muğanın çörəkli ərazi olması ilə izah edirdilər.[11]

General Denterville qeyd edir ki, “Muğan nümayəndələrinin təklif etdiyi kömək Bakıda bizim üçün çox faydalı ola bilrədi, belə ki, onların koloniyası Qafqaz İslam ordusunun Bakıya yolunun sağ tərəfində yerləşirdi. Onlar hədiyyə olaraq bizim orduya un və digər şeylər gətirmişdilər və ilk şərtləri Muğana hərbi təlimatçılar göndərmək idi. Onların təklifinə cavab olaraq mən Lənkərana yerli vəziyyətlə tanış olmaq üçün zabit və əsgərlərin kiçik bir dəstəsin göndərdim.”[12] Kiçik silah sursatla birlikdə Muğana gələn ingilis missiyasına ingilis ordusunun milliyətçə rus olan artilleriya kapitanı Stepanov və rus dilin yaxşı bilən diplomatik xidmət leytenantı Gurlyand başçılıq edirdilər.[13] İngilis nümayəndələrinin iştirakı ilə Muğanda Fövqəladə hərbi qurultay keçirildi. Bu qurultayda Sidomonov, Hayk Arustamov, Faykovskidən ibarət bolşevik fraksiyası, Suxarikov, Kropatov, İlyaşeviç və digərlərindən ibarət eser və menşeviklərlə birgə iştirak edirdi. Amma ilk başlanğıcda toplantıda atışma başladı və Şevkuovun adamları atəş açıb monarxist Mironovu yaraladı, bundan sonra eserlər tam tərkibdə qurultayı tərk etdilər. Muğanın “tanınmış” eserlərindən sayılan Nacarov ingilislərin diqqətini cəlb etmək üçün təbliğat aparırdı ki, monarxiya bolşeviklərin hakimiyyətindən daha yaxşıdır.[14]Lakin Dunsterforse ekspedisiyasının hədəfi Bakı olduğu üçün ingilislərin Muğana göndərəcək əlavə yetərli qüvvələri yox idi. Yalnız 1918-ci ilin sentyabrında polkovnik Raulinson başda olmaqla kiçik bir dəstə Türk qoşunlarının arxasında diversiya törətmək, dəmir yolunu partlatmaq və Qafqaz İslam Ordusunn araxa ilə əlaqəsini kəsmək məqsədi ilə Şimali Muğana ezam edilmişdi.[15] Muğanın “müdafiəçiləri” ingilis qüvvələrinin azlığından şikayət etdikdə, 1918-ci ilin yayında Britaniya hərbi missiyasının tərkibində Muğana gələn Böyük Britaniyanın Baş Qərargahının mayoru Kent qeyd etdi ki, ruslar ” həmişə özləri özləri üçün müsibətlər, bədbəxtliklər yaradırlar, sonra da başqalarını bu işdə günahlandırırlar… Siz ruslar ümumiyyətlə başqalarının sizin üzəriizdə hökmranlığını daha həvəslə qəbul edirsiniz, nəinki sizin öz hakimiyyətinizi.”[16]

Oyuncaq Mərkəzi Xəzər hökuməti devrildikdən və Bakı azad edildikdən az sonra Dördlər blokunun müharibədə məğlubiyyəti yeni siyasi şərait yaratdı. Mondros sazişinin şərtlərinə görə Britaniyanın rəhbərliyi ilə müttəfiq qoşunları Bakıya daxil olmalı idi. Bu əməliyyatdan 3 gün əvvəl, 1918-ci ilin noyabr ayının 14-də İrandakı Britaniya konsulu Hevelk (Hewelcke) Lənkərandan gəlmiş Teymur bəy Bayraməlibəyov, Axund Molla Əli Tağızadə və Yusif Qəribzadədən ibarət olan nümayəndə heyətini qəbul etdi. Teymur bəy Britaniya konsuluna bolşeviklərin, daşnakların, rus monarxistlərinin, o cümlədən özünü kommunaçı adlandıran Avetisovun silahlı bandit dəstəsinin qanlı əməlləri haqqında, Muğanın və Lənkəranın dinc müsəlman əhalisinə qarşı törədilən özbaşınalıq barədə konsula sənədlər təqdim etdi. Teymur bəy konsulu xəbərdar etdi ki, ingilislərin Azərbaycana daxil olması yenidən həmin qüvvələri fəallaşdıra bilər. Konsul öz növbəsində dedi ki, bu və digər məsələlər hazırda Ənzəlidə Azərbaycan hökumətinin nümayəndələri ilə müzakirə edilir. Konsul vəd etdi ki, lənkəranlıların arzusunu ingilis komandanlığının nəzərinə çatdıracaqdır.[17]

Bu görüşdən iki həftə əvvəl Teymur bəy Lənkəran müsəlman cəmiyyətinin səlahiyyətli nümayəndəsi kimi Bakıda Nuru paşa ilə görüşüb “Lənkəranın dözülməz vəziyyətinə son qoymaq” üçün ondan yardım istəmişdi. Nuru paşa nümayəndələrə demişdi: sizin müsəlmanlara çatdırın ki, onlar bizim köməyimizi çox gözləməyəcəklər.[18]O, həmin ilin dekabr ayının 28-də Muğan və Lənkərandan gəlmiş 50 nəfərlik bir heyətlə Bakıda general Tomson tərəfindən qəbul edilmişdi. Teymur bəy Tomsona bildirmişdi ki, “müsəlmanlar aramsız gözləyirdilər və ümidvadılar ki, komandanlığınız altında olan müttəfiqlər ordusu Lənkərana hərəkət edib, Lənkəranı hərc-mərclikdən və bolşeviklərdən xilas edər. Lakin bu ümidlər boşa çıxdı. Lənkəran məsələsindən daha mühüm məsələlər sizi Bakıda dayandırdı. Ona görə hüzurunuza gəlib bunu sizə xəbər veririk ki, biz Lənkəran müsəlmanları çox pis vəziyyətdə yaşayırıq. Əsgərlər aşkara bir surətdə müsəlmanlara olmazın əziyyətlər verirlər. Müsəlmanların azuqəsini zəbt edirlər…Odur k, əhali aclığa düçar olmuşdur…Məhəlli həbsxana öz təqsirlərini bilməyən müsəlmanlarla doludur. Bunlar aclıqdan və xəstəlikdən tələf olmaqdadırlar…Saldatlar iğtişaş salıb qətli-qarətlə məşğuldurlar. 100-dən artıq müsəlman kəndi Muğan cəza dəstəsi saldatları tərəfindən yandırılıb dağıdılmışdır. Bu kəndlərin əhalisinə öz kəndlərinə qayıdıb evlərini təmir etmək qadağan edilmişdir. Dağılan kəndlərin xüsusi torpaqları rus mühacirlərinə verilmişdir. Bu qərar üzrə müsəlman əkinçiləri öz torpaqlarından məhrum olmuşlar. Dağıdılmış kəndlərdən saldatlar əlli nəfərə qədər müsəlman arvad və qızlarını tutub aparıb namuslarına təcavüz etmişlər. Top gücü ilə müsəlman əhalisinin silahı əlindən alınıb, amma əksinə rus əhalisi silahlandırılmışdır. Odur ki, müsəlman əhalisi quldurların hücumundan özünü mühafizə edə bilməyib qarətə məruz qalmışlar.” Müraciətin sonunda Teymur bəy Bayraməlibəyov Tomsondan xahiş edirdi ki, “Lənkəran şəhərində hökümfərman olan bolşevik hökuməti qovulsun, yerli rus və müsəlman əhalisinin silahı əlindən alınsın. Çünki silah ilə kotan bir ələ sığmaz. Lənkəran şəhəri və kəndlərinin mühafizəsi ancaq ingilis əsgərlərinin və ya Azərbaycan hökumətinə tabe olan şəxslərə tapşırılsın. Lənkəran uezdi Azərbaycanın ayrılmaz bir parçası olduğuna görə Azərbaycan hökumətinin tabeçiliyinə keçirilsin.”[19]

Bakı azad edildikdən sonra Xalq Cümhuriyyəti hökuməti ölkənin hüdudlarında Azərbaycanın suverenliyini bərpa prosesinə başladı. İlk dövrlər bu işdə Qafqaz İslam Ordusu da hökumətə yaxından köməklik edirdi. Lakin hələ 1918-ci ildə Muğan və Lənkəranı azad etmək üçün Xalq Cümhuriyyəti hökumətinin hərbi imkanları yox idi. Bunun üçün bir neçə ay da gözləmək lazım idi. Yalnız 1919-cu ilin yayında Muğan və Lənkəran general Həbib bəy Səlimov başda olmaqla milli ordu hissələri tərəfindən azad ediləcək, qəzada Azərbaycan hökumətinin suverenliyi təmin ediləcəkdi. Qısa müddətdə Səlimovun dəstəsi Muğan diyar idarəsini buraxıb Lənkəran qəzasında Azərbaycan hakimiyyətin bərqərar edəcəkdi. Bu prosesdə Osmanlı ordusu Azərbaycanı tərk etdikdən sonra könüllü olaraq Qafqazda qalan türk örüşünün zabitlərindən biri kimi polkovnik Camal bəy də Həbib bəy Səlimova yaxından köməklik edəcəkdi. Xalq arasında Camal paşa kimi tanınan albay Camal bəy əlində quran kənd-kənd gəzib Cavad qəzasından Astaraya qədər müsəlman silahlı dəstələrini birləşdirə bilmişdirməyə cəhd etmişdi.[20]Onun dəstəsini bütün yol boyu müsəlman əhalisi böyük rəğbətlə qarşılayırdılar. Lənkəran qəzasında 1919-ci ildə əhalinin bolşevik-eser-daşnak terroruna qarşı müqavimətində keçmiş türk əsiri Hüseyn Əfəndi başda olmaqla silahlı dəstə Camal paşa ilə birgə “islamın maraqlarının müdafiəsi “ naminə mübarizə aparırdı. Sovetləşmənin ilk illərində Camal paşa Astarada bolşeviklər tərəfindən öldürüldü və onun ətrafında olan keçmiş türk əsirləri İrana qaçdılar.[21]

1919-cu ilin yayında Lənkəranda Xalq Cümhuriyyəti hakimiyyəti bərqərar edildikdən sonra hökumət nümayəndələri ətraf rus kəndlərində toplantılar keçirib silahları təhvil vermək və dinc əməklə məşğul olmağı təklif etdilər. 17 yaşında Muğandakı hadisələrin iştirakçısı olan Petrikov həmin toplantılardan birini belə xatırlayırd: “Müsavat nümayəndələri Privolnıya gəlib yığıncaq keçirib məruzə etdilər ki, indi bizdə Azərbaycan respublikasıdır, bundan sonra sizin işiniz tüfəng deyil, xış olmalıdır və biz sizin əməyinizi qoruyacağıq. Ayrı-ayrı kommunistlər, məsələn İlya Qolosov bu toplantıda çıxış edib dedi ki, yaşasın Azərbaycan hökuməti.”[22]Hökumət nümayəndələri kənar yerdən gəlib Privolnıda “yurd” salmış silahlıları həbs edib furqonla Prişibə apardılar. Lakin bütün bunlar hələ 1919-cu ildə olacaqdı.

Lakin noyabr ayında türk qoşunları Azərbaycanı tərk edəndən sonra denikinçilər və digər yadellilər yenidən Lənkəran və Muğanda fəallaşdılar. Muğanın zəngin ruslarından olan Annikiyev qardaşları, Alekseyev, Nemsov, Qorşenin və başqaları Muğanın “həqiqi ruslarla” – yəni Denikin qüvvələri ilə birləşməsini tələb edirdilər. Denikin polkovnik İlyaşeviçə göndərdiyi direktivdə əmr edirdi ki, tezlikdə 4 min süngüdən az olmayan hərbi dəstə hazırlanıb Zakaspiyə göndərilsin.[23] 1918-ci ilin dekabr ayının 28-də denikinçilərin Lənkəranda keçirilən qurultayının maraqlı nümayəndəlik norması var idi. Belə ki, 5 min nəfər müsəlman qurultaya bir nümayəndə göndərdiyi halda, 50 nəfər rus əhalisi bir nümayəndə göndərmək “haqqına” malik idi. Qurultay Xalq Cümhuriyyəti hökumətinə tabe olmaqdan imtina etdi və Muğanın Ufa hökumətinə tabe olması kimi sərsəm qərar qəbul etdi, 30 nəfərlik Şura, 11 nəfərlik diyar idarəsi yaradıldı, pokovnik İlyaşeviçə isə diktator səlahiyyəti verildi.[24]

Qəzada hakimiyyəti ələ keçirmiş yadelli dəstələr müxtəlif yerlərdə postlar quraraq əhalinin sərbəst hərəkətinə, ticarət etməsinə icazə vermirdi. Bu özbaşınalıqlar nəticəsində qəzanın Bakı ilə əlaqəsi tamailə kəsilmişdi. “Azərbaycan” qəzeti 8 noyabr tarixli sayında yazırdı ki, qəzada insanlar qorxu içində yaşayırlar. Bu anarxiyanın nə qədər davam edəcəyi bəlli deyil. Əgər yaxın vaxtlarda bu bəladan qurtulmaq üçün bizə kömək gəlməsə və Bakı və Lənkəran arasında əlaqə bərpa edilməsə, qanun-qayda yaranmasa, biz müsəlmanlar qırılıb məhv olacağıq. Lənkəran qəzasında İlyaşeviçin və Avetisovun dəstələrinin müsəlmanlara qarşı zorakılıqları haqqında Teynur bəy Bayraməlibəyov “Azərbaycan” (rus dilində çıxan) qəzetinin 10 `noyabr 1918-ci il tarixli nömrəsində geniş məlumat verir və göstərirdi ki, Lənkəranda Avetisovun soyğunçu dəstəsini əvəz edən İlyaşeviçin dəstəsi əhalinin asayişini qorumaq əvəzinə, evlərə basqınlar edir, müsəlmanları qarət edərək qətlə yetirir, qadınlara təcavüz edir və özləri ilə aparırlar. Müsəlman kəndlilərinin vəziyyəti dözülməzdir, çünki onların əlindən bütün silahlar, hətta tüfəngləri belə alınmışdır.[25]

“Azərbaycan” qəzetinin başqa bir sayında Teymur bəy Bayraməlibəyov Lənkəranda yaranmış vəziyyətlə bağlı yazırdı ki, “Avetisovun dəstəsi ona yaradılmış imkanlardan istifadə edərək, bu günə qədər heç bir maneəyə rast gəlmədən evlərdə qanunsuz axtarışlar apararaq, qarətçiliklə məşğul olur, köməksiz müsəlmanlar arasında həbsləri, qətlləri davam etdirir. Noyabrın əvvəllərində beş nəfər silahlı erməni guya evlərdə gizlədilmiş silahları tapmaq bəhanəsi ilə gecə Əkbər Qəribovun və Xəlil Nəcəfqulu oğlunun evlərinə soxularaq günahsız ev sahiblərini öldürmüş, qızıl və digər qiymətli əşyaları götürüb getmişlər. Bu hadisənin şahidi olan qonşular, silahlı soyğunçular tərəfindən öldürüləcəklərindən ehtiyat etdiklərinə görə qonşularına kömək edə bilməmişlər. Bütün bu xoşagəlməz hadisələr şəhərdə sənaye və ticarətin iflic vəziyyətə düşməsinə səbəb olmuş, çörək və digər ərzaq məhsullarının qəzaya idxalı dayandırılmışdır. Avetisovun dəstəsi şəhərə gətirilən ərzaq məhsullarını müsadirə edərək İlyaşeviçin Sara adasında yerləşən dəstəsinə göndərirdi. Şəhərdə isə bahalıq baş alıb gedirdi. Tabe olmayan müsəlman kəndləri (Xırmandalı, Əmənli, Qədirli, Qarğalıq, Həsənli, Xıl, Əlişanlı, Yeddioymaq və başqa kəndlər) ermənilər və separatçılar tərəfindən yandırılmışdır. Müsəlmanların əllərindən alınmış əkin sahələri gəlmələrə verilmiş, həmin kəndlərin müsəlman əhalisi isə torpaqsız və müdafiəsiz qalmışdılar. Əlacsız qalan müsəlmanlar yeganə nicat yolunu Azərbaycan ordusunun birliyində, gücündə və iradəsində görür və ümid edirlər ki, bu ordunun köməyi ilə onlar azadlığa çıxacaq və öz yurd-yuvalarına qayıdacaqlar.”[26]

1918-ci ilin noyabrında Biçeraxovun dəstəsi Petrovskidən çıxmaq məcburiyyəti qarşısında qalanda onların bir hissəsi Sara adasına gəldi. General Lazar Biçeraxovun yardımı ilə 1918-ci ilin dekabrında Qafqaz-Xəzər İttifaq hökuməti elan edildi, lakin bu hökumət formal xarakter aldı. Muğan və Lənkəranda təsis olunmuş bütün hakimiyyət qurumların iştirakçısı olmuş Suxarikov yeni hökumətin torpaq naziri və bərpa olmuş Muğan diyar idarəsinin sədri oldu. Hökumətə sol eser Nikolay Tityuşkin başçılıq edirdi. Yeni hökumətin Muğanda keçirilən mitinqində bəyan edildi ki, “Muğan Böyük Rusiyanın ayrılmaz hissəsi olmalıdır, Muğan nə müsavatçılara, nə də başqalarına məxsus ola bilməz. Muğan Böyük Rusiyanın bir hissəciyi olmalıdır.”[27] Bununla da Sovet hakimiyyəti adı altında Lənkəran və Muğanda cərəyan edən qanlı hadisələr birinci mərhələsi başa çatdı.

1918-ci ilin dekabr ayının 7-də Azərbaycan parlamenti işə başladıqdan sonra ilk müzakirə etdiyi məsələlərdən biri Lənkəran və Muğan facisi oldu. Parlamentin açılışı ilə bağlı Lənkəran və Astaradan türk və talış ziyalıları Parlamentin sədrinin adına təbrik göndərmişdilər. Təbriki Lənkəran cəmiyyəti müvəkkili Teymur bəy Bayraməlibəyov, “Müsavat” firqəsinin Lənkəran şöbə sədri Yusif bəy Bayraməlibəyov, partiyanın Astara icra komitəsi sədri Məşədi Xəlil Rzayev, “Hümmət” fəhlə firqəsi rəisi Ağa Məhəmmədov, “Hümmət” katibləri Ağa Axundov və İbrahim bəy Bayraməlibəyov, “Müsavat” partiyasının katibi Hacı Ağa Məhəmmədov, Lənkəran bələdiyyə rəisi Daşdəmirov imzalamışdılar. Orada deyilirdi: “Şura hökumətinin təqibindən qaçaraq doğma yurdundan ayrı düşmüş olan biz qaçqınlar Azərbaycan üfiqində tülu edib müsibətzədə vətənimizə mədəniyyət, tərəqqi və nəşvü-nüma yolları göstərən işıqlı yıldızın nümayan olması münasibətilə parlaman sədrini təbrik edəriz. Ulu tanrı müsəlmanlara rəhm edərək, bolşeviklər zülməndən xilasları həqqindəki dualarını eşitdi. Türk milləti kəndi müqəddəratını kəndi əlinə almaq kimi hüquqi-bəşəriyyətdən istifadədən ibarət olub da uzun müddətdən bəri bəslədiyi arzusuna nəhayət nail oldu. Azərbaycan gələcək tərəqqisinə, müstəqbəl nəşvü-nümasına kəndi qüvvəsi və parlaman şəxsinə milli nümayəndələri himmətilə nail olacağına ümidlə tam istiqlal aldı. İndi biz Azərbaycanlılar üçün yeni bir gözəl tarix başlanıyor ki, müttəhidən əl-ələ verib çalışarsaq əziz Azərbaycanımızı təzələyəcək, yeniləşdirəcəyik. Xəlq müntəxibləri ilk dəfə olaraq yığışmışlar ki, məmləkətdə qanuna riayət, həyat və əmlakı müdafiə, nahiyənin mədəni tərəqqisi, ticarət və sənayenin nəşvü-nümasına səbəb olacaq dinc fəaliyyət əsası qoysunlar. Şəxsinizdə xəlq nümayəndəliyini təbrik və təhniyyətlə bilafərq milliyyəti Azərbaycan vətəndaşlarının müsalimətlə işləmələrinin tərəqqi və inkişafiyyətini arzu, möhkəm dövlət qanunu tərtibi və mətin, qəvi, vahid Azərbaycan Xəlq Cümhuriyyəti təsisinə ümid etdigimizi parlamana bildirmənizi rica edəriz. Kətbi-müqəddəsədə deniliyor ki, “İmanınız dərəcəsində səadət veriliyor.” İncil-şərifin bu sözləri həyatımızda həqiqət olaraq meydana çıxdı: biz Azərbaycanın var olacağına qəvi imanla inanıyorduq – var oldu da. Binaənileyh qəvi-qəvi hüriyyətin məhkumiyyətə qələbə çaldığı bu əziz gün azərbaycanlılar qəlbində parlaq istiqbala iman nuru daha parlaq bir surətdə ləmələnsin. Lənkəran.”[28]Məclisi Məbusanın Lənkərandan olan üzvü, 1917-ci ildə Lənkəranda təsis edilmiş «Ümid» Xeyriyyə Cəmiyyətinin sədri Hacı Mirzə Səlim Axundzadə[29] parlamentin 7-ci iclasında (8 yanvar 1919-cu il ) 1918-ci ildə Lənkəran və Muğanda baş vermiş faciəli hadisələri belə təsvir edirdi: “Lənkəranda xərabə və payimal oymayan bir ev mövcud deyil, Lənkəranın vəziyyətini mülahizə edən insanın ürəyi ya gərək erməni ürəyi və ya xaxol ürəyi, yainki gərək daş olsun. Şəhərin üzərinə bilmərrə xaraba olub əsər qalmayan ev yoxdur. Biçarə Yusif bəy Bayramalıbəyov ki, məktəbi ibtidai olan ali müəllimidir. “Müsavat” firqəsinə mənsub olmaq cəhətinə evi xaraba və cəmi malı payimal və qarət edilib, əhli-əyalı, uşaqları onun-bunun qapılarında səfil-sərkərdan, ac-yalavac dolanır. Dəfələrlə istəyib şəhərə gəlsin, onun üçün mümkün degildir. Şəhərimizin ulu zənginlərindən Əsgər xan Talışinski İran guşələrində qalıb öldü. İmarətləri təmamən qarət edilib viran edildi. İmarəti də bilmərrə yanıb kül oldu. Buna da iktifa etməyib əvvəllərdə ermənilər, sonralar da xaxollar o gözəl imarətləri at və heyvan yatağı qərar verdilər. Habelə İsa bəy Əlibəyovun da evi bilmərrə zirü və zəbərdir. Əgər bu təriqlə adbaad Lənkəran şəhərinin xarabalarını siyahı eyləmək lazımdır ki, hamı əhalinin adların bir-bir zikr edəm. Lənkəran deməli ikinci Şirvandır. Amma bu qədər deyə bilərəm ki, qələdə Toğra xanımın imarətindən başqa cəmi erməni, rus, cühud evləri abad və avadanlıqları salamatdır. Lənkəranda məşhur Əkbərovların cəmi mülkləri, evləri xaraba və yainki erməni və xaxol mənzilidir. Qələdə soldat mənzili, yəni əsgərə lazım olan mənzillər mövcud ola-ola yenə də şəhərin içində Əkbərovların öz arvad-uşağına məxsus olan mənzildə xaxollar əyləşib bu qışın şiddət vaxtında əhli-əyalları bunun, onun qapısındadırlar. Şəhərimizin fəqir, yetim və dul arvadlar, əlsiz-ayaqsızların xəzinəsi və soykənəcəyi və pənəkahı olan Abdullayevlər, Kərimovlar, Kazımovlar, Ağayevlər, Nəsirovlar, Qurbanovlar, Daşdəmirovlar bilmərrə talan və qarət olub fəlakət və əsirətlə kəndlərdə gün keçirirlər. Lənkəranın füqəra və məsakin və əlsiz-ayaqsızlarının da cangüdaz və cigər yandıran olan aclıqda və susuzluqda ah və oylası şəhərin fəlakətdə olan tüccar və əyan və əşrafı uçün daha bir artıq cigər parçalayan müsibətdir. Şəhərin xaxol hökuməti gündə bəhanə gətirib şəhərin zənginlərini cürbəcür əziyyət və möhnətlərlə incidib qism və qism vergilər adlandıraraq növbənöv xərclər alırlar. Xaxollar da buna da iktifa etməyib gecələr hər bir şəxs ki, qədimdə varlı idi, onun evinə gedib təmdid və təxviflərlə hər şey istəyirlər, olmazın bəlaləri ev sahibinin başına gətirirlər. Hətta namuslara təcavüz edirlər. Xaxollar əvvəl özlərini Muğan Əski Respublikası adı ilə adlandırıb, sonra bilmirəm hansı tək səbr kəlibsə, Muğan Əski Respublikasını məsləhət körməyib özlərini Rusiya hissəsi sayıb UFA hökumətinə tabe edirlər. Xaxollar aşkar deyirlər ki, biz Azərbaycan hökumətini bilmək istəmiriz və ingilisi də tanımırıq. Keçən həftə Muğan xaxolları şura əzası və hökumət icrası düzəltmək üçün syezd tərtib vermişdilər. Bu ənval ilə ki, hər beş min beş yüz nəfər müsəlman bir nəfər nümayəndə və hər əlli nəfər xaxola da bir nəfər nümayəndə təyin edib 120 ədəd dürüst olandan sonra hökumət təşkil etsinlər. Bu hökumətlə bərabər yanvarın 4-ü gecəsi xaxollar Məhəmməd ağa qəssabın evinə tokülüb Məhəmməd ağanın gəlininin 2 nəfər balaca uşaqları ilə bərabər qoyun kimi başlarını kəsib evlərində olan nəqdiyyə on min manatdan başqa lazım olan şeylərini də qarət ediblər, yenə haman gecə (Dəriğli Məşədi) İsmayıl uşaqlarını evlərindən bittamam oğurlayıblar. Lakin bura şəhərin bir miqdar içərisi olduğu üçün adam oldürməyə fürsət tapmamışlardır. Lənkəranın hadisatı saya gəlməz. Səlyan sərhəddindən tutmuş xaxol təkləsindən 100-cü yaşından tutub Primbeləcənni iki böyük pristav mahalı biri Sebidaşt, birisi də Ərkivan uçastkasıdır. Nə qədər müsəlman kəndləri var isə bittamam xarabazar evlər və göylər hamı yanıb və yerlərinə də xaxollar malik olub əkiblər.”[30]

Bu münasibətlə “Azərbaycan” qəzeti 1919-cu ilin ilk nömrəsində, yanvar ayının 1-də Üzeyir bəy Hacıbəylinin “Lənkəran faciəsi” adlı geniş yazını dərc etdi. Lakin hadisələrin daha dramatik xarakter daşıyan “Muğan Sovet Respublikası”, əslində isə 1919-cu ilin yazında Azərbaycan Respublikasına qarşı qaldırılmış “Molokan qiyamı” adlı ikinci mərhələsi hələ qarşıda idi.

Son

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button