2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

37-ci ili qaytaranlar cəzasız qalacaqlarına ümid etməsinlər

Milli Şura sədri Cəmil Həsənli Facebook səhifəsində vətənə xəyanət ittihamı ilə həbs edilən hərbçilərin müammalı ölümündən yazıb:

“Vətənə xəyanət ittihamı ilə həbs edilən hərbçilərlə bağlı nə baş verir? Qısa zamanda artıq həbs edilənlərdən 3 nəfər vəfat edib. Müddətdən artıq hərbi xidmət keçmiş Tərtər sakini Elçin Quliyev düşmənlə məxfi əməkdaşlıqda suçlanırdı. Mayın 18-də Elçin Quliyevin meyiti Tərtərə gətirilib, ailəsinə təhvil verilib. Ölüm faktı barədə ailəsinə heç bir məlumat verilməyib.
Eyni ittihamla həbs edilmiş daha bir Tərtər rayon sakini Mehman Hüseynovun da meyiti yaşadığı Ağkənddə torpağa tapşırılıb. Yaxınları onu atasının dəfn olunduğu Cəmilli qəbiristanlığında dəfn etmək istəsələr də, kənd sakinləri yayılmış rəsmi məlumata əsasən onu vətən xaini hesab edib Cəmilli kənd qəbiristanlığında dəfn olunmasına icazə verməyiblər.
Dünən isə erməni kəşfiyyatçıları ilə məxfi əməkdaşlıqda suçlanan, gənc leytenant Təmkin Nizamioğlunun Ordubadın Darkənd kəndində dəfn edilməsi barədə məlumat yayıldı. Qısa müddətdə həbs olunanlardan 3 nəfər zabit və hərbi qulluqçu vəfat edib. Nədən, hansı səbəbdən hərbidə xidmət etmiş bu şəxslər ən qısa vaxtda vəfat ediblər? Təəssüf ki, ölümün səbəbləri barədə ictimaiyyətə məlumat verilmir. Əgər istintaq altında olan insanlar fiziki cəhətdən sağlam hərbçi olmalarına baxmayaraq belə sürətlə “vəfat” edirlərsə, görən onlardan kimsə məhkəməyə gedib çıxa biləcəkmi?
Vətənə xəyanət ağır ittihamdır. Bu ittiham açıq məhkəmə araşdırması zamanı (hətta məhkəmələrimiz müstəqil olmasa belə) öz təsdiqini taparsa, əlbəttə həmin şəxslər qanunun tələbləri çərçivəsində cəza almalıdır. Lakin biz istintaq altında olan hərbçilərin ölüm faktlarının şahidi oluruq. Bu çox dəhşətlidir. İstintaqın gedişində həbs edilmiş insanlara dəhşətli işgəncələr verilməsi, işgəncə yolu ilə törətmədiyi cinayətə görə təqsirləndirilən şəxslərdən təsdiqləyici ifadələrin alınması Azərbaycan istintaq orqanları üçün adı iş normasına çevrilib. Kim təminat verə bilər ki, qısa müddətdə həyatını itirmiş bu 3 hərbçi belə özbaşnalığın, qanunsuzluğun qurbanı olmayıb? Axı, həmin o istintaq orqanları bir neçə ilə əvvəl Azərbaycanın ən peşəkar jurnalisti, ən vətənpərvər qələm sahiblərindən biri olan Rauf Mirqədirovu da “vətənə xəyanət” ittihamı ilə həbs etmişdi. Leyla və Arif  Yunuslar da eyni saxta ittihamla qanunsuz olaraq bir müddət həbsdə saxlandılar. Hətta, bu adamların qeyd edilən istiqamətdə bir günahı varsa, bu məhkəmə araşdırmasından keçməli, onların cəzası məhkəmə tərəfindən müəyyən edilməlidir.
XXI əsrdə, Avropa Şurasının, ATƏT-in, BMT-nin üzvü olan bir ölkənin, insan hüquqları ilə bağlı beynəlxalq öhdəlikləri olan bir dövlətin məhkəməsiz-filansız öz vətəndaşlarını vətən xaini elan etməsi, qısa müddətdə istintaq altında olan gənc insanların naməlum səbəbdən vəfat etməsi, məhkəmə araşdırmasında təsdiqini tapmayan bir ittihama görə istintaq altında vəfat etmiş insanın cənazəsinin atasının məzarının yanında dəfn olunmasına icazə verilməməsi, 4-cü sinifdə oxuyan övladının məktəbdə linç edilməsi hansı dəhşətlərdən xəbər verir. Bir anlığa təsəvvür edin ki, İlham Əliyevin yeritdiyi siyasət ölkəni hansı vəziyyətə gətirib çıxarıb. Təhlükəsizlik xidməti yaranandan bəri keçirdiyi əməliyyatların çoxu insan ölümü ilə nəticələnir. İnsanı güllələyib adını qoyurlar terrorist məhv edilib. Onun terrorist olması hansı məhkəmə qərarı ilə təsdiq edilib. Bu minvalla istənilən adamı güllələyib adını terrorist, ekstremist, diversiyaçı və sair qoya bilərlər.
Son günlər ölkəmizdə baş verən bu dəhşətli hadisələr 37-ci ili çox xatırladır. O zaman da “səyyar məhkəmə üçlüyünün” (troykaların) qərarı ilə güllələnməyə məhkum edilmiş “xalq düşmənlərinin” cəsədlərin kəndə qəbiristanlığında dəfn olunmasına qarşı ümumxalq “müqaviməti” təşkil edilirdi. Həmin dəfn tamaşalarında alovlu nitqlər söylənilirdi və qeyd edilirdi ki, belə “xalq düşmənlərini” dərin basdırmaq lazımdır, onun qanı tökülən torpaqda göyərən otu heyvan yesə, o da sovet hökumətinə düşmən olacaq.
Bu gün ölkədə baş verənlərlə müqayisə etdikdə eyni düşüncə, eyni dəsti-xətt, eyni yanaşmanın, yalnız bircə fərqin şahidi olursan: 37-ci ildə bu qanunsuzluqları, işgəncələri və zorakılıqları istintaq orqanlarına yerləşdirilmiş ermənilər azərbaycanlılara qarşı törədirdilər, bu gün isə özümüzkülər törədir. 37-ci il kimi tarixə “qanlı terror” kimi düşmüş bir dövrdə heç olmasa “troykalar” 20-25 dəqiqə formal da olsa məhkəmə keçirib insanları “xalq düşməni” elan edirdi, indi isə məhkəməsiz-filansız çox asanlıqla insanların “vətənə xəyanət” etdiyi bəyan edilir.
37-ni törədənlərdən sağ qalanlar həmin sistem daxilində öz cəzalarını aldılar. Sağ qalmayanların ailələri, oğul uşaqları mənəvi cəza çəkməli oldu. Həmin “troykalara” rəhbərlik etmiş rəhbər işçilərdən birinin ölümündən sonra oğlu ötən əsrin 70-ci illərində güllələnmə cəzası aldı. Əslində bu onun cəzası deyildi, atasının qanunsuz əməllərinin tale tərəfindən oxunmuş hökmü idi. Bu gün bu qanunsuz əməlləri törədənlər, saxta ittiham quraşdıranlar, işgəncə yolu ilə insan talelərini məhv edənlər də arxayın olmasınlar. Cinayət cəzasız qalmır”.

Saytların yığılması Saytlarin yigilmasi

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button