2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

70 ilin müəmması: rəhbəri kim öldürdü?

Yadigar Sadıqlı

1953-cü il fevralın 28-də, şənbə günü, axşam saatlarında SSRİ Nazirlər sovetinin sədri İosif Vissarionoviç Stalin köməkçisini çağırıb, tapşırıq verir:  Malenkov, Xruşşov, Beriya və Bulqaninə zəng edərək, Kremlə çağırmaq. Son dövrlərdə rəhbər bu dörd nəfərlə daha çox yoldaşlıq edirdi. Əvvəllər daha yaxın olduğu Molotov, Voroşilov, Mikoyan, Kaqanoviçi indi özündən kənarlaşdırmışdı. 

Dördlük Kremldə Stalinlə birlikdə əvvəlcə kinoya baxdılar, sonra isə Baş katib onları Kuntsevoda yerləşən bağ evinə (Blijnyaya daça) yeyib-içməyə dəvət etdi. Bu, Stalin üçün adi rejim idi. O, adətən səhərə yaxın yatır və günorta saatlarında yataqdan qalxırdı. 

Nikita Xruşşov xatirələrində yazır: “Biz yekunlaşdıranda saat yəqin ki, beş, ya da altı idi… Vestibülə çıxanda Stalin də adəti üzrə bizi yola saldı. O, xeyli zarafat edirdi, barmağını uzadıb mənim qarnıma basdı, Mikita adlandırdı. Əhvalı yaxşı olanda mənə həmişə ukraynaca Mikita deyirdi. Sağollaşıb, ayrıldıq”.

Saytların yığılması Saytlarin yigilmasi

Ertəsi gün Stalin günorta saatlarında yuxudan oyanmayanda mühafizə narahatlıq keçirdi. Amma kimsə otağına girməyə cəsarət etmədi. Zatən də bazar günü idi, bəlkə rəhbər sadəcə istirahət edir? Beləcə, bütün günü mühafizə “gedək-getməyək” dilemması qarşısında götür-qoy etdi.

Nəhayət, gecə saatlarında otağa daxil olmaq üçün əsas yarandı. Mərkəzi Komitədən zərf gəldi. Qaydalara görə, belə zərflər barədə məlumat vermək tələb olunurdu. Mühafizəçilərdən biri Stalinin otağına daxil oldu və onu pijamada döşəmədə uzanmış və altını islatmış halda gördü. Rəhbəri qaldırıb, divana apardılar.

Mühafizəçilər baş verənlər barədə birbaşa tabe olduqları şəxsə – dövlət təhlükəsizlik naziri Semyon İqnatyevə zəng etdilər. O isə Beriya və Malenkova zəng etməyi tapşırdı. Sonuncular da Xruşşov və Bulqaninə xəbər verdilər. Beləcə, dördlük yenidən bağ evinə qayıtdı.

Mühafizəçilər baş verənləri danışıb, Stalinin indi sanki yatdığını əlavə etdilər. Xruşşov yazdığına görə, Stalinin belə uyğunsuz vəziyyətində  (özünü islatmağını nəzərdə tutur) otağına girməyi məsləhət bilməyərək, dağılışıblar. Amma bəzi mənbələrdə Malenkov və Beriyanın otağa girdikləri və Stalinin yatması qənaətinə gəldikləri iddia olunur.

Evə çatdıqdan bir qədər sonra Malenkov yenidən Xruşşova zəng edir: “Yoldaş Stalinin yanından zəng etmişdilər. Hər halda onunla hər şey qaydasında deyil. Yenə getmək lazımdır”

Qərara aldılar ki, bu dəfə partiyanın Rəyasət Heyətinin (Siyasi büro o zaman belə adlanırdı) digər üzvlərinə xəbər edilsin, üstəlik, həkim çağırılsın. Beləcə, yalnız martın 2-də səhərə yaxın Stalin müayinə olunur.

Həkimlər rəhbərin geniş insult keçirdiyini, sağ əlinin və ayağının işləmədiyini, nitq qabiliyyətini itirdiyini xəbər verdilər. Onların rəyinə görə, xəstənin yaşı, insultun ağırlığı nəzərə alınarsa, sağalmaq ehtimalı yox idi. Artıq saat 10.40-da partiya Rəyasət Heyətinin iclası keçirildi və bir məsələ – Stalinin xəstəliyi müzakirə olundu. Bundan sonra hakimiyyətin ötürülməsi prosesinə start verildi.

O zaman Mərkəzi Komitənin katibi Georgi Malenkov rəhbərlikdə ikinci adam sayılırdı. Martın 3-də məhz onun rəhbərliyi altında işləyən işçilər Stalinin xəstəliyi barədə rəsmi məlumat hazırladılar. Həmin məlumat, eləcə də həkimlərin hazırladığı bülleten ertəsi gün qəzet və radio vasitəsilə xalqa elan edildi. 

Martın 4-də kommunist partiyası rəhbərliyinin toplantısı keçirildi. Rəyasət heyəti üzvlərinin sayı 25 nəfərdən 11 nəfərə endirildi. İndiyə qədər Stalinin tutduğu Nazirlər sovetinin sədri (baş nazir) vəzifəsinə Malenkovun gətirilməsi, Beriya, Bulqanin, Kaqanoviç və Molotovun onun birinci müavinləri olması barədə ilkin razılaşma əldə olundu. Stalinin 1949-cu ildə çıxdaş etdiyi Molotov həm də yenidən xarici işlər naziri olacaqdı. 

Martın 5-də Stalinin səhhəti barədə ikinci bülleten qəzet və radio vasitəsilə yayıldı. Məlumatda rəhbərin vəziyyətinin ağır olaraq qaldığı bildirilir, nəfəs və qan dövranında pozuntuların mövcudluğu, qan təzyiqinin (210/110), eləcə də hərarətinin (38,6) yüksək olması xəbər verilirdi.

Bütün ölkənin bu xəbərləri həyəcanla izlədiyi və gözlədiyi bir zamanda rəhbərin silahdaşları hakimiyyət bölgüsü ilə məşğul idilər. Həmin gün axşam saat 8-də Mərkəzi Komitənin plenumunun, Nazirlər sovetinin və Ali sovetin Rəyasət Heyətinin birgə toplantısı keçirildi. 

Toplantıda bir gün əvvəl Nazirlər sovetinin tərkibində dəyişikliklərlə bağlı alınan qərarlar bəyənildi və rəsmiləşdirildi. Ali sovetin Rəyasət heyətinin sədri postuna Şvernikin yerinə marşal Voroşilovun gətirilməsi qərara alındı. Eləcə də partiyanın yeni katibliyi seçildi və Stalin bu katiblikdə artıq yox idi. Beləliklə, ömrünün son saatlarında Stalin əslində SSRİ-nin nə hökumət, nə də partiya rəhbəri idi.

O zaman Mərkəzi Komitənin katibliyində birinci və ya Baş katib postu mövcud deyildi. Xruşşov da formal olaraq katiblərdən biri oldu. Amma faktiki olaraq, partiyanın rəhbəri seçildi. Həmin ilin sentyabrından isə Mərkəzi Komitənin birinci katibi postu təsis edildi və Xruşşov bu postu tutdu. 

Stalin isə martın 5-də saat 21.50-də öldü. Bu xəbər ertəsi gün radio ilə yayıldı. Ölkədə dörd gün, martın 9-da kimi matəm elan olundu. Həmin gün Stalinin balzamlanmış cəsədi mavzoleydə Lenin yanına qoyuldu. 

*** 

Stalinin öz əcəli ilə ölməsi, yoxsa öldürülməsi (zəhərlənməsi) barədə mübahisələr daim mövcud olub. Əlbəttə, onun öldürülməsini istisna etmək olmaz, amma bunu sübut edəcək ciddi dəlillərə rast gəlməmişəm, çox güman ki, mövcud da deyil. Digər tərəfdən, Stalinin qarşısında qorxu elə həddə idi ki, bir neçə nəfərin yığışıb ona qəsd təşkil etməyi ağıllarından keçirmələri inandırıcı görünmür.

Amma məlumdur ki, Stalinin həyatının son illərində sağlamlığı ilə bağlı ciddi problemləri vardı. O, yüksək qan təzyiqindən əziyyət çəkirdi, buna baxmayaraq, həkimlərin məsləhətinə qulaq asmırdı. Əksinə, ona mümkün qədər az işləməyi məsləhət görən şəxsi həkimi, akademik Vinoqradovu hansısa qaranlıq məqsədlərdə şübhəli bilib, həbsə atdırmışdı.

Rəhbərin hələ 1949-cu ildə ilk insult keçirdiyi söylənilir. Keçirdiyi həyat tərzi nəticəsində səhhəti ildən-ilə pisləşirdi. Ömrünün son üç ayı istisna olmaqla, siqaret çəkirdi, alkoqol qəbul edirdi, gecələr oyaq qalıb (bu zaman da əsasən yeyib-içməklə məşğul olurdu) səhərə yaxın yatırdı, pəhriz saxlamırdı. Buna görə də ölümünün təbii səbəblərdən baş verməsi yetərincə inandırıcıdır.

Onun ölümü ilə bağlı bu iki əsas versiyadan əlavə, bir aralıq versiya da mövcuddur – insult keçirən Stalinə tibbi yardım göstərilməsinin qəsdən gecikdirilməsi. Mənə elə gəlir ki, bu ehtimal zəhərlənmədən daha real ehtimal ola bilər. Amma yenə də istər mühafizəçilərin, istərsə də adı çəkilən dördlüyün ləng davranışı Stalin qarşısında hiss etdikləri şiddətli qorxu ilə izah oluna bilər.

24 saat” “70 ilin müəmması: rəhbəri kim öldürdü?” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button