2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

''33 ildir pasportsuz yaşayıram''


İranlı mühacir Mətin Azizan: “Bir arzum var, uşaqlarımla birləşmək”

Saytların yığılması Saytlarin yigilmasi

Mətin Azizan mlliyyətcə kürddür. İrandan 33 il əvvəl çıxıb. Mətin bəy 33 ildir ki, pasportsuz, vətəndaşlıqsız, qeyri-leqal həyat sürür. Bu müddət ərzində o İran, İraq, Türkiyə, Yunanıstan və Norveç olmaqla beş ölkə dəyişib.

Bütün ölkələrə qeyri-legal yolla keçməli olub.

Mətin Azizan hazırda Norveçdə, qaçqın düşərgəsində öz legal stasunu gözləyir. O, öz qəribə taleyini Meydan TV-yə danışır.

– Mətin bəy, İranı niyə tərk etdiniz?

– 18 yaşım vardı. İran İraqla savaşda idi. Savaşa görə dövlət səfərbərlik elan etdi. O zaman İranda kürdlər yaşayan hissə kürdlərin əlində idi. Bir hizbimiz (partiyamız) var idi – Demokratlar. Kürdüstan da demokratların əlində idi. Mən bu bölgənin Bane şəhərindənəm. Xomeyni inqilabdan əvvəl Fransada olanda söz verdi ki, iqtidara gələndə hər millətə haqlar verəcək. Dil sərbəst, kültür, ana dilində məktəb sərbəst olacaq. Bu qədər söz verdi, heç birini etmədi. Məsələn, bizim kürd vilayətlərində məktəblərdə müdirlər mütləq fars olurdu, kürdcə təhsil yasaq oldu, mağazaların üzərindəki kürdcə yazılar belə qadağan edildi və farscayla əvəzləndi.

– Siz necə oldu ki, tərk etdiniz oranı?

– Cihad (İran-İraq savaşı) əmri veriləndə mən məktəbdə oxuyurdum. Mən orda müəllimə dedim, biz məktəbliyik, niyə savaşa getməliyik?! Mənə dedi ki, sən müxalifsən, uşaqların başın pozursan, cəzalanacaqsan. Buna görə də Banedən qaçıb, Tehrana gəldim. Tehranda 1 il qalandan sonra qayıtdım Baneyə. Amma burda gördüm ki, Xomeyninin kürdlərə zülmü dözülməz haldadır. Bu haqsızlıqara dözə bilməyib, “dağlar”a, Kandilə (İraqa) getdim.

– Neçə il qaldınız dağlarda?

– Bir il belə qaldım, sonra məni İraq Kürdüstanına 1 aylıq siyasi təhsil üçün kursa göndərdilər. Kursda partiyanın tarixi, kürdlərin tarixi, kürdlərin milli liderləri, kürd dili və mədəniyyəti haqda tədris aldım. Kursu bitirəndən sonra siyasi kadr dərəcəsi aldım. Mən kursu bitirib qayıdandan sonra mənə Kandildə bizə yeni qoşulanlara dərs vermək üçün vəzifə verdilər.

Günel Mövlud və Mətin Azizan
Günel Mövlud və Mətin Azizan.

– Kimlərə dərs deyirdiniz, əsgərlərə?

– Bizim partiyanın (demokratlar) üzvlərinə. Müxtəlif işlərim oldu dağlarda. Daha çox kitab oxudum. Millətimizin dili, kültürü, təhsili üçün silahı deyil, siyasəti, danışmağı və təbliğat aparmağın tərəfində oldum. İraqa qaçaq keçmişdim. 17 il burada illeqal, sənədsiz yaşadım. Bir kürd qadınla evləndim. İki övladım oldu. 2001-ci ildə sənədlərim olmadığı üçün yenə də qaçaq yolla Türkiyəyə gəldim.

– Türkiyəyə nə üçün gəldiniz?

– İraqda davamlı olaraq dağlarda, kamp həyatı yaşayırdım, burda daha mənlik bir iş yox idi. İki övladım var idi, düşündüm burda yaşamaq alınmayacaq və Türkiyəyə qaçaq gəldim. Düşündüm, bura gəlib BMT-yə rahat müraciət edərəm. Kürdlərin çox olduğu Van vilayətinə gəldim. 3 il yarım Vanda qaldıq. Orda yaşamaq çətin oldu. Nə oturum, nə iş izni ala bildim. Boru fabrikində qaçaq işlədim. Çox iş, əvəzində normal qazanc olmurdu. Bir müddət yaşamımızı Ramazan ayı boyu evdə təndir çörəyi bişirib satmaqla təmin etdik.

– Türkiyədə qalanda BMT-yə oturum üçün müraciət etdinizmi?

– Vanda olarkən mitinq elədik. Polis gəldi. Nə istədiyimizi soruşdular. Haqqımızı istədiyimizi dedik. Buraya gəldik, oturum üçün müraciət etdik, cavab istəyirik. İlk öncə heç oturum vermədilər. Daha sonra qərar verdilər, müəyyən şəhərlərə, məsələn, bir şəhərə 10 ailə, başqa bir şəhərə 20 ailə -bu cür böldülər. Mən Afyona gəldim.

– Türkiyədə 3 il yarım qaldınız, sonra nə oldu?

– 3 il yarım Vanda qaldım, daha sonra Afyona gəldim. Afyonda yaşam xərcləri yüksək idi. Bu vaxt üçüncü övladım dünyaya gəldi. Ona görə məcbur qaçaq işləyirdim. Gündə 12 saat işləyirdim, qazancım 5 TL olurdu.

– Türkiyəni nə zaman tərk etdiniz?

– Məsələ bir az qəliz oldu. Türkiyədə olanda ailəlikcə BMT-yə müraciət etdik ki, bizə sığınacaq verən bir ölkəyə göndərsinlər. Onlardan cavab gözləyirdik. Mən ailəmi götürüb gizli İstanbula getdim və orda işləməyə başladım. Halbuki, mənə verilən yerəl oturum sənədinə əsasən, Afyonu tərk etmək hüququmuz yox idi. Amma orda dolanmaq olmurdu. Məcbur qalıb bu addımı atdım. İşlədiyim yerdə bir kürd və bir tükrlə tanış oldum. Bu adamlar mənə dedilər ki, yaxın şəhərdə bir otel var, gedək orda işlə. 2011-ci il idi. Onlara dedim ki, gedək otelə baxım, işləməli olsam, xanıma və uşaqlara xəbər verim. Bu iki adam məni maşına otuzdurdular, saatlarla yol getdik. Dedim, axı dediyiniz şəhər belə uzaq olmamalı idi. Məndən telefonumu alıb, gizlətdilər. Dedilər ki, sus, otur yerində. Otelə çatdıq. Gözdən uzaq yerdə, adsız bir pansion idi. Bura gələnlər necə gəlirdi, buranı necə tapırdı,bilmirəm. Bu oteldə mənə dedilər ki, əgər burdan qaçsan, sənin ailəni, ünvanını, oğlun Rejvanı tanıyırıq, gedib Rejvanı öldürəcəyik. Polisə də getsən, birinci səni tutacaqlar, çünki Afyondan izinsiz çıxmısan. Məcbur burda qaldım.

– Bəs ailəniz polisə xəbər verməyib?

– Xanımım sadə, evdar bir qadındır, o vaxt mobil telefondan istifadə etməyi belə bilmirdi. Həm də biz İstanbulda izinsiz oturduğumuza görə o da qorxub. Amma BMT-nin ofisinə gedib və mənim yox olduğumu deyib. Bu müddət ərzində Norveç ailəmə sığınacaq verməyə razı olub və ailəm mənim taleyimdən xəbərsiz Norveçə gəlib.

– Bəs siz bunu necə öyrəndiniz?

– Oteldə işləməyə davam edirdim. Bir gün bir kürd gəldi. Məni görən kimi tanıdı. Soruşdu: “Sən Mətin deyilsən?” Dedim, hə. Dedi: “Burda neynirsən, axı sənin ailən Norveçdədir2. Bunu eşidən kimi daha oğlumun öldürüləcəyindən, ailəmə bir zərər verə biləcəklərindən qorxmadım, gecə ikən qaçıb qeydiyyatda olduğum Afyona, polisə getdim. Amma polis nə o adamları, nə də oteli tapa bildi. Mənə də dedilər ki, sən yalan deyirsən, ailəni qoyub qaçmısan, indi də öyrənmisən ki, onlar Norveçdədir, gəlmisən ki səni də aparsınlar.

– Bəs siz nə etdiniz?

– Pulsuz-parasız, ailəsiz qalmışdım. BMT-yə müraciət elədim. Xanımımın və mənim bürokratik prosedurları bilməməyimizin ucbatından onların burda qalması müddəti bir ili keçdi. Ailə birləşməsi isə bir il müddətində baş verməli idi. Həm də pasportum olmadığından iş uzandı. Norveçin emiqrasiya mərkəzi mənə iki dəfə imtina cavabı verdi.

– Norveçə necə gəldiniz?

– Bir az işləyib pul qazandım. 2015-ci ildə Türkiyədən Yunanıstana qaçaq keçirən adamları tapdım. Onlara pul ödədim. 65 nəfəri bir 6 metrlik rezin qayığa doldurub, sanki presləyirmiş kimi bir-birimizə yapışdırıb, buraxdılar dənizə. Kənarda oturanların hamısı içəri dolan suyu ovucları ilə geri atırdılar ki, qayıq batmasın. Bu halla biz Yunanıstana çatdıq. Orda qaçqın kampları vardı. Kamplarda dincələ-dincələ, bütün ölkələrdən gizli keçib, gəlib çıxdım Norveçə.

– Ailənizlə birləşə bildinizmi?

– Yox, bura gələndə öyrəndim ki, xanımım depressiyaya düşüb. Xəstə olub. Buna görə də sosial xidmət onun uşaqlara baxa bilməyəcəyini əsas gətirərək, 11 və 15 yaşlı qızlarımı ondan alıb, uşaq sığınacağına verib. Oğlumun isə 20 yaşı tamam olub artıq, anasından ayrı yaşamaq qərarına gəlib. Mənə də hələ oturum verməyiblər. İki dəfə imtina cavabı almışam. Amma qızlarımın qaldığı yerə gedə və onlarla görüşə bilirəm.

– Mətin bəy, 33 ildir qaçaq, pasportsuz ağır bir həyat yaşayırsınız. Bundan sonra arzunuz nədir?

– Uşaqlarımla birlikdə olmaq istəyirəm. Din adamlarının bir qibləsi, qibləgahı olur ha, mənim də qibləgahım balalarımdır. Onlar yanımda olsun, başqa heç nə istəmirəm.



Source link

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button