2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Sosial

“5 nəfərik, ayda evimizə cəmi 50 manat girir”

“Bizim acından ölməyimiz normal haldır, yoxsa, dövlət dəstək verməlidir?”

“5 nəfər bir daxmada yaşayırıq. İkisi uşaq, ikisi xəstədir. Ayda evimizə cəmi 50 manat girir. O da ki, vərəm xəstəliyindən əziyyət çəkən xəstəyə verilir. Mən isə iki dəfə insult keçirmişəm, çalışa bilmirəm. İşimiz Allaha qalıb”.

Ağstafanın Qırılı kəndinin sakini 60 yaşlı Tamella Rzayeva belə deyir. Bildirir ki, pensiya almalıdır, ancaq Ağstafa rayon Mərkəzi Xəstəxanasının baş həkimi Fatma Vəliyeva ona sənəd vermir. O da işini sosial tibbi ekspertizaya göndərə, pensiya üçün müraciət edə bilmir:

“Müalicə üçün xəstəxanaya gedirsən, yiyə durmurlar, pul tələb edirlər. Pul da ki, yoxdur. Əlimizə 3-5 manat keçir, onu da 2 uşağın gündəlik tələbatlarına veririk. Evdə vərəm xəstəsi var, çörək tapıb yeyə bilmir. Hansı ki, yaxşı yeməlidir. 50 manatla heç aylıq kommunal xərclərini ödəmək mümkün deyil, qaldı normal qidalanasan. Odur ki, qaza 300, işığa 200 manat borcumuz yaranıb, ödəyə bilmirik”.

Saytların yığılması Saytlarin yigilmasi

Allah bir ölüm də vermir ki, günaha batmadan köçək gedək

Ailənin digər üzvü Şahmar Əmrahov da işləyə bilmir, xəstədir. Dövlətdən ayda 50 manat pensiya alır. Onunla da 5 nəfərlik ailəsini dolandıra bilmədiyini söyləyir:

“Ötən il bu vaxt Şəmkirdə xəstəxanada yatdım bir müddət. Halım daha da pisləşdi, qayıtdım. Yoldaşım 50 manatlıq pensiya kartımı sələmçiyə verib 100 manat götürüb gəlmişdi arxamca. Bundan artıq nə olsun? Dəfələrlə icra başçısının qəbuluna getmişik, bizi qəbul etməyib. Yoldaşım yalvarır ki, kənddə 2 bağça, 1 məktəb var. Onlardan birinə süpürgəçi düzəltsinlər. Onu da etmirlər. Uşaq qonşuda pomidor, xiyar görür, deyir, mən də istəyirəm. Adicə ballı konfet nədir ki, keçən dəfə onun üstündə bir gün ağladı, ala bilmədik. Bizim günahımız nədir ki, bu zülmü çəkirik? Allah bir ölüm də vermir ki, günaha batmadan köçək gedək”.

Hardandı məndə gündə 1 manat?

Ş. Əmrahov deyir ki, düzdür, dövlət vərəm xəstələrinin dərmanlarını pulsuz verir, ancaq o, həmin dərmanlardan istifadə edə bilmir:

“Çünki hamısının üstündə yazılıb ki, istifadə etməzdən öncə yaxşı-yaxşı qidalanmaq lazımdır. Biz isə quru çörək də tapmırıq. Hazırda evimizdə çayımız, qəndimiz də yoxdur, qaldı yaxşı yemək ola. Verilən dərmanların hamısı qalaqlanıb qalıb qutularda, istifadə etmirəm. Hətta bir dərman var ki, xamaya qatılıb yeyilməlidir. Xamanın qiymətindən xəbərlər var? Hardandı məndə gündə 1 manat?”

50 manatla 5 nəfər dolana bilmirik

Tamella Rzayeva deyir ki, ürəyinin iki damarı tutulub. Bundan sonra sağ gözü ümumiyyətlə, görmür. Sol gözü isə çox zəifdir. Əvvəllər sahələrə gedib günü 10 manatdan işləyirmiş, indi onu da edə bilmir:

“Ailəm yoxdur. Ona görə bacımın evi-eşiyi olmayan qızını gətirdim ki, ailəsi ilə birgə yanımda qalsın. Həm onların evi olsun, həm də mən tək qalmayım. Dedim, bir-birimizə həmdəm olarıq. Onların gəldiyi elə bir az müddət idi yoldaşı bərk xəstələndi. Elə vəziyyətə düşdü ki, artıq işə də çıxa bilmədi. Apardıq həkimə, vərəmdir, dedilər. Həmin vaxtdan vəziyyətimiz daha da ağırlaşdı. İşləyə bilmir, əvəzində dövlətdən aylıq 50 manat verirlər. Onunla da 5 nəfər dolana bilmirik”.

Uşaq acından ağlayır, anası ilə mən ondan qabaq ağlayırıq

Tamella Rzayeva deyir ki, əvvəl günü 3-5 manatdan fəhlə işləyirmiş. Səhhətində problem yaranandan onu da edə bilmir.

“Yoxsa özümü də, evi də dolandıra bilərdim. İndi alınmır, başımı aşağı sala bilmirəm. Müalicə almalıyam, amma həkim resept yazıb, ala bilmirəm. Uşaq acından ağlayır, anası ilə mən ondan qabaq ağlayırıq. Pensiya da almıram. İnanın, onun düzəlməsini özümə görə yox, elə uşaqlara görə istəyirəm. Özüm ölsəm də olar, təki uşaqlar dolansın. Çox şey istəmirəm, heç olmazsa qarınlarını doyura bilək. Gecə- gündüz Allahı çağırıram ki, ya məni öldürsün, ya da bir işıq göstərsin”.

Acından ölürük, kimsənin xəbəri yoxdur

Evdə yeganə işgörmə qabiliyyətli şəxs Vüsalə Əmrahovadır. Deyir, süpürgəçiliyə də razıdır, ancaq kimsə onu işə götürmür:

“Süpürgəçilik istədim, onu da vermədilər. Oğlum deyir, böyüyəndə komandir olacam. Mən ona nətər başa salım ki, bu gün vətən sənin arxanda durmur, səni böyüdə bilmirəm. Bizimlə heç kim maraqlanmır. Canımdan bezmişəm. Cavan ailəyəm, hamı kimi yeyib-içib, uşaqlarıma yaxşı baxmaq istəyirəm. Sabah dərddən-sərdən bezib evdən başımı götürüb getsəm, səhər bütün kanallar verəcək ki, gəlin evdən qaçıb. Onda hamı bizdən xəbər tutar, indi acından ölürük, kimsənin xəbəri yoxdur”.

O sosial yardım bizə düşmürsə, bəs kimə düşür?

Vüsalə Əmrahova ailəsini atmaq, yarıyolda buraxmaq istəmir. Deyir, dövlət onlara azca kömək etsə, əllərindən tutsa, bircə addım önə getsələr, ardı gələr:

“Vallah, düzələrik. Heç olmasa sosial yardım versinlər. Ancaq etmirlər də, nə deyim. Aidiyyatı qurumların da vəziyyətimizdən xəbəri var. O sosial yardım bizə düşmürsə, bəs kimə düşür? Saxlamaq üçün heyvan istədik, onu da vermədilər. Kartof alıb həyətə əkdik. İnanın, hələ onun pulunu da verməmişik. Sabah-axşam gəlirlər ki, az qala kartof yetişir, nə zaman verəcəksiz?”.

Acından ölürük, kimsənin xəbəri yoxdur

Vüsalə Əmrahova deyir ki, xalasının evinə ona həmdəm olmaq üçün köçdülər, ancaq o gedib fəhləlik edib, bunlara baxmalı olub:

“Utanıram, vallah. Biz gələk onun yanında qalaq, iki uşaq, yoldaşım və mən. O, bizdən ötrü xəstə düşsün? Kənddəki bütün mağazalara borcumuz var. Səsimizi eşidən yoxdur. İş isə, ümumiyyətlə, tapa bilmirəm. Görən bütün ölkələrdə kasıbların durumu bizimki kimidir? Yəni bizim acından ölməyimiz normal haldır, yoxsa, dövlət dəstək verməlidir? Bilmirəm ki…”

Söz verirəm, həll edəcəyəm

Meydan TV məsələyə münasibət öyrənmək üçün Ağstafa rayon Mərkəzi Xəstəxanası ilə əlaqə saxlayıb. Baş həkim Fatma Vəliyeva deyib ki, vətəndaş ayın 27-də yaxınlaşsın, sənədini verəcək:

“Söz verirəm, həll edəcəyəm. Sadəcə müraciət çoxdur deyə çatdıra bilmirik. Hamısını sıra ilə edərik. Biz sənədi veririk, tibbi sosial ekspertizaya göndərilir. Onlar qərar verirlər, pensiya düşür, ya yox. Mən öhdəmə düşəni edəcəyəm. Bilirsiniz, ayda 40 nəfərdən çox adama sənəd verə bilirik. O xanımın problemini bu ay həll edəcəyəm”.

Ağstafa Rayon İcra Hakimiyyətindən isə bildiriblər ki, ailə sənədlərini yığıb sosial yardım üçün müraciət etməlidir:

“Çox vaxt sənədlər qaydasında olmur. Həmin ailələrə “gedin, sənədləri tam gətirin” və ya “sənədləriniz qaydasında deyil” söylənir, düşünürlər ki, verilməyəcək və s. Sənədlərin siyahısı nazirliyin saytında var. Çox vaxt özləri düzgün müraciət etmirlər, sonra da günahı atırlar dövlət qurumlarının üstünə. İş məsələsinə gəlincə, icra hakimiyyəti iş tapmır, məşğulluğa müraciət etsinlər”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button