Ermənilərdən növbəti təhlükəli təxribat
Ermənistan silahlı birləşmələri Azərbaycanın nəzarətində olan kəndlərdəki dinc əhaliyə qarşı təxribatlarını davam etdirir. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, qarşı tərəf cəbhənin Ağdam istiqamətində Qarqar çayı vasitəsiylə yaşayış məntəqələrinə mina axıdır.
Ötən gün rayonun Əfətli kənd sakinləri əkin sahəsini suvarmaq üçün nəzərdə tutulmuş arxda mina görüb. Əraziyə cəlb olunan ANAMA-nın region üzrə əməliyyat qurupu tərəfindən axtarışlar zamanı əkin sahəsində 5 ədəd piyada əleyhinə mina aşkarlanıb.
Çəkiliş qrupumuz da əraziyə daxil olmazdan əvvəl xüsusi geyimlə təchiz olundu. Ərazinin təhlükəli olduğu və müəyyən olunmuş məsafədə dayanmağımız barədə xəbərdarlıq edildi.
“Müvafiq qaydada həmin minaların yerləri işarələnib. Yerli sakinlərlə də söhbət apardıq. Həmin ərazilərin təhlükəli olması barədə onlara məlumat verildi. Həmin minalar partlayış dalğalı minalardır. Ona çox yüngül bir təzyiq lazımdır ki, partlasın”, – ANAMA-nın əməkdaşı Xaliq Zülfüqarov dedi.
Təhlükəsizlik tədbirləri başa çatdıqdan sonra minaların ayrı-ayrılıqda zərərsizləşdirilməsi əməliyyatına başlanıldı.
Götürülməsi təhlükəli olduğundan minlar yerindəcə məhv edilir.
Ərazilərin minlaradan təmizlənməsi üzrə milli agentliyin məlumatına əsasən aprelin 7 dən bu günədək çevik əməliiyat qurupları tərəfindən 310 fərdi yaşayış evinə və həyətyanı sahəyə baxış keçirilib.
Minalarla yanaşı erməni hərbi birləşmələri tərəfindən əraziyə atılmış 159 ədəd partlamamış döyüş sursatı da aşkar edilərək zərərsizləşdirilib. Hazırda da təmas xəttinin yaxınlığında təmizləmə işləri davam etdirilir.