2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

3974 nəfər ”Azərsu”dan kompensasiya gözləyir

Vəkil: “6 il vuruşdu, ancaq məhkəmə qərarını görmədən vəfat etdi”

“Həm torpağımızı, həm də illərlə zəhmətini çəkib, böyütdüyümüz meyvə ağaclarımızı itirdik. Üstəlik, buna görə 1 qəpik kompensasiya da ödəmədilər”, – Oğuz-Qəbələ-Bakı su kəmərinə görə həyətyanı sahələri plana düşən mülkiyyətçinin sözləridir.

Saytların yığılması Saytlarin yigilmasi

Su kəməri 2010-cu ildə istifadəyə verilib. Elə həmin vaxtdan mülkiyyətçilər kompensasiya gözləyir. Şikayət etmədikləri yer qalmayıb. “Heç nə dəyişməyib, problem olduğu kimi qalıb”, – deyirlər.

Bir su kəmərinin tikintisində 3974 nəfərin hüququ pozulub?

Azərbaycan Respubikası Nazirlər Kabinetinin 24 fevral 2006-cı il tarixli 42 s saylı sərəncamı var. Sərəncamda su kəmərinin tikintisində dövlət sifarişçisinin “Azərsu” ASC olduğu deyilir. Maliyyəni isə Dövlət Neft Fondu ayırıb. Kəmərin tikintisi üçün 14 ay və 480 mln. manat nəzərdə tutulsa da, 45 aydan artıq vaxt və 780,0 mln. manatdan çox vəsait sərf edilib. Həmin vəsaitin bir hissəsi isə (dəqiq məbləğ açıqlanmır) kompensasiyalar üçün nəzərdə tutulub.

Ancaq nəinki mülkiyyətçilərə kompensasiya verilib, onlara itirdikləri torpaq müqabilində qanunda göstərilən qaydada cavab da verilməyib.

3974 nəfər narazı mülkiyyətçi var. Plana düşən ərazi isə 2365,65 hektardır.

Onların hüquqları Mülki Məcəllənin 152.1, 111, 112, 157.9 və 247.2-ci maddələri ilə pozulub.

Vəd edilən cüzi məbləğ də ödənmir

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin məlumatına görə, su kəməri ölkənin 8 rayonundan keçir. Oğuzda 2131, Qəbələdə 278, Göyçayda 307, İsmayıllıda 247, Ağsuda 546, Şamaxıda 151, Hacıqabulda isə 314 mülkiyyətçinin torpağından keçir. Təkcə Abşeron ərazisindən keçən hissəsi xüsusi mülkiyyətə aid torpaqlara düşmür.

Həmin insanlara kompensasiyanın ödənilməsini “Azərsu” ASC bölgələrdəki icra hakimiyyətlərinin, icra hakimiyyətləri isə “Azərsu”-nun üstünə atır. Kompensasiyanı cəmi 717 mülkiyyətçi ala bilib. Qalan 3257 mülkiyyətçi isə hələ də gözləyir. Onlardan

2000 nəfər çarəni məhkəmələrdə arayıb. Qalan 1200 nəfərdənsə xəbər yoxdur.

Məhkəmələrə üz tutan mülkiyyətçilər də istədiklərinə nail ola bilməyiblər. “Vəd edilən cüzi məbləğ də ödənmir”, – deyirlər.

Məhkəmələrə təzyiqlər edirlər

Problemin məhkəmədə həll edilməməsinə gəlincə, Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı bunu məhkəmələrə olan təzyiqlə əlaqələndirir. Deyir, 3 nəfərin məhkəməsi düz 6 ildir gedir. Hətta 6 ildən sonra iki nəfər Oğuz sakininin xeyrinə çıxarılmış qərar qüvvəyə minsə də, 11 aydır icra olunmur:

“Torpaqları su kəməri layihəsinə düşmüş mülkiyyətçilərə verilməli olan vəsaitlər hara xərclənib, bilinmir. Bu məsələ ilə bağlı məhkəmələrə təzyiqlər edirlər”.

“Azərsu” mülkiyyətçilərə dəymiş ziyanın ödənilməsindən imtina edir

Kəmərin tikintisinə 2007-ci ildə başlanılıb. Həmin vaxt hər sot torpağa görə Oğuz sakinlərinə 30, qəbələlilərə isə 40 manat ödəniləcəyi deyilmişdi. Ancaq torpaqların bazar qiyməti müəyyənləşdirilməmişdi.

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının apardığı araşdırma zamanı ayrılan məbləğin kəndlilərə vəd ediləndən qat-qat çox olduğu məlum olub. Mirvari Qəhrəmanlı da deyir ki, vətəndaşlar həm torpaqlarından, həm də onun əvəzinə ödənilməsi vəd edilən cüzi məbləğdən məhrum olub:

““Azərsu” nəinki zərəri ödəmək istəmir, hətta cavabdehlik daşımadığını deyir. Məhkəməyə təqdim etdiyi sənəddə kompensasiya ödəməyə cavabdeh olmadığı göstərilir. Odur ki, mülkiyyətçilərə dəymiş ziyanın ödənilməsindən imtina edir. Halbuki şirkət tikintiyə başlayanda sakinlərə iş bitəndən sonra pullarının veriləcəyini deyib. Qanunla vəsait tikinti başlanandan 120 gün sonra ödənilməli idi”.

Kəmərin tikintisinə kəndlilərlə heç bir rəsmi müqavilə bağlanılmadan başlanıb. “Müxtəlif huquqi yollarla mülkiyyətçiləri bezdirirlər” – deyir Mirvari Qəhrəmanlı.

Kəsilən ağacların da pulu ödənilməlidir

Zərərçəkənlərdən bəzilərinin vəkili, Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının hüquqşünası Azər Quliyev deyir ki, torpaqlar mülkiyyətçilərdən dövlət ehtiyacları üçün alınırsa, bazar qiymətinə uyğun kompensasiya verilməlidir. Bunun üçün işçi qrupu yaradılmalı, mülkiyyətçilər məlumatlandırılmalıdır:

“Bu layihədə sifarişçi “Azərsu”-dur. Bütün bunları o etməli idi. Bunlar Mülki Məcəllədə, Konstitusiyada və “Torpaqların dövlət ehtiyacı üçün geri alınması haqqında” qanunda, Nazirlər Kabinetinin 54 saylı qərarında var.

Torpağı dövlət ehtiyacı üçün geri alırsansa, mütləq vətəndaşa deməli və ona bazar qiymətinə uyğun kompensasiya ödəməlisən. Söhbət təkcə torpaqdan getmir, kəsilən ağacların da pulu ödənilməlidir. Ancaq biz hər hansı mülkiyyətçiyə belə bir təklif edildiyini görmədik”.

Hamısının mülkiyyət hüquqlarını təsdiq edən sənədləri, dövlət aktları var

Vəkil bu barədə müraciətləri 2008-2009-cu ildən aldıqlarını deyir. Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı öz növbəsində “Azərsu” ASC-yə, Dövlət Neft Fonduna, Ədliyyə Nazirliyinə, Maliyyə Nazirliyinə, Oğuz və Qəbələ rayon icra hakimiyyətlərinə sorğu ilə müraciət edib. Kompensasiyaların hansı qurum tərəfindən ödənilməli olduğunu tapmağa çalışıb. Sorğulara “kompensasiyalar “Azərsu” ASC tərəfindən ödənilməlidir”, – cavabı verilib.
Vəkil bildirir ki, “Azərsu” kəmərin tikintisi üçün ayrılmış vəsaitdən mülkiyyətçilərə pul ödəməli, ya da Maliyyə Nazirliyinə üz tutmalıdır. Maliyyə Nazirliyi də öz növbəsində Dövlət Neft Fonduna tələb olunan məbləğlə bağlı müraciət etməlidir. Lakin “Azərsu” ASC bunların heç birini etməyib. Qurum ödənməli olan kompensasiyanın məbləğilə bağlı açıqlama da vermir: “Çox az sayda mülkiyyətçinin torpağı əvəzləşdirildi. Baxmayaraq ki, hamısının mülkiyyət hüquqlarını təsdiq edən sənədləri, dövlət aktları var. Əksəriyyətinə pul verilmədi”.
“Mülkiyyətçilərin uzun-uzadı məhkəmə proseslərindən bezir, geri çəkilirlər”

Azər Quliyev mülkiyyətçilərdən 14 nəfərin vəkilidir. Deyir, bugünədək Oğuz və Qəbələdən olan 4 mülkiyyətçinin məhkəmə qaydasında iddiaları təmin edilib. Kompensasiya “Azərsu”-dan alınıb. 2 mülkiyyətçi ilə bağlı Ali Məhkəmənin qərarı qanuni qüvvəyə minib, lakin bir ildir “Azərsu” kompensasiya ödəməkdən imtina edir. Bunu da vəsaitinin olmaması ilə əsaslandırır:

“İndi də “Azərsu” məhkəmədən bir il vaxt istəyib. Lakin Yasamal rayon Məhkəməsi ona 3 ay vaxt verib. Bakı Apelyasiya Məhkəməsi də qərarı qüvvədə saxlayıb. 3 ay isə mayın 1-də bitir. Onsuz da “Azərsu” bir ildir o vəsaiti ödəmir. Daha 3 nəfərin işi 5 ildir məhkəmədədir və hazırda Yasamal rayon Məhkəməsində proses davam edir. 1 nəfərin işi Apelyasiya Məhkəməsindədir. Həmin kişi rəhmətə gedib”.

Vəkil bəzi mülkiyyətçilərin uzun-uzadı məhkəmə proseslərindən bezərək geri çəkildiyini də deyir:

“İnsanları qınamıram. Ən tez qurtaran iş 4 il çəkir. Oğuzdan 80 yaşlı bir kişi var idi. Hər dəfə məhkəməyə gedib- gəlirdi. Bu insanlar nə qədər dözsünlər? Biz də yoruluruq. Məsələn, Apelyasiya Məhkəməsində olan işlə bağlı aprelin 14-də yekun iclas olacaq. İşə Yasamal Məhkəməsində baxılırdı. “Azərsu” ASC iddia qaldırdı ki, bu işə İnzibati Məhkəmədə baxılmalıdır. İş göndərildi 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsinə. Orda da baxılandan sonra “bu işə Şəkidə baxılmalıdır”, – dedilər. Aidiyyatı üzrə əvvəlcə Apelyasiya Məhkəməsinə, ordan da Şəki rayon Məhkəməsinə göndərdilər. Bir müddət sonra Şəki rayon Məhkəməsi “yox, bu işə rayon, yəni Yasamal Məhkəməsində baxılmalıdır”, – deyə qərar çıxardı. İndi iş Apelyasiya Məhkəməsindədir. Proses 6 ildir davam edir”.

Burada hüquq qurtarıb

Mülki Prosessual Məcəllənin 172.1-ci maddəsi deyir ki, ərizə məhkəməyə daxil olduğu gündən 3 aydan gec olmayaraq baxılmalıdır. Həmin işin həllinə dair qətnamə və ya qərardad çıxarılmalıdır. Proses Apelyasiya ilə birgə 1 il vaxt aparır. Ancaq bu işlər 4-6 ildir davam edir. Vəkil bildirir ki, bu proseslərdə heç bir hakim iddiaçının ziyanına qərar çıxara bilməz. Odur ki, insanları bezdirmək yolunu tutublar:

“Burada hüquq qurtarıb. Bəzən “Azərsu” iddia edir ki, kəmər keçən yerdə fındıq ağacı yox idi. Ağacların sayını azaltmaq olar, ancaq inkar etmək mümkün deyil. Proses nə qədər uzun çəksə də, nəticədə mülkiyətçilərin xeyrinə qərar çıxarılacaq. Heç burada Avropa Məhkəməsinə getməyə də ehtiyac qalmayacaq”.

“Haqqı pozulan mülkiyyətçilər məhkəmə qərarının icrasını gözləyir”

Qəbələdən olan mülkiyyətçi Hacı Qocayevin 20 sot torpağı və itirilmiş məhsulu var. Onun iddia ərizəsi 4 ildir Yasamal Rayon Məhkəməsinin icraatındadır. Mülkiyyətçi kompensasiyanın bir sot torpağa görə 1000 manatdan hesablandığını deyir. O, hakimin çıxaracağı qərarla razılaşacağını bildirir.

Oğuzlu Şövkət Babayevin iddiası ilə bağlı 1 ildir məhkəmə qərarı qüvvəyə minib, lakin hələ də icra olunmayıb. Hazırda iş Apelyasiya Məhkəməsindədir.

Məhkəmə proseslərində iştirak etmək üçün 37 dəfə Bakıya gələn mülkiyyətçiyə “Azərsu” 70 min manat kompensasiya ödəməlidir. Lakin kompensasiyanın nə vaxt ödəniləcəyi bəlli deyil. Bununla bağlı ona heç bir məlumat verilmir.

Torpağı plana düşənlərdən biri də Qəbələ sakini Əli Soltanov olub. O, mülkiyyət hüquqi ilə ona məxsus olan torpağa görə kompensasiyanı görmədən vəfat edib.

“Azərsu” yox, hökumət qərar verməlidir

“Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı kompensasiyaların niyə ödənilmədiyi sualına cavab verə bilməyəcəyini deyib. Suala məhkəmə icraçılarının cavab verməli olduğunu bildirib:

“Azərsu”nun həmin kompensasiyaları ödəmək üçün maddi imkanı yoxdur. Bununla bağlı hökumətin qərarı var. Kompensasiya ödəməmizlə bağlı hər hansı tapşırıq gəlməyib. Biz də bu problemin həllini tapmasını istəyirik. Çünki bütün məhkəmə insansiyalarında cavabdeh kimi “Azərsu” tanınır. Tikinti dövründə həll olunmalı olan məsələ indiyə qədər qalıb. Bununla bağlı da “Azərsu” yox, hökumət qərar verməlidir”.

“Azərsu” kompensasiya üçün hesabat təqdim etməyib

A.Cəbrayıllı deyir ki, əgər “Azərsu”nun mülkiyyətçilər qarşısında öhdəliyi olsaydı, bunu yerinə yetirərdi. Beləliklə də, mülkiyyətçilərin məhkəməyə üz tutmasına ehtiyac qalmazdı:

“Su kəmərinin tikintisini Dövlət Neft Fondu maliyyələşdirir. Burada kompensasiya üçün hər hansı vəsait nəzərdə tutulmayıb”.

Dövlət Neft Fondu isə məsuliyyəti “Azərsu”nun üzərinə atır. Meydan TV-nin müraciətinə cavab olaraq ““Azərsu” kompensasiya üçün hesabat təqdim etməyib və buna görə də əlavə vəsait ayrılmayıb”, – cavabını verdilər.
Dövlət qurumları problemi bir-birinin üstünə atır, məhkəmələr işi uzadır, torpağından və qazancdan məhrum olan mülkiyyətçilərin nə qədər gözləyəcəyini isə kimsə demir. (meydan.tv)

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button