2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

3 milyard dollarlıq qalmaqal – yeraltı çaylar… Okeana axır!

Xaliq Bahadır

Araşdırmaçı jurnalistlər birliyi Əliyevlərin 3 milyard dollarlıq daha bir oğurluğunun üstünü açıb. Bu, 2012-2014-cü illərdə edilmiş oğurluq faktıdır. Qabaqlar ata-bala Əliyevlərin bundan qat-qat böyük oğurluqlarının üstü açılsa da, indiki fakt dünyada indiyədək olmayan özümlü reaksiya doğurub.

Saytların yığılması Saytlarin yigilmasi

İngiltərədəki üçmü, dördmü (kimi üç, kimi dörd yazır) kompaniyanın Əliyevlərin oğurluq pullarını “yuduğu” bəlli olub. İngiltərə parlamenti faktın araşdırılması üçün qərar verib. Bu qərar düzgün qərardır, ancaq… Elə indiki 3 milyardlıq korrupsiya-oğurluq faktının Batıda böyük rezonans doğurması da düzgün yanaşmadır, ancaq…

İstənilən orqanizmi sağaltmaq işi düzgün diaqnoz qoyulmasından başlayır. İndiki 3 milyard oğurluq faktı daha böyük oğurluq milyardlara göz yumulmasının, ondan daha ötəsi, illərlə politik oğurluq-korrupsiya faktlarına göz yumulmasının doğurduğu sonuclardandır. Az-çox demokratik hakimiyət olan AXC hakimiyətini yıxıb yerində əliyevçi korrupsiya hakimiyəti qurmağın, o hakimiyətə illərlə arxa durmağın sonu indiki kimi olmalı idi. ABŞ prezidenti B.Obama bir neçə il qabaq qabaqcıl dünyanı muştuluqlayaraq demişdi: “Azərbaycan enerji lideridir”. Bu liderliyin arxasında böyük, olduqca böyük korrupsiya – oğurluq faktlarının dayandığı ABŞ-a da, onun ən yaxın ortağı olan İngiltərə hökumətinə də, Avropa birliyinə də, AŞ PA-ya da çoxdan bəlli idi. Di gəl, onlar Əliyevlərdən istədikləriniun qat-qat artığını ala bildikləri üçün rejimin Azərbaycandakı total soyğunçuluq faktına, demokratiya platformasından diktatura platformasına keçilməsi faktına, yurddaş toplumunun darmadağın edilməsi faktına, insan hüquqlarının barbarcasına tapdanması faktına, dövlət qurumlarının bütünlüklə korrupsiyalaşması faktına, ən başlıcası, seçkilərin illərlə saxtalaşdırılması faktına açıqca göz yumur, uzaqbaşı, yüngülcə qınaqla yetərlənir, bu qınağın ardınca, Əliyevləri küsdürməmək üçün “hakimiyətlə sıx əməkdaşlığa hazır olduqlarını” bildirirdilər. Korrupsiya-terror rejimi ilə Antiterror koalisiyası yaradır, sonra da bu koalisiyanın çox uğurlu alındığından danışırdılar. Bütün bunlar azmış kimi,  ABŞ-la – Azərbaycan arasındakı “konstruktiv əməkdaşlıqdan ”, “faydalı ortaqlıqdan” danışırdılar. Beləcə, demokratiya ilə diktaturanın “faydalı” ortaqlığı yaradılmışdı. Hansı ortaq dəyərlərlə – burası bəlli deyildi!

Burası Gün kimi bəlli idi: ortada dəyər adına gerçək nəsə yox idi; istər demokratiya,  istərsə də diktatura sarıdan. Burada gizlədilməsi olamaz olan korrupsiya ortaqlığı vardı. Əliyevlərin BP-i ilə yaxın ilişkiləri o ortaqlıqda başlıca rol oynayırdı, sözsüz, indilikdə də oynamaqdadır…

İngiltərə parlamentinə bağlı vergi qurumu beş-altı il qabaq ata-bala Əliyevlərin 1993- 2010-cu illər arasında Azərbaycandan 48 milyard dollar pul oğurlayıb çıxardığının üstünü açmışdı. Bu faktın üstündən İngiltərənin baş baxanı D.Kemeron seçki sürəci başa çatmadan İ.Əliyevi üçüncü yol prezident seçilməsi ilə bağlı ürəkdən qutlamışdı. ATƏT onda seçkidə 58 faizli saxtalaşdırma olduğunu bildirmişdi. Robert Valter başda olmaqla ingilis deputatlar onda öz hökuməıtlərinin tapşırığına uyğun olaraq, AŞ PA-da əliyevçi rejimi Aleksandr Matrosov sayağı qorumağa qalxmış, R.Valter AŞ PA tribunasından ATƏT-i qınamaqla İ.Əliyevin seçkini 85 faiz səs çoxluğu ilə udduğunu bildirmiş, üstəlik, İ.Əliyevi legitim prezident adlandırmışdı. Bütün bunlar, indi bildirildiyi kimi, yalnız ingilislər başda olmaqla bir çox AŞ PA deputatlarının satın alınmması yolu ilə edilməmiş, bütün Batıda Əliyevlərin lobbiçiliyini edən BP-i işdə böyük rol oynamışdı. BP-inin araçılığı ilə İngiltərənin dış işlər baxanı Heyq o günlər İ.Əliyevlə 40 milyard dollarlıq bağlaşma bağlamışdı (“Şahdəniz-2”). Bəlli olduğu kimi, “Amoko” ilə birləşmədən sonra Britiş Petroleum anqlosaks birliyinin ORTAQ kompaniyasına çevrilib. Bu isə Əliyevləri orqanik olaraq (avtomatik) anqlosaks birliyinin ortağına, başqa dillə desək, kompanyonuna çevirir…

2006-cı ildə ABŞ başçılığında Belorus prezidenti A. Lukaşenkonun özünün, ailəsinin, yaxın çevrəsinin Batıya çıxışı yasaqlandı –sanksiya! Çox keçmədən Lukaşenko dörd politik dustağı (bundan artığı yox idi) türmədən buraxmaqla sanksiyalardan qurtuldu. İllərdi Batının bir çox tanınmış politikləri, demokratik dəyər daşıyıcısı olan insan hüquqları savçıları Əliyevlər ailəsinə, əliyevçi rejimə bağlı sanksiyalar uyğulamağa çağırırlar, elə illərlə də bu çağırışlar eşidilməz olur. Bunun yerinə ölkəni başına götürən politik repressiyalarla bağlı ortaya yalnız çoxdan acı gülüş doğuran “narahatlıq” bildiriləri çıxır. İlqar Məmmədov, demək olar, 5 ildi dustaqdır. Demək olar, 5 ildi ABŞ hökumətdən İlqar Məmmədovu “dərhal azadlığa buraxmağa” çağırır. Bu nə iyrənclikdir belə?! Sözsüz, korrupsiya-repressiya rejimi ilə geniş ortaqlıq iyrəncliyi!

Bir çağlar Azərbaycandakı seçki öncələri Kojeni məhkəməısi ilə Əliyevləri divara qısnayıb özü üçün istədiyini alan, əldə edən ABŞ seçkiönü Kojeni məhkəmələri dünyada sarkastik gülüş doğurduğundan neçə illərdir yeni metoda – seçkiönü dinləmə metoduna keçib. Azərbaycanda prezident, parlament seçkisi öncəsi ABŞ Konqüresində Azərbaycandakı korrupsiya-repressiyta rejimi ilə bağlı “sərt dinləmələrə” start verilir. Sonra da necə olursa ortaya “ABŞ Azərbaycanın güclü tərəfdaşıdır” bildirisi çıxır. Beləcə, “korrupsioner-repressiv rejim” platformasından “güclü tərəfdaşlıq” platformasına keçid alınır! İllərlə!!!

Azərbaycanda əliyevçi ailə diktaturası qurulduğundan ABŞ – Azərbaycan ortaqlığından deyil, gerçəkliyə uyğun olaraq, ABŞ – Əliyevlər ortaqlığından danışılmalıdır, ancaq, burasə imperialist politikalara əlverişsiz olduğundan “Azərbaycan” anlayışına üstünlük vermək gərəyi yaranır.

İndi Əliyevlərin qapatdıqları “Azadlıq” qəzeti bir il qabaq (13 may 2016) belə manşetlə çıxmışdı: “Əliyevlərin Britaniyadakı mülkləri təhlükədə”. Manşetin altındakı yarımbaşlıqdan Londonda  Antikorrupsiya sammitinin keçirildiyi bəlli olurdu. O sammitdə İngiltərənin o çağkı baş baxanı D.Kemeronun belə bir çıxışı olmuşdu: “Korrupsionerlərin Britaniyada evi olmamalıdır”. Əliyevlər ailəsinin, əliyevçi rejim yetkililərinin, onların uşaqlarının Britaniyada (baçlıca olaraq Londanda) milyonlarla dollar dəyərində evləri onlarladır. Onlar dünyanın bu başından o başına (başlıca olaraq Parisdə, Londonda əngəlsiz olaraq göyə milyonlar sovururlar. Ortada əliyevçi korrupsiya-repressiya rejiminə qarşı sanksiyaların yalnız sözü gəzir. Baş baxan D. Kemeron isə özünün ANTİKORRUPSİYA  projesini gerçəkləşdirmədən postundan gedəsi oldi – görünür, dünyanı bizim bilmədiyimiz hansısa Korrupsiya Hökuməti yönətir…

İndilikdə məni daha çox 3 milyardlıq qalmaqalın arxasında hansı istəklərin dayandığı düşündürür!

P.S. Korrupsiya-repressiya ortamına bürünmüş bir rejimə illərdir ABŞ, AB, AŞ PA “ədalətli məhkəmə” çağırışında bulunur. ABŞ-ın Azərbaycandakı elçiliyinin keçmiş əməkdaşı Rebekka Vinsent hələ 2014-cü ildə Azərbaycanda durumun dözülməzliyə çatdığını bildirməklə yanaşı, sözügedən üzdəniraq çağırışlarla bağlı demişdi: “Qanunun işləmədiyi bir ölkədə hökuməti ədalətli məhkəməyə çağırmaq məntiqə sığmır” (“Azadlıq qəzeti, 25 avqust 2014).  Acı bir gerçəklik: demokratiya-qanunçuluq ortamında məntiqə sığmayan diktatura-korrupsiya ortamında özünə geniş meydan bulmaqla qudurub  şıllaq atır – bu üzdən də bu gün Azərbaycanda yüzdən artıq politik dustaq var!

Son olaraq, burada bizə Azərbaycanın demokratikləşməyi üçün ardıcıl, prinsipial çarpışma aparan Rebekka xanıma sayğılarımızı sunmaq qalır.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button