2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

400 min əhalisi olan Sumqayıtda 3 ictimai ayaqyolu var

Bəs sakinlər təbii ehtiyaclarını harda ödəsin?
Sumqayıtdan Azər Qasımov “Azadlıq”ın elektron poçtuna göndərdiyi məktubda Sumqayıtın və sumqayıtlıların tualet problemindən yazıb. Problem o qədər ciddidir ki, müəllif bu məsələyə böyük bir yazı həsr edib. Həmin yazını kiçik ixtisarla təqdim edirik:
“Tualet insanın gündəlik həyatında gündə ən azı bir neçə dəfə baş çəkdiyi yerlərdən biridir. İctimai ayaqyolunun fəaliyyət göstərməsi və necə vəziyyətdə olması mədəniyyətin göstəricisidir.
Tualet mövzusu kimlərəsə vacib gəlməyə bilər, ancaq böyük şəhərin ortasında birdən təcili təbii ehtiyacınızı ödəməyə ehtiyac yaransa və sıxıla-sıxıla qalıb bunun üçün münasib yer tapmasaz, biabırçılıqdansa kol, ağac, divar dibi axtarmaq məcburiyyətində qalsaz, onda, çox güman, məsələ sizə heç də əhəmiyyətsiz gəlməz.
Tualetin olmaması kimi xoşagəlməz bir məsələ Sumqayıtda özünü daha qabarıq şəkildə göstərir. Bu gün Sumqayıt şəhərində abadlıq işləri görülsə də, inkişaf olsa da, tualet problemi qabarıq şəkildə qalmaqdadır. Sumqayıtda ictimai tualetlər pullu olsa da, əhalinin sayına tərs-mütənasibdir. İnsanların gur olduğu mərkəzi yerlərdə, məsələn, Nizami meydanı ətrafında, Azərbaycan prospektində ictimai tualet yoxdur.
400 minə yaxın əhalisi olan ölkənin ikinci şəhərində cəmi 3-4 ayayolunun olmasından həm yerli sakinlər, həm də şəhərə gələn qonaqlar əziyyət çəkir.
Əhalinin sıx olduğu yerlərdə, mərkəzdə isə, Avtovağzalı-filanı saymasaq, heç bir ayaqyolu yoxdur. Mikrorayonlarda da ictimai tualet yoxdur.
O 3 tualetin 2-si Nəsimi parkında və biri də Heydər parkındadır. Təsəvvür edin ki, Sumqayıt bulvarının ümumi sahəsi 106 hektar, uzunluğu 4,2 kilometr, “Nəsimi” adına Mədəniyyət və istirahət parkının isə sahəsi 80 ha-dır. 200 hektara qədər böyük ərazidə cəmi 2 ayaqyolu var. Təzə salınan Sumqayıt Bulvarında isə istirahət obyektləri, atraksionlar, ticarət obyektləri, uşaqlar üçün əyləncə mərkəzləri, idman infrastrukturu, kafelər, çayxanalar, restoranlar tikilməsinə baxmayaraq, “əsas məsələ”- ayaqyolu tikmək “yaddan” çıxıb. Belə çıxır, tualetə getmək istəyən bulvarın bir başından 2-3 km kross qaçmalıdır.
Böyük şəhərdə 3-4 ictimai ayaqyolunun olması isə yox kimi şeydir, çünki tələbatı ödəyə bilməz. Bu gün bizdə turizmin inkişafından danışmaq dəbdədir. Amma adi bir şey – ayaqyolu olmayan yerdə hansı turizmdən danışmaq olar?!
Bəlkə də şəhər sakinləri bu delikat problemi dilə gətirməyə utanır, ancaq şəhərimizin qonağı olmuş istənilən şəxs bu problemi qabardır və bizlərə irad tutur.
Kimsə deyə bilər ki, bəs şəhərdəki çoxsaylı şadlıq evlərində, restoranlarda, kafelərdə, çayxanalarda ayaqyolular var və ora “müraciət” etmək olar. Düzdür, bu belədir, amma onların çoxu ancaq həmin məkanların müştəriləri üçün açıqdır və çox zaman elə yerlərdə ayaqyolunun qapıları bağlı olur, açarları da işçilər özlərində saxlayır. Üstəlik, bir çoxları, xüsusilə qadınlar belə yerlərə müraciət etməyə həm utanır, həm də kənar adamlara, ümumuyyətlə, “otkaz” edilir. Yəni bu məsələdə hər şey bu yerlərin sahiblərinin insafına bağlı olur. Halbuki dünyanın bir çox ölkələrində hansısa kafeyə və ya restorana məhz tualet məqsədilə girişə heç bir məhdudiyyət qoyulmur.
Güc-bəla ilə “tapdığımız“ binəva turistlər də gəzməli yer axtarmaq əvəzinə bir də görürsən tualet axtarışına çıxırlar. Əslində mövzudan danışmaqdan yox, tualetlərin olmamasından utanmaq gərəkkdir. Təbii ehtiyaclarını ödəmək istəyən yerli sakinlər və Sumqayıta gələn qonaqlar şəhərdə tualet axara-axtara qalır, çox zaman məcbur olub evəcən dözürlər.
Necə deyərlər, bu tualet ki var, çox qəliz məsələdi, həm qəlizdi, həm də vacib. Əgər bu vacib məsələ olmasaydı, dünayda Tualet günü olmazdı.
Bir qədər statistikaya varaq. Ümumdünya Tualet Günü dünyada tualetsiz qalan insanların problemini qabartmaq məqsədilə 2001-ci ildən dünyanın 19 ölkəsində hər il noyabrın 19-da qeyd edilir. BMT-nin araşdırmalarına görə, dünyada 2,5 milyard insan ayaqyolu problemindən əziyyət çəkir, hər gün 5000 uşaq tualetin səbəb olduğu infeksion xəstəliklərə və gigiyenik şəraitin məhdudluğuna görə vəfat edir. Təxminən 1 milyard insan hələ də ayaqyolu olmadığından təbii ehtiyaclarını küçələrdə ödəyirlər.
Adətən tualet problemi deyəndə Hindistan ağlımıza gəlir. Təkcə Hindistanda 650 milyon insanın, yəni əhalinin yarısından çoxunun evində tualet yoxdur. Hindistanda hər 1440 insana 1 tualet düşür və bu səbəbdən ölkədə güclü sel daşqınları olarkən küçələr insan ifrazatı ilə dolur. Ölkə sakinlərinin 800 milyonunun evində tualet olmadığı üçün onlar təbii ehtiyaclarını açıq yerlərdə – harda gəldi ödəməyə məcburdular.

Birləşmiş Millətlər Təşkilatı 2008-ci ili “ayaqyolu ili” elan edib. Bu qərar dünya əhalisinin 40 faizinin sağlam ayaqyolu imkanlarından məhrum olması ilə əsaslandırılıb. BMT-dən bildirilib ki, hər il dünyada milyonlarla adam antisanitar ayaqyolularda müxtəlif xəstəliklərə tutulur. Çinin paytaxtı olan 20 milyonluq Pekində 7000 ayaqyolu var.

Saytların yığılması Saytlarin yigilmasi

Barselonada 2015-ci ilin 2 fevralından «Décret d’allarde» adlı qanun qüvvəyə minib və bu dövlət qanununda terrası olan hər bir kafe və ya bar ayaqyoluna getmək istəyən hər bir insanı ora buraxmalıdır.
Bir zamanlar tanınmış keçmiş rus KVN-çi Aleksandr Madiç bir dəfə metroda ayaqyolu olmadığına, xidməti ayaqyoluna da buraxılmadığına görə pis vəziyyətə düşərək paltarını batırmasını və biabırçı vəziyyətə düşməsini sosial şəbəkədə ictimailəşdirərək metropoliten rəhbərliyini məhkəməyə vermək istəmişdi. Onun bu açıqlaması böyük rezonans doğurdu və təsiri də oldu, metroda ayaqyolu tikdilər.
Ayaqyolu məsələsi Bakıda qismən yaxşı olsa da, orda qənaətbəxş deyil. Təsadüfi deyil ki, Formula 1-də “Mercedes” komandasından qalib Niko Rosberq Bakının tualet problemindən gileylənib. O, “Reuters” agentliyinə deyib ki, tualetləri gərək çox edəydilər.
«Bu həftəsonu uzun-uzadı növbədə dayanmalı oldum. Tualet sayını artırsaydılar, yaxşı olardı», – o, agentliyə bildirib.
Yeri gəlmişkən dünyanın ən yaxşı ictimai tualetləri Yaponiyadadır. Bu ölkədə ayaqyolulara xüsusi diqqət edirlər. Ağıllı, elektron, sensor salfetli, sensor sulu tualetlər bizim “bərkgedən” şadlıq evlərindəki tualetlərdən də yaxşıdır, özü də pulsuzları da çoxdur. Avtomatik, stasionar, səyyar tipli tualetləri orada az qala sənət əsəri kimi inşa edirlər.
Sumqayıtda parklarda, bulvarda istirahət edənlərin əksəri yaşlı nəslin nümayəndələri – pensiyaçılar və uşaqlar olduğundan onların ayaqyoluna daha çox ehtiyacı var. Uşaqlar iradəli ola bilmədiyindən, yaşlı nəslin nümayəndələrinin çoxu ya böyrək xəstəliyindən, ya da digər xəstəliklərdən əziyyət çəkdiklərindən tualetə tez-tez getməli olurlar. Bundan başqa, bulvarda, Nəsimi parkında elə icra hakimiyyətinin qabağında tez-tez kütləvi bayramlar, tədbirlər keçirilir ki, bu zaman ictimai ayaqyolunun yeri “görünür”.
Deyək ki, Hindistan kasıb ölkədir, bəs biz? Bizim ki imkanımız var. Turistlər öncə hava limanına, avtovağzallara, sonra isə tualetlərə göz gəzdirərək ölkə haqqında təsəvvür formalaşdırır. Şəhər bələdiyyəsi, icra hakimiyyəti bu problemi aradan qaldırmaq üçün düşünməlidir. Şəhərə milyonlarla manat pul ayrılır və şəhərdə insanların gur olduğu yerlərdə, parklarda, küçələrdə tualetlərin açılması heç də çətin məsələ deyil. Şəhər sakinləri arasında sorğu keçirərək də yerlər müəyyənləşdirilə bilər. Müəyyən etmək olar ki, neçə tualet lazımdır və haralarda.Təbii ki, bunu etmək üçün birinci yerli məmurlarda gərək istək olsun. Başa düşürürəm, ola bilsin məmurlar heç şəhəri adi adam kimi gəzmirlər və bu problem onları yaddır, bunu vacib saymaya bilərlər, ancaq bir dəfə başlarına gəlsə, “başmaqçı” olarlar, bəlkə də əncam çəkərlər…
Sürətlə Avropaya inteqrasiya etdiyimiz bir zamanda biz hələ də ictimai ayaqyolu problemi yaşayırıq. Necə olur ki, dörd bir yanında park salınır, bir “WC” tikilmir?

Tikinti normlarına, satandartlara görə içtimai ayaqyolular 1000 nəfərə bir “pribor” –unitaz düşmək hesabı və hər 500-700 metrdən bir aralı tikilməlidir. Ancaq bir başdan- digər başa uzununa 6,5 km olan Sumqayıtda bu qətiyyən nəzərə alınmayıb.
Ümid edirəm bu çətin olmayan problemi şəhər rəhbərliyi həll edəcək və Sumqayıtda avtomatik, daşınar( səyyar) və ya daşınmaz (stasionar)ictimai ayaqyolular kifayət qədər tikiləcək, camaat da bu problemdən qurtulacaq”.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button