2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

29 saylı Səbail dairəsində nə baş verdi?

Bəxtiyar Hacıyev

Saytların yığılması Saytlarin yigilmasi

Milli Məclisin V çağırışı buraxıldıqdan və 09.02.2020-ci il tarixində növbədənkənar parlament seçkilərinin keçiriləcəyi elan edildikdən sonra bu seçkilərdə iştirakla bağlı xeyli tərəddüd edirdim. Bir tərəfdən hakimiyyətin son bir il ərzində ölkədə islahatların aparılacağı ilə bağlı mesajına inanmaq istəyim, digər tərəfdən reallıqları görməyim, köhnə tərkibdə MSK-dan və DSK-lardan şəffaf, azad, ədalətli seçkilərin keçirilməsinin mümkünsüzlüyünü anlamağım bu qərarı çətinləşdirirdi. Bunu xüsusi qeyd edim ki, Razi Nurullayev, Elman Nəsirov, Hüseynbala Mirələmov, Fərəc Quliyev, Hadı Rəcəbli kimi insanlarla bir zalda oturub, 40 mindən artıq seçicinin problemlərini çiyinlərimə götürmək o qədər də asan və cazibədar seçim deyildi. Lakin, ABŞ-da təhsilimi bitirdikdən sonra Azərbaycana qayıtmağımdan keçən 10 il ərzində öz potensialımı reallaşdırmaq və ölkəmə faydalı olmaq üçün bütün təyinatlı qapıların bağlanması mənim üçün tək qapı seçimi qoymuşdu – seçkilərdə iştirak edərək, seçicilərin və vətəndaşların dəstəyi ilə mandat almaq və onlara xidmət yolunu seçmək.

Hakimiyyətin islahatlar mesajına inanmaq istəyim az da olsa, ümid yaratmışdı ki, ən azından ölkə rəhbərinin və onun ailəsinin səs verdiyi 29 saylı Səbail seçki dairəsində seçkilər nisbətən azad, rəqabətli və şəffaf keçiriləcək, ən azından yerli ictimaiyyət və beynəlxalq təşkilatlara nümunə kimi bu dairədəki seçkilər göstəriləcək. Bu dairədən hakimiyyətin Milli Məclisdə görmək istədiyi namizədin heç bir siyasi təcrübəsi olmayan, Səbail sakinləri üçün narahatlıq mənbəyinə çevrilmiş Formula1 yarışlarının sözçüsü Arpadarai Nigarın olması isə seçkiləri daha maraqlı etmişdi.

Nigar Arpadarai uzun illər PR və Marketinq sahəsində çalışırdı. Düşünürdüm ki, xanım Arpadarai öz PR bacarıqlarını nümayiş etdirəcək, 20 gün ərzində seçicilər arasında güclü təbliğat aparacaq və onunla yarış çox maraqlı olacaq. Arpadarainin və ətrafının resursları imkan verirdi ki, o, bu dairədə mənə və digər namizədlərə açıq, şəffaf, ədalətli seçkilərdə qalib gəlsin.

Lakin biz tam əksini gördük.

Təşviqatın ilk günündə Arpadaraiyə etdiyim debat çağırışına 13 ildən artıqdır tanıdığım xanım namizəd “Bəxtiyar Hacıyev kimdir ki, nə iş görüb ki, onunla debata çıxım? Mən Bəxtiyar Hacıyevi tanımıram” dedi. Bu cavab onun ilk yanlışı oldu və cəmiyyətdə ciddi qıcığa və qəzəbə səbəb oldu. İnsanlar haqlı olaraq “dövlət büdcəsindən yüz milyonların ayrıldığı və bütün dünyada tanınmış Formula1 yarışlarının sözçüsü olmaq elə də böyük uğur və iş deyil ki, siz başqalarının minimum resurslarla, böyük məhdudiyyətlərlə gördükləri işləri aşağılayırsınız” dedilər. Arpadarainin ilk açıqlaması bu dairədə gərginliyi artırdı. Hətta, hakimiyyətə yaxın saytlar və yüz minlərlə izləyicisi olan sosial şəbəkə səhifələrində keçirilən sorğularda insanların 80-85 faizi məni dəstəkləməyə başladı.

Arpadarai və ətrafı mənim və digər namizədlərin üzərində sağlam qələbə qazanmaq yolunu yox, Ramiz Mehdiyev-Gülər Əhmədova yolunu seçməyə üstünlük verdilər. Əvvəlcə, özlərinə yaxın saytlar və şəxslər vasitəsi ilə məni seçkini sabotaj etməyə çalışan və R.Mehdiyev, Ə.Həsənov və digərlərinin kadrı kimi təqdim etməyə çalışdılar. Xanım Arpadarai öz PR bacarıqlarını uğursuz qara PR cəhdləri ilə nümayiş etdirməyə başladı. Bunun işləmədiyini görən Arpadarai sıravi seçicilərlə görüşlər keçirmək əvəzinə məktəblərdə məntəqə seçki komissiyası üzvləri ilə, seçkilərdə karusel təşkil edən Mənzil İstismar Sahəsi (“JEK”) işçiləri ilə görüşməyə başladı, bunu fəxrlə öz sosial şəbəkə hesablarında paylaşdı, buna görə də DSK tərəfindən rəsmi xəbərdarlıq aldı. Xanım Arpadarainin təşviqatın 20-ci günündə tapdığımız tək təşviqat materialının Seçki Məcəlləsinin tələblərinə zidd hazırlandığını və orada yazılmış təkliflərin bələdiyyə və QHT səviyyəsindən o tərəfə keçmədiyini gördük. Təşviqat müddətində xanım namizəd özünü nə qədər yenilikçi, islahatçı göstərməyə çalışsa da, onun Milli Məclisə hazır olmadığını, ənənəvi saxtakarlığa hazırlaşdığını bütün cəmiyyət gördü.

Və seçki günü gördüklərimiz, faktlaşdırdıqlarımız bizi təəccübləndirdi. Məntəqə seçki komissiyalarının sədrləri məktəb valideynlərinə zəng edib, Arpadaraiyə səs vermək üçün onları məcbur etməsini də faktlaşdırdıq, məntəqələrdən kənarda doldurulmuş bülletenləri seçicilərə uzadanları da gördük, qutudan çıxan bülletenləri qəsdən, nümayişkaranə yerə tökərək, masa altından topa bülletenləri də qutudan çıxanlara əlavə edənləri də göstərdik, protokollarda hər məntəqədə 100-200 səsin Arpadarainin xeyrinə ona əlavə edilməsini də sənədləşdirdik. Nəhayət, 20 namizədin yarışdığı seçkidə 1800 seçicisi olan 2 hərbi hissədə heç bir təşviqatın aparılmadığı, heç bir müşahidənin baş vermədiyi halda, 1768 səsin Arpadaraiyə yazılmasını da gördük.

Bütün bunlardan sonra özünü peşəkar PR mütəxəssisi və islahatçı kadr kimi təqdim edən xanım Arpadarai sosial şəbəkə hesabında “bu soyuq havada mənə səs verən minlərlə seçiciyə təşəkkür edirəm” məzmunlu yazı paylaşdı. Dərhal da minlərlə Səbail seçicisi və vətəndaşın haqlı etirazına səbəb oldu. İnsanlar onun hansı şəkildə qalib elan edildiyini gördükləri üçün ona etiraz edir, o isə tək-tək minlərlə seçicini bloklamaqla məşğul olurdu. Bir gün sonra xanım namizəd bir addım da irəli gedərək, minlərlə etirazçı istifadəçiləri “troll” adlandıraraq, onların yalnız Qafqaz Universiteti və Türk liseyi məzunlarından ibarət olmasına eyham vurdu. Bununla da prosesi kənardan müşahidə edən on minlərlə Qafqaz Universiteti və lisey məzunlarını da özünə qarşı qaldırdı. Nəticədə, xanım Arpadarai Hadı Rəcəblinin 20 ildə qazandığı qıcıq və qəzəbi cəmi 20 gündə qazandı. Artıq Nigar xanım sosial şəbəkədə 10 gündür ki, heç nə paylaşa bilmir. Çünki, dərhal minlərlə insan onu sərt tənqid edir.

Mərkəzi Seçki Komissiyasına təqdim etdiyimiz faktlar əsasında bu dairənin 6 məntəqəsinin nəticələrinin saxtalaşdırıldığı sübut edilib, bu məntəqələrin nəticələri ləğv edilib. Digər 19 məntəqədə də nəticələrin saxtalaşdırılması ilə bağlı təqdim etdiyimiz protokollar və videolara da MSK-nın yaxın günlərdə qiymət verəcəyi gözlənilir. Təqdim etdiyimiz faktlar təkzibedilməz faktlardır – möhürlü və imzalı protokollar, səslərin tək-tək sayıldığı videolar. Bu faktlar sosial şəbəkələrdə də yayılıb və hamı bu dairədə seçkilərin ənənəvi R.Mehdiyev-G.Əhmədova qaydasında keçirildiyinin şahidi olub. MSK üzvlərinin bəziləri ilə MSK qarşısında təkbətək söhbətlərimdə “təqdim etdiyiniz faktlar pozuntu yox, seçki cinayətidir, saxtalaşdırmadır” deyiblər. Beynəlxalq təşkilatlar, müxtəlif ölkələrin səfirlikləri, ATƏT-in müşahidə missiyası o faktları görüb, MSK-nın 29-cu dairə ilə bağlı atacağı növbəti addımları diqqətlə gözləyirlər. Hətta, bəzi diplomatlar “bizim bu seçkilərə verəcəyimiz qiymət bu dairədən aşkarlanmış faktlara veriləcək qiymətdən asılı olacaq” deyirlər.

MSK üzvləri isə tərəddüd edirlər. Ayrı-ayrılıqda bu dairənin 20-dən çox məntəqəsində ciddi pozuntuların, saxtalaşdırmanın olması faktlarını etiraf etsələr də, “bu dairədə ölkə başçısı səs verib, onun nəticələrini tam ləğv etmək bizim üçün çətin olacaq. 6 məntəqəni biz ləğv etdik, qalanları məhkəmədə ləğv etdirin ki, biz zərbə altında qalmayaq” deyirlər.

Mən isə əksini düşünürəm və MSK üzvlərinə bildirirəm. Arpadarai Nigarın bir balaca əziyyət çəkib, bir az artıq resurs xərcləyib, saxtalaşdırma olmadan qalib olmaq imkanı varkən, köhnə qaydalara arxalanmasının, islahat mesajı verən prezidentin dairəsində bu qədər saxtakarlıq faktlarının üzə çıxmasının və 20 gündə Hadı Rəcəblinin 20 ildə topladığı qəzəbi və qıcığı toplamasının, 5 il bu ləkə ilə seçilmiş deputatın bütün beynəlxalq görüşlərdə problemə çevriləcəyinin, bu dairənin nəticələrinin bu şəkildə təsdiq edilməsinin elə birinci növbədə prezidentə zərbə olduğunu düşünürəm. Prezident çox rahatlıqla “mən səsverməyə 2-ci dəfə də gələrəm, 5-ci dəfə də, yetər ki, mənim səs verdiyim dairə ilə bağlı heç kimdə zərrə qədər şübhə və narazılıq qalmasın” deyərək, cəmiyyətdə insanların öz dövlətlərinə, seçki institutuna ölmək üzrə olan ümidlərinə zərrə qədər də olsa, yeni nəfəs verə bilər. Eyni zamanda Arpadarai Nigarın öz potensialını reallaşdırması, xanımlar üçün xalçaçılıq kursları açmaq arzusunu, piyada keçidlərini səliqəyə salmaq istəyini bir sərəncamla Bakı Şəhər İcra Hakimiyyətində hansısa posta təyin etməklə reallaşdırmaq olar. Səssiz, sakit, cəmiyyətdə qıcığa və qəzəbə səbəb olmadan.

MSK bütün cəmiyyətin gördüyü, dəfələrlə izlədiyi saxtakarlıq videolarına qiymət verməməklə, həmin məntəqələri və dairəni ləğv etməməklə birinci növbədə ölkə rəhbərliyinə zərbə vurur. Biz öz üzərimizə düşəni artıqlaması ilə edirik – soyuqda, küləkdə, yağışda seçicilərlə görüşə gedən könüllülərimizin, öz ailə büdcəsindən kəsib bizə ianə edən gənclərin, seçki günü soyuq havada səhər saatlarından gecə saatlarına qədər müşahidə aparan müşahidəçilərimizin, seçki günü soyuq havada bizə və digər namizədlərə səs vermək üçün gələn seçicilərimizin haqlarını qorumağa çalışırıq və bunun üçün bütün faktları MSK-ya təqdim etmişik.

Top Mərkəzi Seçki Komissiyasındadır. MSK ya bu dairədəki saxtakarlıq videoları və protokollarına qiymət verərək nəticələri ləğv edəcək, yenidən şəffaf seçki keçirəcək, ya da ölkə rəhbərinin səs verdiyi dairə ətrafında yaranmış bu qədər böyük narazılığı 5 il müddətində saxlamaqla insanların dövlətə, islahat mesajına, seçki institutuna olan ümidlərini birdəfəlik öldürəcək. MSK-nın hansı seçicimi edəcəyini isə yaxın günlərdə görəcəyik.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button