2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

1918-ci il: Lənkəran və Muğan od içində (dördüncü hissə)

Cəmil Həsənli

Möhsün İsrafilbəyov iyunun 10-da Bakıya döndükdən bir neçə gün sonra, iyunun 15-də Lənkəranda Ümumi Muğan Sovetlər qurultayı çağırıldı. Lakin qurultay bolşeviklərin deyil, eserlərinnəzarətində idi. Bakıdan ezam olunmuş tanınmış eser liderlərindən Abezqauz, Vasin, Krestovski, Topelberq və başqaları qurultayda iştirak edirdilər. Orada təşkil edilmiş qəza icraiyyə komitəsi Suxarikov başda olmaqla eserlərin əlində idi. İyunun 20-də Bakı Xalq Komissarları Sovetinin Daxili İşlər komissarı Alyoşa Çaparidzenin özünün “sadiq” köməkçisi və sağ əli olan Bakuradze ilə birlikdə Muğana səfəri də oradakı mövcud vəziyyəti dəyişmədi. Səfərdən 2 gün əvvəl o, vəzifəsindən azad edilmiş eser Sibulskinin yerinə həm də Ərzaq Komissarı təyin edilmişdi. İki silahlı qırmızı qvardiyaçının müşayiət etdiyi səfərdə məqsəd artıq biçini başlanmış taxılı tədarük edib Bakıya göndərmək idi.[1] Səfərdə iştirak edən Bakuradze yazırdı: “Biz 4 nəfər (iki qırmızı qvardiyaçı) Alyoşa Çaparidze ilə vəziyyətlə tanış olmaq üçün Muğana getdik. O vaxt orada çox banda var idi. Bizim orduya hücum edirdilər. Bir dəfə bizə də hücum etdilər (mən, Çaparidze, Suxarikov və Saratikov). Şəfi Əliyev də bizimlə idi. O, türk kəndlərinə gedəndə bizi müşayiət edirdi. Biz Çaparidze ilə 3 dəfə Lənkərana getmişik. Məqsəd yerlərdə hakimiyyətin düzgün işlədiyinə əmin olmaq idi. Çaparidze həm də Ərzaq komissarı idi. Bu zaman Bakıda az da olsa çörək var idi. Adambaşın1/4 funt çörək verirdilər, lakin az sonra bu məsələ kəskin xarakter aldı. Suxarikov imza vermişdi ki, o, eser olsa da və bizi aldatmayacaq. Eserlər nəzarətdə idilər…Eserlər Muğanda yığılan taxılın bir hissəsin Bakı adı ilə Şimali Qafqaza göndərirdilər (Bakı XKS qurulduqdan sonra Pyabov, Roxlin və şəhərdə təqib olunan eser partiyasının bir sıra rəhbər və fəal üzvləri Muğana gəlmişdilər – C.H.). Bunu ərzaq komitəsinin başında oturan Roxlin edirdi.”[2] Şirəli Axundovun xatirələrinə görə 1918-ci ilin yayında Bakı Xalq Komissarları Sovetinin üzvü, quberniya komissarı və daxili işlər komissarının müavini Məşədi Əzizbəyov da Lənkərana və Muğana səfər etmişdi.[3]Ümumiyyətlə, Bakıda fəaliyyət göstərən bütün partiyalar kəndliləri öz tərəflərinə çəkmək üçün nümayəndələrini Lənkəran qəzasına göndərir və yerlərdə partiya özəkləri yaratmağa cəhd göstərirdilər. Hələ, 1917-ci ilin yayında Məşədi Əzizbəyovun Muğana və Lənkərana səfəri də, bu məqsədə xidmət edirdi.[4]

Saytların yığılması Saytlarin yigilmasi

Muğanın türk kəndlərinə səfər edən zaman Çaparidzeni İsrafilbəyov dəstəsindən olan Şəfi Əliyev müşayiət edir, onun çıxışını və görüşlərini türk dilinə tərcümə edirdi. Şəfi Əliyev qeyd edirdi ki, Alyoşa Çaparidze və Bakuradze Muğana gələndən sonra “onlar türk kəndlərinə getmək üçün kimisə axtarırdılar. Mən xatırlayıram həmin vaxt Suxarikov və Saratikovun olduğu hərbi komitəyə gəldim və mənə pul yazdılar. Yoldaş Saratikov mənə dedi ki, Alyoşa Çaparidze gəlib, bir nəfər türkü özü ilə polkovnik İlyaşeviçin yanına götürmək istəyir, onunla get, ola bilsin ki, çıxış etmək, tərcümə etmək və sair lazım gələcək. Mən dedim yaxşı. Xatırlayıram bağlı bir minik avtomobili idi. Biz həmin maşına oturub Muğana yollandıq…Mən yaxşı xatırlayıram Bakuradze Alyoşa Çaparidzenin sağ əli idi və Çaparidze bütün sərəncamları onun vasitəsi ilə verirdi. Biz Biləsuvara gəldik. Alyoşa Çaparidze polkovnik İlyaşeviçlə söhbət etdi.”[5] Biləsuvardakı görüşdə Çaparidze polkovnik İlyaşeviç və leytenant Xoşiyevin, onların Muğanı “xilas” edən ordusu haqqında çox tərifli sözlər dedi, diyarın nicatının “Muğan ordusunun” gücləndirilməsində olduğunu bildirdi. O, Muğandakı əks-inqilabçı rus zabitlərini əmin edi ki, onların sərəncamına kifayət qədər silah, sursat, top mərmiləri göndəriləcək. Çaparidze bildirdi ki, Qırmızı Ordu Muğana postları mühafizə etmək və məhsul yığımını asanlaşdırmaq üçün göndərilir.[6] Çaparilzenin “qəhrəman” kimi vəsf etdiyi “Muğanın gənc şahzadəsi” Boris Xoşiyev Biləsuvarda hakimi-mütləq idi. Onun kəsdiyi başa sorğu sual yox idi. Hətta Biləsuvarın poçt-teleqarf məmuru Svistunov Muğan “ordusu” qəragahına göndərdiyi “tam məxfi” şikayətdə Xoşiyevin onun “qanuni” arvadından “qanunsuz” istifadə etməsinin qarşısının alınmasın tələb edirdi.[7]

Bakıda aclıq tüğyan etdiyi üçün Bakı XKS iyul ayının 10-da Çaparidzeni yenidən Muğana ezam etdi. Muğanın rus və molokan kəndlərində çıxış edən Çaparidze obrazlı formada deyirdi ki, çörəksiz qalmaq patronsuz tüfəng kimidir, bu halda hər hansı bir qələbəyə ümid bəsləmək olmaz.[8]Şəhərin çörəklə təminatı baxımından Stepan Şaumyan bu səfərə böyük əhəmiyyət verirdi və 1918-ci ilin iyulunda Moskvaya teleqram göndərib məlumat verirdi ki, əgər Muğan taxılının daşınmasın təşkil edə bilsələr, Bakı əhalisinin 6 ay müddətinə çörəklə təmin edilməsinə ümid bəsləmək olar.[9] Lakin Alyoşa Çaparidzenin Muğana səfərləri ciddi bir nəticə vermədi və Şaumyanın ümidləri də özünü doğrultmadı. O, Leninə göndərdiyi teleqramdan sonra nəinki 6 ay, heç 6 həftə də hakimiyyətdə qala bilmədi. Muğandakı 5 günlük səyahəti müddətində Çaparidze taxılı daşımaq üçün 250 furqon səfərbər edə bilsə də, Bakıda vəziyyət ağırlaşdığı üçün o, təcili geri çağırıldı.[10] Bolşeviklərin hakimiyyəti dövründə Muğandan Bakıya taxıl göndərilməsi işi də bununla başa çatdı. Muğanda taxıl tədarükünə rəhbərlik edən eserlər Bakıda hakimiyyətin onların əlinə keçməsini gözləyirdilər.[11]

1918-ci ilin iyun ayının sonlarından başlayaraq Qafqaz İslam Ordusunun Abşeron yaramadasına doğru irəliləməsi Bakı XKS-nin sonunu yaxınlaşdırırdı. Bakıda siyasi böhranın dərinləşməsi Lənkəran və Muğandakı vəziyyətə də öz təsirini göstərirdi. Yalnız müsəlman əhalisi deyil, Muğan mülkədar ordusu və monarxist zabitlər də bolşeviklərə qarşı olduğu üçün onsuz da formal xarakter daşıyan Lənkəran Sovet hakimiyyəti dərin böhran keçirirdi. 1918-ci ilin yayında gəlmə monarxist zabitlər yerli rusların qızları ilə evlənib toy mərasimində orkestrin müşayiəti ilə artıq həyatda olmayan II Nikolay üçün “Allahım çarı hifz et” duasını oxuyur, “qırmızı qvardiyaçılar” bir müddət əvvəl silah gücünə ələ keçirdikləri ətraf kəndləri tərk edib Lənkərana dönür, oradan da canlarını götürüb Xəzərin cənubunda bolşeviklərin əsas bazası olan Sara adasına qaçırdılar. [12]

1918-ci ilin yazında Şahağac, Pensər və digər böyük talış kəndləri ələ keçirmiş qırmızı qvardiya dəstələrinə Lənkəranın “müdafiəsinə” başçılıq edən Otradnyovdan əmr gəldi ki, təcili Lənkərana qayıtsınlar. Pensərə Krasovçenkonun dəstəsi nəzarət edirdi. Bu zaman Muğanın rus silahlı dəstələri artıq şəhərə girmək üzrə idilər. Bakıdan gəlmiş inqilabi dəstələr kəndlərdən geri qayıdanda yalnız xan sarayı və şəhər həbsxanası bolşeviklərin əlində qalmışdı və Mayak uğrunda gedən döyüşlərdə qırmızı qvardiya komandanlarından Otradnyov və Vasilyev öldürülmüşdü. Mayakın “müdafəsinə” Petrov başçılıq edirdi. Həmin döyüşlərin iştirakçısı əslən Prişibdən olan Filin məğlubiyyətlərinin başlıca səbəbini müsəlman əhalisinin onlara qarşı olmasında görürdü.[13] Elə həmin vaxt Lənkəranda qəddarlığı ilə ad çıxarmış “Muğan cəbhəsinin” qərargah rəisi Avetisov Prişibdə rus kəndlilərini tərksilah etməyə cəhd göstərdiyi üçün Privolnıdan gələn Moisey Boçarnikovun eskadronu tərəfindən öldürüldü. Onun ölümü guya “bədbəxt hadisə” kimi təqdim edilsə də, lakin Avetisov Prişibdə qəsb etdiyi qərargahın ikinci mərtəbəsindəki kabinetində öldürülüb oradan həyətə atılmışdı.[14]Lakin hadisənin şahidi olan Vasili Dobrınin öz xatirələrində yazır ki, Avetisovu polkovnik İlyaşeviçin gözü qarşısında onun qərarlarına etiraz edən gizir İsayevin həmin gün sərxoşluq edən eskadronun əsgərləri güllələdilər.[15] Onun Muğan “ordusunda” qayda-qanun yaratmaq cəhdləri ciddi narazılığa səbəb olmuşdu. Muğan “atamanları” deyirdilər ki, “biz öz qanımızla Muğanı xilas edən zaman heç bir Avetisovlar heç harda görünmürdü və yada düşmürdü. İndi onlar ac çaqqallar kimi bizim çörəyimizə cumublar və hələ bizə komandanlıq etmək, bizi idarə etmək fikrinə də düşüblər. Biz özümüz onlarsız, faciəli günlərdə qanımızı tökərək öz Muğanımızı xilas etdik. Əvvəl olduğu kimi indi də onlarsız keçinərik. İndi isə çağrılmamış qonaqlar nə qədər ki, gec deyil Muğandan uzağa rəddə olsunlar.”[16] Avetisovun cəsədini Lənkərana gətirdilər. Qvardiyaçılar kəndlərdən qaçıb şəhərə gələndə Prişibdə öldürülmüş polkovnik Avetisov dəfn mərasimi keçirilirdi. “İnqilabi ordu” onu hərbi qaydada Lənkərandakı erməni kilsəsinin həyətində “qırmızı bayraqla” təmtəraqlı formada dəfn etdi. Avetisov dəfn olunanda şəhərdə vəziyyət çox gərgin idi. Petrov xatırlayırdı ki, “Lənkərana geri çəkiləndə mənim dəstəm Yuxarı Bazar tərəfdə mövqe tutmuşdu (Böyük bazar ərazisinə general Makarovun dəstəsi nəzarət edirdi – C.H.). Onda bizə dedilər ki, Muğandan Xoşiyevin dəstəsi köməyə gəlir. Onunla danışıqlar gedirdi və bizə dedilər ki, əgər danışıqlardan bir şey alınmasa döyüş başlayacaq. Döyüş başladı, bizi dağ tərəfdən, Şahağac, Qumbaşından mühasirəyə aldılar. Quldur müsavat dəstələri də orada idi. Bizim yeganə çıxışımız dənizə – Sara adasına qalmışdı. Bizə əmr gəldi ki, kimlər geri çəkilmək istəyirsə, onlar yubanmadan cəbhədən çıxarılsınlar və Sara adasına getsinlər, kimlər geri çəkilmək istəmirsə son dəqiqəyə qədər cəbhəni saxlasınlar. Biz son dəqiqəyə qədər vuruşduq. 2-3 gün sonra “Vyatka” gəmisi gəldi, bu gəmidə mənim əmim oğlu ocaqçı işləyirdi. Bu gəmi ilə biz Bakıya gəldik.”[17]

Polkovnik Avetisovun törətdiyi cinayətlərlə bağlı Xalq Cümhuriyyətinin Fövqəladə İstintaq Komissiyası qeyd edirdi ki, “Lənkəran şəhərində polkovnik Avetisovun silahlı dəstələri tərəfindən, Cavad qəzasının bir hissəsində isə polkovnik İllarinoviç (İlyaşeviç olmalıdır – C.H.) başda olmaqla başqa bir dəstə tərəfindən qəzada böyük dağıntı törədilərək müsəlman əhalisi ucdantutma məhv edilmişdir.”[18]Avetisovun öldürülməsi ilə iş bitmədi. “Azərbaycan” qəzeti yazırdı ki, “Lənkəranda Avetisovun soyğunçu dəstəsini İlyaşeviçin rüsvyçılıqlar törədən kəşfiyyat dəstəsi əvəz etdi. Bu dəstə əhalinin asayişini qorumaq əvəzinə, evlərə basqın edir, müsəlmanları soyur, öldürür, qadınların ismətinə toxunur, onları özləri ilə aparırlar.”[19]


1918-ci ilin iyulun sonlarında Bakı XKS hakimiyyətdən uzaqlaşdırıldıqdan sonra Xəzər donanmasının beş zabitindən ibarət “Mərkəzi Xəzər diktaturasının” yaranması Lənkəran və Muğanda da hakimiyyət dəyişikliyi ilə nəticələndi. Sentrokaspi diktaturasının yaranması xəbəri avqustun əvvəllərində Muğanagəlib çatdı. Qırmızı Qvardiyanın 2-ci batalyonunun döyüşçüsü Fyodr Korolyov yazırdı ki, təxminən 1918-ci ilin iyulun sonlarında Bakı ilə əlaqə kəsildi və Bakıda çevriliş baş verməsi haqqında həyəcanlı şayiələr yayılmağa başladı ki, yoldaş Şaumyan başda olmaqla Bakı Xalq Komissarları Sovetinin üzvləri həbs ediliblər, hakimiyyət eser-menşeviklərə keçib. Sonra isə ingilislər Bakıya dəvət olunublar.[20] Eserlər və onlara yaxın olan rus partiyaları avqustun 4-də öz adamlarından ibarət formal “qurultay” çağırıb 1918-ci ilin avqust ayında Lənkəranda Muğanın Müvəqqəti Hərbi Diktaturasını (“Beşlər Diktaturası”) yaratdılar. Qurultayda bolşevik qurupu məğlub oldu və Bakıda təşkil edilmiş Sentrokaspi hökumətinə təbrik göndərildi. Təbrikdə deyilirdi ki, Muğanın Bakı ilə sıx əlaqəsi zəruri hesab edilir, Bakıya həm çörək, həm də Zaqafqaziyada rus dövlətçiliyini qorumaq uğrunda mübarizədə şəxsi iştirakla yardım göstərilməsi vacib sayılır.[21] “Beşlərin” tərkibinə İ.B.Saratikov, T.P.Suxarikov, D.P.Kropotov, polkovnik İlyaşeviç və Moyşa Şixman daxil idilər. Onların üçü bundan əvvəlki Muğan İcraiyyə Komitəsi hökumətində də təmsil olunmuşdular. “Beşlər Diktaturası” yarandıqdan sonra Lənkəran ağqvardiyaçıların bazasına çevrildi və ora ağqvardiyaçı zabitlər axışmağa başladı. Avqustun ilk günlərində polkovnik İlyaşeviç Biləsuvarda yerləşən qərargahını da Prişibə köçürdü. İlyaşeviçin dəstəsindən başqa, general Erdeli və Makarov da görünməyə başladılar. Lənkəran və Muğan Denikin ordusunu canlı qüvvə ilə təmin edən ağqvardiyaçıların yuvasına çevrilməyə başladı. General Erdeli Denikinə köməyə göndərilən Muğan dəstəsinin əsas təşkilatçısı idi.[22]

Bakı XKS-nin hakimiyyətdən kənarlaşdırılmasından sonra eserlər Bakının çörəklə təminatında qayda yaratmaq istəsələr də, bunu ciddi nəticələri olmadı. 1918-ci ilin iyulun 30-dan avqustun 31-nə qədər Muğandan Bakıya 138,082 pud taxıl göndərilsə də, bunun 7,452 pudu yolda oğurlandı və şəhərə 130,629 pud gəlib çıxdı.[23] Bakının taxıl təminatında digər bir məsələ çörəyin keyfiyyəti ilə bağlı idi. 1918-ci ilin sentyabr ayının 3-də Abram Roxlin başda olmaqla Ərzaq komissarlığının toplantısında məlum oldu ki, Muğandan Bakıya göndərilən taxılın yalnız 5-10 faizi buğda, qalanı isə arpa məhsulundan ibarətdir.[24] 1918-ci ilin avqust ayının sonuncu həftəsində Lənkəran və ona yaxın olan yerlərdən Bakıya 85 pud un, 9.781 pud buğda, 26,019 pud arpa göndərilmişdi.[25] Lakın Muğandan Bakıya göndərilən taxıl təmiz deyildi və Sentrokaspinin Ərzaq komissarlığı bu vəziyyəti dəyişməkdə aciz idi. Ona görə komissarlığın toplantısında deyirdilər ki, Muğanın “kişi qırığları” şübhəsiz ki, buğdanı özləri üçün saxlayıb arpanı Bakıya göndərirlər, yəni “Allah, mənə lazım olmayanı sənə verirəm.” (“на тебе, не боже, что мне негоже”).[26] “Beşlər diktaturası”nın Muğanda ilk işi maliyyə çətinliklərin aradan qaldırmaq üçün 1918-ci ilin sentyabr ayında zayom (qiymətli kağız) buraxmaq oldu. Lənkəran mətbəsində çap edilən, üzərində «Заем Мугани» sözləri yazılmış 5, 10, 25, 50, 100, 250, 500 rubl dəyərində olan əskinazlar Prişibə gətirilsə də, “Beşlər diktaturası”nın ömrü az olduğu üçün onu dövriyyəyə buraxmaq mümkün olmadı. [27]1918-ci ilin sentyabrında “İslam Ordusunun” Bakıya yaxınlaşması Muğan diktatorlarını da narahat etməyə başlamışdı. Sentyabr ayının 3-də Muğana doğru hərəkət edən İslam Ordusunun bir bölüyünü Qaçaqkənd yaxınlığında Boris Xoşiyevin eskadronu saxlasa da, lakin Muğan “Beşliyini” xilas etmək mümkün olmadı.[28]

Lakin “Beşlər Diktaturasının” ömrü də “Mərkəzi Xəzər Diktaturasının” ömrü qədər oldu. Diktaturanın qurulmasından dərhal sonra Sentrokaspiçilər Muğana “Baku” gəmisini göndərib Muğanı tərk etmək üçün bolşeviklərə “Beşlər diktaturası” adından 24 saat vaxt verdilər, əks təqdirdə onları güllələyəcəkləri ilə hədələdilər. Muğandakı fəal bolşeviklər “Ketti” gəmisinə minib qaçdılar və 3 həftə dənizdə dolandıqdan sonra onları tutub Petrovsk həbsxanasına saldılar.[29]Azərbaycan Cümhuriyyət hökumətinin ciddi səyləri ilə 1918-ci ilin sentyabr ayının ortalarında Bakı azad ediləndə Sentrokaspi hökuməti çökdü. Bu çöküşdən dərhal sonra “Beşlər Diktaturası” da hakimiyyəti Muğan diyar idarəsinə verməli oldu.[30] Ora podpolkovnik Yermalov, qatı monarxist Mironov, özünü petlyuraçı elan etmiş Suxorikov və digərləri daxil idilər. Diyar idarəsi yarandıqdan sonra Suxarikov Muğanın “nicatını” petlyuraçılıqda görür və hər yerdə bəyan edirdi ki, “mənim idealım Simon Petlyuradır.”[31]

Bu zaman Sara adasına toplanmış bolşeviklər Astraxanda oturan Sergey Kirova yardım üçün məktubla müraciət etdilər. Məktubu Moisey Boçarnikov və Şirəli Axundov balıqçı gəmisində 17 gün Xəzəri dolandıqdan sonra Kirova çatdırdılar. “Kirov məktubu oxudu və dedi ki, mən bu məsələdən xəbərdaram. Sizə yardım göstərmək barədə yoldaş Leninin sərəncamı var. Mən bu günlərdə sizi pul və silahla Lənkərana göndərəcəyəm”. Şirəli Axundov Astraxanda Nəriman Nərimanovla görüşü haqda yazır: “Mən orada yoldaş Nərimanovla, Həmid Sultanov və Dadaş Bünyadzadə ilə tanış oldum. Nərimanov Lənkəran hadisələri barədə soruşdu. Mən ona danışdım ki, ruslar və müsəlmanlar arasında münasibətlər çox gərgindir, düşmənlər milli məsələni ortaya atıblar. O, dedi ki, bu çox pisdir və buna qarşı mübarizə aparmağ lazımdır, daşnakların və müsavatçıların Bakıda törətdiklərinə bənzər, orada (Muğanda və Lənkəranda – C.H.) rus-müsəlman qırğınına yol vermək olmaz.”[32] Bu zaman Nəriman Nərimanovun rəhbərlik etdiyi etdiyi müsəlman “Hümmət” təşkilatı, Bəhram Ağayevin başçılıq etdiyi “Ədalət” firqəsi da Lənkəran qəzasında öz fəaliyyətlərini genişləndirməyə çalışırdılar və İstanbulda ali təhsilini başa vurub öz vətəninə -Astaraya dönmüş gənc müəllim Zülfüqar Əhmədzadə də məhz 1918-ci ildə bu təşkilatlara qoşulmuşdu.[33]

1918-ci ilin iyulun 31-də Bakı XKS-nin iflasından sonra Muğanın macəraçı bolşevikləri Şaumyan başda olmaqla Bakı komissarlını Lənkərana gətirib Muğanı “Sovet hakimiyyətinin alınmaz qalasına” çevirmək istəyirdilər. Bu məqsədlə Hayk Arustamov Bakıya – komissarlarla danışıqlara göndərilmişdi. Qriqori Arustamov yazırdı: 1918-ci ilin sentyabr-oktyabr aylarında Privolnı dəstələri bizim əlimizdə idi. Bakı hissələrinin qalıqları da var idi və biz hakimiyyəti götürə bilərdik. Lakin ingilislər Bakıda olduğuna görə cürət etmədik. Biz gərək Bakı komissarlarını məcbur edirdik ki, Muğana gəlsinlər. Hayk (Arustamov – C.H.) bu məqsədlə Bakıya getmişdi. Real olmasına baxmayaraq, biz bunu təşkil edə bilmədik, Stepan (Şaumyan – C.H.) və digərlərini inandıra bilmədik ki, Muğanda möhkəm yumruq yaratmaq olar. Yeri gəlmişkən bu tamamilə mümkün idi və buna görə 1919-cu ilin daha pis şəraitində yoldaşlar Muğan Kommunasını qura bildilər, qoruyub saxlaya bildilər.”[34] Hadisələrin iştirakçısı Sidomonov açıq şəkildə etiraf edirdi ki, “biz Muğanda belə hərəkət edirdik, əgər ruslar bizim tərəfimizdə idisə, biz türk kəndlərinə qarşı mübarizə aparmalı olurduq. Ən başlıcası və ən əsası ondan ibarət idi ki, bütün bunlar türk əhalisi tərəfindən bolşevik hakimiyyətini tanımamaq meyli doğururdu. Onlar belə başa düşürdülər ki, bolşevik hakimiyyəti müstəsna qaydada rus əhalisinin maraqlarını müdafiə edir.”[35] Lənkəran qəzasında 5 ay davam edən milli qırğınlar zamanı 40-a yaxın türk və talış kəndləri yandırılmış, Astara, Lənkəran, Sara adası, Qumbaşı və digər yerlərdə balıq vətəgələri dağıdılmış, məktəblər və digər ictimai binalar kazarmalara çevrilmişdi.[36] Belə fövqəladə vəziyyətdə bütün Lənkəran qəzasında müsəlman əhalisinə qarşı milli qırğınlarla müşayiət olunan hərbi diktatura və quduz terror hökm sürürdü.

Ardı var

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button