Xəbərlər

23 Azərbaycan vətəndaşı Almaniyadan qaytarılıb

23 Azərbaycan vətəndaşı Almaniyadan geri qaytarılıb.

Bu barədə dekabrın 1-də Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə əlaqələr idarəsi məlumat yayıb.

Xidmətin saytında yayılan məlumatda bu, “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Sazişlə izah edilib.

“Dövlət Miqrasiya Xidməti tərəfindən əlaqələndirilən Reinteqrasiya üzrə İşçi Qrupu readmissiya olunan Azərbaycan vətəndaşlarının yerli cəmiyyətə reinteqrasiyası və üzləşə biləcəkləri çətinliklərin həlli istiqamətində tədbirlər həyata keçirir”, – açıqlamada bildirilir.

Readmissiya dedikdə saziş üzrə razılığa gələn dövlətlərdən birinin ərazisinə qeyri-qanuni daxil olan şəxslərin (mənşə dövlətin öz vətəndaşları, üçüncü ölkə vətəndaşları və ya vətəndaşlığı olmayan şəxslər) geri qaytarılması nəzərdə tutulur.

Son bir ildə Almaniyadan readmissiya edilən şəxslərdən altı nəfərin həbs olunduğu açıqlanmışdı. Onlardan biri müxalifətdə olan AXCP üzvü Ziya İbrahimli noyabrın 24-də azadlığa buraxılıb. Z.İbrahimli bu il mayın 19-da həbs edilmişdi. Onun əvvəlcə inzibati, daha sonra isə Cinayət Məcəlləsinin 306.1-ci (Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini,…qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə) maddəsi ilə ittiham olunduğu bildirilirdi. Cinayət işi onun keçmiş həyat yoldaşının pul tələbi ilə bağlı olub. Tələb yerinə yetirildiyindən onun azadlığa buraxıldığı açıqlanıb.

Qalan beş nəfərdən dördü narkotik, biri də bədənə xəsarət yetirmə ittihamı ilə həbsdədir. Həmin şəxslərin yaxınları ittihamları qəbul etmir və bunu siyasi sayırlar. Amma Azərbaycan rəsmiləri ölkədə siyasi həbslərin olması ilə bağlı deyilənləri qəbul etmirlər.

AzadliqRadiosu

Gözdən qaçırmayın:  Fransa baqeti UNESCO-nun mədəni irs siyahısına salınıb

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button