2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

7 gün ermənilərlə tək döyüşdü və… – İnanılmaz qəhrəmanlıq

1992-ci il. Ağdamın Xramort kəndi yaxınlığında yerləşən Allah evi – qədim alban kilsəsi. Qanlı döyüşlər gedir. Bu Allah evini 7 Azərbaycan əsgəri qoruyur. Bir batalyon erməni kilsəyə evinə yaxın düşə bilmir…
Məbəd strateji yüksəklikdə yerləşir. Bu yüksəkliyi əldə saxlayıb qorumaq Allahın evini də, özünü də qorumaq deməkdir.
Günlərdir döyüşlər gedir. Artıq altı əsgərimiz qəhrəmancasına şəhid olub. Natiq tək qalıb. Ancaq kürəyini Allaha söykəyib vuruşur. Ermənilər kilsəyə yaxın düşə bilmir. Və elə zənn edirlər ki, kilsədə bir alay əsgər var. Natiq isə bu haqq savaşında təkdir. O vuruşur, əlində fürsət olsa da, mövqeyini tərk etmir! Aclıq və susuzluq onu haldan salsa da, döyüş anında yenə şirə dönür. Ehtiyat üçün iki güllə saxlayıb. Düşmənə əsir düşməkdənsə özünü vuracaq. Ancaq son nəfəsinə kimi kilsənin üzərində dalğalanan Azərbaycan bayrağını enməyə qoymayacaq…
***
Natiq haqda dəfələrlə araşdırma aparmağa çalışsam da, ailəsinin pərən-pərən yaşaması üzündən buna nail ola bilmirdim. Bir gün Mingəçevirə keçmiş döyüşçülərin ziyarətinə getmişdim. Əvvəlcə Şəhidlər Xiyabanını ziyarət edib, sonra qazilərimizlə görüşmək qərarına gəldim. Məzarlardan birinin üstündə Natiq Muxtarov (əsir düşüb, öldüsü-qaldısı hələ də bəlli deyil) adı diqqətimi çəkdi. Xiyabandan çıxıb dərhal qazilərimizin ziyarətinə getdim. Onlarla söhbətə də elə Natiqdən başladım.
 
Natiqin var olmağı
Qasımov Natiq Səlim oğlu 1971-ci ildə Gədəbəydə anadan olub. 1975-ci ildən ailəlikcə Mingəçevirə köçüblər. Natiq burada səkkizillik məktəbi bitirdikdən sonra peşə məktəbində qaynaqçı ixtisası üzrə təhsil alıb. Rusiyanın Krasnoyarsk vilayətində daxili qoşun hissələrində xidməti başa vurduqdan sonra 1991-ci ildə vətənə qayıdıb, elə həmin il də könüllü olaraq cəbhəyə gedib. Ağdamda Yaqub Rzayevin başçılığı altında “Qarabağ şahinləri” dəstəsində ermənilərə qarşı döyüşüb, 1992-ci ilin əvvəllərində evlərinə qayıdıb. Xocalı faciəsindən dəhşətə gələn Natiq yenidən “Qarabağ şahini”nə dönüb.
Dedi, ya bizi yandıracaq, ya da göməcəklər…
 
Natiqin sinif yoldaşı Alik: 
– Natiqlə birinci sinifdən bir partada oturmuşuq. O, uşaqlıqdan qeyri-adiliyi ilə seçilirdi. İdmanla da uşaqlıqdan məşğul olurdu. Heç unutmaram, böyüdüyümüz şəhərin ətrafındakı təpələrdə birnəfəsə qaçar, özündən başqa, yaşıdlarını da məşq etdirərdi. Bütün Mingəçevirdə onu yaxşı tanıyırdılar. Çox tələbkar idi. Bizim bütün problemlərmizə şərik olardı. İananın, müsahibə üçün demirəm, onun vətən sevgisi tamam başqa idi. Ona görə də Natiq hər kəsin sevimlisi oldu, sonacan vuruşdu, əsir düşəndə də bayraq əlində oldu.
Natiqin bir sevdiyi vardı… Bir-birini çox sevirdilər, amma Natiq sovet ordusundan döndükdən sonra, evlənməyi yox, vətənini, torpağını qorumağı seçdi. Mən bu gün də onun ölümünə inanmıram. İnanıram ki, bir gün mütləq geri dönəcək.
Natiqin son günlərində yanında olan silahdaşı Zahid bəy onu sonuncu döyüşdən əvvəl belə xatırlayır:
– Gecə hamımız yeməyimizi yeyib, yatmaq üçün çarpayımıza çəkildik. Artıq kəşfiyyata kimlərin gedəcəyi bəlli idi. Ancaq içimdə qəribə bir hiss vardı. Nədənsə Natiqə bunu deyə bilmədim, çünkü onlar kəşfiyyata, bizim qrup isə başqa istiqamətə yollanacaqdı. Həmən gecə Natiq hamıya dedi ki, uşaqlar, yatmayaq, gəlin yuyunaq, təmizlənək, bilmək olmaz, əməliyyatımız uzun çəkər, bəlkə də şəhid olarıq. Əgər erməni tərəfdə şəhid olsaq, bizi onsuz da yumayacaqlar – ya yandıracaqlar, ya da elə belə göməcəklər. Odur ki, Allahın hüzuruna pak getmək yaxşı olar.
Nə yalan deyim, hər kəsin kefi yüksək səviyyədəydi. Biz bütün əməliyyatlara bu cür ruh yüksəkliyi ilə gedirdik. İçimizdə elə bir insan yox idi ki, ermənidən qorxsun. Hər an hər şeyin ola biləcəyini qəbul etmişdik. Sabah oldu, hər kəs öz əməliyyat istiqamətinə yollandı, amma 6 gün keçməsinə baxmayaraq, Natiq və dostları geri qayıtmadı. 7-ci gün biz onların mühasirəyə düşdüyündən xəbər tutduq. Natiqin sifətini unuda bilmirəm. Keşkə bütün qəhrəmanlarımız elə məğrur, ürəkli olsun. İnanın, zərrəcə şübhəm yoxdur ki, o, bir gün mütləq geri qayıdacaq.
 
Natiqin qardaşı Nofəl bəy də ümidini üzmür:  
– İllərdir onun haqda bir xəbər öyrənməyə çalışıram, bütün təşkillatlara müraciət etmişəm. Ölkənin bütün qəzet, televiziya kanalları maraqlanır. Keçən il İtaliyadan gəlib Natiq haqda sənədli flim çəkdilər. Bu məsələdən Ali Baş Komandan İlham Əliyevin də xəbəri var. Millət vəkillərimiz hər il bu işlə bağlı nə isə etməyə çalışırlar. Dekabırın 27-də 5 millət vəkili yenə bizə gəlib bu işlə maraqlandılar. Fevralın 26-na qədər bu məsələ aydınlaşacaq, deyirlər. Onun sağ olub-olmadığını biləcəyik.
Qəhrəmanlıq dastanının davamı
Heç vaxt mərdliklə döyüşməyi bacarmayan, məbəddə bütöv bir alayın yerləşdiyini zənn edən ermənilər bu dəfə də namərdliyə əl atır. Əsir və girov götürülmüş 22 Xocalı sakinindən tələ kimi istifadə etməyi qərara alırlar.
Girov götürülmüş Xocalı qaçqını, dil-ədəbiyyat müəllimi Cəfər müəllim hadisəni belə xatılayır: 
– Bizi, yəni 22 nəfər xocalılını tutub Əsgərana gətirdilər. Bir neçə gün orada qaldıqdan sonra, bir səhər bizi cərgəyə düzdülər. Erməni zabiti mənə yaxınlaşıb dedi ki, səni Qriqoryan kilsəsinə, yəni Natiqin qərar tutduğu alban məbədinə, aparıram, kilsənin içində döyüşçülər var. Mənə dedilər ki, sizin türklər bizim kilsəni tutublar, özü də adamlarımızı çox qırıblar. İstəmirik itki verək.
 
Sonra məni özləri ilə bir meşəyə gətirdilər. Sağ tərəfdə uçuq bir xarabalıq görünürdü, üzərində də üçrəngli bayraq dalğalanırdı. Ermənilər mənə oranı nişan verib dedilər:
– Oradan sizin türklər bizi atəşə tuturlar. Onları xəbərdar elə ki, təslim olmasalar, oranı partladacağıq, əsir götürdüyümüz xocalıları da öldürəcəyik. Qoy tabe olsunlar. Yəqin orada sizin adamlar çoxdur. Neçə dəfə hücum etmişik, yaxın buraxmayıblar.
Ermənilər təxminən 100 metr aralıdakı kolların, qayaların arasında gizlənib Cəfər müəllimi sürünə-sürünə irəli getməyə məcbur edirlər. Xarabalığa çatıb ayağa qalxanda ermənilər qışqırırlar ki, yerə yatsın.
Cəfər müəllim deyir: 
– Yerə uzandım, başımı qaldırıb baxanda gözümə 3-4 meyit göründü, başa düşdüm ki, bizimkilərdir. Ayağa durub irəli getdim ki, qoy elə mənə özümüzkülərin gülləsi dəysin. Qapının ağzında yerə oturub bütün səsimlə çığırdım:
– Ay igidlər, ay vətən oğulları, burada sizlərdən kim var?! Qalxın ayağa, düşmən yaxındadır! Xocalıdan girov götürülənlərdənəm, məni sizin yanınıza göndəriblər!
Bir azdan içəridən öskürək və hənirti gəldi, diksindim, həm də sevindim ki, burada bizimkilər var! Güclə duyulan səs eşitdim, məni içəri çağırırdı. Əlimi divara sürtə-sürtə səs gələn tərəfə getdim. Bacadan düşən işığın altında bir əl pulemyotu, bir avtomat silah, çoxlu patron gördüm. O, üzü üstə yerə yıxılmışdı, qucaqlayıb çevirdim. Soruşdum ki, yaralanmısan? Güclə cavab verdi ki, yaralı deyil, aclıqdan və susuzluqdan heydən düşüb. Cibimdə qalmış əl boyda çörəyi ona verdim, könülsüz yedi. Soruşdum ki, bəs yoldaşların hanı, təksənmi? Dedi ki, komandirim Ala Yaqub (Yaqub Rzayev) məni 6 nəfərlə birgə bura göndərib. Yoldaşlarımın üçünü ermənilər öldürdü, üçü də bilmirəm necə oldu, mən tək qaldım. 5 gündür ki, ac-susuzam, güllələr də qurtarıb. Özüm üçün iki dənə saxlamışam, – deyib, döş cibindən 2 patron çıxarıb avtomata saldı, çaxmağını çəkdi, cəld sıçrayıb ayağa qalxdı. Mən Natiqi qucaqlayıb dedim:
– Onsuz da ermənilər məni öldürəcəklər. O güllədən birini mənə vur.
Sonra apaydın görünən Ağdamı göstərib soruşdum: – Gecə ermənilər gəlmirdilər, niyə qaçmamısan?
“Komandirimə söz vermişdim…”
Natiqin cavabı adamı heyrətə gətirir: – Komandirimə söz vermişdim ki, mövqeyimi tərk etməyəcəyəm. Kömək gözləyirdim, lakin gəlmədilər. Bir də ki, bu bayrağı qoyub hara gedəydim? – qəhrəman əsgər belə cavab.
 
Cəfər müəllim davam edir:
– Natiq bayrağı endirdi, bir əlində avtomat, o birində bayrağı göyə qaldırdı, dalbadal havaya iki güllə atdı, ermənilərə tərəf bağırıb onları yanına çağırdı. Onlar hələ də gəlməyə qorxurdular. Mən özümü onlara göstərib işarə edəndə tökülüşüb gəldilər, onun üst-başını axtardılar, tək olduğuna inanmadılar. Məbədin içini atəşə tutdular. Heç kimin olmadığını görəndə daha da qəzəbləndilər. Orada 2 xarici jurnalist də vardı, fotokamera axşamın toranında əlində bayraq düşmənə gözləri nifrətlə zillənmiş Natiqə tərəf yönəldi…
Cəfər müəllimin gördüyü jurnalistlərdən biri Rusiyada nəşr olunan məşhur «Oqonyok» jurnalının müxbiri Konstantin Smirnov, digəri isə fotomüxbir Enriko Sarzini idi. Jurnalın 1992-ci ilin aprel nömrəsində Natiqin əlində bayraq erməni hərbçiləri tərəfindən əsir götürülməsini əks etdirən foto dərc olunur. Bu hadisənin detallarını girovluqdan azad ediləndən sonra Cəfər müəllim Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar dövlət komissiyasına danışıb.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar dövlət komissiyasının məlumatına əsasən, ermənilər tərəfindən əsir və girov götürülmə faktı danılan şəxslərin siyahısında Natiq Qasımovun da adı var. Dövlət komissiyasının dəfələrlə etdiyi müraciətlərə baxmayaraq, erməni tərəfi indiyədək Natiqin sonrakı taleyini Azərbaycandan və beynəlxalq təşkilatlardan gizlətməkdədir.
 
Natiqin yeri
Biz isə onun yerini bilirik… Və biz gerçəkdən də hesab edirik ki, ermənilər onun əsirliyini danmaqda səmimidirlər, çünki onlar Natiqin yerini bilə bilməzlər.
Allah evi və onun yerləşdiyi vətən yüksəkliyi uğrunda savaşanların bir yeri, bir yüksəkliyi var ki, yağı düşmən heç vaxt o məqama yüksələ bilməz. O yerin adı Allah ucalığındakı məqamdır. Heç vaxt ölməyənlərin Yeri…
 
Nihad Cəbrayıl





Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button