iqtisadiyyatİqtisadiyyat

2022-də büdcə gəlirlərimiz – Yarısı neft-qaz sektorunun payına düşür

Maliyyə Nazirliyi 2022-ci il üzrə Azərbaycan Respublikasının dövlət və icmal büdcəsinin icrasına dair göstəriciləri açıqlayıb. Ötən il Azərbaycanın dövlət büdcəsinin toplam gəlirləri 30 milyard 660 milyon manat olub. Bu, həmin ilin büdcəsi hazırlanarkən açıqlanan proqnozlardan 5 faiz çoxdur. Başqa deyimlə, hökumət ötən il gözlədiyindən 1 milyard 463 milyon manat daha çox gəlir əldə edib.

Ənənə pozulmayıb və bu dəfə də dövlət büdcəsi gəlirlərinin əsas hissəsi enerji sektoru hesabına formalaşıb. Rəsmi rəqəmlərə görə, neft-qaz sektorundan büdcəyə daxil olan vəsaitin həcmi 15 milyard 382 milyon manat olub. Bu o deməkdir ki, ötən il Azərbaycanın dövlət büdcəsinin 50.2 faizi neft-qaz gəlirləri hesabına formalaşıb. Hökumət nümayəndələri son illər ərzində ölkənin qeyri-neft sektorunun inkişaf etdiyini bildirsələr də, büdcə gəlirlərinin yarısından da bir qədər çox hissəsi hələ də enerji gəlirləri hesabına təmin edilir. Bu baxımdan, neft-qaz qiymətlərində baş verə biləcək kəskin qiymət enişləri Azərbaycan iqtisadiyyatı üçün başlıca risk amili olaraq qalmaqdadır.

Neft Fondunun transferləri azalıb

Neft-qaz sektorunun gəlirləri dövlət büdcəsinə iki biçimdə daxil olur: birbaşa və dolayı. Dövlət Neft Fondundan dövlət büdcəsinə transferlər enerji gəlirlərinin birbaşa büdcəyə daxil olmasına şərait yaradır. Enerji şirkətlərinin büdcəyə ödədikləri vergilər isə neft-qaz gəlirlərinin büdcə gəlirlərinə dolayı təsirinə də imkan verir. Maliyyə Nazirliyinin açıqladığı göstəricilərdən aydın olur ki, Dövlət Neft Fondundan dövlət büdcəsinə 7 milyard 923 milyon manat transfer edilib. Ancaq nəzərə almaq lazımdır ki, hökumət ötən il Neft Fondundan 11 milyard 517 milyon manat götürməyi proqnozlaşdırmışdı. Başqa deyimlə, 2022-ci ildə Neft Fondundan dövlət büdcəsinə köçürmələr proqnozdan təxminən 3 milyard 600 milyon manat daha az olub. Buna səbəb enerji qiymətlərinin gözləniləndən daha çox olmasıdır. Neft-qaz qiymətlərinin yüksəkliyi bu məhsulların satışını gerçəkləşdirən şirkətlərə daha çox gəlir qazandırıb. Onlar, beləcə. daha çox vergi ödəyib. Bu üzdən, hökumət Dövlət Neft Fondunun vəsaitlərinə qənaət etmək imkanı əldə edib.

Vergilər nəyin hesabına artıb?

Maliyyə Nazirliyinin açıqladığı göstəricilər də neft-qaz sənayesinin ödədiyi vergilərdə ciddi artımı təsdiqləyir. Rəsmi rəqəmlərə görə, 2022-ci ildə neft-qaz sektoru büdcəyə 7 milyard 459 milyon manat vergi ödəyib. Bu, proqnozdan 85 faiz və ya 3 milyard 439 milyon manat çox ödəniş deməkdir. Bu rəqəm həm də onu göstərir ki, ötən il Azərbaycanda vergi orqanlarının topladığı vergilərin 48 faizi neft-qaz sektorundan olub. Rəsmi rəqəmlərə görə, 2022-ci ildə dövlət büdcəsinə 15 milyard 541 milyon manat həcmində vergi yığımları daxil olub.

Gözdən qaçırmayın:  FTB deyir ki, ABŞ-ın kriptovalyuta firmasının soyğununun arxasında N. Koreya ilə əlaqəli haker qrupları var

İqtisadiyyat naziri Mikayıl Cabbarov tez-tez Dövlət Vergi Xidmətinin proqnozdan çox vergi yığmasına dair açıqlama verir və bunu daha çox iqtisadiyyatın inkişafı, kölgə iqtisadiyyatının azaldılması kimi amillərə bağlayır. Amma rəsmi göstəricilərdən aydın olur ki, Dövlət Vergi Xidmətinin proqnozdan artıq vergi yığmasının əsas səbəbi enerji qiymətlərinin gözləniləndən yüksək olmasıdır. Ötən ilin nəticələrinə görə, vergi orqanları proqnozdan 3 milyard 801 milyon manat çox vəsait toplayıb. Neft-qaz sektoru üzrə proqnozdan artıq yığılan verginin həcmi 3 milyard 439 milyon manatdır. Deməli, proqnozdan artıq yığılan vəsaitin 90 faizi məhz enerji gəlirlərinin artması ilə bağlıdır. Əslində yerdə qalan artım məbləği də elə qiymət artımlarının nəticəsidir, axı 2022-ci ildə ölkədə bir çox məhsullar bahalaşdığından həmin məhsullara görə ödənilən vergilərin də həcmi artıb.

Üstəlik, gömrük orqanlarının da büdcəyə ödənişləri proqnozu üstələyib. Ötən il dövlət büdcəsinə bu istiqamətdən 5 milyard 655 milyon manat daxil olub. Bu, gözlənilən gəlirlərdən 22.8 faiz yüksək göstəricidir. Nəzərə almaq lazımdır ki, qiymət artımları gömrük artımlarının da artmasına təsir edir. İdxal edilən məhsullar bahalaşdığından onlar üçün ödənilən gömrük rüsumlarının da həcmi artmış olur.

Kəsirlər necə maliyyələşdirilib?

Maliyyə Nazirliyinin açıqladığı rəqəmlərə görə, 2022-ci ildə Azərbaycanın dövlət büdcəsinin xərcləri 32 milyard 63 milyon manat olub. Bu, ötən ilin əvvəlində proqnozlaşdırılan göstəricidən təxminən 1 faiz azdır. Başqa sözlə, hökumət il ərzində proqnozdan 5 faiz çox gəlir əldə etsə də, proqnozdan 1 faiz az pul xərcləyib. İl ərzində dövlət büdcəsi xərcləri büdcənin gəlirlərindən çox olduğundan büdcə 1 milyard 403 milyon manat kəsirlə icra edilib.

Hökumət il ərzində dövlət büdcəsinin kəsir hissəsini maliyyələşdirmək üçün müxtəlif alətlərdən yararlanıb. Məsələn, hökumət ötən il daxili və xarici mənbələrdən toplam 976 milyon manat dəyərində borc alıb. Daha 260 milyon manatsa imzalanmış layihələr əsasında xarici kreditlər hesabına təmin edilib. Büdcə kəsirinin maliyyələşdirilməsində dövlətə məxsus əmlakların özəlləşdirilməsindən də istifadə edilib. Ötən il dövlət əmlakının özəlləşdirilməsindən 115 milyon manatdan çox vəsait əldə edilib.

The post 2022-də büdcə gəlirlərimiz – Yarısı neft-qaz sektorunun payına düşür appeared first on 24 saat.

24 saat2022-də büdcə gəlirlərimiz – Yarısı neft-qaz sektorunun payına düşür” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

son xeberler

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button